Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-43/2025 19.03.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 19206.66 manat əsas borc, 1729.35 manat faiz borcu, 820.47 manat cərimə borcu, cəmi 21756.48 manat məbləğində borcun və 157 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 19206.66 manat əsas borc, 1729.35 manat faiz borcu, 820.47 manat cərimə borcu, cəmi 21756.48 manat məbləğində borcun və 157 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə əsas borclu Cavabdeh2, zaminlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtlərinin 2.1-ci bəndinə əsasən, kredit verən razılaşdırılmış məbləğdə krediti kredit alana verməyi, kredit alan isə müqaviləyə uyğun olaraq krediti istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə banka faizlər ödəməyi, zamin müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada öhdəliyin icrasını təmin etməyi öhdələrinə götürürlər. 7.4-cü bəndinə əsasən zamin (Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4) müqavilədən irəli gələn pul öhdəlikləri müştəri tərəfindən icra edilmədikdə həmin öhdəlikləri tamamilə icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında müştəri ilə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin nəğd pul krediti hissəsinin 1.3-cü bəndinə əsasən müqavilə üzrə gecikdirilmiş kreditə görə müştəri hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin kredit sazişi ilə müəyyən edilən faizi miqdarında, lakin 0.50 manatdan az olmamaq şərtilə cərimə ödəyir. Bu cərimə gecikdirilmə yaranan tarixdən 90 gün müddətində tətbiq edilir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 24% olmaqla 30000 manat məbləğində kredit verilmişdir. İş materialları kimi məhkəməyə təqdim edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixindən etibarən hər ay 1176.99 manat, sonuncu ay olan xx.xx.2025-ci il tarixində isə 1194.11 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Əlavə olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli köçürmə sənədindən görünür ki, 30000 manat vəsait Cavabdeh2 hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 19206.66 manat əsas, 1729.35 manat faiz və 820.47 manat cərimə borcu mövcuddur. Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən xx.xx.2024-cü il tarixində elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş vəsatətin məzmunundan göründüyü kimi cavabdeh tərəf tələb edilən faiz borcunun ağlabatan olmasını, lakin əsas borc üzrə borclu tərəfin 14 000 manat borcunun qalmalı olmasını bildirmişdir. Lakin iddiaçı tərəfindən 19206.66 manat əsas borc tələb edilmişdir ki, bu ödənişlər ilə uyğun gəlmir. Belə ki, qrafik üzrə mütəmadi ödəniş edilmiş, hesabdan çıxarışa baxıldıqda borclu tərəfin ümumilikdə 23 000 manata yaxın ödəniş etdiyi görünür. Borclunun iddia tələbi qaldırılan tarixə faiz borcu ilə birlikdə 13-14 min manat əsas borcunun qala bilməsi mümkündür. İşin obyektiv araşdırılması üçün iş üzrə mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. İşin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 9/10540 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2024-cü il tarixə olan əsas borcu 16617.83 manat, faiz borcu 1517.76 manat və xx.xx.2024-cü il tarixə olan əsas borcu 16617.83 manat, faiz borcu 2271.10 manat təşkil edir. İş materiallarına əlavə edilmiş iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli vəsatətdən göründüyü kimi iddiaçı tərəf xx.xx.2025-ci il tarixli 9/10540 nömrəli ekspert rəyinin nəticəsi ilə razı deyil. Belə ki, ekspert hesablamalarda diqqətsizlik etmiş və hesablamanı düzgün aparmamışdır. Kredit gecikmədə olan zaman cavabdeh tərəfindən ödənilən vəsaitin bir hissəsi cərimə hesabına silinmiş, lakin ekspert bu halı nəzərə almamışdır. Ödənilən məbləğ, yəni 2588.83 manat vəsait əsas və faiz borcun hesabına silinib. Aparılmış hesablamada bank iddia edən məbləğlə ekspert rəyinə olan məbləğ arasında cərimə borcu məbləği həcmində fərq yaranıb. Belə ki, ekspert tərəfindən hesablanmanın aparılması ilə bağlı yaranmış sualların cavablandırılması üçün ekspertin prosesə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli protokol qərarı ilə iddiaçının nümayəndəsinin vəsatəti təmin edilmiş, , ekspertin dindirilməsi məhkəmə baxış iclasında mümkün olduğundan həmin iş üzrə məhkəmə baxış iclası təyin edilmiş və xx.xx.2025-ci il tarixli məktubla AR Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası Mərkəzinə bu barədə məlumat verilmişdir. Ekspertin məhkəmə iclasında iştirakı ilə bağlı məktub aidiyyəti üzrə Məhkəmə Ekspertiza Mərkəzinə məktub göndərilsə də, ekspert məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbi və ekspert rəyi ilə qismən razıdırlar. Hüquqlarını müdafiə etdiyi şəxs vaxtaşırı ödənişlər etmişdir. Bank isə həmin ödənişlərin çox hissəsini faiz borcuna, qalan az bir hissəsini isə əsas borca hesablamışdır. Hesab edir ki, ekspertin məhkəmə iclasında iştirak edib izahat verməsinin hər hansı əhəmiyyəti olmayacaqdır. İddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. İş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə qeyd edilən tərəflərin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit sazişi, maliyyə arayışı, ödəniş cədvəli, ekspert rəyi, vəsatət və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 24% olmaqla 30000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtlərinin 7.4-cü bəndinə əsasən zamin (Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4) müqavilədən irəli gələn pul öhdəlikləri müştəri tərəfindən icra edilmədikdə həmin öhdəlikləri tamamilə icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında müştəri ilə birgə məsuliyyət daşıyır. Cavabdeh tərəfindən müəyyən ödənişlər olunmuş lakin öhdəliklər tam şəkildə yerinə yetirilməmişdir. Bu səbəbdən cavabdehin ödənilməmiş borcu qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən 19206.66 manat əsas, 1729.35 manat faiz borcunun tutulmasını tələb etməkdə qismən haqlıdır. Belə ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 9/10540 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2024-cü il tarixə olan əsas borcu 16617.83 manat, faiz borcu 1517.76 manat və xx.xx.2024-cü il tarixə olan əsas borcu 16617.83 manat, faiz borcu 2271.10 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsinə münasibətdə cavabdehlərdən 16617.83 manat əsas borcun və 1517.76 manat faiz borcunun tutularaq iddiaçıya ödənilməsi ədalətli və ağlabatandır. Belə ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışından göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixə olan 1729.35 manat məbləğində faiz borcunun cavabdehlərdən tutulmasını tələb edir ki, ekspert rəyindən aydın olduğu kimi cavabdehin borcu maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə və işin məhkəməyə daxil olduğu xx.xx.2024-cü il tarixə uyğun olaraq hesablanmışdır. Lakin bundan sonra iddiaçı tərəf iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmədiyindən və məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən iddia tələbinin qeyd edilən həcmdə təmin edilməsi əsaslıdır. Bundan başqa məhkəmə iddiaçının nümayəndəsinin ekspert rəyinə qarşı mövqeyinə münasibətdə qeyd edir ki, iddiaçı tərəf ekspert rəyində cavabdehin ödənişlərinin cərimə borcuna çıxılması halının nəzərə alınmadığını, sadəcə olaraq əsas və faiz borcuna münasibətdə hesablandığını bildirmiş, bu səbəbdən ekspert rəyi ilə razılaşmadığını qeyd etmişdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan göründüyü kimi cavabdeh tərəfindən mütəmadi olaraq ödənişlər edilmiş, göründüyü kimi iddiaçı tərəfindən cavabdehə gecikdirilmiş borca görə 2588.83 manat məbləğində cərimə borcunun hesablanması ağlabatan deyil. Bu halları nəzərə alaraq məhkəmə hesab edir ki, ekspert rəyində hesablanmış məbləğin əsas götürülməsi daha ədalətlidir. Məhkəmə iddia tələbinin “820.47 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin nəğd pul krediti hissəsinin 1.3-cü bəndinə əsasən müqavilə üzrə gecikdirilmiş kreditə görə müştəri hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin kredit sazişi ilə müəyyən edilən faizi miqdarında, lakin 0.50 manatdan az olmamaq şərtilə cərimə ödəyir. Bu cərimə gecikdirilmə yaranan tarixdən 90 gün müddətində tətbiq edilir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə iddiaçı tərəfin cavabdehlərdən 820.47 manat həddində cərimə məbləğinin tutulmasını tələb etməsini ədalətli və qanuni hesab edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı ödəmiş olduğu 157 manat dövlət rüsumunu tələb etsə də, iddia tələbinə münasibətdə ödənilməli olan dövlət rüsumu 155.27 manat təşkil edir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 135.28 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, 19.99 manat məbləğində dövlət rüsumu isə iddiaçıya aid edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 16617.83 manat məbləğində kredit borcu, 1517.76 manat məbləğində faiz borcu, 820.47 manat cərimə borcu olmaqla, cəmi 18 956,06 manat və 135.28 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ekpertiza xərcinin dəyəri olan 100 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (X1, kod:210005, vöen: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, Vöen: **********, ghesab: AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov