Məhkəmə qərarları › İş №e-2-2(117)-4/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-4/2024

19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-4/2024 19.01.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə 002R********** saylı krеdit razılaşması üzrə 28035,91 manat məbləğində krеdit bоrcu, 4516,66 manat məbləğində faiz bоrcu və 9279,55 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 41832,12 manat məbləğində bоrcun, 200 manat mediasiya xərcinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 15,5 manat məbləğində dövlət rüsumunun tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2019-cu il tarixdə İddiaçı QSC ilə X5 arasında bağlanmış 002L**********03 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, illik faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla 300000 manat həcmində uzunmüddətli kredit xətti açılmışdır. Eyni zamanda uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasının təminatı olaraq İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh1 arasında borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə xx.xx.2019-cu il tarixli, 002S**********03 nömrəli və xx.xx.2020-ci il tarixli, 002S**********01 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı QSC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 002R********** nömrəli kredit razılaşmasına əsasən sonuncuya 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,5833 % olmaqla kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına uyğun hissə-hissə qaytarmaq şərtilə fərdi mikro kredit məqədilə 45000 manat məbləğində kredit verilmişdir. X2 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Əsas borclunun ölümündən sonra da bank qarşısında yaranmış borc öhdəliyi yerinə yetirilmədiyindən xx.xx.2023-cüi il tarixli xəbərdarlıq məktubları ilə cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlər öhdəliklərini icra etmədiklərindən kredit müqaviləsi üzrə ödənilməmiş borcları qalmışdır. 28035,91 manat məbləğində krеdit bоrcu, 4516,66 manat məbləğində faiz bоrcu və 9279,55 manat məbləğində cərimə borcunun cavabdeh olan zaminlərdən tutulmasını xahiş etmişdir. İddiaçı iddiasının maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarına istinad etmişdir. İşin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/6968 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixə olan əsas borcu 27894,93 manat, faiz borcu 8318,11 manat, xx.xx.2023-cü il tarixə olan əsas borcu 27894,93 manat, faiz borcu 8318,11 manat təşkil edir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, krediti qardaşı götürmüşdür. O və digər cavabdeh isə zamin olmuşlar. Qardaşı vəfat etdikdən sonra bütün borc üzərlərində qalmışdır. Maddi təminatı o qədər də yaxşı deyil. Başqa banka da borcu vardır. Qardaşı vəfat etməmişdən əvvəl əsas və faiz borcundan müəyyən məbləğdə ödənişlər etmişdir. Maddi vəziyyətlərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, digər cavabdeh bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə ərizəçinin və digər cavabdehin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Uzunmüddətli kredit müqaviləsi, Kredit razılaşması, Zaminlik müqaviləsi, Xəbərdarlıq məktubları, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə İddiaçı QSC ilə X5 arasında bağlanmış 002L**********03 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, illik faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla 300000 manat həcmində uzunmüddətli kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasının təminatı olaraq İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh1 arasında borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə xx.xx.2019-cu il tarixli, 002S**********03 nömrəli və xx.xx.2020-ci il tarixli, 002S**********01 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı QSC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 002R********** nömrəli kredit razılaşmasına əsasən sonuncuya 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,5833 % olmaqla kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına uyğun hissə-hissə qaytarmaq şərtilə fərdi mikro kredit məqədilə 45000 manat məbləğində kredit verilmiş və X2 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarının 2-ci bəndində qeyd olunub ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. 3-cü bəndinə əsasən vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Qərarın məzmunundan da göründüyü kimi borclu E.Hüseynovun ölümü onun bank qarşısında yaranmış öhdəlikləri üçün zamin olmuş şəxslərə münasibətdə zaminlik müqaviləsinə xitam verməmişdir. Belə olan halda kreditor olan bankın borclunun öhdəliklərinin icrası üçün zaminlərə qarşı tələb irəli sürmək hüquqları yaranır. Bu səbəbdən bank ölmüş borclunun öhdəliklərinin icrası üçün zaminlərə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda zaminlər kreditorla birgə məsuliyyət daşıdığından, zaminlik müqaviləsinin qüvvədə olma müddəti bitmədiyindən və zaminlər borclu öldükdən sonra da onun öhdəlikləri üçün birgə məsuliyyət daşımalarına etirazlarını məhkəməyə təqdim etmədiklərindən borclunun öhdəlikləri üçün bank qarşısında borclunun ölümündən sonra da məsuliyyət daşıyırlar. Əsas borclunun ölümündən sonra vərəsələr tərəfindən borc öhdəliyinin icra edilməsinə dair sübut mövcud olmadığından və borclunun ölümündən uzun zaman keçdiyindən məhkəmə hesab edir ki, iddiaçı tələbini zaminlərə qarşı yönəltməkdə haqlı olmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/6968 nömrəli ekspert rəyində cavabdehin xx.xx.2022-ci il tarixə olan əsas borcu 27894,93 manat, faiz borcu 8318,11 manat, xx.xx.2023-cü il tarixə olan əsas borcu 27894,93 manat, faiz borcu 8318,11 manat təşkil etməsi qeyd olunsa da, məhkəmə hesab edir ki, məhkəmə qərardadında kredit razılaşmasının müddətinin bitdiyi tarix kimi xx.xx.2023-cü il qeyd olunmuş və həmin tarixə olan əsas və faiz borcunun hesablanması ekspertə həvalə edilmişdir, lakin eskpert rəyinin məzmunundan da göründüyü kimi xx.xx.2023-ci il tarix, xx.xx.2022-ci il tarix kimi qeyd olunmuşdur. Ekspert rəyindən müəyyən olunduğu kimi xx.xx.2022-ci il tarixlə xx.xx.2023-cü il tarixə olan əsas və faiz borcunun məbləğləri dəyişmədiyindən məhkəmə ekspertin müqavilə müddətinin bitdiyi xx.xx.2023-cü il tarixin rəydə xx.xx.2022-ci il tarixi kimi göstərməsini texniki səhv kimi qəbul etdiyindən bu yanlışlığın aradan qaldırılması üçün işi təkrar ekspertizaya göndərməmişdir. Məhkəmə araşdırması zamanı dliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/6968 nömrəli ekspert rəyi ilə müəyyən olunduğu kimi borc məbləği xx.xx.2022-ci il tarixə olan əsas borc 27894,93 manat, faiz borcu 8318,11 manat, xx.xx.2023-cü il tarixə olan əsas borcu 27894,93 manat, faiz borcu 8318,11 manat təşkil edir. Belə olan iddia tələbi əsas borca münasibətdə rəyə əsasən, yəni cavabdehlərdən 27894,93 manat əsas borc, faiz borcuna münasibətdə isə iddiaçının tələbi üzrə 4516,66 manat faiz borcu cavabdehlərdən iddiaçınnı xeyrinə tutulmalıdır. Məhkəmə 9279,55 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı ekspert rəyi ilə müəyyən edilmişdir ki, borclu olmuş X1 dəfə xx.xx.2021-ci il tarixdə banka ödəniş etmiş və xx.xx.2021-ci il tarixdə ölmüşdür. Eyni zamanda müəyyən edilmişdir ki, borclunun ölümündən sonra iddiaçı zaminlərə qarşı tələb irəli sürməmiş və xx.xx.2023-cüi il tarixli xəbərdarlıq məktubları cavabdehlərə müraciət etmiş, hazırki iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Şərh olunanlara əsasən məhkəmə hesabe edir ki, iddiaçı tələb etdiyi məbləğdə dəbbə pulunun tutulması tələbini irəli sürməkdə haqlı olmamışdır. Belə ki, kredit borcu ödənilməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin, həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının tələb etdiyi 9279,55 manat deyil, 200 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Sonda məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, kredit xətti müqaviləsi ilə kredit razılaşmasının şərtləri fərqli deyildir. Belə ki, xx.xx.2019-cu il tarixdə İddiaçı QSC ilə X5 arasında bağlanmış 002L**********03 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, illik faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla 300000 manat həcmində uzunmüddətli kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı QSC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 002R********** nömrəli kredit razılaşmasına əsasən sonuncuya 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,5833 % olmaqla kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına uyğun hissə-hissə qaytarmaq şərtilə fərdi mikro kredit məqədilə 45000 manat məbləğində kredit verilmişdir. Məhkəmə araşdırması zamanı ekspert rəyi ilə müəyən edilmişdir ki, aylıq faiz dərəcəsi 1,5833 % olduqda kreditin illik faiz dərəcəsi 19 faiz təşkil edir. Bundan başqa məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Odur ki, öhdəliyi icra etmiş zaminlər X3 vərəsələrinə qarşı reqres qaydada iddia irəli sürə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə 100 manat xərcin 50 manatı iddiaçıdan, 50 manatı cavabdehlərdən tutularaq müvafiq qaydada ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.10-cu maddəyə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (41832,12 manat) ödənilməli dövlət rüsumu 215,5 manat olmalıdır. İddia tələbi qismən təmin edildiyindən 215,5 manat dövlət rüsumunun 47,5 manat hissəsi iddiaçıdan, 168 manat hissəsi cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən 15,5 manat dövlət rüsumu dövlət büdcəsinə ödənildiyindən iddiaçıdan ödədiyi rüsum çıxılmaqla ümumilikdə 32 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən ödənilmiş 200 manat mediasiya xərci də cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 200 manat mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya, 168 manat dövlət büdcəsinə və iddiaçıdan 32 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehlərdən mediasiya xərci üçün ödənilmiş 200 manat məbləğdən iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 32 manat dövlət rüsumu çıxılmaqla 168 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 32 manat hissəsi isə cavabdehlər tərəfindən ödənilməli olan 168 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 200 manat dövlət rüsumu bütöv şəkildə cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 27894,93 manat əsas borcu, 4516,66 manat faiz borcu, 200 manat cərimə borcu, 168 manat mediasiya xərci tutularaq İddiaçı QSC-yə ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manat ekspertiza xərcinin 50 manatı İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən, 50 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142595, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı-X4, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 200 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar