Məhkəmə qərarları › İş №e-2-2(117)-418/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-418/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-418/2025 04.03.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “tərəflər arasına bağlanmış xx.xx.2024-cü il tarixli, 010 nömrəli icarə müqaviləsi əsasında yaranmış 1000 manat əsas borc, dəymiş zərər olaraq 1500 manat məbləğində kompensasiya, 45 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2545 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və icarə predmeti olan DL1 diode laser cihazının məcburi qaydada iddiaçıya qaytarılması” barədə ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “tərəflər arasına bağlanmış xx.xx.2024-cü il tarixli, 010 nömrəli icarə müqaviləsi əsasında yaranmış 1000 manat əsas borc, dəymiş zərər olaraq 1500 manat kompensasiya, 45 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2545 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və icarə predmeti olan DL1 diode laser cihazının məcburi qaydada iddiaçıya qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “X1” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manat təşkil edir. Həmçinin həmin qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarından göründüyü kimi iddia tələbi iki hissədən, yəni icarə predmetinin geri qaytarılması və pul tələbindən ibarətdir. İddiaçı tərəf iddia tələbinin “2500 manat məbləğində pulun tutulması” hissəsi üçün dövlət rüsumunun məbləği olan 45 manat ödəsə də, iddia tələbinin ikinci hissəsi olan “icarə predmetinin geri qaytarılması” hissəsinə uyğun dövlət rüsumunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə hesablanır. Bundan başqa AR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(102)-720/2024 nömrəli qərardadından göründüyü kimi həmin kassasiya şikayətləri qeyri-mümkün hesab edilmiş və onların geri qaytarılması məsələsinə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır. Həmin qərardad belə əsaslandırılmışdır ki, həmin iş üzrə iddia tələbi həm pul həm də əmlakın təhvil verilməsi tələblərini özündə əks etdirməklə iki hissədən ibarət olsa da, kassasiya şikayətləri verilərkən isə dövlət rüsumu yalnız iddia tələbinin məbləğlə bağlı (yəni qiymətləndirilən) hissəsinə münasibətdə ödənilmişdir. Halbuki, iddia ərizəsində pul tələbindən savayı, tərəflər arasında bağlanmış icarə müqaviləsinin predmeti olan əmlak kompleksinin təhvil verilməsi tələbləri də (iddia tələbinin qiymətləndirilməyən hissəsi) irəli sürülmüşdür. Belə olan halda, “X1” Qanunun 8.2-ci maddəsinin tələbinə əsasən, iddiaçı və cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətlərinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun ümumi məbləği hesablanarkən iddianın qiymətləndirilən və qiymətləndirilməyən hissələrinə münasibətdə ödənilməli idi. Belə ki, hazırkı iş üzrə iddia tələbinin icarə predmetinin geri qaytarılması hissəsi üzrə ödənilməli dövlət rüsumu xx.xx.2021-ci il tarixdən qüvvədə olan “X1” Azərbaycan Respublikası Qanununa əsasən qiymətləndirilməyən iddia üzrə 100 manat, pulun tutulması hissəsində isə iddianın qiymətinə uyğun olaraq 45 manat olmaqla, ümumilikdə 145 manat dövlət rüsumu ödənilməlidir. Buna baxmayaraq iddiaçı tərəfindən 45 manat dövlət rüsumu ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda iş materiallarından göründüyü kimi 45 manat dövlət rüsumu X2 və ya AsanPay vasitəsilə **********22 nömrəli qəbzlə xx.xx.2025-ci il tarixdə Şəki Kommersiya Məhkəməsinin hesabına ödənilmişdir. Məhkəmə iddiaçı tərəfindən “ödənilmiş 45 manat dövlət rüsumu”na münasibətdə bildirir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya dövlət büdcəsindən qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu bu halda qaytarılır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “tərəflər arasına bağlanmış xx.xx.2024-cü il tarixli, 010 nömrəli icarə müqaviləsi əsasında yaranmış 1000 manat əsas borc, dəymiş zərər olaraq 1500 manat məbləğində kompensasiya, 45 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2545 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və icarə predmeti olan DL1 diode laser cihazının məcburi qaydada iddiaçıya qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə **********22 nömrəli qəbzlə X2 və ya Asanpay vasitəsilə ödənilmiş 45 manat dövlət rüsumu iddiaçıya dövlət büdcəsindən qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar