Məhkəmə qərarları › İş №e-2-2(117)-4/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-4/2023

22.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-4/2023 22.08.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdehin nümayəndəsi Nümayəndə2 Məhman oğlunun iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış ******* manat məbləğində əldən çıxmış faydanın və 1327,19 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış ******* manat məbləğində əldən çıxmış faydanın və 1327,19 manat ödənilmiş dövlət rüsumunun tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 2012-ci il tarixli məhkəmə qətnaməsi əsasında cavabdeh tərəfindən borcun ödənilməsi qət edilmişdir. Qətnamədən sonra müəyyən ödənişlər edilmişdir. Lakin, borc tam ödənilməmişdir. Kredit borcunun ödənilməsi üçün girov qoyulmuş əmlaklar satışa qoyulmuş, 2016-ci ildə cavabdehdə olan səhmlər və daşınar əmlakları satılmışdır. Əmlakların satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədiyinə görə Mülki Məcəllənin 447.5-ci maddəsinə əsasən ödənilməyən pul məbləğinə illik 5 faiz olmaqla hesablanmış zərər məbləğini istəyirlər. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, müəssisənin vergiyə borcu olduğundan bankdan kredit götürüblər. Müəssisənin 16 ha torpaq sahəsi və həmin torpaq sahəsində qeyri-yaşayış tikililələri vardır. Həmin torpaqların və binaların sahibi Yelo bankdır. Hazırda da iddiaçı bank cavabdehin idarəedicisidir. Belə ki, iddiaçı Bankın hər hansı bir qərarı olmadan cavabdeh heç bir hərəkət edə bilməz. Qeyd edilən torpağın bir hissəsini satmaqla borc tam formada ödənilmiş olar. Vaxtı ilə iddiaçı təşkilat özü müvafiq qərarının icrasını cavabdehin torpaq sahəsinə və qeyri-yaşayış sahəsinə yönəldilməməsini tələb etmişdir. Torpağı bir hissəsi satılsa banka olan borclarını ödəyə bilərlər. Onda olan məlumata görə "xxxx" MMC bankın törəmə müəssisəsidir. Hazırda o cavabdeh hüquqi şəxsin direktoru olaraq bütün qərarları Yelo Bankın göstərişi ilə qəbul edir. Bankın iddiası əsassızdır, Ona görə də təmin edilməməsini məhkəmədən xahiş etdi. xx.xx.2012-ci il tarixli 6-BİZ-2-0-46-12 saylı kredit müqaviləsinə əsasən, kreditor "xxxx" İKB ASC dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə ******* manat pulu 36 ay müddətinə illik 15%-lə borclu Cavabdeh ASC-nin sədri X5 verməyi, borclu isə müəyyən edilmiş qaydada əsas və faiz borclarını ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən, cavabdehlər Cavabdeh ASC-dən, "xxxx" MMC-dən və X1 müştərək qaydada iddiaçı "xxxx" X2 xeyrinə 2.934.383 manat əsas borc, xx.xx.2013-cü il tarixədək hesablanmış 407.560,79 manat faiz borcunun, cəmi 3.341.973,79 manat pulun tutulması, tutmanın Cavabdeh ASC-nin səhmlərinin "xxxx" MMC-nə məxsus olan 87,5862%-i, yəni, 380.520 ədəd adi adlı sənədsiz səhminə və Cavabdeh ASC-nə məxsus əsas vəsaitlərə yönəldilməsi, həmin daşınar əşyaların açıq hərracda satılması yolu ilə realizə edilməsi, 380.520 ədəd adi adlı sənədsiz səhmin açıq hərracda satılarkən ilkin satış qiymətinin 761.040 manat, daşınar əmlakların ilkin satış qiymətinin isə 3.820.000 manat məbləğində müəyyən edilməsi və əldə ediləcək məbləğin iddia tələbi həcmində olan hissəsinin "xxxx" X4 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(103)-708/2014 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi Cavabdeh ASC-yə məxsus avadanlıqların (daşınar əmlakın) ilkin satış qiyməti hissəsində dəyişdirilmişdir və həmin avadanlıqların ilkin satış qiyməti 281.427 manat müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(103)-708/2014 nömrəli qətnaməsi icraya yönəldilmiş, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin böyük icra məmuru Sərdarov Məmmədin xx.xx.2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(103)-708/2014 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin xx.xx.2015-ci il tarixdə “Tələbin könüllü icrası barədə” bildiriş verilmişdir. xx.xx.2015-ci il tarixdə “Borclunun əmlakın üzərinə həbs qoyulması və siyahıya alınması barədə” protokol tərtib edilmiş və cavabdehin nümayəndəsi tərəfindən imzalanmışdır. xx.xx.2015-ci il tarixdə Nümayəndə2 Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə verdiyi izahatında Cavabdeh ASC-nin səhmlərinin "xxxx" MMC-nə məxsus olan 87,5862%-İ hissəsində səhmləri Bakı şəhərində yerləşən Milli Depozit Mərkəzində yerləşdiyindən icra sənədinin həmin hissədə aidiyyəti üzrə göndərilməsi xahiş edilmiş, qalan hissədə isə öhdəliyin tərəfindən təmin edildiyini bildirmişdir. xx.xx.2015-ci il tarixdə Cavabdeh ASC-nin Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə ünvanladığı məktubunda qeyd edilmişdir ki, dövlət büdcəsinə 2015-ci ilin yanvar ayından 50 min manatdan çox borc ödənilmişdir. Həmçinin, ödənilməmiş vergi borcları mövcuddur. Həmin borclar tam ödənilməyənədək Nikoyl İKB banka olan borcun ödənilməsi mümkün deyildir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsi xx.xx.2015-ci il tarixdə "xxxx" X4 təklif göndərərək üzərinə həbs qoyulmuş Cavabdeh ASC-yə məxsus ilkin satış qiyməti 761040 manat olan 380520 ədəd səhmi və ilkin satış qiyməti 281427 manat olan 77 ədəd daşınar əmlakın alınmasını təklif etmişdir. "xxxx"MMC tərəfindən ümumi qiyməti 281427 manat məbləğində 77 adda daşınar əmlakların hərrac vasitəsilə satılması ilə bağlı xx.xx.2016-ci il tarixə saat 11:00-a, xx.xx.2016-cı il tarixə saat 11:00-a, xx.xx.2016-cı il tarixə saat 11:00-a, xx.xx.2016-cı il tarixə saat 11:00-a hərraclar təyin edilmiş, nəhayət xx.xx.2016-cı il tarixdə satış həyata keçirilmişdir. "xxxx" MMC tərəfindən keçirilən “Hərracın yekunları barədə” xx.xx.2016-ci il tarixli 25/01-1 nömrəli Protokoldan görünür ki, sifariş məktubunda və icra vərəqəsində qeyd edilən əmlakların 196.998,90 manat məbləğində hissəsi alıcı X3 adlı şəxsə satılmışdır. RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanında yerləşən 1,6778 hektar torpaq sahəsində yerləşən 5866,7 kv.m qeyri-yaşayış sahəsi üzərində Cavabdeh ASC-nin tam mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2020-ci il tarixli, ********** dövlət qeydiyyat nömrəli Çıxarışla Mingəçevir şəhəri Heydər Əliyev prospekti,65 ünvanında yerləşən 14,5418 hektar torpaq sahəsində olan 6184,3 kv.m qeydi-yaşayış sahəsi Cavabdeh ASC-nin xüsusi mülkiyyətindədir. Nəsimi rayon İcra şöbəsinin xx.xx.2016-cı il tarixli məktubunda qeyd edilmişdir ki, Nəsimi rayon Məhkəməsinin 8(006)-917/2016 nömrəli xx.xx.2016-cı il tarixli qərardadı ilə Cavabdeh ASC-nin mülkiyyətində olan Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanında 1,6778 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır (Həmin qərardad iş materiallarına əlavə edilmişdir). DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə ünvanladığı məktubunda qeyd edilmişdir ki, Cavabdeh ASC-nin mülkiyyətində olan Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanında 1,6778 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur. "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli “Əmlakın qiymətləndirilməsi barədə” hesabatda qeyd edilmişdir ki, Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanında yerləşən qeyriyaşayış sahəsinin ilkin qiyməti 650.000 manat müəyyən edilmişdir. "xxxx" Bank xx.xx.2017-ci il tarixdə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə ünvanladığı məktubunda qeyd edilmişdir ki, qətnamə icraya yönəldikdən sonra Cavabdeh ASC-nin səhmlərinin "xxxx" MMC-yə məxsus olan 87,5862 %-i, yəni, 380.520 ədəd adi adlı sənədsiz səhmi hərraca çıxarılmış, alıcı olmadığından banka təklif olunmuş və 761.040 manata banka satılmışdır. Bundan əlavə, Cavabdeh ASC-yə məxsus əsas 83 adda, 86 ədəddən ibarət avadanlıqlar, maşın və mexanizmlər hərrac vasitəsi ilə 182.927 manata satılmışdır. Həmin məktubda "xxxx" İKB ASC bildirir ki, borclu Cavabdeh ASC-nin səhmlərinin artıq 87,5862 % həcmində olan hissəsinin səhmdarı olması nəzərə alınarsa icra səndi üzrə "xxxx" İKB ASC həm tələbkar, həm də borclu (Azərkabel ASC-yə münasibətdə) qismində çıxış edir ki, bu da qanunvericiliyin tələbinə ziddir. Bu səbəbdən "xxxx" İKB ASC Mİngəçevir İcra şöbəsindən Cavabdeh ASC-yə münasibətdə icra tədbirlərinin dayandırılmasını, icra sənədinin "xxxx" MMC hərrac mərkəzindən geri qaytarılmasını, icra sənədi üzrədigər borclulara münasibətdə icra tədbirlərinin davam etdirilməsini xahiş etmişdir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, icra müddəti ərzində tələbkar “Nikoil” İKB ərizə ilə müraciət edərək icra sənədi üzrə aparılan hərracın dayandırılmasını xahiş etdiyindən, Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanı üzrə 1,6778 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda satışına verilmiş sifarişin dayandırılması xahiş olunmuşdur. Yelo Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış və ödəniş sənədlərindən müəyyən edilir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi üzrə CavabdehASC tərəfindən xx.xx.2014-cü il tarixdə 7333,90 (yeddi min üç yüz otuz üç manat doxsan qəpik) manat, xx.xx.2015-ci il tarixdə 761040 (yeddi yüz altmış bir min qırx) manat məbləğində və xx.xx.2016-cı il tarixdə 182927 (bir yüz səksən iki min doqquz yüz iyirmi yeddi) manat, cəmi 951300,90 (doqquz yüz əlli bir min üç yüz manat doxsan qəpik) manat məbləğində ödənişlər edilmiş, 2 390 672,89 manat borc qalmışdır. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən tərəflər arasında bağlanan müqavilə üzrə borclu tərəfindən cəmi 951300 manat məbləğində ödəniş etmişdir. xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixə ödənilməyən borca münasibətdə illik beş faizlə hesablanan faiz borcu 1.070.851,35 manat məbləğində müəyyən olunur. Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin çıxarışlardan görünür ki: - "xxxx" İKB ASC-nin xx.xx.1994-cü il tarixdə qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə adı dəyişdirilərək İddiaçı ASC olmuşdur. Qanuni təmsilçisi X6r. - Cavabdeh ASC-nin təsisçiləri 87,5862 % hissə ilə əvvəlki adı "xxxx" QSC , hazırkı isə "xxxx" MMC və reyestrdə göstərilən digər şəxslərdir. xx.xx.2022-ci il tarixə Müşahidə şurasının üzvləri isə X13, X11 və Nümayəndə1dur. - "xxxx" MMC-nin tək təsisçisi və rəhbəri X10r. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanladığı məktubunda qeyd edilmişdir ki, Cavabdeh ASC-yə məxsus olan 87,5862 %-i, yəni, 380520 ədəd adi adlı sənədsiz səhmlər xx.xx.2015-ci il tarixdə 761040 manat dəyərində "xxxx" İKB ASC-nin balansına keçmişdir. xx.xx.2017-ci il tarixli səhmlərin alqı-satqı müqaviləsinə əsasən, bankın balansında olan 380.520 ədəd adi adlı sənədsiz səhmlər 761.040 manata "xxxx" QSC-yə satılmışdır. xx.xx.2017-ci il tarixli “Səhmlərin alqı-satqı müqaviləsi”nə əsasən satıcı "xxxx" İKB ASC 380520 ədəd adi adlı səhmləri hər biri 2 manat olmaqla 761.040 manata "xxxx" QSCyə satdı. İddiaçının nümayəndəsinin vahid məhkəmə təcrübəsi baxımından istinad edilməsi təqdim etdiyi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-175/2023 nömrəli qətnaməsində əldən çıxmış fayda hesablanarkən cavabdehin pul öhdəliyinin icra edilməməsində təqsirli pozuntusunun olması səbəbi ilə əldən çıxmış fayda MM-nin 447.5ci maddəsinə əsasən hesablanmışdır. Bu barədə tələb təmin edilmişdir. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: məktublar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı olan hazırkı İddiaçı ASC hüquqi varisi olduğu bank "xxxx" İKB ASC tərəfindən xx.xx.2012-ci il tarixli 6- BİZ-2-0-46-12 saylı kredit müqaviləsinə əsasən, ******* manat pulu 36 ay müddətinə illik 15%-lə Cavabdeh ASC-nin sədri X5 verməyi, borclu isə müəyyən edilmiş qaydada əsas və faiz borclarını ödəməyi öhdəsinə götürmüşdür. Lakin, borclu tərəfindən öhdəlikləri yerinə yetirilmədiyindən, kreditor "xxxx" İKB tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldırılmış və məhkəmənin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən, cavabdehlər Cavabdeh ASC-dən, "xxxx" MMC-dən və X1 müştərək qaydada iddiaçı "xxxx" X2 xeyrinə 2.934.383 manat əsas borc, xx.xx.2013-cü il tarixədək hesablanmış 407.560,79 manat faiz borcunun tutulması, tutmanın Cavabdeh ASC-nin səhmlərinin "xxxx" MMC-nə məxsus olan 87,5862%-i, yəni, 380.520 ədəd adi adlı sənədsiz səhminə və Cavabdeh ASC-nə məxsus əsas vəsaitlərə yönəldilməsi, həmin daşınar əşyaların açıq hərracda satılması yolu ilə realizə edilməsi, 380520 ədəd adi adlı sənədsiz səhmin açıq hərracda satılarkən ilkin satış qiymətinin 761040 manat, daşınar əmlakların ilkin satış qiymətinin isə 3.820.000 manat məbləğində müəyyən edilməsi və əldə ediləcək məbləğin iddia tələbi həcmində olan hissəsinin "xxxx" X4 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(103)-708/2014 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi Cavabdeh ASC-yə məxsus avadanlıqların (daşınar əmlakın) ilkin satış qiyməti hissəsində dəyişdirilmişdir və həmin avadanlıqların ilkin satış qiyməti 281.427 manat müəyyən edilmişdir. Həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar görülən işlər iş materiallarında öz əksini tapmışdır. Qətnamə icraya yönəldikdən sonra Cavabdeh ASC-nin səhmlərinin "xxxx" MMC-yə məxsus olan 87,5862 %-i, yəni, 380.520 ədəd adi adlı sənədsiz səhmi hərraca çıxarılmış, alıcı olmadığından banka təklif olunmuş və 761.040 manata banka satılmışdır. Bundan əlavə, Cavabdeh ASC-yə məxsus əsas 83 adda, 86 ədəddən ibarət avadanlıqlar, maşın və mexanizmlər hərrac vasitəsi ilə 182.927 manata satılmışdır. xx.xx.2015-ci il tarixdə 761.040 manat dəyərində səhm "xxxx" İKB ASC-nin balansına keçmiş, xx.xx.2017-ci il tarixdə səhmlərin alqı-satqı müqaviləsinə əsasən, bankın balansında olan 380520 ədəd adi adlı sənədsiz səhmlər hər biri 2 manat olmaqla 761040 manata "xxxx" QSC-yə satılmışdır. Bundan əlavə, xx.xx.2015-ci il tarixdə “Borclunun əmlakın üzərinə həbs qoyulması və siyahıya alınması barədə” protokol tərtib edilmiş və cavabdehin nümayəndəsi tərəfindən imzalanmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2016-ci il tarizdə hərrac keçirilmiş və sifariş məktubunda və icra vərəqəsində qeyd edilən əmlakların 196998,90 manat məbləğində hissəsi alıcı X3 adlı şəxsə satılmışdır. Həmçinin, cavabdehə məxsus daşınmaz əmlakla bağlı icra tədbirləri görülmüş, Nəsimi rayon Məhkəməsinin 8(006)-917/2016 nömrəli xx.xx.2016-cı il tarixli qərardadı ilə Cavabdeh ASC-nin mülkiyyətində olan Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanında yerləşən 1,6778 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması qərara alınmış və həmin qeyri-yaşayış sahəsinin ilkin qiyməti 650 000 manat müəyyən edilmişdir ("xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli “Əmlakın qiymətləndirilməsi barədə” hesabatında əks olunmuşdur). DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə ünvanladığı məktubunəsasən məhkəmə müəyyən etmişdir ki, Cavabdeh ASC-nin mülkiyyətində olan Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanında yerləşən həmin qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur. Lakin Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən "xxxx" MMC-yə xx.xx.2017-ci il tarixdə müraciət olunaraq icra müddəti ərzində tələbkar “Nikoil” İKB ərizə ilə müraciət edərək icra sənədi üzrə aparılan hərracın dayandırılmasını xahiş etdiyindən, Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanı üzrə 1,6778 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin və torpağın açıq hərracda satışına verilmiş sifarişin dayandırılması xahiş olunmuşdur. Odur ki, həmin əmlakın satışı həyata keçirilməmiş və nəticədə cavabdehin borcunun bir hissəsi ödənilməmiş qalmışdır. Nəticədə müəyyən edilir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi üzrə CavabdehASC tərəfindən xx.xx.2014-cü il tarixdə 7333,90 (yeddi min üç yüz otuz üç manat doxsan qəpik) manat, xx.xx.2015-ci il tarixdə 761040 (yeddi yüz altmış bir min qırx) manat məbləğində və xx.xx.2016-cı il tarixdə 182.927 (bir yüz səksən iki min doqquz yüz iyirmi yeddi) manat, cəmi 951.300,90 (doqquz yüz əlli bir min üç yüz manat doxsan qəpik) manat məbləğində ödənişlər edilmiş, cavabdehin 2.390.672,89 manat borcu qalmışdır. İddiaçı hazırkı iddiada ona ödənilməyən pul məbləğinə münasibətdə Mülki Məcəllənin 447.5-ci maddəsinin tələblərinə əsasən illik 5 faiz olmaqla cəmi 1.074.376 manat məbləğində vəsaitin ödənilməsini tələb edir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyi ilə bu məbləğin 1.070.851,35 manat olması müəyyən edilmişdir. Məhkəmə iş materiallarında olan sübutları tərəflərin nümayəndələrinin izahatlarını nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Məhkəmə əvvəlcə “iddia müddətinin tətbiqi barədə” cavabdehin ərizəsinə hüquqi qiymət verməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, hazırki iddia tələbi üzrə əldən çıxmış fayda qismində tələb edilən pul məbləği Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh ASC-dən, "xxxx" MMC-dən və X1 müştərək qaydada tutulması qət edilmiş vəsaitin ödənilməməsi ilə bağlıdır. Həmin qətnamə qeyd edilən hissədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014cü il tarixli 2(103)-708/2014 nömrəli qətnaməsi ilə qismən dəyişdirilsə də qüvvədə qalmış və icraya yönəldilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə) 551.2.4-cü maddəsinə əsasən, məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Göründüyü kimi, məhkəmə qərarı ilə əmələ gələn tələb üzrə iddia müddəti 30 il müəyyən olunmuşdur. Odur ki, hazırki iddia tələbi üzrə iddia müddəti keçməmişdir. Mülki Məcəllənin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır….. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır… 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. 443.10. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normadakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Hazırki iddia tələbi üzrə isə cavabdeh tərəfindən borcun gecikdirilməsi halları mövcud deyildir, ona məxsus olan və üzərinə həbs qoyulmuş daşınmaz əmlakın satılacağı halında borcunun ödənilməsi mümkündür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarında göstərilmişdir ki, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Mülki Məcəllənin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında qeyd edilmişdir ki, MM-in 449-cu, xüsusilə də 449.3-cü maddəsində təsbit olunmuş qaydalara müvafiq olaraq müqavilə ilə müəyyən edilmiş pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə zərərin əvəzini ödəməyi tələb etmək hüququ müəyyən xüsusiyyətlərə malikdir. Belə ki, MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarxli Plenum Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərar). Məhkəmə yuxarıda nəzərdən keçirilən işin faktiki halları və həmin hallara tətbiq ediləcək qanunvericilik normalarının məzmunundan müəyyən edir ki, hazırkı tələbin əsaslandığı məhkəmə qərarının icrası istiqamətində kifayət qədər tədbirlər görülmüşdür. Bu tədbirlərin aparılması zamanı tərtib edilmiş sənədlərdə cavabdehin nümayəndəsinin də imzası vardır və cavabdeh tərəfindən tədbirlərin həyata keçirilməsinə maneçilik yaradan hallar olmamışdır. Əksinə, öhdəliyinin icrası istiqamətində cavabdeh tərəfindən lazımi addımlar atılmış, icranın gecikdirilməsinə şərait yaradacaq halların aradan qaldırılması üçün müraciətlər edilmişdir. Belə ki, xx.xx.2015-ci il tarixdə cavabdehin hüquqi şəxsin rəhbəri Nümayəndə2 Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə verdiyi izahatı da bunu sübut edir. Əvvəllər olduğu kimi, hazırda da cavabdeh müvafiq məhkəmə qətnaməsi əsasında tutulan məbləğin ödənilməsi ilə bağlı əsas idarəedici səhm səsinə malik və müvafiq yaratdığı hüquqi şəxs ilə təmsil edilən İddiaçı ASC tərəfindən qəbul ediləcək müvafiq qərar əsasında icra edilməsinin mümkünlüyünü bildirir. Məhkəmə qeyd edilən normalara əsasən kredit öhdəliyi daşıyan şəxs təqsirli davranışları olduğu halda o əlavə məsuliyyətə cəlb edilə bilər, yəni, onun qəsd və ehtiyatsızlığı mövcud olmalı və ya icraya mane edən hərəkətlər etməklə vicdanlılıq nümayiş etdirməməlidir. Əgər ödhdəliyi icra etməyən şəxsin təqsirli davranışı yoxdursa, qərarın icrasında vicdanlılıq nümayiş etdirmişsə, icradan boyun qaçırma, vəsaitin ödənilməsini qəsdən gecikdirmə və digər hərəkətləri mövcud deyildirsə, cavabdehin üzərinə qeyd edilən hallara görə əlavə öhdəlik qoyula bilməz. Belə ki, icra müddəti ərzində tələbkar, yəni hazırkı iddiaçının tələbi ilə qalan pul vəsaitinin ödənilməsi ilə bağlı icra şöbəsi tərəfindən üzərinə həbs qoyulmuş təxminən 1.7 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin satılması ilə bağlı müvafiq tədbirlərin dayandırılması müvafiq qətnamənin tam icra edilməməsinə səbəb olmuş, yəni “Nikoil” İKB ərizə ilə müraciət edərək icra sənədi üzrə aparılan hərracın dayandırılmasını xahiş etdiyindən, Mingəçevir şəhəri, H.Əliyev pr.65 ünvanı üzrə torpağın açıq hərracda satışına verilmiş sifarişin dayandırılması xahiş olunmuşdur. Bundan sonra icra tədbirləri dayandırılmış və qalan borcun ödənilməsinin təmin edilməsi mümkün olmamışdır. Bütün bu hallardan görünür ki, cavabdeh tərəfindən qətnamənin icrası ilə bağlı hər hansı maneəçilik törədilməmiş, ödənilməmiş borc məbləğindən hər hansı gəlirin götürülməsi halları və ya qanunsuz saxlanılma kimi təqsirli hallar müəyyən edilməmişdir. Həmçinin, məhkəmə işin araşdırması zamanı müəyyən etmişdir ki, Cavabdeh ASCnin təsisçiləri "xxxx" QSC və "xxxx" MMC-dir (87,5862%) və Cavabdeh ASC-nin Müşahidə şurasının hazırki üzvləri isə Nümayəndə1, X13, X7 və X8r. Eyni zamanda, iddiaçı 87,5862 % faiz səhmini satdığını bildirsə də, İddiaçı ASC-də mühüm vəzifədə işləyən Nümayəndə1 CavabdehASC-nin müşahidə şurasında təmsil olunması onu bir daha təsdiq edir ki, müvafiq hüquqi şəxslər vasitəsilə təmsil olunsa da, Cavabdeh ASC-nin idarəedicisi olmaqla bütün qərarların qəbul edilməsində İddiaçı ASCnin hüququ vardır. Mülki Məcəllənin 107-7.1. Bu Məcəllənin 107.3-cü maddəsi ilə nəzərdə tutulmuş halda cəmiyyətin direktorlar şurası (müşahidə şurası) yaradılır. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) öz səlahiyyətləri hüdudlarında ümumi rəhbərliyi və cəmiyyətin fəaliyyəti üzərində nəzarəti həyata keçir. Yuxarıda qeyd edilən müvafiq məhkəmə qətnaməsi əsasında tutulmuş vəsaitin hazırkı vaxta kimi ödənilməməsində cavabdehin təqsirli davranışları yox, icra hərəkətlərinin dayandırılması ilə bağlı Mingəçevir İcra Şöbəsinə yazdığı xx.xx.2017-ci il tarixli 02-336 nömrəli məktubla iddiaçının davranışları mövcuddur. Əks təqdirdə qeyd edilən borc müvafiq icra hərəkətləri nəticəsində hazırkı vaxta kimi icra oluna bilərdi. Bundan əlavə, CavabdehASC-nin idarəçisi olaraq İddiaçı ASC-nin sərəncamında olan Mingəçevir şəhərinin mərkəzində 16 hektar torpaq sahəsi və orada yerləşən qeyri-yaşayış binalarının mövcud olduğu təqdirdə iddiaçının hazırkı vaxta kimi gəlir əldə etməməsi və ya bu əmlaklardan istifadə etməməsi, həmçinin bütün bunlar nəticəsində ziyana düşməsi inandırıcı deyildir. Bu halda da cavabdehin təqsirli davranışı mövcud deyildir. Bu hallarla bağlı məhkəməyə sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Mülki Məcəllənin: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Məhkəmə yekunda qeyd edir ki, yuxarıda qeyd edilən normalar mülki proses tərəflərinin iştirak etdiyi mübahisəyə ədalətlə, qərəzsiz və obyektiv baxmalı, məhkəmə qərarı tərəfin üzərinə əsassız olaraq öhdəlik qoyma məqsədi və ya onun ədalətsiz olaraq maliyyə yükü ilə yükləmək məqsədi daşımamalıdır. Məhkəmə işin faktiki hallarını və həmin hallara tətbiq edilən qanunvericilik normalarını, daxili inamı əsas tutaraq mübahisənin hallarını araşdırıb bu nəticəyə gəlir ki, hazırki vəziyyətdə iddiaçı iddia tələbində haqlı olduğunu sübuta yetirə bilmədiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 1327,19 manat olmalıdır. İddia tələbi rədd edildiyindən və dövlət rüsumunun əksər hissəsi ödənildiyindən, digər hissəsi islə mediasiya prosesi vaxtı ödənildiyindən məhkəmə hesab edir ki, dövlət rüsumu iddiaçıya aid edilməli və əlavə dövlət rüsumu tutulmamalıdır.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.074.376 manat məbləğində əldən çıxmış faydanın və 1327,19 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar