Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-417/2024 04.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 30000 manat məbləğində əsas borc, 5380.85 manat faiz bоrcu, 1836 manat cərimə bоrcu və ödənilmiş 210 manat mediasiya xərcinin tutulması” tələbinə dair mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 007A********** nömrəli kredit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən 25 ay müddətinə, illik faiz dərəcəsi 1.9167 % оlmaqla 30000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən kredit alan Cavabdeh1 krediti ona hesablanmış faizi ilə birlikdə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavəödəniş planına uyğun olaraq həmin ödəniş planında razılaşdırılmış tarixdə banka qaytarmağı öhdəsinə götürmüşdür. 4.1.5-ci bəndinə əsasən kredit alan krediti və ona hesablanmış faizi ödəniş planı üzrə vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablanır. 007A********** nömrəli kredit müqaviləsi üzrə ödhəliklərin icarsının təminatı olaraq iddiaçı bankla zamin Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə 007G**********01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun ödənilməmiş 30000 manat məbləğində əsas borc, 5380.85 manat faiz bоrcu, 1836 manat cərimə borcu qalmışdır. Bu hal xx.xx.2023-cü il tarixə olan maliyyə arayışı və hesabdan çıxarışla təsdiq olunur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 9/3628 nömrəli ekspert rəyinə əsasən xx.xx.2024-cü il tarixə əsas borc 30000 manat, faiz borcu 9430 manat təşkil etmiş, hhesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən cərimə borcu hesablanmamışdır. Cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 götürdüyü kredit bоrcundan ödəniş etməmiş və оnun iddiaçıya 30000 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 306 gün üçün hesablanmış faiz borcu 5380.85 manat təşkiledir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 306 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1836 manat təşkiledir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, Accessbank QSC ilə uzun müddət işləmişdir. İndiyə kimi 123800 manat pul alıb qaytarmışdır. Sonuncunun kredit müqaviləsinə əsasən təxminən 26000 manat borcu qalmışdır. Yenidən ona 30000 manat kredit vermişdilər. Təxminən 26000 manat borcunu 30000 manatdan çıxmışdılar. 3700 manat ona kassadan pul verilmişdir. Yeni kredit cədvəli ona veriləndən sonra o, ödəmə qabiliyyətini itirmişdir. Banka ödəniş qrafikini uzadıb, faizləri aşağı salmaqla bağlı müraciət etmişdir ki, o, ödəniş etsin. Bank bununla razılaşmamışdır. Sahibkarlıq failiyyəti və heyvandarlıqla məşğul olmuşdur. Heyvanları tələf olmuş, qəssab mağazası işlədirdi, lakin mağaza bağlanmışdır. Şəriyi də avto-qəza törətmişdir. Hal- hazırda həbsdədir. Ona görə də borcunu ödəyə bilməmişdir. Sonra pandemiya olmuş, ona pandemiya vaxtında iki il faizə güzəşt etmişdilər. Əlavə olaraq bildirmişdir ki, onun ailəsi genişdir və 4 nəfər uşağı var. Evdə onkoloji xəstəsi var. Həm də ona baxır. Ailəni dolandırmaqda çətinlik çəkmişdir. Bütün bunların nəzərə alınmasının xahiş etmişdir. Cavabdeh1 vəkili Vəkil məhkəmə iclasında bildirdi ki, cavabdeh öhdəliklərini yerinə yetirməsə də, bank bunun bilə-bilə vaxtında məhkəməyə müraciət etməmişdir. Faizlərin məqsədli şəkildə artmasına şərait yaratmışdır. Ona görə də faizlərin azaldılmasını xahiş etmişdir. Həm də onu bildirmişdir ki, onlar ekspert rəyi ilə razı deyillər. Çünki faizlər artıq hesablanmışdır. İddia tələbi həcmində iddianın təmin edilməsini, faiz və cərimənin silinməsinin xahiş etmişlər. Cavabdeh2 məhkəmə iclasında bildirdi ki, Qəribov Fazil qonşusu, uşaqlıq dostudur, ona zamin durmuşdur. Həmişə vaxtında borcunu ödəmişdir. Malları tələf olmuş, mağazası bağlanmışdır. Sonuncu aldığı krediti ödəyə bilməmişdir. Faiz borcu çoxdur. Bank tərəfindən şişirdilmişdir. Faizlərin, cərimələrin silinməsinə köməklik göstərilməsini xahiş etmişdir. Onun özünün də adına kredit var, aylıq ödəniş etmişdir. Öz işindən əlavə fəhləliklə məşğul olmuşdur. Qəribov Fazil də onunla bəzən fəhləlik etmişdir. Özünün də xəstəsi olduğunu, ona baxdığını, həm də ailəsinin geniş olduğunu bildirmişdir. Ümumilikdə onlara köməklik göstərilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirakı etməmiş, məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: 007A********** nömrəli kredit müqaviləsi, Zaminlik müqaviləsi, Maliyyə arayışı, Hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 007A********** nömrəli kredit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən 25 ay müddətinə, illik faiz dərəcəsi 1.9167 % оlmaqla 30000 manat məbləğində kredit verilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 9/3628 nömrəli ekspert rəyinə əsasən xx.xx.2024-cü il tarixə əsas borc 30000 manat, faiz borcu 9430 manat təşkil etmiş, hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən cərimə borcu hesablanmamışdır. Ekspert rəyindən də göründüyü kimi əsas borc məbləği iddiaçının tələb etdiyi məbləğlə eynilik təşkil edərək 30000 manat təşkil etmiş, faiz borcu isə iddiaçının tələb etdiyi məbləğdən çox olmuşdur. Belə olan halda iddiaçının tələbi həddində hesablanmış 30000 manat əsas borc, 5380,85 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə 1836 manat cərimə borcuna münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 kredit borclarını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, 007A********** nömrəli kredit müqaviləsi üzrə 500 manat cərimə tutularaq banka ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, zaminlik müqaviləsi qüvvədə olduğundan və həmin müqavilə üzrə zamin Cavabdeh2 borclu Cavabdeh1 ilə kreditor qarşısında birgə məsuliyyət daşıdığından və sonuncu kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən cavabdehlərdən müştərək qaydada 30000 manat məbləğində əsas borc, 5380.85 manat faiz bоrcu və 500 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 201.65 manat təşkil edir. İddia tələbi qismən təmin edilsə də, məhkəmə yalnız cərimə məbləğinə münasibətdə qanunvericiliklə ona verilmiş hüquqdan istifadə edərək cəriməni azaltmışdır. Bu səbəbdən ödənilməli 201.65 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı 200 manat mediasiya xərci 10 manat dəftərxana xərci ödəsə də, məhkəmə hesab edir ki, dəftərxana xərci mediasiya xərcinə aid edilmədiyindən 200 manat mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 30000 manat əsas borc, 5380.85 manat faiz bоrcu, 500 manat cərimə borcu və 200 manat mediasiya xərci tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 201.65 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-417/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-417/2024
04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver