Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-387/2023 01.06.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştrakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “15 000 manat gecikdirilmiş əsas borc, 2001,95 manat faiz borcunun və ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “15 000 manat gecikdirilmiş əsas borc, 2001,95 manat faiz borcunun və ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli TM-360/21 nömrəli kredit müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixli TM-360/21 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinin a yarımbəndinə əsasən İddiaçı QSC BOKT tərəfindən Cavabdeh illik 8,5 faizlə əsas və faiz borcları xx.xx.2022-ci il tarixədək tam ödənilmək şərtilə 15000 manat kredit verilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin şərtləri daxilində borcalan özünəməxsus olan və ya icarəyə götürdüyü (notarial qaydada və yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş icarə müqaviləsi əsasında) Zaqatala rayonu, Muxax kəndi ərazisində 9,28 ha torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə tütün istehsal etməyi, lazımi aqrotexniki tədbirləri yerinə yetirməyi və əldə edilmiş yaşıl tütün yarpağını bu müqavilə ilə müəyyən edilmiş qiymətlə, mövcud standartlara və texniki tələblərə uyğun olaraq yalnız tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul etməyi, alıcı isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.7-ci bəndinə əsasən borcalan gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəyir. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən bu müqavilə kreditin borcalanın adına rəsmiləşdirildiyi gündən qüvvəyə minir və borc (əsas və faiz borcu) tam ödənildikdən sonra qüvvəsini itirir. İddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmiş, cavabdehə 15 000 manat kredit verilmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş, nəticədə cavabdehin ödənilməmiş borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbini müdafiə edir və tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, obankdan krediti tütün əkini üçün götürmüşdür. Tütün əkini üçün əvvəl Azərtütünlə, sonra isə başqa şirkətlə müqavilə bağlamışdır. Lakin, tütünü təhvil verəcəyi vaxt şirkət tütünü qəbul etməmiş və tütünü batmışdır. Ona görə də borcunu ödəyə bilməmişdir. Əsas borcunu qəbul edir, lakin maddi imkanı olmadığına görə ödəyə bilmir. Məhkəmədən köməklik göstərilməsini xahiş etdi. xx.xx.2022-ci il tarixə əsas və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, verilmiş 15000 manat məbləğdən əsas borc üzrə ödəniş edilməmişdir, 15000 manat əsas borc, 2001,95 manat faiz borcu qalmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2021-ci il tarixli TM-360/21 nömrəli kredit müqaviləsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxslərin dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli TM-360/21 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin 1.1-ci bəndinin a yarımbəndinə əsasən İddiaçı QSC BOKT tərəfindən cavabdeh Ehtiram Laçınova oğluna illik 8,5 faizlə əsas və faiz borcları xx.xx.2022-ci il tarixədək tam ödənilmək şərtilə 15000 manat kredit verilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin şərtləri daxilində borcalan özünəməxsus olan və ya icarəyə götürdüyü (notarial qaydada və yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş icarə müqaviləsi əsasında) Zaqatala rayonu, Muxax kəndi ərazisində 9,28 ha torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə tütün istehsal etməyi, lazımi aqrotexniki tədbirləri yerinə yetirməyi və əldə edilmiş yaşıl tütün yarpağını bu müqavilə ilə müəyyən edilmiş qiymətlə, mövcud standartlara və texniki tələblərə uyğun olaraq yalnız tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul etməyi, alıcı isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürmüşdür. 4.7-ci bəndinə əsasən borcalan gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəyir. 6.3-cü bəndinə əsasən bu müqavilə kreditin borcalanın adına rəsmiləşdirildiyi gündən qüvvəyə minir və borc (əsas və faiz borcu) tam ödənildikdən sonra qüvvəsini itirir. İddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmiş, cavabdehə 15000 manat kredit verilmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə cavabdehin ödənilməmiş borcu yaranmışdır. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləği cavabdeh etiraf etdiyindən iddiaçı tələbində əsas borca münasibətdə haqlıdır. İddia tələbinin “2001,95 manat faiz borcunun tutulması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, tərəflər aralarında bağlanmış xx.xx.2021-ci il tarixli TM-360/21 nömrəli kredit müqaviləsi ilə 12 ay müddətinə illik 8,5 faizlə verilmiş kredit üzrə faiz borcu sadə hesablama yolu ilə ümumilikdə 2001,95 manata münasibətdə 1275 manat təşkil edir və faiz borcundan ödəniş edilməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir ki, müqavilə müddəti bitdikdən sonra müqaviləyə istinadən faiz borcunun hesablanması qanunvericiliyin tələbinə ziddir. Lakin, iddiaçı qalan borca münasibətdə müqavilə müddəti üçün illik 10 % cərimə tələb edə bilərdi, lakin bunu etməmişdir. Öhdəliyin icrasının gecikdirilməsinə görə faizlərin tələb edilməsi qanunvericilikdə nəzərdə tutulan digər normalarla nizamlanır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Hazırki iş üzrə isə iddiaçı hesabladığı faiz borcunu müqavilə müddəti bitdikdən sonra hesablanmış real zərər və ya əldən çıxmış fayda kimi deyil, müqaviləyə əsasən hesablanmış faiz borcu kimi tələb edir ki, göründüyü kimi bu da qanunvericiliyin tələbi baxımından yolverilməzdir. Belə ki, iddiaçı tələb etdiyi məbləği tərəflər arasında bağlanmış müqavilə və qanunvericiliyin tələbi baxımından əsaslandırmalıdır. İddiaçı cərimə faizi və ya əldən çıxmış fayda məbləği tələb edirsə, bunu tələbində ayrıca əsaslandırmalıdır. Məhkəməyə təqdim edilən ərizədə iddiaçı yalnız 2001,95 manat müqavilə faizi üzrə borc tələb edir. Məhkəmə bu məbləğin hesablanamsı üçün məhkəmə ekspertizası təyin edilməsini məqsədəuyğun hesab etmir. Çünki məhkəmə icraatında ləngimələrə yol veriləcək ki, bu da tərəflərin mənafeyinə uyğun hesab edilmir. Məhkəmənin faiz borcuna münasibətdə sadə hesablama aparması isə tərəflərin hər hansı bir maraqlarına toxunmamaqla bərabər, işin hallarının obyektiv araşdırmasına dəlalət edir. Məhkəmə sadə hesablama yolu ilə müəyyən etməklə belə nəticəyə gəlir ki, 15000 x bir illik faiz 8,5/100=1275 manat məbləğində faiz borcu cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 15000 manat əsas, 1275 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin becərdiyi yaşıl tütünün "xxxx" MMC tərəfindən qəbul edilməməsi ilə bağlı bildirdi dəlillərlə bağlı məhkəmə qeyd edir ki, həmin hüquqi şəxsə qarşı vurulmuş ziyanın ödənilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi əsas borca münasibətdə tam təmin edildiyindən cavabdehdən 141,01 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənildiyindən və hazırkı borc üzrə dövlət rüsumunun məbləği mediasiya xərcindən az olduğundan və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə istinadən iddiaçı tərəf dövlət rüsumu ödəməkdən azaddır. Odur ki, 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 15000 manat əsas borc, 1275 manat faiz borcu və 200 manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 141,01 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-387/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-387/2023
01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver