Məhkəmə qərarları › İş №e-2-2(117)-459/2021

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-459/2021

12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-459/2021 12.08.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra mətndə iddiaçı və ya İddiaçı QSC BOKT) cavabdehlər X1 və Cavabdeh2 qarşı “4429,44 manat əsas borc, 653,34 manat faiz borcu və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı (bundan sonra mətndə iddiaçı və ya İddiaçı QSC BOKT) cavabdehlər X1 və Cavabdeh2 qarşı “4429,44 manat əsas borc, 653,34 manat faiz borcu və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tütün istehsalı üçün 9 ay müddətinə illik 10 faizlə X1 29 mart 2019-cu il tarixli TM-147/19 nömrəli kredit müqaviləsi bağlanmış və ona 15000,00 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi Cavabdeh2 ilə 29 mart 2019-cu il tarixli ZT-147/19 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin olmuş şəxs kredit və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar borcalanla birlikdə yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və sair xərclər üçün məsuliyyət daşıyırlar. Lakin müqavilə öhdəlikləri lazımınca yerinə yetirilmədiyindən, X.İbayevin 4429,44 manat əsas borc, 653,34 manat faiz borcu yaranmışdır. Odur ki, iddiaçı mövcud müqavilə üzrə yaranmış həmin borc məbləğinin və 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, məhkəmə bildirişi 17.07.2021-ci il tarixdə Cavabdeh2, 24.07.2021-ci il tarixdə Cavabdeh1 çatdırılmış, lakin iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. İş materiallarında olan və məhkəmə baxışında 29 mart 2019-cu il tarixli TM-147/19 saylı kredit müqaviləsi, 29 mart 2019-cu il tarixli ZT-147/19 nömrəli zaminlik müqaviləsi və 27.05.2021-ci il tarixli maliyyə arayışı tədqiq edilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda ödənişləri həyata keçirməmişdir. Buna görə də, cavabdehin məhz kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə borcu yaranmışdır. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlə birlikdə iddiaçıya ödəməlidir. İddia tələbinin 653,34 manat məbləğində faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, 27.05.2021-ci il tarixə əsas və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, Cavabdeh1 ödənilməmiş 653,34 manat faiz borcu vardır. Odur ki, iddiaçı həmin həcmdə faiz borcunun ödənilməsini tələb edə bilər. Bundan əlavə, hazırkı iş üzrə əsas borclu ilə bərabər, verilmiş kreditin təmini üsulu kimi 29.03.2019-cu il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və həmin şəxslər bank qarşısında tam öhdəlik üzrə borcalanla birgə məsuliyyət daşıyacaqlarını öhdələrinə götürmüşlər. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin hazırki iddia tələbinin hansı cavabdehlərə qarşı yönəldilə biləcəyinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı əsas borclu olan İbayev Xuraman İbi qızından kredit borcunu tələb etməkdə haqlı olsa da, digər Cavabdeh2 tələb etməsində haqlı deyildir. Belə ki, qeyd edilən hala münasibətdə MM-in 477.0.4-cü maddəsində nəzərdə tutulan kəsici müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı zaminlik müqaviləsi üzrə zaminin öhdəliyinin icra müddəti 9 ay, yəni, 31.12.2019-cu il tarixədək müəyyən edilmişdir (Zaminlik müqavilələri 2.1-ci bəndi). Qeyd edilənlərdən müəyyən edilir ki, zaminliklə bağlı öhdəliyin çatma müddəti 31.12.2020-ci il tarixidir. Odur ki, Cavabdeh2 qarşı iddia tələbi qanunvericiliyin tələblərinə əsasən qeyd edilən öhdəliyin icrası müddətində qaldırıla bilərdi, bu müəyyən edilmədikdə öhdəliyin icrası müddətinin çadığı vaxtdan 1 il müddətində yəni, 31.12.2020-cu il tarixədək qaldırıla bilərdi. İddiaçı tərəfindən isə hazırkı iddia ərizəsi həmin müddət ötürülməklə 10.07.2021-ci il tarixdə verilmişdir. MM-in 477.0.4-cü maddəsində müəyyən edilən müddətlər (bir illik, hətta iki illik müddət) iddiaçı tərəfindən ötürülmüşdür. Bundan əlavə, tərəflərin zaminlik müqaviləsinin 4.2-ci bəndində müəyyən etdiyi qeyri-müəyyən müddət zaminə münasibətdə qanunvericilikdə müəyyən edilən hüquqların məhdudlaşdırılması ilə nəticələnir (MM-in 477.0.4-cü maddəsi). Belə ki, iddiaçı tərəf standart müqavilə şərtləri ilə Zaminlik müqaviləsinin 2.1-ci bəndində öhdəliyin verilmə müddətini 36 ay müəyyən edir, 5.11-ci bənddə isə qeyri-müəyyən müddətdən asılı edir. Qeyd edilən normalar adi halda bir-birinə ziddiyyət təşkil edir. İkinci halda zaminin öhdəliyi daha da ağırlaşdırılır. Ona görə də məhkəmə bu normanı nəzərə almaya bilməz. Öhdəlik uzun müddət icra edilməyə bilər. Hətta qanunvericilik kredit müqaviləsi üzrə əsas borclu ilə münasibətdə də müəyyən müddətlərin (öhdəliyin icra vaxtı çatdığı vaxtda 3 illik iddia müddəti) tətbiq edilməsi hallarını istisna etmir. Lakin zaminliyə qarşı 477.0.4-cü maddəsinin normalarının tətbiq edilməməsi və zaminin üzərində öhdəliyin saxlanmasını qeyri-müəyyən müddətdən asılı edilməsi qanunvericiliyin müddəaları ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12.03.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Bu səbəbdən MM-in 477.0.4-cü maddəsi ilə müəyyən edilən müddət iddia müddəti deyil, bu normanın tətbiqi üçün tərəfin ərizəsi tələb edilmir və həmin müddətin tətbiqi məhkəmənin özü tərəfindən həyata keçirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh1 qaydada 4429,44 (dörd min dörd yüz iyirmi doqquz manat qırx dörd qəpik) manat əsas borc, 653,34 (altı yüz əlli üç manat otuz dörd qəpik) manat faiz borcu və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulmalı, iddia digər cavabdehə qarşı rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən, cavabdehlərdən 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh1 qaydada 4429,44 (dörd min dörd yüz iyirmi doqquz manat qırx dörd qəpik) manat əsas borc, 653,34 (altı yüz əlli üç manat otuz dörd qəpik) manat faiz borcu və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. İddia tələbi digər Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar