Məhkəmə qərarları › İş №e-2-2(117)-423/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-423/2025

14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-423/2025 14.04.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada xx.xx.2023-cü il tarixli 017R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 5579.3 manat krеdit bоrcu, 674.74 manat faiz bоrcu və 357.11 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6611.15 manat məbləğində bоrcun və 86.12 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada xx.xx.2023-cü il tarixli 017R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 5579.3 manat krеdit bоrcu, 674.74 manat faiz bоrcu və 357.11 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6611.15 manat məbləğində bоrcun və 86.12 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli 017L**********80 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 120 ay müddətinə 300 000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.2-ci bəndinin tələbinə əsasən, bu müqavilə xx.xx.2033-cü il tarixinədək qüvvədədir. Həmin uzunmüddətli kredit və təminat müqaviləsinin: 2.7-ci bəndinə əsasən kredit alan kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. 4.4-cü bəndinə əsasən kredit faizi, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən (gündən) onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. 11.1-ci bəndinə əsasən zamin (Cavabdeh2), kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alanla birgə məsuliyyət daşıyır. 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış həmin uzunmüddətli kredit və təminat müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli 017R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma imzalanmışdır. Həmin kredit razılaşmasına əsasən 36 ay müddətində illik faiz dərəcəsi 25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 manat kredit cavabdehə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş planından görünür ki, kredit alan Cavabdeh1 xx.xx.2023-cü il tarixindən xx.xx.2026-cı il tarixinədək 320 manat, sonuncu ay xx.xx.2026-cı il tarixində isə 319.52 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh kredit razılaşması üzrə götürdüyü kredit borcundan 2420.7 manat ödəniş etmiş və onun 5579.3 manat ödənilməmiş kredit borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 həmin tarixə 017R********** saylı razılaşma üzrə 5579.3 manat əsas, 674.74 manat faiz və 159 gün gecikdirilmə üçün hesablanmış 357.11 manat cərimə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri rəsmi qaydada xx.xx.2025-ci il tarixdə Cavabdeh1 elektron kabinetinə yerləşdirilmiş, xx.xx.2025-ci il tarixdə digər Cavabdeh2 poçt vasitəsilə ünvanı üzrə göndərilmişdir. Göründüyü kimi məhkəmə bildirişi və sənədləri rəsmi qaydada cavabdehlərə çatdırılsa da, qeyd edilən cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Eyni zamanda Cavabdeh1 xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqramla müraciət edərək iddiaçının tələbini qəbul etdiyini, hər ay 200 manat ödəməyə razı olduğunu və məhkəmədən köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzunmüddətli kredit və təminat müqaviləsi, kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma, maliyyə arayışı, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli 017L**********80 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmışdır. Həmin uzunmüddətli kredit və təminat müqaviləsi əsasında tərəflər arasında xx.xx.2023-cü il tarixli 017R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma imzalanmışdır. Həmin kredit razılaşmasına əsasən 36 ay müddətində illik faiz dərəcəsi 25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 manat kredit cavabdehə verilmişdir. Məhkəmə tələb edilən əsas və faiz borca münasibətdə qeyd edir ki, cavabdehlər bununla bağlı məhkəməyə etiraz və ya vəsatətlərini təqdim etməmiş, eyni zamanda tələb edilən borc məbləğinin artıq olması ilə bağlı hər hansı bir mübahisəli məqam olmadığından məhkəmə əlavə araşdırma aparmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtləri baxımından iddiaçı razılaşma üzrə 5579.3 manat əsas borcun və 674.74 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “razılaşma üzrə 357.11 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. Belə ki, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, tərəflərin əmlak mənafeləri nəzərə alınmaqla iddiaçı 250 manat cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və cavabdeh kredit alan Cavabdeh1 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən cavabdehlərdən müştərək qaydada 5579.3 manat əsas, 674.74 manat faiz borcu və 250 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Odur ki, iddiaçı 017R********** saylı razılaşma üzrə 5579.3 manat əsas, 674.74 manat faiz borcu, 250 manat cərimə borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyi və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edildiyi üçün iddia tələbinin təmin edilən hissəsinə uyğun olaraq 84.72 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, 1.40 manat məbləğində dövlət rüsumu isə iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 017R********** nömrəli razılaşma üzrə 5579.3 manat əsas borc, 674.74 manat faiz borcu, 250 manat cərimə borcu olmaqla, ümumilikdə 6504.04 manat məbləğində borc və 84.72 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar