Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-390/2024 15.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 4319,23 manat əsas borc, 244,78 manat faiz borcu, 3.95 manat cərimə və dövlət rüsumu kimi ödənilmiş 65.68 manat pulun müştərək qaydada tutulması” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə : xx.xx.2023-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşmasına əsasən iddiaçı dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə xx.xx.2025-ci il tarixədək qaytarmaq şərtilə illik 23 % dərəcəsilə 5000 manat pulu cavabdehə verməyi, sonuncu isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən ödəmə vaxtı çatmış, lakin borcalan tərəfindən ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 23% + 5% gecikdirmə faizi ilə hesablanır. 6-cı bəndinə əsasən borcalan bu müqaviləyə əsasən verilmiş kreditin faizləri ilə birlikdə qaytarılmalı olduğu son tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40 % həcmində cərimə məbləği ödəməyi öhdəsinə götürmüşdür. 12-ci bəndinə əsasən borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və ya həmin öhdəlikləri müqavilədə müəyyən olunmuş müddətdə icra etmədikdə kredit verən bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri və cərimələri, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə tələbi girova (ipotekaya) qoyulmuş əmlaka yönəltmək hüququ vardır. Eyni zamanda borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli razılaşmadan irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə xx.xx.2023-cü il tarixli 3FİZAM180543204 nömrəli və 3FİZAM117737001 nömrəli zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2024-cü il tarixli kredit borcunun hesablanmasına dair arayışdan görünür ki, Cavabdeh1 tərəfindən 680,77 manat əsas borcdan, 687,23 manat faiz borcundan ödəniş edilmiş, qalan məbləğlər ödənilməmişdir. Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 4319,23 manat əsas borcu və ona hesablanmiş 244,78 manat faiz borcu və 3,95 manat cərimə borcu qalmışdır. İddiaçı borcun ödənilməsi barədə cavabdehlərə müraciət etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Bank Respublika” ASC ilə bağladığı xx.xx.2023 il tarixli kredit razılaşmasına əsasən borcalan Cavabdeh1 bankdan xx.xx.2025-ci ilədək qaytarmaq və ilik 23 % ödəmək şərti ilə aldığı 5000 AZN krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2024 il tarixə olan borcun məbləği: a) əsas borc üzrə 4319,23 AZN; b) faizlər üzrə 244,78 AZN; c) cərimə üzrə 3.95 AZN təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həli üçün borc alana və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zaminlər Cavabdeh3 və Cavabdeh2 pretenziya göndərilib, lakin borc ödənilməyib. Odur ki, hazırki tələbə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada məhkəmə bildirişi və ona qoşma sənədlər xx.xx.2024-cü il tarixdə ünvanları üzrə şəxsən çatdırılmasına baxmayaraq cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara : Kredit razılaşması, Zaminlik müqavilələri, Arayış, Ödəniş cədvəli, Hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2023-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşmasına əsasən iddiaçı dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə xx.xx.2025-ci il tarixədək qaytarmaq şərtilə illik 23 % dərəcəsilə 5000 manat pulu cavabdehə verməyi, sonuncu isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli kredit borcunun hesablanmasına dair arayışdan göründüyü kimi Cavabdeh1 tərəfindən 680,77 manat əsas borcdan, 687,23 manat faiz borcundan ödəniş edilmiş, qalan məbləğlər ödənilməmişdir. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə baxmayaraq Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 4319,23 manat əsas borc, ona hesablanmış 244,78 manat faiz borcu və 3,95 manat cərimə borcu qalmışdır. Zaminlər kredit alan Cavabdeh1lə birlikdə kreditor qarşısında birlikdə məsuliyyət daşıdığından və zaminlik müqaviləsi qüvvədə olduğundan məhkəmə hesab edir ki, 4319,23 manat əsas borc, 244,78 manat faiz borcu və 3,95 manat cərimə borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 65,68 manat təşkil edir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 65,68 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 4319,23 manat əsas borc, 244,78 manat faiz borcu, 3,95 manat cərimə borcu və 65,68 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-390/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-390/2024
15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver