Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-455/2024 16.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyeva Mələk Rafail qızının katibliyi ilə, İddiaçı “X1 Kompleksi” MMC-nin Cavabdeh MMC-yə qarşı “Cavabdehndən (əvvəlki adı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti”) əsas borca görə 30000 manat, cərimə borcuna görə 3000 manat və ödənilmiş dövlət rüsumuna görə 189 manat olmaqla, ümumilikdə 33189 manat miqdarında pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı “X1 Kompleksi” MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli borc müqaviləsinə əsasən borcverən “X1 Kompleksi” MMC 30000 manat məbləğində pulu borcalan Cavabdeh MMC-yə verməyi, sonuncu aldığı borcu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada xx.xx.2022-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.1-ci bəndinə əsasən borc alan bu müqavilə ilə üzərinə götürdüyü öhdəliklərdən hər hansı bir və ya bir neçəsini vaxtında və lazımınca icra etmədiyi təqdirdə müqaviləni birtərəfli qaydada ləğv etməklə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək, 2.1.2-ci bəndinə əsasən borc alan bu müqavilə ilə üzərinə götürdüyü öhdəliklərdən hər hansı bir və ya bir neçəsini vaxtında və lazımınca icra etmədiyi təqdirdə ödənilməmiş qalan borc məbləğinin 10 %-i miqdarında cərimə tələb etmək borcverənin hüquqlarına və müqavilənin 2.4.3-cü maddəsinə əsasən borcalanaın vəzifələrinə aid edilmişdir. Borcverən müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, borcalan müqavilə ilə müəyyən edilmiş müddət ərzində borcunu ödəməyərək müqavilə öhdəliklərini yerinə yetirməmiş və bu səbəbdən ödənilməmiş 30000 manat borcu qalmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehə dəfələrlə həmin pul vəsaitinin geri qaytarılması təklif edilsə də, lakin heç bir müsbət nəticəsi olmamışdır. Cavabdeh həmin borcdan heç bir ödəniş etməmişdir. Bununla da Cavabdeh (əvvəlki adı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti”) 30000 manat borcu vardır. Həmin borc müqaviləsinin 2.4.2-ci maddəsinə əsasən cavabdeh borcu vaxtında və tam həcmdə qaytarmazsa ödəmənin gecikdirildiyi hər gün üçün qalan borc məbləğinin 10%-i həddini aşmamaqla gündəlik 0.1% miqdarında cərimə ödəmə öhdəliyini öz üzərinə götürmüşdür. Bu cərimənin də məbləği 3000 manat təşkil edir. İş materialları və təqdim olunmuş sübutlarla da bir daha müəyyən edilir ki, cavabdeh bu günədək müxtəlif yalan vədlər və bəhanələr gətirərək ödəməli olduğu pul vəsaitini ödəməkdən yayınmışdır və hal-hazırda öz qanunsuz hərəkətini davam etdirir. Bununla da məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh iddia tələbinə etiraz ərizəsi ilə və iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh və iddiaçı arasında 18 mart 2020-ci il tarixində 3/B nömrəli Borc Müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin 1.2-ci maddəsinə əsasən, borc məbləği 7 aprel 2020-ci il tarixinədək verilir və həmin müddət başa çatanadək Borc verənə qaytarılır. İddiaçı 18 mart 2020-ci il tarixli, 3/B nömrəli Borc Müqaviləsinin mübahisələndirilməsi üzrə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Bildirmişdir ki, “X1 Kompleksi” MMC-nin iddia tələbi Cavabdeh MMC-nin hazırkı təsisçisi olan xarici investorun Azərbaycan Respublikasının daxili və tərəfdar çıxdığı beynəlxalq qanunvericilik ilə müdafiə olunan maraq və hüquqlarına ziddir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2021-ci ilin sonlarında elan edilmiş Cavabdeh MMC-dəki dövlətə məxsus payın satışı üzrə investisiya müsabiqəsi”nin nəticəsi olaraq hazırda Cavabdeh MMC-in təsis paylarının son benefisiarları xaric investordur. İnvestisiya müsabiqəsinin nəticəsi olaraq Əmlak Məsələləri Dövlət Xidməti ilə xarici investor arasında 27 dekabr 2021-ci il tarixli, İM-13 nömrəli Cavabdeh MMC-dəki dövlət payının investisiya müsabiqəsi vasitəsilə satışına dair alğısatqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilə üzrə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən göstərilmiş bütün borc ödənişləri xarici investor tərəfindən yerinə yetirilmiş (əks halda, Cavabdehin təsisçisi olaraq qeydiyyata alınmazdı) və bunun nəticəsində xarici investorun Cavabdeh MMC-nin hər hansı borcunun qalmadığına dair etimadı yaranmışdır. Müqavilənin 4.8-ci bəndinə əsasən, alıcı müqavilədə qeyd edilən borclardan əlavə sonradan aşkar olunan Cavabdeh MMC-nin borclarına görə məsuliyyət daşımır. Göründüyü kimi, xarici investor investisiya müsabiqəsində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh MMC-nin borc öhdəlikləri barədə təqdim etdiyi məlumatlara etimad edərək müsabiqənin şərtlərini yerinə yetirmiş və investisiya layihəsini artıq şirkətin müsabiqədən əvvəlki dövr üzrə hər hansı borc öhdəliyinin qalmadığına əmin olaraq icra etməyə başlamışdır və hazırkı iddia tələbi onun Əmlak Məsələləri Dövlət Xidmətinə olan etimadına zidd olaraq investisiya hüquqlarını pozur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi ilk məhkəmə iclasında ərizə ilə müraciət edərək iş iştirakları olmadan baxılmasını xahiş etmiş, növbəti məhkəmə iclası zamanı ərizə göndərərək işə baxılmasının təxirə salınmasını xahiş etmiş, hazırkı iclas zamanı ərizə təqdim edərək başqa məhkəmədə işərinin olması səbəbindən məhkəmə iclasının başqa vaxta təxirə salınmasını məhkəmədən xahiş etmiş, cavabdeh bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin məhkəmə iclasının təxirə salınması barədə vəsatətini ilk dəfə təmin etsə də, hesab edir ki, növbəti məhkəmə iclasının təxirə salınamsı üçün iddiaçının gtirdiyi arqumentlər əsaslı deyildir. Ona görə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: borc müqaviləsi, arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İddianın hüquqi əsasına qiymət verən məhkəmə qeyd edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 385.1, 386.1, 442, 445.2, 448 bənd 1, 2, 739.1, 739.2)... Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli borc müqaviləsinə əsasən borcverən “X1 Kompleksi” MMC 30000 manat məbləğində pulu borcalan Cavabdeh MMC-yə verməyi, sonuncu aldığı borcu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada xx.xx.2022-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək 30000 manat pulu cavabdehə vermiş və bunu təsdiq edən bank hesabından çıxarışı məhkəməyə təqdim etmiş, cavabdeh isə borc müqaviləsi üzrə öhdəliklərini ümumiyyətlə yerinə yetirməyərək götürdüyü 30000 manat borcunu ödəməmiş, nəticədə onun ödənilməmiş 30000 manat əsas borcu qalmışdır. Bu səbəbdən iddiaçı 30000 manat borcun və 3000 manat cərimənin ödənilməsini mübahisələndirir. Cavabdeh tərəf iddia tələbinə etiraz ərizəsi ilə və iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, tərəflər arasındakı borc müqaviləsi 7 aprel 2020-ci il tarixinədək verilir və həmin müddət başa çatanadək Borc verənə qaytarılır. İddiaçı 18 mart 2020-ci il tarixli, 3/B nömrəli Borc Müqaviləsinin mübahisələndirilməsi üzrə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış borc müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmış borc müqaviləsi üzrə borcun verilməsi müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. Eyni zamanda iddia ərizəsindən də müəyyən olunur ki, iddiaçı tərəfindən heç bir ödəniş aparılmamışdır. Habelə iş materiallarında olan bank hesabından çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə iddiaçı “X1 Kompleksi” MMC tərəfindən (VÖEN: **********) Cavabdeh MMC-nin (VÖEN: **********) bank hesabına 30000 manat pul köçürülmüş, həmin 30000 manat pul hazırki iddia tələbi üzrə mübahisə predmetidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı borc müqaviləsinin müddətinin, yəni öhdəliyin icra vaxtının bitdiyi an ilə müəyyən edilir ki, borc müqaviləsi xx.xx.2020-ci il tarixədək bağlandığından və cavabdeh tərəfindən nə müqavilənin qüvvədə olduğu dövr ərzində, nə müqavilə müddəti bitdikdən sonra hər hansısa ödəniş edilmişdir. Borc müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Məhz bu baxımdan iddia müddəti üzrə 3 illik iddia müddəti müqavilə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən hesablanır ki, iddia müddəti ərzində cavabdeh tərəfindən iddiaçıya ödəniş edilməmiş və iddia müddətinin kəsilməsinə səbəb olan hal mövcud deyildir. İddia müddəti xx.xx.2020-ci il tarixdə başlanmış və xx.xx.2023-cü il tarixdə bitmişdir ki, iddiaçı iddia müddəti ərzində məhkəməyə müraciət etməmiş və sonuncunun müraciəti Şəki Kommersiya Məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdə başlamış və xx.xx.2023-cü il tarixdə bitmişdir. İddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir ki, onun müraciəti iddia müddətinin bitməsindən sonra baş verdiyindən bitmiş iddia müddətinin axımına təsir etməmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcələnin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Göründüyü kimi qanunverici iddia müddətinin axımının kəsilməsini iki halla şərtləndirmişdir. Bunlardan birincisi müəyyən olunmuş qaydada məhkəməyə müraciət edilməsi və ikinci hal borclu şəxs tərəfindən borcun etiraf edilməsini göstərən hərəkətlərin edilməsidir. Hazırki mübahisənin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia müddəti ərzində məhkəməyə müraciət etməmiş və onun məhkəmə orqanlarına müraciəti iddia müddətinin bitdiyi xx.xx.2023-cü il tarixdən sonra xx.xx.2024-cü il tarixdə olmuşdur. Bu isə onu deməyə əsas verir ki, iddia müddətinin axımının məhkəməyə müraciət edilməsi ilə bağlı kəsilməsi halı baş verməmişdir. İddia müdətinin kəsilməsinin ikinci halı ilə bağlı (borclu şəxs tərəfindən borcun etiraf edilməsini göstərən hərəkətlərin edilməsi) məhkəmə qeyd edir ki, borclu tərəfindən iddia müddəti ərzində etirafedici hərəkətlərin edilməsinə dair sübutların mövcudluğu məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Belə ki, cavabdehin borc müqaviləsinin qüvvədə olma müddətində və 3 illik iddia müddəti ərzində borc aldığı puldan hər hansı ödəniş etməməsi iddiaçı tərəfindən iddia edilir və bu hal iddiaçı tərəfindən mübahisələndirilməyən haldır. Eyni zamanda iddiaçı əsas borcla yanaşı cərimə borcunun ödənilməsini də tələb etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Bu səbəbdən əsas borcla yanaşı cərimə borcuna münasibətdə də iddia tələbi üçün müəyyən edilmiş müddət ötürülmüşdür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, borcun tələb edilməsi ilə bağlı iddia müddəti ötdüyündən və iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hal mövcud olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin qiymətinə uyğun ödənilməli dövlət rüsumu 189 manat olmalıdır ki, iddiaçı tərəfindən 190 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. İddia tələbi rədd edildiyindən ödənilmiş 190 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “X1 Kompleksi” MMC-nin Cavabdeh MMC-yə qarşı “Cavabdehndən (əvvəlki adı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti”) əsas borca görə 30000 manat, cərimə borcuna görə 3000 manat və ödənilmiş dövlət rüsumuna görə 189 manat olmaqla, ümumilikdə 33189 manat miqdarında pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-455/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-455/2024
16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver