Məhkəmə qərarları › İş №e-2-2(117)-422/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-422/2025

19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-422/2025 19.08.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 5.202,31 ABŞ dolları, bundan 1.519,37 ABŞ dolları əsas, 449,56 ABŞ dolları faiz, 3.014,14 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 219,24 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 108,44 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Göyçay filialı ilə Cavabdeh2 arasında bağlanmış 1286-1 USD saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə cari kreditin bağlanması və əsas vəsaitin təmiri məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 29 (iyirmi doqquz) faiz dərəcəsi ilə 6.370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2kredit verilərkən Cavabdeh1ilə Bank arasında ZM-1-1286-1 USD saylı, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Daha sonra xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə 30 mart 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 7.675,34 (yeddi min altı yüz yetmiş beş ABŞ dolları 34 sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 4.774,27 (dörd min yeddi yüz yetmiş dörd ABŞ dolları 27 sent) ABŞ dolları əsas borc, 2.292,68 (iki min iki yüz doxsan iki ABŞ dolları 68 sent) ABŞ dolları faiz borcu və 608,39 (altı yüz səkkiz ABŞ dolları 39 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-Ə-41-513/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh2 xx.xx.2025-ci il tarixə kredit üzrə cəmi borcu 5.202,31 (beş min iki yüz iki ABŞ dolları 31 sent) ABŞ dolları təşkil edir. Bundan 1.519,37 (bir min beş yüz on doqquz ABŞ dolları 37 sent) ABŞ dolları əsas, 449,56 (dörd yüz qırx doqquz ABŞ dolları 56 sent) ABŞ dolları faiz, 3.014,14 (üç min on dörd ABŞ dolları 14 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 219,24 (iki yüz on doqquz ABŞ dolları 24 sent) ABŞ dolları faiz borcu təşkil edir.

3. Cavabdeh2 iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, LPO İddiaçı ASC ilə xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış və ona 24 ay müddətinə 6370 ABŞ dolları kredit verilmişdir. 2015-ci ildə ABŞ dollarının məzənnəsi qalxdığı üçün sonuncu ödənişi 2015-ci il tarixdə olmuşdur. Banka ödəniş etmədiyi üçün iddiaçı LPO Dəmirbank ASC 2016-cı ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qərarına əsasən mülki iş baxılmamış saxlanılmışdır. Bundan sonra bank tərəfindən ona müraciət edilərək yeni müqavilə baxlanmasını təklif etmişlər. Lakin razılaşmamışdır. Keçən müddət ərzində ərizə ilə məhkəməyə müraciət edilməmişdir. Maddi imkanı olmadığından sonuncu ödənişi 2015-ci ildə olmuşdur. İddiaçı LPO İddiaçı ASC isə məhkəməyə 2025-ci il tarixdə müraciət etmişdir. Yəni kredit müqaviləsi bitdikdən 9 il, sonuncu etmədiyi müddətdən 10 il keçmişdir. İşin faktiki hallarından görünür ki, LPO Dəmirbank ASC kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia müddətini ötürmüşdür. Göstərdiklərini nəzərə alaraq, iddia müddəti keçdiyi üçün iddianın rədd edilməsini xahiş etmişdir.

4. LPO İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət etmiş, Cavabdeh2 iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə etiraz edərək bildirmişdir ki, kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitdiyindən qanunla nəzərdə tutulmuş 3 illik iddia müddəti isə xx.xx.2025-ci il tarixdə bitməlidir. Bank isə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Göstərilənlərə əsasən cavabdehə qarşı iddia müddəti keçmədiyindən iddianın tam təmin edilməsini xahiş etmişdir.

İİ. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edərən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh2 məhkəmənin əvvəlki iclasında iştirak edərək bildirmişdir ki, 2019-cu ildə Prezident problemli kreditlərlə bağlı fərman imzaladı, həmin fərmanın təsir dairəsinə onun krediti də düşdü. O banka müraciət etmiş, bank 5 il müddətinə qalıq kreditin müddətini uzadaraq hər ay 21 manat ödəniş hesablanmışdır. Sonra ankdan ona bildirdilər ki, Milli bankdan sərəncam veriləndə onu çağıracaqlar. Lakin bankdan bir xəbər çıxmadı. Təkrar banka müraciət edəndə ona deyiblər ki borcun silinib. Bu vaxta qədər bank tərəfindən ona müraciət edilməmişdir. Hazırki iddia tələbində olan borcu şişirdilmiş hesab edir.

7. Cavabdeh1 məhkəmənin əvvəlki iclasında iştirak edərək Cavabdeh2 dediklərini təsdiq etmişdir.

8. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. III. Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

10. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli 1286- 1 USD nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 bank tərəfindən 24 ay müddətinə illik faiz dərəcəsi 29 % olmaq şərti ilə 6370 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən kreditor borcalana müqavilədə göstərilən məbləğdə kredit verməyi, borcalan isə öz növbəsində həmin krediti faziləri ilə birlikdə kreditora qaytarmağı öhdəsinə götürür. 2.5-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə illik 58 %, aylıq 4.83 % dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir.

11. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli 1286- 1 USD nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafiki imzalanmışdır. Həmin qrafikə əsasən cavabdehə hər ay 353 ABŞ dolları, sonuncu ay 362 ABŞ dolları ödəmək şərti ilə 6370 ABŞ dolları kredit verilmişdir.

12. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə ZM- 1-1286/1-USD nömrəli zaminlik müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 borcalan Cavabdeh2 xx.xx.2014-ci il tarixli kredit müqaviləsi üzrə yaranan öhdəliyini icra edilməsinə görə məsuliyyəti bank qarşısında öz üzərinə götürmüşdür.

13. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1286-1 USD nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə 02 saylı Əlavə saziş bağlanmışdır. Həmin sazişə əsasən kreditorun borcalana 6370 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 7675,34 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2022-ci il tarixədək təyin edilmişdir. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə xx.xx.2017ci il tarixli zaminlik müqaviləsi bağlanmış və zaminliyin müddəti də xx.xx.2022-ci il tarixədək uzadılmışdır.

14. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli 1286-1 USD nömrəli kredit müqaviləsinə bağlanmış xx.xx.2017-ci il tarixdə 02 saylı Əlavə saziş üzrə banka ödənilməmiş 1519,37 ABŞ dolları əsas, 449,56 ABŞ dolları faiz, 3014,14 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 219,24 ABŞ dolları faiz borcu vardır.

15. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 bank tərəfindən 6370 ABŞ dolları məbləğində pul verilmişdir.

16. “Dəmirbank ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

17. İş üzrə məhkəmə tərəfindən xx.xx.2014-cü il tarixdə cavabdehin kredit müqaviləsinin bitdiyi xx.xx.2023-cü il tarixə və xx.xx.2025-ci il tarixə əsas, faiz borcunun məbləği ilə bağlı araşdırma aparılması məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/2457 nömrəli ekspert rəyində göstərilir ki, Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) 619,70 ABŞ dolları əsas, 204,64 ABŞ dolları faiz, xx.xx.2025-ci il tarixə 619,70 ABŞ dolları əsas, 204,64 ABŞ dolları faiz, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5 faiz borcu isə 86,41 ABŞ dolları təşkil edir.

V. Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

Vl. Məhkəmənin mövqeyi:

20. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

22. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 6370 ABŞ dolları məbləği Cavabdeh2 vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş, qalan məbləğ ödənilməmişdir. Cavabdehə xəbərdarlıq göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə müraciət etmişdir.

23. Məhkəmə Cavabdeh2 tərəfindən verilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibətdə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli 1286-1 USD nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 7675,34 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhz bu baxımdan iddia müddətinin başlanğıcı üzrə 3 illik iddia müddəti müqavilə müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. İddiaçı isə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmiş və bununla da qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürməmişdir.

24. Məhkəmə zamin Cavabdeh1 qarşı olan tələbə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli 1286-1 USD nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 7675,34 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi üzrə 30 mart 2017-ci il tarixdə 02 №-li Əlavə Saziş imzalanmış, həmin sazişdə də Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək qeyd olunmuşdur. Yuxarıda qeyd olunan qanunun tələbinə əsasən zaminlik müqaviləsi üzrə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia qaldırılmadıqda zaminliyə xitam verilir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə başa çatmış və kreditor tərəfindən bir il ərzində zaminə qarşı iddia qaldırılmamış, iddiaçı məhkəməyə yalnız xx.xx.2025-ci il tarixdə müraciət etmiş və nəticədə kreditor tərəfindən qanunda nəzərdə tutulmuş müddət ötürülmüşdür. Bu səbəbdən məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış zaminliyə xitam verilməli, Cavabdeh1 qarşı irəli sürülmüş tələb rədd edilməlidir.

25. Məhkəmə belə nəticəyə gəlir ki, iddia Cavabdeh2 münasibətdə qismən təmin edilməlidir.

26. Məhkəmə iddiaçı tərəfindən kredit müqaviləsi üzrə hesablanmış 1519,37 ABŞ dolları əsas, 449,56 ABŞ dolları faiz və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Republikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 219,24 ABŞ dolları borcunun tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli 9/2457 nömrəli ekspert rəyinə əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixə (müqavilə bitdiyi tarixə) 619,70 ABŞ dolları əsas, 204,64 ABŞ dolları faiz, cavabdehə borcun ödənilməsi barədə bildirişin göndərdildiyi xx.xx.2025-ci il tarixə 619,70 ABŞ dolları əsas, 204,64 ABŞ dolları faiz, Azərbaycan Republikası Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5 faiz borcu isə 86,41 ABŞ dolları borcunun yarandığı müəyyən olunmuşdur.

27. Məhkəmə hesab edir ki, işdə olan ekspert rəyinə hüquqi qiymət verilərək həmin rəy sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

28. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşaraq belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə ekspertizanın verdiyi rəyi hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edərək, onunla razılaşmışdır.

29. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

31. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə üzrə əsas və faiz borcu kreditor tərəfindən borcluya göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə qədər hesablanır. Belə ki, cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq bildirişində cavabdehin həmin tarixə 619,70 ABŞ dolları əsas, 204,64 ABŞ dolları faiz, Azərbaycan Republikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5 faiz borcu isə 86,41 ABŞ dolları məbləğində borcunun yaranması qeyd edilmişdir.

32. Məhkəmə həmçinin qeyd edir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində də qismən təmin edilməlidir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcuna münasibətdə 30,98 ABŞ dolları məbləğində cərimə pulunun tutulması ağlabatan və ədalətlidir.

33. Məhkəmə qeyd edir ki, cavabdeh borcun ödənilməsi ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir.

34. Beləliklə məhkəmə hesab edir ki, iddia Cavabdeh2 münasibətdə qismən əsaslı olduğundan Cavabdeh2 xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli Əlavə saziş üzrə 619,70 ABŞ dolları əsas, 204,64 ABŞ dolları faiz, 30,98 ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 86,41 ABŞ dolları faiz borcu borcu olmaqla cəmi 941,73 ABŞ dolları məbləğdə pul vəsaiti (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməlidir.

35. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 108,44 manat məbləğində pulun iddianın təmin olunan hissəsinə mütənasib olaraq 36 manat hissəsi Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir.

36. Əlavə olaraq məhkəmə qeyd edir ki, aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 manat pul Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN:**********, büdcə təsnifatı kodu: 142595, Hesab: AZ34CTRE********************) hesabına ödənilməlidir.

Vİl. Nəticə:

37. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli Əlavə saziş üzrə 619,70 ABŞ dolları əsas, 204,64 ABŞ dolları faiz, 30,98 ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 86,41 ABŞ dolları faiz borcu borcu olmaqla cəmi 941,73 ABŞ dolları məbləğdə pul vəsaiti (ödəniş gününə Azərbaycan Respublikasının manat məzənnəsi ilə) və 36 manat ödənilmiş dövlət rüsumuna görə pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. İddia Cavabdeh1 münasibətdə və qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 manat pul Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN:**********, büdcə təsnifatı kodu: 142595, Hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar