Məhkəmə qərarları › İş №e-2-2(117)-386/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-386/2023

04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-386/2023 04.08.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “14700 manat əsas borc, 1936 manat faiz borcu və 200 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2021-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Şəki filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixədək TM- 407/21 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı 14700 manat pulu illik 8,5 faizlə Cavabdeh1 verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə borcalana ümumilikdə 14700 manat pul vəsaitini vermiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş borcu qalmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün bankla Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli ZT1-407/21 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit öhdəliyini yerinə yetirmədiyindən borcu yaranmışdır. İşin məhkəmə araşdırması zamanı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/4794 nömrəli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, kredit müqaviləsinin müddətinin bitdiyi tarixə cavabdehin 14700 manat əsas, 1202,10 manat faiz borcu, xx.xx.2023-cü il tarixə isə 14700 manat əsas, 2295,42 manat faiz borcu vardır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə etdiyi bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, zaminlik müqaviləsi, hesabdan çıxarış, xəbərdarlıq, rəy və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2.1, 445.2.2, 448.1, 448.2, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, xx.xx.2021-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Şəki filialı ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixədək TM-407/21 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı 14700 manat pulu illik 8,5 faizlə Cavabdeh1 verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə borcalana ümumilikdə 14700 manat pul vəsaitini vermiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş borcu qalmışdır. Eyni zamanda işin məhkəmə araşdırması zamanı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/4794 nömrəli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, kredit müqaviləsinin müddətinin bitdiyi tarixə cavabdehin 14700 manat əsas, 1202,10 manat faiz borcu, xx.xx.2023-cü il tarixə isə 14700 manat əsas, 2295,42 manat faiz borcu vardır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həddində 14700 manat əsas borc, ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə 1202,10 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə ekspert rəyi ilə müqavilə müddəti bitdikdən sonra məhkəməyə müraciət edildiyi xx.xx.2023-cü il tarixə faiz borcunun artıq hesablanmasına münasibətdə onu qeyd edir ki, müqavilə müddəti bitdikdən sonra müqaviləyə istinadən faiz borcunun hesablanması qanunvericiliyiin tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Hazırki iş üzrə isə ekspert hesabladığı faiz borcunu müqavilə müddəti bitdikdən sonra hesablanmış real zərər və ya əldən çıxmış fayda kimi deyil, müqaviləyə əsasən hesablanmış faiz borcu kimi qeyd edir ki, göründüyü kimi bu da qanunvericiliyin tələbi baxımından yolverilməzdir. Bu səbəbdən də məhkəmə müqavilə müddətinin bitməsindən sonra faiz borcunun hesablanmasına dair ekspert rəyi ilə razılaşmır. İddia tələbinin borcun zaminlərdən də tutularaq ödənilməsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli zaminlik müqavilələrinin 6.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti borcalanın xx.xx.2021-ci il tarixli TM-407/21 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir...... Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verildiyindən kredit borcunun zamindən tutularaq ödənilməsi əsassızdır. Belə ki, iddia tələbi zəminliyin verilmə müddətinin bitməsindən sonra zaminə qarşı yönəlmişdir və zaminliyə qanunun tələbinə əsasən verilmə müddətinin keçməsi ilə əlaqədar xitam verildiyindən zamindən pul tutula bilməz. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən (16636 manat) ödənilməli dövlət rüsumu 139,91 manat olmalıdır. İddia tələbi qismən təmin edildiyindən 139.91 dövlət rüsumunun 6,17 manat hissəsi iddiaçıdan, 133,74 manat hissəsi cavabdeh olan əsas borcludan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən 200 manat mediasiya xərci cavabdeh olan əsas borcludan tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Məhkəmə hesab edir ki, məhkəmənin təşəbbüsü ilə iş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə ödənilməli olan 100 manat xərc tərəflər arasında bərabər qaydada bölünməklə 50 manat iddiaçıdan, 50 manat cavabdehdən tutularaq müvafiq qaydada ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, 133,74 manat dövlət büdcəsinə və iddiaçıdan 6,17 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə, qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 200 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 6,17 manat dövlət rüsumu və 50 manat ekspertiza xərci çıxılmaqla 143,83 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 6,17 manat və 50 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan 133,74 manat dövlət rüsumuna və 50 manat ekspertiza xərcinə əlavə edilməklə cəmi 139,91 manat dövlət rüsumu və 100 manat ekspertiza xərci bütöv şəkildə cavabdeh ola əsas borcludan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 14700 manat əsas borc, 1202,10 manat faiz borcu və 143,83 manat mediasiya xərci tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Cavabdeh1 139,91 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manat ekspertiza xərci Cavabdeh1 tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142595, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı-X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar