Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-392/2020 21.10.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “6593,46 manat əsas borc, 478,02 manat faiz borcu olmaqla 7071,48 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2016-cı il tarixdə borcverən “xxxxxxxxxxx” QSC Bank olmayan Kredit Təşkilatı ilə borcalan Cavabdeh, alıcı İddiaçı MMC və tədarükçü İddiaçı MMC-nin tabeliyində fəaliyyət göstərən X1 və Emalı Məntəqəsi arasında 04TM nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borcverən borcalana tütün istehsalı üçün 9 ay müddətinə illik 6 % olmaqla 13940 manat kredit verməyi, borcalan aldığı krediti təyinatı üzrə istifadə edərək Qax rayonu, Ləkit kəndində yerləşən 8,2 ha torpaq sahəsində yaşıl tütün yarpağını əkib becərməyi, becərdiyi yaşıl tütün yarpağını xx.xx.2016-cı il tarixədək müqavilə ilə müəyyən edilmiş qiymətdə alıcının tabeliyindəki tədarükçüyə verməyi, alıcı onun tabeliyindəki tədarükçü tərəfindən qəbul olunmuş yaşıl tütün yarpağının dəyərinin borcalanın kredit borcu üzrə bağlamağı, artıq qalan vəsaiti isə borcalanın təqdim etdiyi bank hesabına və ya nağd qaydada ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi “xxxxxxxxxxx” QSC BOKT ilə İddiaçı MMC və İddiaçı MMC-nin tabeliyində fəaliyyət göstərən X1 və Emalı Məntəqəsi arasında 04İT nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən zamin olmuş şəxslər xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə kredit təşkilatına olan kredit və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissyon, dəbbə pulu, məhkəmə xərcləri və sair üçün məsuliyyət daşıyırlar. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun kredit təşkilatına ödənilməmiş 6593,46 manat əsas borc, 478,02 manat faiz borcu olmaqla ümumilikdə 7071,48 manat borcu qalmışdır. Kredit təşkilatı ilə İddiaçı MMC arasında bağlanmış zaminlik müqaviləsinə əsasən 6593,46 manat əsas borc, 478,02 manat faiz borcu olmaqla ümumilikdə 7071,48 manat borc zamin cəmiyyət tərəfindən kredit təşkilatına ödənilmiş və xx.xx.2019-cu il tarixli 24 nömrəli akt əsasında borcalana dair sənədlər kredit təşkilatı tərəfindən İddiaçı MMC-yə təhvil verilmişdir. Cavabdeh tərəfindən 7071,48 manat borc məbləği İddiaçı MMC-yə ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh kredit təşkilatı qarşısında öhdəliklərini icra etmədiyindən ödənilməmiş kredit borcu qalmış və zaminlik müqaviləsinə əsasən zamin İddiaçı MMC tərəfindən həmin borc məbləği kredit təşkilatına ödənilərək kredit təşkilatının öhdəliyi zaminə keçmişdir. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, 2016-cı ildə xxxxxxxxxxx QSCdən 13940 manat kredit götürərək tütün əkmişdir. Lakin, İddiaçı tərəfindən ona verilən toxum yararsız olduğundan tütün bitməmişdir. Bu səbəbdən sonradan tütün şitili verilmişdir. Tütün şitilləri 10 ha torpaq sahəsi üçün verilsə də 2.5 ha əraziyə yetdi. Özü əkdiyi şitillərlə ümumilikdə 8 ha tütün əkə bilmişdir. Ona görə də məhsul gecikərək noyabr ayına düşmüşdür. Bundan başqa sahəni çəyirtkə basmış, tütün yarpaqlarını yemişdir. Cəmi 9500 manatlıq tütün yarpağı təhvil verə bilmişdir. 6593.46 manat əsas borc, 472.02 manat faiz borcu qalmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəbindən borcu ödəyə bilməmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, zaminlik müqaviləsi, hesabdan çıxarışlar, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borcalan Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 6593,46 manat əsas borcu və həmin vəsaitə illik 6 faiz hesablanmış 478,02 manat faiz borcu qalmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi “xxxxxxxxxxx” QSC BOKT ilə İddiaçı MMC və İddiaçı MMC-nin tabeliyində fəaliyyət göstərən X1 və Emalı Məntəqəsi arasında 04İT nömrəli zaminlik müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən 6593,46 manat əsas borc, 478,02 manat faiz borcu olmaqla ümumilikdə 7071,48 manat borc “xxxxxxxxxxx” QSC BOKT-na ödənilmiş və xx.xx.2019-cu il tarixli akta əsasən cavabdehin sənədləri İddiaçı MMC-yə təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, borcalan kreditoru qarşısında öhdəliyini yerinə yetirmədiyindən onun öhdəliyi zamin olan hazırkı iddiaçı tərəfindən ödənilmişdir. Qanunvericiliyin tələbi baxımından borcun ödənilməsi zamin tərəfindən təmin edildiyindən kreditorun bütün hüquqları zaminə keçmiş və zamin olan hazırkı iddiaçı ödədiyi vəsaiti cavabdehdən tələb etməkdə haqlıdır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi səbəbindən kredit təşkilatına yaranmış 6593,46 manat əsas borc və 478,02 manat faiz borcu öhdəliyi zamin tərəfindən icra edildiyindən və qanunvericiliyin tələbinə əsasən kreditorun həmin öhdəlik üzrə hüquqları zaminə keçdiyindən iddia tələbi təmin edilərək qeyd olunan borc məbləği cavabdehdən tutulmaqla zamin İddiaçı MMC-yə ödənilməlidir. Sonda məhkəmə cavabdehin İddiaçı MMC tərəfindən öhdəliyinin yerinə yetirməməsi nəticəsində borcun yarandığına dair dəllərinə münasibətdə qeyd edir ki, qeyd olunduğu kimi tərəflər arasında xx.xx.2016-cı il tarixdə çox tərəfli müqavilə bağlanmış və hazırkı iddia cavabdehin kredit öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı yaranmışdır. İddiaçı MMC-nin müqavilə üzrə üzərinə götürüdüyü öhdəliyinin yerinə yetirilməməsi cavabdehin kredit öhdəliyinin icra edilməməsi üçün əsas deyildir. İddiaçı MMC-nin müqavilə üzrə üzərinə götürüdüyü öhdəliyinin yerinə yetirilməməsi ona qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia irəli sürülməsi üçün əsas ola bilər. Bu səbəbdən də məhkəmə cavabdehin etiraz dəlillərini əsassız sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh 6593,46 manat əsas borc, 478,02 manat faiz borcu olmaqla ümumilikdə 7071,48 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-392/2020
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-392/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver