Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-439/2025 27.05.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun, dəymiş zərərin ödənilməsi və icarə predmetinin məcburi qaydada qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 010 nömrəli icarə müqaviləsi əsasında yaranmış 1000 manat əsas borc, dəymiş zərər olaraq 1500 manat kompensasiya və ödənilmiş 145 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2645 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, icarə predmeti olan DL1 diode laser cihazının məcburi qaydada iddiaçıya qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında 01 noyabr 2024cü il tarixində 010 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyəverən İddiaçı MMC müqaviləyə əlavələr ilə müəyyənləşdirilən avadanlığı (icarə predmetini) icarəçi Cavabdeh icarəyə verməyi, icarəçi isə avadanlığı təhvil alaraq aylıq icarə haqqını icarəyəverənə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında müqavilə ilə eyni gündə ona 1 nömrəli Əlavə də imzalanmışdır. Həmin əlavə ilə 1 ədəd DL1 diode laser (Boz, 48kg, 16,000 AZN dəyərində) avadanlığının icarəçiyə icarəyə verilməsi razılaşdırılmışdır. Eyni tarixdə imzalanmış 2 nömrəli Əlavə ilə isə nəzərdə tutulmuş 3 aylıq icarə müddəti üçün aylıq ödənişin məbləği (cədvəli) öz təsdiqini tapmışdır. Aylıq icarə haqqı 500 manat olaraq müəyyənləşdirilmişdir. İcarə predmeti olan DL1 diode laser avadanlığı icarəyəverən tərəfindən icarəçiyə müvafiq qaydada təhvil verilmişdir və bununla bağlı tərəflər arasında 01 noyabr 2024-cü il tarixində təhvil-təslim aktı imzalanmışdır. Cavabdeh tərəfindən yalnız ilk icarə ayı üzrə icarə haqqı ödənilmişdir. Növbəti 2 ay üzrə icarə haqqı (2 x 500=1000 manat) cavabdeh tərəfindən ödənilməmişdir. Həmçinin müqavilə müddətinin xx.xx.2025-ci tarixində başa çatdığını nəzərə alaraq icarə predmeti olan cihaz indiyədək icarəyəverənə geri qaytarılmamışdır. Tərəflərindən Cavabdeh xx.xx.2025-ci il tarixdə pretenziya məktubu da göndərilərək gecikdirilmiş ödənişləri həyata keçirməsi və icarə predmetini geri qaytarması üçün əlavə 3 gün vaxt verilmiş və buna əməl etməyəcəyi təqdirdə isə artıq onun barəsində məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Lakin, bütün bu cəhdlər nəticəsiz qalmışdır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iş sadələşdirilmiş icraat qaydasında icraata qəbul edilmiş, bu baxımdan həmin zaman kompensasiya hesablanarkən 3 ay (fevral, mart, aprel) nəzərə alınaraq, ümumilikdə 1500 manat (3 x 500 manat) hesablanmışdır. Sadələşdirilmiş icraatın iddia icraatına keçdiyini, ilk iclasın təxirə salındığını nəzərə alaraq məhkəmə iclasının ən azı may ayının sonuna qədər davam edəcəyini, əgər belə olarsa, qətnamənin qüvvəyə minməsinin də 1 ay əlavə zaman alacağını təxmin edirlər. Belə olduğu halda cihazın onlara qaytarılması ən azı daha 2 ay uzanacaq və bu isə əlavə əldən çıxmış fayda deməkdir. Qeyd edilən hallara və Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2024cü il tarixli, 010 nömrəli icarə müqaviləsi əsasında yaranmış 1000 manat əsas borc, dəymiş zərər olaraq 2500 manat kompensasiya və ödənilmiş 155 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3655 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, icarə predmeti olan DL1 diode laser cihazının məcburi qaydada iddiaçıya qaytarılması” tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 386.1-ci, 427.3-cü, 442-ci, 448.1-ci, 700.1-ci, 705-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü, 149-cu və 150-ci maddələri göstərilmişdir.
İİ. Tərəflərin mövqeləri:
5. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.
İİİ. Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Konstitusiyası
M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 705. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
- 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Sübutların tədqiqi:
16. İşdə olan İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 324/21 nömrəli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən icarəyəverən bu müqaviləyə əlavə edilmiş avadanlığı müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə icarəçinin istifadəsinə verməyi, icarəçi isə həmin icarə predmetini istifadəsinə qəbul edib icarə haqqını ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, icarə predmetinin adı, növü, çeşidi, detalları, rəngi, qiyməti, miqdarı, komplekti və digər əlamətləri və xarakterik xüsusiyyətləri, eləcə də icarə predmetinin ümumi qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan 1№-li Əlavə ilə müəyyən olunur. 1.4-cü bəndinə əsasən, icarə predmetinin verilməsi müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı (3№-li Əlavə) ilə rəsmiləşdirilir. 2.1.2-ci bəndinin tələbinə əsasən, icarə haqqının müqavilənin 2№-li Əlavəsində müəyyən olunan müddətdə və qaydada ödənilməsini icarəçidən tələb etmək icarəyəverənin hüququdur.
17. xx.xx.2024-cü il tarixli “xx.xx.2024-cü il tarixli 010 nömrəli İcarə müqaviləsi üzrə” 1№-li Əlavəyə əsasən, icarəyəverən 1 ədəd DL1 diode laser (boz, 48 kg, 16 000 AZN dəyərində) olan icarə predmetini icarəçiyə təhvil verməyi öhdəsinə götürmüşdür.
18. xx.xx.2024-cü il tarixli “xx.xx.2024-cü il tarixli 010 nömrəli İcarə müqaviləsi üzrə” 2№-li Əlavəyə əsasən, hər ay üçün (xx.xx.2024, xx.xx.2024, xx.xx.2025) 500 manat icarə haqqı olmaqla, ümumilikdə icarə müddəti 3 ay müəyyənləşdirilmişdir.
19. xx.xx.2024-cü il tarixli “xx.xx.2024-cü il tarixli 010 nömrəli İcarə müqaviləsi üzrə” 3№-li Əlavəyə əsasən, İddiaçı 16 000 manat dəyərində olan 1 ədəd DL1 icarə predmetini icarəçiyə təhvil vermişdir. 3-cü bəndinə əsasən, icarəçi, müqavilə üzrə təqdim edilmiş icarə predmetini heç bir qüsur və ya çatışmazlıq olmadan qeyd-şərtsiz təhvil almışdır. Həmin Əlavə İddiaçı MMC-nin nümayəndəsinin imzası, möhürü ilə və Cavabdeh imzası ilə təsdiqlənmişdir.
Vİ. Məhkəmənin mövqeyi:
20. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
21. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
22. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
23. İşin müəyyən olunmuş halları və iş materialları, o cümlədən iddiaçının nümayəndəsinin izahatı ilə təsdiqini tapmış mübahisələndirilməyən halı İddiaçı MMC və Cavabdeh arasında xx.xx.2024-cü il tarixli 324/21 nömrəli icarə müqaviləsinin bağlanmasından və həmin müqavilə əsasında 1 ədəd DL1 diode laser (boz, 48 kg, 16 000 AZN dəyərində olan) icarə predmetinin icarəçiyə təhvil verilməsindən ibarətdir.
24. İşin mübahisələndirilən hallarına isə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən iddiaçıya icarə haqqı üzrə nə qədər ödəniş edilməsi və icarə predmetinin geri qaytarılıb-qaytarılmaması haları aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hallara aydınlıq gətirmişdir.
25. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli 2№-li Əlavə ilə hər iki tərəf icarə müddətinin 3 ay olması, cavabdeh tərəfindən hər ay üçün 500 manat ödənilməsi barədə razılaşmış, bundan sonra xx.xx.2024-cü il tarixli 3№-li Əlavə ilə icarə predmeti olan 1 ədəd DL1 diode laser (boz, 48 kg, 16 000 AZN dəyərində olan) cavabdehə təhvil verilmişdir. Qeyd edilən hər iki əlavənin doğruluğu İddiaçı MMC-nin nümayəndəsinin imzası, möhürü və Cavabdeh imzası ilə təsdiqlənmişdir.
26. Məhkəmə, iddiaçının icarə müqaviləsi əsasında yaranmış 1000 manat əsas borcu cavabdehdən tələb etməsinə münasibətdə o qənaətə gəlir ki, iddiaçı həmin borcu tələb etməkdə haqlıdır. Belə ki, iş materiallarından göründüyü kimi tərəflər hər ay üçün 500 manat olmaqla, ümumilikdə 3 ay üçün 1500 manat ödənilməsi barədə razılaşmış, iddiaçı tərəf cavabdehin həmin məbləğdən sadəcə 500 manat ödədiyini, başqa ödəniş etmədiyini bildirmiş, cavabdeh isə məhkəmə iclaslarından xəbərdar olsa da, məhkəmə iclasılarında iştirak etməmiş, eyni zamanda qeyd edilən borcun mövcudluğunu təkzib edən hər hansısa bir sübutu və bu barədə etirazını məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən 1000 manat məbləğində icarə haqqı borcu iddiaçıya ödənilməmişdir.
27. Bundan başqa iddiaçı, icarə müqaviləsi üzrə müddətin xx.xx.2025-ci il tarixdə bitməsinə baxmayaraq cavabdeh tərəfindən icarə predmetinin geri qaytarılmaması səbəbindən 2500 manat məbləğində dəymiş zərər hesablamışdır. Belə ki, o, ilkin olaarq fevral, mart, aprel ayları üçün, daha sonra isə məhkəmə prosesinin uzanmasını və işin icra orqanına göndərilməsi müddətini nəzərə alaraq əlavə 2 ay da olmaqla, ümumilikdə 5 ay üçün cavabdehdən dəymiş zərər olaraq 2500 manat məbləğində pul tutulmasını tələb etmişdir.
28. Məhkəmə iddia tələbinin bu hissəsinə münasibətdə hesab edir ki, iddiaçı AR Mülki Məcəlləsinin 705-ci maddəsinə əsasən, icarə predmetinin ona geri qaytarılmaması ilə bağlı 1950 manat məbləğində dəymiş zərər tələb etməkdə haqlıdır. Belə ki, iş materiallarından göründüyü kimi, icarə müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdə bitmiş və hazırkı vaxta kimi cavabdeh tərəfindən icarə predmeti geri qaytarılmamışdır. İddiaçının tələbi müddətin bitdiyi tarixdən məhkəmə qətnaməsinin çıxarıldığı tarixə kimi olan müddət, yəni 3 ay 27 gün üçün təmin edilməlidir. Belə ki, cavabdehdən 1950 manat (3 ay üçün – 500 x 3 ay = 1500 manat; 27 gün üçün – (500/30) x 27 = 450); 1500 + 450 = 1950 manat) məbləğində dəymiş zərər tutularaq iddiaçıya ödənilməlidir.
29. Bundan əlavə olaraq iddia tələbi “icarə predmeti olan DL1 diode laser cihazının cavabdehdən məcburi qaydada alınaraq iddiaçıya qaytarılması” hissəsində təmin edilməldir.
30. Məhkəmə onu qeyd edir ki, iddiaçı tərəf ilkin dəlillərini ortaya qoysa da, cavabdeh tərəf iddia tələbini və iddiaçı tərəfindən təqdim edilən sübutları təkzib edən və əksini təsdiqləyən hər hansısa sübutu məhkəməyə təqdim etməmişdir.
31. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).
32. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.
33. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.
34. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
35. Məhkəmə qeyd edilən qanunvericiliyin hüquqi izahları baxımından məsələyə yanaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfin sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını verməyinə baxmayaraq, cavabdeh tərəf iddia tələbini təkzib edən sübutlarını və etirazını məhkəməyə təqdim etməyərək onun tərəfindən üzərinə düşən sübutetmə vəzifəsini icra etməmişdir.
36. Beləliklə yekun olaraq məhkəmə hesab edir ki, Cavabdeh 1000 manat əsas borc, 1950 manat dəymiş zərər olmaqla, cəmi 2950 manat pul tutularaq iddiaçı olan İddiaçınə ödənilməli və cavabdehdən icarə predmeti olan DL1 diode laser cihazı (Boz, 48kg, 16,000 AZN dəyərində) məcburi qaydada alınaraq iddiaçıya qaytarılmalıdır.
Vİİ. Məhkəmə məsrəfləri:
37. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 155 manat dövlət rüsumunun iddianın təmin edilən hissəsinə münasibətdə 130.64 manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, iddianın rədd edilən hissəsinə münasibətdə isə 24.36 manat hissəsi iddiaçıya aid edilməlidir.
Vİİİ Nəticə:
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1000 manat əsas borc, 1950 manat dəymiş zərər olmaqla, cəmi 2950 manat və 130.64 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı olan İddiaçınə ödənilsin. Cavabdeh icarə predmeti olan DL1 diode laser cihazı (Boz, 48kg, 16,000 AZN dəyərində) məcburi qaydada alınaraq iddiaçıya qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov