Məhkəmə qərarları › İş №e-2-2(117)-442/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-442/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-442/2023 31.05.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “2025 manat əsassız borcun silinməsi və mediasiya xərci olaraq ödənilmiş 60 manat xərcin cavabdehdən alınaraq ödənilməsi”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı “təbii qazdan istifadəyə görə yaranmış 2900 manat borcun və 50,90 manat manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələblərinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Cavabdeh İB-nə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müqavilə şərtlərinə əməl olunması ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarış (yoxlama kodu KY2********) verilmiş və çıxarışda yoxlamanın plandankənar yoxlamanın təyin edilməsi üçün əsas kimi sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin, sayğacdankənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi göstərilmişdir. Çıxarışa əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı istifadəsində Zaqatala şəhərində yerləşən qeyri-yaşayış sahəsinə (çörək sexi) baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, çörək sexində 4 ədəd təndir, 1 ədəd su qızdırıcı və 1 ədəd PQ-2 tipli duxovkasız qaz plitəsindən istifadə olunur, çörək sexində G6 markalı 28259940 nömrəli qaz sayğacı quraşdırılmışdır. Mövcud sayğac çıxarılaraq əvəzinə G: markalı 40384570 nömrəli sayğac quraşdırılmış, çıxarılan sayğacın çıxış plastmas borsunda dəlik aşkar olunmuşdur. Eyni zamanda sayğacın göstərcisinin oxunması zamanı sayağcdankənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar edilməmişdir. Müəyyən edilmiş hallarla bağlı xx.xx.2022-ci il tarixli protokol, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli 669855 nömrəli akt və xx.xx.2022-ci il tarixli yoxlama aktı tərtib edilərək imzalar və möhürlə təsdiq edilmişdir. Bundan sonra sayğac xx.xx.2022-ci il tarixdə laboratoriya şəraitində Metrologiya Departamneti tərəfindən yoxlanılmaqla sayğacın çıxış plasmas borusunun kənar təsir nəticəsində deşilməsi, xətaların normaya uyğun olmaması, sayğaca müdaxilə olunması, yararsız olması müəyyən edilərək qeyri-əhalı qaz sayğacının yoxlanması haqqında MS- 29/1640-01772-01 nömrəli akt tərtib edilmiş və akt xx.xx.2022-ci il tarixdə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh İB tərəfindən İddiaçı barəsində təbi X3 pozulması haqqında ******* nömrəli akt tərtib edilmiş və dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən çıxarılmış sayğacın nominal qazburaxma qabiliyyəti 6 kub m., günlük iş rejimi 15 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq itirilmiş qazın dəyəri 8100 kub.m – 2025 manat müəyyən edilmişdir. İddiaçı akt əsasında ona hesablanmış borcun silinməsi ilə bağlı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci tarixdə qazsayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib olunmuşdur. Aktda qeyd olunur ki, çıxarılan sayğacın çıxış plasmas borusu deşici alətlə deşilmişdir, xətalar normaya uyğun deyil. Bunun nəticəsində onun barəsində xx.xx.2022-ci il tarixdə akt tərtib olunmuş və aktda dəymiş ziyanın hesablanaraq dəyərinin ödənilməsi qeyd olunmuşdur. Qaz sayğacı üzrə 8100 kub m təbii qazın itksiinin yarandığı və həmin sərfiyyat üzrə aparılmış hesabat nəticəsində müəyyən edilmiş 2025 manat məbləğ əsassız borc hesablanmışdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına cavabdehliyi qaz paylayıcısı daşıyır, abonentin hər hansısa bir məsuliyyəti nəzərdə tutulmur. Bu səbəbdən həmin borc silinməlidir. Cavabdeh İB qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2900 manat borcun İddiaçı tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddiasını onunla əsaslandırmışdır ki, iddiaçının istifadəsində olan çörək sexinə quraşdırılmış qaz sayğacına qanunvericiliyin tələbinə uyğun baxış keçirilmiş, yoxlama aparılmış və yoxlama zamanı sayğacın çıxış plasmas borusunun deşilməsi halı müəyyən edilməklə aktlar tərtib edilmiş və 8100 kub m – 2025 manat dəymiş ziyan hesablanmışdır. Mübahisəli qaz sayğacının ünvandan açıldığı tarixdən əvvəlki və sonrakı dövrlərdəki qaz sərfiyyatlarını müqayisə etdikdə qaz sərfinin qüsur aradan qaldırıldıqdan sonra nəzərə çarpacaq dərəcədə artması görülür. İddiaçı hazırda akt əsasında hesablanmış borc da nəzərə alınmaqla ödənilməmiş 2900 manat borcu vardır. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, fiziki şəxsin qaz sayğacının saz vəziyyətdə saxlanılması qaz paylayıcının üzərinə düşür. Qaz sayğacı çörək sexindən kənarda yerləşdiyindən iddiaçı ona cavabdehlik daşımır. Qarşılıqlı iddia ərizəsinə münasibətdə isə bildirdi ki, qarşılıqlı iddia əsassızdır. İlkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək digər məhkəmələrdə işlərin olması səbəbindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Cavabdeh İBnin nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsinin ərizədə qeyd olunan səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: abonentin saldosu, Aktlar, Dəymiş ziyanla bağlı tələbnamə, Protokol, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İlkin iddia tələbinin hüquqi əsasına qiymət verən məhkəmə əvvəla onu qeyd edir ki, Cavabdeh İB tərəfindən İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsində (çörək sexi) quraşdırılmış qaz sayğacına keçirilmiş baxış və aparılmış yoxlama qanunvericiliyin tələbinə uyğun olmuşdur. Belə ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə xidmət edən qaz sayğacına keçirilmiş baxış və ya yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun təsir dairəsinə daxildir və vahid məlumat reyestrində qeydiyyata alınmalıdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-nə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müqavilə şərtlərinə əməl olunması ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarış (yoxlama kodu KY2********) verilmiş və çıxarışda yoxlamanın plandankənar yoxlamanın təyin edilməsi üçün əsas kimi sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin, sayğacdankənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi göstərilmişdir. Göründüyü kimi, Cavabdeh İB tərəfindən aparılmış yoxlama qanuni olmuşdur. Yoxlama nəticəsində müəyyən edilmiş hallar, tərtib edilmiş akt və hesablanmış ziyana münasibətdə məhkəmə qeyd edir ki, akt tərtib edilərkən “X4”nın pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntu (sayğacın çıxış plasmas borusunun deşilməsi) istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. Belə ki, dəymiş ziyanın bərpasına dair tələbnamədə dəymiş ziyanın bərpasına əsas kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3 1.3 bəndinə uyğun olaraq bağlanmış qazın alqısatqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərinə əsasən, ititirlmiş qaz bərpa edilməlidir. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi qazpaylayıcıya o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, “X3” 2.2.5-ci bəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İB tərəfindən fiziki şəxs (fərdi sahibkar) İddiaçı istifadəsində Zaqatala şəhərində yerləşən qeyri-yaşayış sahəsinə (çörək sexi) xidmət edən qaz sayğaçına laborotoriya baxışı keçirilmişdir. Sayğacın çıxış plasmas borusun deşilməsi müəyyən edilərək, bununla bağlı aktla tərtib edilmişdir. İtirilmiş qaz 8100 m3 olmaqla dəyəri 2025 manat məbləğində müəyyən edilərək abonentə dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir. “X3” 4.8-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fərdi sahibkar olan iddiaçının istifadəsində olan qeyri-yaşayış binasına xidmət edən qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır. Cavabdeh İB-nin də qarşılıqlı iddia ərizəsində qeyd etdiyi kimi abonentin saldosu ilə sayğacının ünvandan açıldığı tarixdən əvvəlki və sonrakı dövrlərdəki qaz sərfiyyatlarını müqayisə etdikdə qaz sərfinin qüsur aradan qaldırıldıqdan sonra nəzərə çarpacaq dərəcədə artması və bununla da həqiqətən sayğacda qüsur olması (plasmas borunun deşilməsi) işin mübahisələndirilməyən halıdır. Məhkəmə qazpaylayıcı tərəfindən aktlarla müəyyən edilmiş qaydada sayğacda qüsur olması – çıxış plasmas borusunun deşilməsi ilə razılaşsa da, sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi və bu səbəbdən də ona dəymiş ziyanla bağlı borc hesablanması ilə razılaşmır və yuxarıda sadalanan qanunvericiliyin tələbinə əsasən hesab edir ki, hesablanmış 2025 manat borc silinməlidir. Belə ki, aşkar olunmuş qüsur sayğaçın daxilində olmuş, sayğaca kənar müdaxilənin olması və sayğaçın möhürlərinə müdaxilənin olmasına dair sübut mövcud deyildir. Bu isə onu deməyə əsas verir ki, sayğaçın giriş plastmas borsunun deşilməsi sayğaçın quraşdırılması zamanı onu quraşdıran cavabdehin əməkdaşları tərəfindən icra edilmişdir. Cavabdehin əməkdaşlarının hərəkətlərinə görə isə iddiaçı deyil, məhz cavabdehin əməkdaşları məsuliyyət daşıyır. Qarşılıqlı iddia tələbinə - 2900 manat borcun ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, işdə olan abonentin saldosundan görünür ki, 2900 manat borcun 2025 manat hissəsi fiziki şəxsə akt əsasında, qalan 875 manat hissəsi isə istehlak edilmiş qaz sərfiyyatı əsasında hesablanan borc məbləğidir. Akt əsasında hesablanmış 2025 manat borc məhkəmə tərəfindən qanunsuz hesab edilməklə silindiyindən məhkəmə hesab edir ki, 2900 manat borc 2025 manat hissədə rədd edilməli, qalan istehlak edilmiş qazın dəyəri olan 875 manat hissədə təmin edilməlidir. Belə ki, istehlak edilmiş qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). “X4” nın 5.3-cü bəndinə əsasən istifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Eyni zamanda tərəflər arasında bağlanmış qazın alqı-satıqısına dair müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək abonentin vəzifəsidir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, akt əsasında İddiaçı əsassız olaraq hesablanmış 2025 manat borc onun abonent hesabından silinməli, eyni zamanda istehlak etdiyi təbii qazın dəyəri olan 875 manat borc İddiaçı tutularaq Cavabdeh İB-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 40,25 manat, qarşılıqlı iddianın qiymətinə uyğun olaraq 49 manat təşkil edir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən 50,50 manat dövlət rüsumu ödənilmişdir. İlkin iddia tələbi təmin edildiyindən Cavabdeh İB tərəfindən 40,25 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə, qarşılıqlı iddia tələbi qismən təmin edildiyindən ödənilməli olan 49 manat dövlət rüsumunun 14,78 manat hissəsi İddiaçı tutularaq Cavabdeh İB-nə ödənilməli, qalan 34,72 manat hissəsi və artıq ödənilmiş 1,50 manat rüsum, 0,40 manat xidmət haqqı Cavabdeh İB-nə aid edilməlidir. Eyni zamanda ilkin iddia üzrə iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçya ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, iddiaçıdan 14,78 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 60 manat əvəzinə iddiaçının cavabdehə ödəməli olduğu 14,78 manat dövlət rüsumu çıxılmaqla 45,22 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 14,78 manat hissəsi isə cavabdehə aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia təmin edilsin. Cavabdeh İB tərəfindən iddiaçı X2 təbii qazın itkisinə görə hesablanmış 2025 manat manat borc silinsin. Cavabdeh İB-dən 45,22 manat mediasiya xərci tutularaq iddiaçı X2 ödənilsin. Cavabdeh İB-dən ilkin iddia tələbi üçün ödənilməmiş 40,25 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh X1 təbii qazdan istifadəyə görə yaranmış 875 manat borc tutularaq iddiaçı Cavabdeh İB-nə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 36,12 manat dövlət rüsumu iddiaçı Cavabdeh İB-nə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar