Məhkəmə qərarları › İş №e-2-2(117)-401/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-401/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-401/2023 30.05.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı “X1” MMC-nin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdehə artıq ödənilmiş 20058,57 manatın cavabdehdən tutularaq iddiaçıya geri qaytarılması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı “X1” MMC (bundan sonra mətndə İddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə Cavabdeh) qarşı “cavabdehə artıq ödənilmiş 20058,57 manatın cavabdehdən tutularaq iddiaçıya geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti daha əvvəl, yəni, xx.xx.2022-ci il tarixdə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “2020-ci ilin oktyabr ayı üçün elektrik enerjisindən istifadəyə görə hesablanmış 28931,85 manat borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmiş, Məhkəmənin xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək "xxxx" ASC tərəfindən “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2020-ci ilin oktyabr ayı üçün elektrik enerjisindən istifadəyə görə hesablanmış 28931,85 manat məbləğində borcun 20058,57 manat məbləğində hissəsi silinməsi və ödənilməli olan 179,79 manat dövlət rüsumunun 123,59 manat hissəsi cavabdehdən, 56,2 manat hissəsi iddiaçıdan tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin, məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə-MPM) 185-ci maddəsinə əsasən mümkün hesab etmişdir. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli elektron qaimədən və xx.xx.2020-ci il tarixli 160OPXO203040012 nömrəli bank ödəniş sənədindən görünür ki, 28931,85 manat pul RQ036909EİQ pozulması tipli akta əsasən “X1” MMC tərəfindən Azərişıq ASC-nin bank hesabına ödənilmişdir. İşə əlavə edilmiş Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri Şaiq Məmmədovun xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarından görünür ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-701/2022 nömrəli qətnaməsi üzrə icra prosesinə başlanılmışdır. İşə əlavə edilmiş Ağdaş rayon İcra və Probasiya Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 5/906 nömrəli məktubundan görünür ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-701/2022 nömrəli qətnaməsi üzrə icra sənədi üzrə icra hərəkətləri həyata keçirilmədiyindən ərazi aidiyyəti üzrə icra olunması üçün Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İşə əlavə edilmiş Nəsimi rayon İcra şöbəsinin məhkəməyə ünvanladığı 5964- 6398/2023-5-9 nömrəli məktubundan görünür ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-701/2022 nömrəli icra sənədinin icrası üçün cavabdehə rəsmi xəbərdarlıq edilmiş, icra məmuru qanuni tələbləri yerinə yetirmədiyindən "xxxx"ASC barəsində inzibati protokol tərtib edilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixdə rəsmi bildiriş verilmişdir. İddiaçı tərəfindən elektron qaydada materiallar məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: məhkəmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;.... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə ilkin olaraq bildirir ki, tərəflər arasında daha əvvəl, yəni, xx.xx.2022-ci il tarixdə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “2020-ci ilin oktyabr ayı üçün elektrik enerjisindən istifadəyə görə hesablanmış 28931,85 manat borcun silinməsi” ilə bağlı iddia tələbi üzrə kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-701/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, “X1” MMC xx.xx.2007-ci il tarixdə sayğacda qısa qapanma nəticəsində yanğın baş vermiş, sayğac alışıb yanmış və müəssisəyə enerji verilişi dayandırılmışdır. Yeni sayğac quraşdırıldıqdan sonra sayğacın üzərində olan göstəricilər yanğın nəticəsində silindiyindən cavabdeh tərəfindən 2020-ci ilin oktyabr ayı üçün elektrik enerjisindən istifadəyə görə 28931,85 manat borc hesablanmışdır. Lakin iş üzrə mütəxəssis tərəfindən tədqiqat aparılmış və tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, 2020-ci ilin oktyabr ayı ərzində iddiaçı tərəfindən 98592 kv/s enerji istifadə olunmuşdur. Bundan əlavə qeyd edilən sayğac göstəriciləri üzrə 2019-cu və 2021-ci ilin analoji ayları üzrə təqdim edilən sayğac göstəricilərindən müəyyən edilir ki, iddiaçının xx.xx.2019-cu il tarixə sayğac göstərici 93870 kv/s sərfiyyat, 2021-ci ilin 29 oktyabr tarixə olan göstəricisi 111090 kv/s olmuşdur. Qeyd edilən dövlərdə itirilmiş elektrik enerjinin dəyərinin bərpa edilməsi ilə bağlı 2020-ci ilin 26 oktyabr tarixinə olan sayğac göstəricisini müqayisə etdikdən həmin sərfiyyatdan təxminən 3 dəfə çox hesablanmışdır. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş elektrik enerjisindən dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Hazırkı vəziyyətdə qeyd edilən hal mövcud deyildir və mütəxəssis rəyi ilə də 2020-ci ilin oktyabr ayında iddiaçının 98592 kv/s enerji sərfiyyatının olduğu daha inandırıcıdır. Belə ki, təqdim edilən enerji sərfiyatı barədə elektron qaimələrdən məyyən edilir ki, 2019-cu ilin və 2021-ci ilin analoji dövrlərində olan sərfiyyatla mütəxəssisin tədqiqatının nəticəsində verdiyi rəy üst-üstə düşür və inandırıcıdır. Həmin enerji sərfiyyatının məbləği iddiaçı tərəfindən ödənilən əlavə dəyər vergisi hesablanmaqla 8873,28 manat təşkil edir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilmiş, 20058,57 manat əsassız hesablanmış pulun silinməsi qət edilmişdir. İş üzrə Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin məktubundan göründüyü kimi, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)- 701/2022 nömrəli qətnaməsi üzrə verilmiş icra sənədinin icrası həyata keçirilmir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə hesablanmış enerji dəyərinin 20058,57 manat hissəsi əsassız hesablanmış, həmin məbləğin iddiaçıya borc olaraq hesablanmış abonent hesabından silinməsi qət edilmiş, lakin iddiaçı tərəfindən həmin borc ödənildiyi üçün onun hesabında borc olaraq qeyd edilmədiyi müəyyən edilmişdir. Belə vəziyyətdə iddiaçı cavabdehin əsassız hesablamalarına görə ödədiyi məbləğin 20058,57 manat hissəsindən məhrum olur və həmin məbləği əldə edə bilmir. Bütün bunlar Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-701/2022 nömrəli qətnaməsi ilə tam təsdiq edilir. Hazırkı iddia üzrə tərəflər və tələbetmə əsası eyni olsa da eyni tələb olmadığından məhkəmə hazırkı tələbə ayrıca iddia icraatında baxmışdır. MPM-in: 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Məhkəmə iddiaçının əsassız olaraq məhrum olduğu vəsaitin ona qaytarılması barədə tələbini əsaslı hesab edərək qeyd edir ki, iddiaçı abonent olsa da istifadə etdiyi enerjinin dəyərini mütəmadi ödəyir və o cümlədən 28931,85 manat məbləğində borc kimi hesablanmış vəsait də ödənildiyindən iddiaçının abonent hesabında hazırda 20058,57 manat məbləğində borc mövcud olması mümkün deyildir. Ona görə də məhkəmə hazırkı tələbdə iddiaçının hüquqlarının pozuntusu halının mövcudluğunu qəbul edir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Ona görə də məhkəmə hesab edir ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-701/2022 nömrəli qətnaməsi ilə əsassız olaraq elektrik enerjisindən istifadəyə görə hesablanmış 28931,85 manat məbləğində borcun 20058,57 manat məbləğində hissəsi cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırki mübahisə üzrə ödənilməli dövlət rüsumunun məbləği 150,18 manat olmalıdır ki, idida tələbi təmin edildiyindən həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-701/2022 nömrəli qətnaməsi ilə əsassız hesablandığı müəyyən edilmiş və iddiaçı tərəfindən artıq ödənilmiş 20058,57 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin (geri qaytarılsın). Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ödənilməmiş 150,18 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar