Məhkəmə qərarları › İş №e-2-2(117)-457/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-457/2025

04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-457/2025 04.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə? İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 16251.95 manat məbləğində kredit bоrcu, 1492.72 manat məbləğində faiz bоrcu və 351.09 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 18095,76 manat məbləğində bоrcun və ödənilmiş 144.29 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 009A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.9167% оlmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 009A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 13748.05 manat ödəniş etmiş və оnun iddiaçıya 16251.95 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün Dövlət rüsumunun ödənilməsi haqqında məlumat üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 105 gün üçün hesablanmış faiz borcu 1492.72 manat təşkiledir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 105 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 351.09 manat təşkiledir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir.

3. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə iddia həcminin azaldılması barədə ərizə ilə müraciət edərək iddia həcminin azaldılmasını və Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 13301,95 manat məbləğində kredit bоrcu, 1492.72 manat məbləğində faiz bоrcu və 351.09 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 15145,76 manat məbləğində bоrcun və ödənilmiş 144.29 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İİ. Tərəflərin mövqeləri:

4. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

5. Cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.

6. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, o, banka borcundan müəyyən məbləğdə ödəniş edib. Bankla razılığa gəliblər və kömək göstəriblər. Əsas məbləğdən ödənişi və faiz borcu çıxdılar. Borcunu ödəməkdən yayınmır, yaxında zamanda qalan borcunu da ödəyəcəkdir. Odur ki, göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 009A********** nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167 faiz olmaqla 30000 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə müəyyən olunan məbləğdə krediti verməyi cavabdeh isə öz növbəsində həmin krediti banka faziləri ilə birgə qaytamağı öhdəsinə götürmüşdür. Müqavilənin 4.1.5-ci bəndinə əsasən bank kredit alan krediti və faizi banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir.

9. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 xx.xx.2023-cü il tarixdə bağlanmış 009A********** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında kredit alan ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

10. İddiaçı QSC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan və xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı QSC-yə 009A********** saylı krеdit müqaviləsi üzrə 13301,95 manat məbləğində krеdit bоrcu, 1492,72 manat məbləğində faiz bоrcu və 351,09 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 15145,76 manat məbləğində bоrcu yaranmışdır.

11. İddiaçı QSC tərəfindən verilmiş məxaric orderindən görünür ki, Cavabdeh2 **********963472 nömrəli bank hesabına bank tərəfindən xx.xx.2023-cü il tarixdə 30000 manat məbləğində pul köçürülmüşdür.

12. İddiaçı QSC tərəfindən cavabdehlərə xx.xx.2025-ci il tarixli xəbərdarlıqlar göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

V. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

Vl. Məhkəmənin mövqeyi:

14. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

16. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit və zaminlik müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 30000 manat məbləği Cavabdeh2 vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş, qalan borcu isə ödəməmişdir. Cavabdehlərə xəbərdarlıq göndərilməsinə baxmayaraq borc məbləği tam ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə müraciət etmişdir.

17. Məhkəmə qeyd edir ki, cavabdehlər borcun ödənilməsi ilə bağlı hər hansı bir sənədi Məhkəməyə təqdim etməmişdir.

18. Qeyd olunan normaların tələblərini və yuxarıda göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı və cavabdehlər arasında bağlanmış zaminlik və kredit müqavilələrinə əsasən zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından iddia əsaslıdır və xx.xx.2023-cü il tarixli 009A**********3 nömrəli kredit müqaviləsi üzrə 13301,95 manat əsas borc, 1492,72 manat faiz borcu, 351,09 manat cərimə borcu olmaqla, ümumilikdə 15145,76 manat məbləğində pul müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

19. Bundan başqa məhkəmə qeyd edir ki, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 135,44 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən 144,29 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir.

20. Beləliklə, iddianın təmin olunması barədə qətnamə qəbul edilməlidir.

Vİ. Nəticə:

21. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 009A**********3 saylı krеdit razılaşması üzrə 13301,95 manat məbləğində krеdit bоrcu, 1492,72 manat məbləğində faiz bоrcu və 351,09 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 15145,76 manat məbləğində pul və ödənilmiş 135,44 manat dövlət rüsumu tutularaq İddiaçı QSCnin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar