Məhkəmə qərarları › İş №e-2-2(117)-41/2020

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-41/2020

16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-41/2020 16.06.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh Cavabdeh firmasına qarşı “6108,13 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 920,61 manat faiz borcu, 2840,57 manat cərimə borcu, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 879,75 manat borc olmaqla ümumilikdə 10749,06 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat xidmət haqqı və 10 manat dövlət rüsumunun, məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan Mingəçevir şəhəri Samux küçəsində yerləşən qeyri-yaşayış binası 0,045 ha torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılması, satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra həmin qeyri yaşayış binasının boşaldılması və ləğv posesində olan İddiaçı ASC-yə təhvil verilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: “xxxx” ASC-nin Mingəçevir filialı ilə Cavabdeh firması arasında bağlanmış xx.xx.2014-cu il tarixli MİN-BH/002-14 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh firmasına dövriyyə vəsaitinin həcmini genişləndirmək məqsədilə istifadə etmək üçün istifadə müddəti 24 ay olan 10000 manat kredit verilmiş, borcalan Cavabdeh firması kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 22 % olmaqla faiz borcunu hər ayın 18-dən gec olmayaraq müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 10-cu bəndinə əsasən borcalanın üzərinə düşən öhdəlikləri lazımınca və ya müəyyənləşdirilmiş müddətdə icra etməməsi üçün kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0,1 % məbləğində dəbbə pulu ödəməlidir. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2014-cü il tarixli MİN-BH/002-14 nömrəli ipoteka müqaviləsində göstərilmiş Cavabdeh firmasının mülkiyyətində olan Mingəçevir şəhəri Samux küçəsində yerləşən qeyri-yaşayış binası ipoteka predmeti kimi qəbul olunmuşdur. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsində tərəflərin razılığı ilə ipoteka predmetinin bazar dəyəri 40000 manat, likvid dəyəri isə 36000 manat dəyərində qiymətləndirilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehin ödənilməmiş 6108,13 manat əsas, müqavilə müddəti üçün hesablanmış 920,61 manat faiz borcu, 2840,57 manat cərimə borcu, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 879,75 manat borcu olduğunu əsas gətirərək borcun ödənilməsi, borcun ipoteka predmeti olan əmlaka yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra cavabdehin həmin yaşayış sahəsindən çıxarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, iddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, İpoteka müqaviləsi, Məlumat cədvəli, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Ödəniş cədvəli və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbinin 6108,13 manat əsas borc və müqavilə müddəti üçün hesablanmış 920,61 manat faiz borcunun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxx” ASC-nin Mingəçevir filialı ilə Cavabdeh firması arasında bağlanmış xx.xx.2014-cu il tarixli MİN- BH/002-14 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh firmasına dövriyyə vəsaitinin həcmini genişləndirmək məqsədilə istifadə etmək üçün istifadə müddəti 24 ay olan 10000 manat kredit verilmiş, borcalan Cavabdeh firması kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 22 % olmaqla faiz borcunu hər ayın 18-dən gec olmayaraq müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Yuxarıda sadalanan qanunvericliyin tələbi baxımından məhkəmə hesab edir ki, xx.xx.2014-cu il tarixli MİN-BH/002-14 nömrəli kredit müqaviləsinə əsasən yaranmış 6108,13 manat əsas borc və müqavilə müddəti üçün hesablanmış 920,61 manat faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi əsaslıdır. Məhkəmə iddianın 2840,57 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Cavabdeh üzərinə düşən öhdəliyi icra etməyərək kredit ödənişlərini gecikdirməsinə və ödəməməsinə və müqavilə müddət 2016-cı il tarixdə bitməsinə baxmayaraq iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm əsas borcun, həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksəkdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehdən 2840,57 manat deyil, 200 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə iddia tələbinin müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 879,75 manat borcun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Hazırkı iş üzrə iddiaçının tələb etdiyi 879,75 manat pul tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti bitdiyi tarixdən sonra xx.xx.2019-cu il tarixədək olan müddət ərzində hesablandığından məhkəmə hesab edir ki, iddiaçı 879,75 manat məbləğində zərər (əldən çıxmış fayda) tələb edir. Bu halda iddiaçı zərərin həcminin məhz 879,75 manat olması ilə məhkəməyə sübut təqdim etməlidir ki, bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Bundan əlavə iddia tələbinin tutmanın cavabdehin mülkiyyətində olan Mingəçevir şəhəri Samux küçəsində yerləşən qeyri-yaşayış binası 0,045 ha torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılması, satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra həmin qeyri yaşayış binasının boşaldılması və ləğv posesində olan İddiaçı ASC-yə təhvil verilməsi, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat xidmət haqqı və 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi hissələrinə münsibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissələrdə əsassızdır. Belə ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. 10.2-ci maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. Sadalanan qanunvericiliyin tələblərindən göründüyü kimi, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. Hazrıki işin məhkəmə araşdırması zamanı kredit müqaviləsi üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli MİN-BH/002-14 nömrəli ipoteka müqaviləsi göstərilsə də, ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması ilə bağlı iş materiallarında sübut mövcud deyildir. Məhkəmə hesab edir ki, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmadığından iddiaçının ipoteka hüququ yaranmamışdır və bu səbəbdən də kredit müqaviləsi üzrə pulun tutulması ipoteka predmetinə yönəldilə bilməz. Belə olan halda, tutmanın ipoteka predmetinə yönəldilməsi, əldə edilən vəsait hesabına borcun ödənilməsi, qeyri yaşayış binasının boşaldılması, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat xidmət haqqı və 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi barədə iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edilsə də, əsas borc münasibətdə tələb tam təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh firmasından 6108,13 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 920,61 manat faiz borcu, 200 manat cərimə borcu olmaqla ümumilikdə 7228,74 (yeddi min iki yüz iyirmi səkkiz manat yetmiş dörd qəpik) manat və 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar