Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-458/2024 29.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı X2 Cavabdeh İB-yə qarşı “xx.xx.2024-cü il tarixli akt əsasında hesablanmış 7992 manat borcun iddiaçının abonent hesabından silinməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Cavabdeh İB-yə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müqavilə şərtlərinə əməl olunması ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarış (yoxlama kodu KY2********) verilmiş və çıxarışda yoxlamanın plandankənar yoxlamanın təyin edilməsi üçün əsas kimi sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin, sayğacdankənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi göstərilmişdir. Çıxarışa əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə X2 istifadəsində Qəbələ şəhərində yerləşən qeyri-yaşayış sahəsinə (kafe) baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, obyektin qaz xətti üzərində quraşdırılmış G-6 markalı 42672833 nömrəli qaz sayğacına və sayğacdan sonra quraşdırılan qaz cihazlarına baxış keçirərkən sayğacın maksimal gücündən əlavə 43.3 m3 sərfiyyat aşma aşkar olunmuşdur. Eyni zamanda sayğacın göstəricisinin oxunması zamanı sayğacdankənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar edilməmişdir. Müəyyən edilmiş hallarla bağlı təbii X1 pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli akt, inventar aktı və xx.xx.2024-cü il tarixli yoxlama aktı tərtib edilərək imzalarla təsdiq edilmişdir. Bundan sonra təbii X1 pozulması haqqında ******* nömrəli akt əsasında xx.xx.2024cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 39,6 m3/saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq itirilmiş qazın dəyəri 31968 m3 (39,6 -10 = 29,6 x 12 x 90 = 31968 m3) – 7992 manat müəyyən edilmişdir. İddiaçı akt əsasında ona hesablanmış borcun silinməsi ilə bağlı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı ona məxsus qeyri yaşayış sahəsinin təbii qazla təmin edilməsi üçün təlimata uyğun şəkildə Cavabdehnə müraciət edərək lazımı sənədləri hazırlamışdır. Bundan sonra aralarında alqı-satqı müqaviləsi bağlanılmaqla təbii qaz təchizatı həyata keçirilmişdir. Aylıq istifadə olunan qazın dəyəri təqdim edilən hesab faktura əsasında tam şəkildə ödənilməkdədir və heç bir borcu olmamışdır. Lakin sonuncu dəfə cavabdeh təşkilatın yerli xidmət sahəsinin təqdim edilmiş hesab fakturada xx.xx.2024-cü il tarixə 9425 manat borc olduğu göstərilmiş, həmin borc da ödənilmədiyi halda sahənin qaz təminatı dayandırılacağı bildirilmişdir. Yerli qaz idarəsi ilə əlaqə saxlayarkən ona, qeyri-yaşayış sahəsində yoxlama aparıldığı və yoxlama zamanı çatışmazlıqlar olduğu müəyyən edilmiş və bu səbəbdən 7992 manat həcmində cərimə yazıldığı bildirilmişdir. Lakin cavabdehin söylədikləri və cərimənin yazılması ilə bağlı mənə hər hansı sənəd verilməmiş və yalnız hesabdan çıxarışın alınması mümkün olmuşdur. Bildirmişdir ki, ********** saylı vergi qeydiyyatında olan sahibkar kimi bugünə kimi təşkilatla borcla bağlı heç bir anlaşılmazlıq olmamışdır, hər ay da ödənişlər edilmişdir. İşin mübahisəsiz halı onun sahibkarlıq subyekti kimi fəaliyyət göstərdiyi Qəbələ şəhəri, E.Kərimov küçəsində yerləşən qeyri yaşayış sahəsinin (Bizim kafe) **********00000 saylı hesabın aktar bölməsində 2024-cü ilin yanvar ayında 7992 manat cərimənin qeydə alınmasıdır. Bununla əlaqədar qeyri müəyyən qaydada qeydə alınan borcun silinməsi məsələsinə baxılması, əks halda həmin cərimənin yazılmasına əsas olmuş sənədlərin təqdim edilməsi üçün şəxsi hesab vərəqəsindən cavadeh təşkilata xx.xx.2024-cü il tarixdə pretenziya qaydasında müraciət etmişdir. Lakin müraciətində qaldırılan məsələ ilə bağlı qarşı tərəf hər hansı münasibət bildirməmişdir. Bununla belə cərimənin yazılması ilə bağlı müraciətindən sonra cavabdeh təşkilatın təqdim etdiyi abonent saldosundan və təbii X1 pozulması haqqında ******* saylı aktdan göründüyü kimi tətbiq edilmiş maliyyə sanksiyası tamamilə qanunvericiliyin tələblərinə ziddir və cavabdeh iddiaçının sahibkarlıq fəaliyyətinin çökməsi üçün maksimum dərəcədə çalışmışdır. Mübahisənin qısa mahiyyəti ondan ibarətdir ki, cavabdeh təşkilatın tərtib etdiyi təbii X1 pozulması haqqında ******* saylı aktdan göründüyü kimi xx.xx.2024-cü ildə tərtib edilmiş (tətib və baxış keçirilmə saatı göstərilməmişdir) və aktda yoxlama keçirən şəxslər Qəbələ XS-nin TQQ və SX-nin rəisi Cavid Cəlilov, mühəndislər Arif Məhəmmədov, Gülnamə Bilalova (bundan sonra yoxlayıcılar) olmuşdur. Aktda istehlakçının nümayəndəsi kimi qeyd olunan X5 isə mənim hər hansı formada səlahiyyətli nümayəndə deyildir və onun şəxsiyyəti müəyyənləşdirilmədən aktda göstərilmişdir. Aktda eyni zamanda göstərilmişdir ki, obtektin qaz xətti üzərində quraşdırılmış G-6 42672833 nömrəli qaz sayğacına və sayğacdan sonra quraşdırılan qaz cihazlarına baxış keçirərkən sayğacın maksimal gücündən əlavə 43.3 kub/metr sərfiyyat aşma aşkar edildi, hesablanmış qaz itkisi abonent tərəfindən tam ödənilməlidir. Abonent saldosundan da göründüyü kimi xx.xx.2024-cü il tarxili ******* saylı akt əsasında 7992 manat cərimə borcu yazılmışdır. Cavabdeh təşkilatın nümayəndələrinin ona məxsus sahibkarlıq subyektində hər hansı yoxlamaların keçirilməsi ilə bağlı məlumatım və iştirakım olmamış və ya mənə məlumat verilməmişdir. Qeyri-yaşayış sahəsinə quraşdırılmış müşahidə kameralarına baxış keçirərkən xx.xx.2024-cü il tarixdə 15:50 radələrində cavabdeh təşkilatın şəxsiyyətləri məlum olmayan xüsusi geyimdəki iki nümayəndəsi qeryri yaşayış sahəsinin daxilində yoxlama-baxış keçirdiyi və bununla bağlı hər hansı sənədləşmə işləri aparmadığı müəyyən edilmişdir. Daha sonra əldə etdiyim aktdan məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə Qəbələ XS-nin TQQ və SX-nin rəisi Cavid Cəlilov, mühəndislər Arif Məhəmmədov, Gülnamə Bilalova qeydi yaşayış sahəsinin daxilində baxış keçirildiyi qeyd olunmuşdur. Halbuki sonuncu üç nümayəndə ümumiyyətlə qeyri-yaşayış sahəsində olmamışdır, olsa belə onların yoxlama keçirmələri ilə bağlı adlarının qeyd olunduğu vahid məlumat reyestrindən çıxarış olmamışdır. Faktiki hadisə isə ondan ibarətdir ki, mühafizə kamerasında görünən cavabdeh təşkilatın (adları məlum olmayan) iki nümayəndəsi xx.xx.2024-cü il tarixdə 15:50 radələrində qeyri yaşayış sahəsinin qaz təsərrüfatına hər hansı rəsmi icazə və sənədləşmə aparmadan yoxlamabaxış keçirmiş, daha sonra isə bu yoxlama-baxışın “qanuniləşdirilməsi” üçün sonradan xx.xx.2024-cü il tarixdə Qəbələ XS-nin TQQ və SX-nin nümayəndələrinə qeyri qanuni akt tərtib etmişlər. Aktda qeyd olunanlar reallığı əks etdirmir, göstərilən cihazların var olması və işlək vəziyyətdə istismar olunduğu sübut olunmur. Cavabdeh İB elektron kabinet vasitəsilə iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı f/ş X3 məxsus qeyri yaşayış sahəsində (“Bizim kafe”) xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərdə xx.xx.2024-cü il tarixli KY242072965 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamalrın vahid məlumat reyestrindən çıxarış alınmışdır. Çıxarış əsasında sahibkarlıq sahəsinin qaz təsərrüfatında qanun pozuntuları aşkar edilmiş və bu pozuntular müvafiq qaydada rəsmiləşdirilmişdir. İstehlakçının nümayəndəsinin (X5) iştirakı ilə aparılan yoxlama zamanı obyektin qaz xətti üzərində quraşdırılmış G-6 markalı 42672833 nömrəli qaz sayğacına və sayğacdan sonra quraşdırılan qaz cihazlarına baxış keçirərkən sayğacın maksimal gücündən əlavə 43.3 m3 sərfiyyat aşma aşkar edilmiş, həmçinin yoxlamada layihədən kənarlaşma, texniki təhlükəsizlik qaydalarının pozulması, detektorların işlək olmaması, Rejim sazlama işlərinin, qaz cihazlarının stdandarta uyğun olması barədə sertifkatın olmaması müəyyən edilmişdir. Götərilənlərlə əlaqədar olaraq 19 yanvar 2024-cü il tarxili inventar aktı, həmin tarixli yoxlama aktı və sonda xx.xx.2024-cü il tarixli təbii X1 pozulması haqqında ******* saylı akt tərtib edilmişdir. Sözügedən aktda istehlakçının bir ədəd altı gözlü restoran tipli qaz plitəsindən, bir ədəd dörd gözlü restoran tipli qaz plitəsindən, iki ədəd qarelkadan, bir ədəd 32 kv-lıq kombidən, 1 ədəd 165 litrlik “Dokor” tipli su tutumlu qazandan, 4 ədəd sacdan, 3 ədəd 24 kv-lıq kombidən, 4 ədəd iran peçindən istifadə edildiyi müəyyən olunmuşdur. Bundan sonra Cavabdeh İB-nın İstehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” tərtib edilməklə mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/ saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 39.6 m3/ saat hesabat müddətinin 90 gün olduğunu nəzərə alaraq hesabat forması aşağıdakı kimi aparılmışdır: 39.6 – 10 + 29.6 x 12 x 90 = 31968 m3 və onun pul dəyəri 7992 manat (31968 m3 x 0.25 m = 7992 man) təşkil etmişdir Göstərilənlərə əsasən iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. İstehlakçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ Birlik tərəfindən iddiaçının qanuna zidd və təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Ona görə də hazırkı vəziyyət abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə təqdim olunmuş və sonuncu xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə etirazını və etirazının əsasını təşkil edən sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Abonentin saldosu, Aktlar, Dəymiş ziyanla bağlı tələbnamə, Çıxarış, Pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Əvvəla məhkəmə onu qeyd edir ki, mübahisə predmeti olan 7792 manat borc sayğac göstəricisinə əsasən istehlak edilmiş təbii qazın dəyəri olmamaqla akt əsasında cavabdehə hesablanmış borc məbləğidir ki, bu işin mübahisələndirilməyən halıdır. İddianın hüquqi əsasına qiymət verən məhkəmə ilk öncə onu qeyd edir ki, Cavabdeh İB tərəfindən X2 istifadəsində olan qeyri-yaşayış sahəsində (“Bizim kafe”) quraşdırılmış qaz sayğacına keçirilmiş baxış və aparılmış yoxlama qanunvericiliyin tələbinə uyğun olmamışdır. Belə ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə xidmət edən qaz sayğacına keçirilmiş baxış və ya yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun təsir dairəsinə daxildir və vahid məlumat reyestrində qeydiyyata alınmalıdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-yə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müqavilə şərtlərinə əməl olunması ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarış (yoxlama kodu KY2********) verilmiş və çıxarışda yoxlamanın plandankənar yoxlamanın təyin edilməsi üçün əsas kimi sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin, sayğacdankənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1dək dayandırılır. 2.1-ci maddəsinə əsasən, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısına dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanının 1-ci bəndinə əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində siyahısı aşağıda göstərilən yoxlamalar aparıla bilər: 1.1. dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsinin və sanitar-gigiyenik qaydalara riayət edilməsinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən yoxlanılması; 1.2. fitosanitar tələblərə, qaydalara uyğunluğun və baytarlıq tələblərinə, qaydalarına uyğunluğun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlanılması; 1.3. təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulma hallarının yoxlanılması; 1.4. sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin fəaliyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən yoxlanılması; 1.5. kredit təşkilatlarının, habelə onların törəmə təsərrüfat cəmiyyətlərinin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yoxlanılması; 1.6. radioaktiv, partlayıcı və digər xüsusi təhlükəli maddələrin və ya avadanlıqların saxlanılması və dövriyyəsi, dağ-mədən işlərinin, hidrotexniki qurğularda, neft və qazçıxarma sənaye obyektlərində və xüsusi təhlükəli digər sahələrdə işlərin görülməsi zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmasının, aparılan işlərin və istismarda olan obyektlərin tikinti, texniki və yanğın təhlükəsizliyi normalarına uyğunluğunun Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlanılması aparıla bilər. Yuxarıda qeyd edilən qanun və fərmanının tələblərinə əsasən, xx.xx.2025-ci il tarixədək sahibkarlıq subyektlərində enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı və Fərmanda qeyd olunan hallarda yoxlama aparıla bilər. Məhkəmə araşdırması zmaanı müyyən edilmişdir ki, iddiaçı tərəfindən yoxlamanın əsası kimi təqdim edilmiş çıxarışda yoxlamanın plandankənar yoxlamanın təyin edilməsi üçün əsas kimi sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin, sayğacdankənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi göstərilmişdir ki, cavabdeh tərəfindən sayğaca müdaxilənin təsdiq olunması və ya qanunsuz qoşulma hallarının mövcud olmasına dair sübutlar məhkəməyə təqim edilməmiş və aparılmış yoxlamaya dair sənədlərdə bu hallar aşkar edilməmişdir. Halbuki, cavabdeh sayğac oxunması zamanı müdaxilənin aşkarlanmasına istinad edərək yoxlama keçirmək qərarına gəldiyini sahibkarlıq sahəsində aoarılan yoxlamaların vahid reyestrinə müraciət etdiyi zaman əsaslandırmağa çalışmışdır. Göründüyü kimi, cavabdeh ona qanunla verilən səlahiyyətləri aşaraq hec bir qanuni əsas olmadan, həqiqətə uyğun olmayan əsaslarla yoxlamanın keçirilməsi üçün çıxarış almağa nail olmuş və iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçiridiyi yerə gəlməklə qanunsuz yoxlama həyata keçirmişdir ki, qanunun tələblərinin pozulması ilə keçirilən yoxlamanın heç bir hüquqi nəticəsi yoxdur. Bundan başqa yoxlama nəticəsində müəyyən edilmiş hallar, tərtib edilmiş akt və hesablanmış ziyana münasibətdə məhkəmə qeyd edir ki, akt tərtib edilərkən “X4”nın pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntu (sayğacın maksimal gücündən əlavə 43.3 m3 sərfiyyat aşma aşkar olunması) istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. Belə ki, dəymiş ziyanın bərpasına dair tələbnamədə dəymiş ziyanın bərpasına əsas kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqısatqısı barədə müqavilənin 2.2.6-cı bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərinə əsasən, itirilmiş qaz bərpa edilməlidir. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi qazpaylayıcıya o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, “X1” 2.2.5-ci bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İB-ni əməkdaşları tərəfindən fiziki şəxs (fərdi sahibkar) X2 istifadəsində Qəbələ rayonu, Elşən Kərimov küçəsində yerləşən qeyri-yaşayış sahəsinə (“Bizim kafe”) xidmət edən qaz sayğacında və qeyri-yaşayış sahəsində yoxlama keçirilmişdir. Sayğacın hesablama sayğacın maksimal gücündən əlavə 43.3 m3 sərfiyyatı aşması müəyyən edilərək, bununla bağlı akt tərtib edilmişdir. İtirilmiş qaz 31968 m3 olmaqla dəyəri 7992 manat məbləğində müəyyən edilərək abonentə dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir. “X1” 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi fərdi sahibkar olan iddiaçının istifadəsində olan qeyri-yaşayış binasına xidmət edən qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır. Bundan başqa məhkəmə onu da qeyd edir ki, qazpaylayıcı tərəfindən həqiqətən də sayğacda sərfiyyatın maksimal gücdən əlavə hesablanması da iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, qeyd edilən pozuntunu əks etdirən akt və digər sənədlər abonentin şəxsən özü tərəfindən imzalanmamış, V.Əzimov adlı şəxs tərəfindən imzalanmışdır ki, sonuncunun da abonentin nümayəndəsi olmasını təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir və iddiaçı yoxlamanın aparılması ilə bağlı məlumatlandırılmadığını və yoxlamada iştirakını təmin olunmadığını bildirmişdir ki, cavabdeh bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda aşkar edilmiş pozuntularla bağlı digər sübutetmə vasitələri (foto, video çəkiliş və s.) məhkəməyə təqdim edilməmiş və sayğaca baxış keçirilməsi zamanı iddiaçının iştirakının təmin edilməsi ilə bağlı görülən tədbirlər barədə sübutlar mövcud deyildir. Bundan əlavə Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X4 ilə tənzimlənir. Göründüyü kimi tərtib edilmiş aktın bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edilməli və istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki iş üzrə isə qanunvericiliyin sadalanan tələblərinə iddiaçı tərəfindən əməl edilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yoxlama qanunun tələblərinipozmaqla aparıldığından, sayğacda pozuntu aşkar edilməsi, əlavə olaraq sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, habelə fiziki şəxsə münasibətdə qaz sayğacını işlər vəziyyətdə saxlanılması vəzifəssi cavabdehin üzərində olduğundan borcun hesablanmasına dair Azəriqaz İB-nin hərkətləri qanunsuz olmuşdur. Bu səbəbdən də iddia tələbi təmin edilməli və 7992 manat borc iddiaçının abonent hesabından silinməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 99,92 manat təşkil edir. İddia tələbi təmin edildiyindən 99,92 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmiş və iddiaçı həmin məbləği cavabdehdən tələb etmişdir. Buna baxmayaraq iddianın qiymətinə uyğun 99.92 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 0,08 manat iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən xx.xx.2024-cü il tarixli akt əsasında hesablanmış 7992 manat borc iddiaçı X2 abonent hesabından silinsin. Cavabdeh İB-dən 99,92 manat dövlət rüsumu tutularaq iddiaçı X3 ödənilsin. Artıq ödənilmiş 0,08 manat dövlət rüsumu iddiaçı X3 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-458/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-458/2024
29.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver