Məhkəmə qərarları › İş №e-2-2(117)-403/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-403/2025

28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-403/2025 28.08.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 13.416 manat bundan 4.823,39 manat əsas, 4.004,04 manat faiz, 3.872,34 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 716,23 manat faiz borcu və iş üzrə ödənilmiş 130,25 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iləCavabdeharasında bağlanmış 15 fevral 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə dövriyyə vəsaiti məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 30 (otuz) faiz olmaqla 6.450 (altı min dörd yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. ********* saylı kredit müqaviləsinə 16 mart 2015-ci il tarixdə 01-15 ƏS-R nömrəli Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən kreditorun borcalana (birgə borcalana) verdiyi kreditin qalıq məbləği 6.450 (altı min dörd yüz əlli) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək təyin olunur. ********* saylı kredit müqaviləsinə 16 mart 2016-cı il tarixdə 120010008/R nömrəli Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 6.455,29 (altı min dörd yüz əlli beş ABŞ dolları 29 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixinədək uzadılır. Kredit üzrə Borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 10 (on) % ödənilir. Daha sonra ********* saylı kredit müqaviləsinə 06 mart 2017-ci il tarixdə 1 nömrəli Əlavə Saziş bağlanmışdır. Borcalanın Kreditor qarşısındakı 5.952,84 (beş min doqquz yüz əlli iki ABŞ dolları 84 sent) ABŞ dolları təşkil edən kredit öhdəliyinin qalığının əsas borc qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD=1.40 manat) 8.333,98 manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 15 (on beş) % ödənilir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12- 5/2-İ-41-484/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2025-ci il tarixə kredit üzrə cəmi borcu 13.416 manat təşkil edir. Bundan 4.823,39 manat əsas, 4.004,04 manat faiz, 3.872,34 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən hesablanmış 716,23 manat faiz borcu təşkil edir.

3. Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini icraata qəbul etmiş, işin məhkəmə hazırlıq iclasını xx.xx.2025-ci il tarixə, saat 11:50-yə təyin etmiş, bu barədə xx.xx.2025-ci il tarixli qərardad çıxarmış və onun surəti məhkəmə bildirişi ilə birlikdə sifarişli-xəbərnaməli məktubla poçt ünvanına göndərilmişdir. Həmin göndərişin nömrəsi olan SX046878143AZ ilə yoxlama etdikdə sistemdə məktubun xx.xx.2025-ci il tarixdə Danaçı poçt şöbəsinə daxil olduğu və xx.xx.2025-ci il tarixdə ona çatdırıldığı qeyd olunsada, həmin məktub poçt işçisi tərəfindən başqa şəxsə verilmiş, həmin şəxs tərəfindən isə xx.xx.2025-ci il tarixdə ona çatdırılmışdır. Bundan başqa məhkəmə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, bu barədə xx.xx.2025ci il tarixli qərardad çıxarmış və onun surəti məlumat üçün sifarişli-xəbərnaməli məktubla onun poçt ünvanına göndərilmişdir. Həmin məktub da yenə poçt işçisi tərəfindən başqa şəxsə verilmiş, həmin şəxs tərəfindən isə xx.xx.2025-ci il tarixdə ona çatdırılmışdır. Göründüyü kimi, məhkəmə tərəfindən göndərilmiş həm əvvəlki, həm də sonrakı məktub hər ikisi birlikdə eyni vaxtda, yəni, xx.xx.2025-ci ildə ona verilmişdir. Ona görə də, 20 gün müddətinə nə etiraz vermək, nə də məhkəmənin təyin etdiyi hazırlıq iclasında iştirak etmək mümkün olmuşdur. Buna bxamayaraq xx.xx.2025-ci il taixdə açılmış şəxsi kabinet vasitəsi ilə hazırki yazılı izahatını məhkəməyə təqdim etməklə iddiaya qarşı aşağıdakıları qeyd etməyi və diqqətə çatdırmağı zəruri hesab edir. Belə ki, işin mübahisənin düzgün həlli üçün ilk növbədə bu kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanına əhatə dairəsinə düşübdüşmədiyi aydınlaşdırılmalıdır. Həmin Fərmanın 1-ci və 2-ci hissələrində fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi və edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 6.2-ci hissəsində fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülməsi tövsiyyə edilmişdir. Həmin Fərmanın 8.9-cu hissəsində isə, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi olduğu qeyd edilmişdir. Həmin Fərmanın 1-ci və 2-ci hissələrinə uyğun olaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindəki “Problemli kredit məlumatlarının sorğulanması” portalı üzərindən kredit məlumatlarının sorğusu nəticəsində əks oluna məlumatdan görünür ki, onun dollar ilə olan və hazırda barəsində mübahisə edilən kredit borcunun devalvasiya ilə bağlı manatla artmış hissəsi dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilmiş (yəni 2992,09 manat kompensasiya hesablanmış), edilən ödəniş (kompensasiya) onun bank qarşısında ödəniş müddəti keçmiş əsas kredit borcunun ödənilməsinə tam yönəldilmiş, yəni xx.xx.2019-cu il tarixinə olan əsas kredit borcundan həmin kompensasiya məbləği çıxılmış və əsas kredit borcu üzrə 4823,39 manat məbləğində qalıq borc qalmışdır. Göründüyü kimi, onun dollar ilə olan və hazırda barəsində mübahisə edilən kredit borcu həmin Fərmanın əhatə dairəsinə düşmüşdür. Deməli, həmin Fərman tələbləri baxımından bu kredit borcu üzrə hesablanmış faiz və cərimə pulu iddiaçı tərəfindən silinməlidir. Kredit borcunun silinməli olan hissəsini münasibətdə isə iddiaçının tələbetmə hüququ ola bilməz və məhkəmə tərəfindən də məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək faiz və dəbbə pulunun nə qədər təşkil etməsi ilə bağlı araşdırma aparıla bilməz. Məhkəmə yalnız xx.xx.2019-cu il tarixindən sonra ödənişlərin olub-olmaması araşdırmalı, olduğu təqdirdə isə həmin ödənişləri əsas kredit borcu üzrə olan 4823,39 manat məbləğdən çıxmalıdır. Beləliklə hesab edir ki, iddiaçının ona qarşı kredit borcu üzrə hesablanmış faiz və cərimə pulunun ödənilməsi tələbi əsassızıdır və iddia tələbi həmin hissədə rədd edilməlidir. Həmçinin iddia tələbinin rədd edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

İİ. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh bank tərəfindən 36 ay müddətinə illik faiz dərəcəsi 30 % olmaq şərti ilə 6450 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən kreditor borcalana müqavilədə göstərilən məbləğdə kredit verməyi, borcalan isə öz növbəsində həmin krediti faziləri ilə birlikdə kreditora qaytarmağı öhdəsinə götürür. 2.5-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə illik 60 %, aylıq 5 % dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir.

8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafiki imzalanmışdır. Həmin qrafikə əsasən cavabdehə hər ay 273,85 ABŞ dolları, sonuncu ay 273,64 ABŞ dolları ödəmək şərti ilə 6450 ABŞ dolları kredit verilmişdir.

9. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə 01 saylı, 15 ƏS- R nömrəli Əlavə saziş bağlanmışdır. Həmin sazişə əsasən kreditorun borcalana 6450 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 6450 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək təyin edilmişdir.

10. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə 01 saylı, nömrəli Əlavə saziş bağlanmışdır. Həmin sazişə əsasən kreditorun borcalana 6450 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği manatla müəyyən edilməklə, 8333,98 manat təşkil etmişdir. Kreditin müddəti xx.xx.2022-ci il tarixədək təyin edilmişdir.

11. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə bağlanmış xx.xx.2017-ci il tarixdə 01 saylı Əlavə saziş üzrə banka ödənilməmiş 4823,39 manat əsas, 4004,04 manat faiz, 3872,34 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 716,23 manat faiz borcu vardır.

12. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh bank tərəfindən 6450 ABŞ dolları məbləğində pul verilmişdir.

13. “Dəmirbank ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

14. İş üzrə məhkəmə tərəfindən xx.xx.2015-ci il tarixdən cavabdehin kredit müqaviləsinin bitdiyi xx.xx.2022-ci il tarixə əsas, faiz borcunun məbləği ilə bağlı araşdırma aparılması məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/2232 nömrəli ekspert rəyində göstərilir ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) 4831,33 manat əsas, 3622,39 manat faiz, xx.xx.2025-ci il tarixə AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5 faiz borcu isə 689,81 manat təşkil edir.

16. Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə təqdim etdiyi 18 avqust 2025-ci il tarixli məktubda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanı çərçivəsində Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan banklarda maliyyə bazarlarına nəzarət orqanının xx.xx.2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na əsasən restrukturizasiya əməliyyatlarının həyata keçirilməsi təmin edilir. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdə 2.992,09 AZN məbləğində kompensasiya məbləği daxil olmuş və əsas borc məbləğindən silindikdən sonra əsas borcu 4.823,39 AZN təşkil etmişdir. Əlavə olaraq bildirilir ki, sözügedən fərmanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə müraciətlərin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatdığını nəzərə almağınız xahiş olunur. Həmçinin qeyd edilir ki, “Dəmirbank" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə bank tərəfindən borcalana 36 (otuz altı) ay müddətinə 6.450 ABŞ dolları məbləğində kredit verilmişdir. Sonradan kredit qalığı xx.xx.2017-ci il tarixində restrukturizasiya edilərək, illik 15 (on beş) faiz olmaqla, xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Bildirilir ki, ləğv prosesində olan "xxxx" ASC-yə Cavabdeh xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə bank əməliyyat sisteminin məlumatlarına əsasən 4.823,39 AZN məbləğində əsas, 4.004,94 manat məbləğində faiz, 3.872,34 manat məbləğndə cərimə borcu olmaqla, ümumilikdə 12.699,77 manat məbləğində borc öhdəliyi mövcuddur.

V. Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Vl. Məhkəmənin mövqeyi:

17. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

19. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 6450 ABŞ dolları məbləği Cavabdeh vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş, qalan məbləğ ödənilməmişdir. Cavabdehə xəbərdarlıq göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə müraciət etmişdir.

20. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi faiz borcuna münasibətdə qismən təmin edilməlidir.

21. Məhkəmə iddiaçı tərəfindən kredit müqaviləsi üzrə hesablanmış 4004,04 manat faiz və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Republikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 716,23 manat faiz borcunun tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissələrdə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli 9/2232 nömrəli ekspert rəyinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixə (müqavilə bitdiyi tarixə) 3622,39 manat faiz, cavabdehə borcun ödənilməsi barədə bildirişin göndərdildiyi xx.xx.2025-ci il tarixə Azərbaycan Republikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5 faiz borcu isə 689,81 manat borcunun yarandığı müəyyən olunmuşdur.

22. Məhkəmə hesab edir ki, işdə olan ekspert rəyinə hüquqi qiymət verilərək həmin rəy sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

23. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşaraq belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə ekspertizanın verdiyi rəyi hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edərək, onunla razılaşmışdır.

24. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

26. Məhkəmə həmçinin qeyd edir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində də qismən təmin edilməlidir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcuna münasibətdə 241,16 manat məbləğində cərimə pulunun tutulması ağlabatan və ədalətlidir.

27. Məhkəmə qeyd edir ki, cavabdeh borcun ödənilməsi ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir.

28. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli Əlavə saziş üzrə 4823,39 manat əsas, 3622,39 manat faiz, 241,16 manat cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 689,81 manat faiz borcu borcu olmaqla cəmi 9376,75 manat pul vəsaiti tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməlidir.

29. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 130,25 manat məbləğində pulun iddianın təmin olunan hissəsinə mütənasib olaraq 113,76 manat hissəsi Cavabdeh iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir.

30. Əlavə olaraq məhkəmə qeyd edir ki, aparılmış ekspertiza tədqiqatın dəyəri olan 50 manat pulun 25 manat hissəsi Cavabdeh, 25 manat hissəsi isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN:**********, büdcə təsnifatı kodu: 142595, Hesab: AZ34CTRE********************) hesabına ödənilməlidir.

Vİl. Nəticə:

31. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi əsasında 4823,39 manat əsas, 3622,39 manat faiz, 241,16 manat cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 689,81 manat faiz borcu borcu olmaqla cəmi 9376,75 manat pul və 113,76 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatın dəyəri olan 50 manat pulun 25 manat hissəsi Cavabdeh, 25 manat hissəsi isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN:**********, büdcə təsnifatı kodu: 142595, Hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar