Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-431/2025 17.04.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, 2027-KQ nömrəli kredit müqaviləsinə əsasən, 9303,01 manat əsas, 983,35 manat faiz, 111.24 manat cərimə borcu olmaqla, cəmi 10397.6 manat, ödənilmiş 121,19 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması” tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2024-cü il tarixdə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 2027-KQ nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə dövriyyə vəsaitlərinin artırılması məqsədilə 24 ay müddətinə, illik 19% dərəcəsi ilə ödənilməsi şərtilə 10 000 manat kredit verməyi, sonuncu isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizi ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən kredit üzrə əsas borcun qaytarılması və faizlərin ödənilməsi bu müqaviləyə 1 nömrəli əlavədə əks olunan annuitet ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. 6.2-ci bəndinə əsasən borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müqavilənin 1.1-ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin 1 (bir) misli miqdarında illik faiz dərəcəsi ilə borc verən tərəfindən borc alana penya hesablana bilər. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş planından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixindən etibarən hər ay 504.09 manat, sonuncu ay xx.xx.2026-cı il tarixində isə 503,98 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən müəyyən edilmiş müddət ərzində 696,99 manat əsas borc, 318.98 manat faiz borcu və 4,06 manat cərimə borcu ödənilmiş, qalan borc məbləği ödənilməmişdir. Cavabdeh borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş 9303,01 manat əsas, 983,35 manat faiz, 111.24 manat cərimə bоrcu qalmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə etdiklərini və təmin edilməsini məhkəmədən xahiş etdiklərini bildirdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, Maliyyə arayışı, Hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 739,2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 2027-KQ nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə dövriyyə vəsaitlərinin artırılması məqsədilə 24 ay müddətinə, illik 19% dərəcəsi ilə ödənilməsi şərtilə 10000 manat kredit verməyi, sonuncu isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizi ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən Cavabdeh 10000 manat kredit verilmiş, lakin sonuncu tərəfindən öhdəlik lazımınca yerinə yetirilmədiyindən ödənilməmiş 9303,01 manat əsas, 983,35 manat faiz, 111.24 manat cərimə borcu qalmışdır. Bu hal maliyyə arayışı ilə təsdiq edilir. Eyni zamanda məhkəmə iddiaçı tərəfindən tələb edilən borca münasibətdə qeyd edir ki, cavabdeh bununla bağlı məhkəməyə etiraz və ya vəsatətlərini təqdim etməmiş, bu səbəbdən, eyni zamanda tələb edilən borc məbləğinin artıq olması ilə bağlı hər hansı bir mübahisəli məqam olmadığından məhkəmə əlavə araşdırma aparmamışdır. Bu səbəbdən həmin borc məbləğləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxmından hazırkı iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 121,19 manat olmalıdır. İddia tələbi təmin edildiyindən 121,19 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı tərəfindən 121,19 manat dövlət rüsumu dövlət büdcəsinə ödənildiyindən, məhkəmə hesab edir ki, 121,19 manat dövlət rüsumu və bununla bağlı ödənilmiş 0,40 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 9303,01 manat əsas, 983,35 manat faiz, 111.24 manat cərimə bоrcu olmaqla, cəmi 10397.6 manat, ödənilmiş 121,19 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-431/2025
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-431/2025
17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver