Məhkəmə qərarları › İş №e-2-2(117)-466/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-466/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-466/2025 28.04.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “918,09 ABŞ dolları əsas, 302.24 ABŞ dolları faiz, 2592.76 ABŞ dolları cərimə və kredit müqaviləsi bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 135.59 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3948.68 ABŞ dolları pul vəsaitinin və 87.13 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “918,09 ABŞ dolları əsas, 302.24 ABŞ dolları faiz, 2592.76 ABŞ dolları cərimə və kredit müqaviləsi bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 135.59 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3948.68 ABŞ dolları pul vəsaitinin və 87.13 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2014-cü il tarixli 1880-14 AYİB nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 cari kredit öhdəliyinin bağlanılması və dövriyyə vəsaitinin (pərdə tül məhsullarının alınması) alınması məqsədilə 24 ay müddətinə 6370 ABŞ dolları kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qrafikə uyğun olaraq illik 28% olmaqla faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 56% dərəcəsilə, aylıq isə 4.67 % dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Müqaviləyə əlavə edilən ödəniş cədvəlindən müəyyən edilir ki, cavabdeh 6370 ABŞ dolları kredit borcunu, 2030 ABŞ dolları faiz ödəməklə xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək aylıq 350 ABŞ dolları vəsaiti ödəməli idi. xx.xx.2014-cü il tarixli ZM-1-1880-14 AYİB nömrəli zaminlik müqaviləsi ilə İddiaçı ASC zamin Cavabdeh1 arasında Cavabdeh2 ilə 6370 ABŞ dolları məbləğində kredit borcunun qaytarılmasının təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2014-cü il tarixli ZM-2-1880-14 AYİB nömrəli zaminlik müqaviləsi ilə İddiaçı ASC zamin Cavabdeh3 arasında Cavabdeh2 ilə 6370 ABŞ dolları məbləğində kredit borcunun qaytarılmasının təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş kassa məxaric orderindən görünür ki, bank tərəfindən Cavabdeh2 6370 ABŞ dolları pul verilmişdir. xx.xx.2017-ci il tarixli 01 nömrəli Əlavə Sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditorun borcalana verdiyi kreditin qalıq məbləği (bundan sonra restrukturizasiya edilmiş kredit) 6492.25 ABŞ dolları (3971.8 ABŞ dolları əsas, 1653.54 ABŞ dolları faiz, 866.91 ABŞ dolları cərimə borcu) təşkil edir. Ödəniş qrafiki tərtib edilərək kreditin müddəti xx.xx.2022-ci ilədək müddətinə uzadılmışdır. Həmin müqaviləyə əsasən ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 USD = 1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. 1.2-ci bəndinə əsasən restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilir. 1.3-cü bəndinə əsasən, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 16% dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. 1.5-ci bəndinə əsasən, bu saziş imzalandığı tarixdən etibarən müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki dəyişdirilir və dəyişdirilmiş ödəniş qrafiki bu sazişə əlavə edilir. Kredit müqaviləsinə Əlavə Saziş üzrə ödəniş cədvəlindən görünür ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməli restrukturizasiya olunmuş əsas borc məbləği cəmi 3971,8 ABŞ dolları, faiz borcu isə 860,31 ABŞ dolları təşkil etmişdir. Ödəniş cədvəlinə əsasən cavabdeh xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 80.53 ABŞ dolları, sonuncu ay isə 80.84 ABŞ dolları ödəməli idi. xx.xx.2017-ci il tarixli Zaminlik müqaviləsi üzrə 1 nömrəli Əlavə Sazişdən müəyyən edilir ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə verilən kredit restruktruzasiya edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3971.8 ABŞ dolları əsas borc təşkil etmiş, bu müqavilə üzrə əsas borclu Cavabdeh2 zaminləri olaraq Cavabdeh3, Cavabdeh1 kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2017-ci il tarixli, 1 saylı Əlavə Sazişlə tanış olduqlarını, müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürdüklərini təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin müqavilə üzrə əsas borcu 918,09 ABŞ dolları, faiz borcu 302.24 ABŞ dolları, cərimə borcu 2592.76 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış borcun məbləği isə 135.59 ABŞ dolları təşkil edir. xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrləri əhatə edən hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh2 xx.xx.2019-cu il tarixə kimi olan dövr ərzində banka olan borcunu müəyyən gecikmələr edərək ödəmiş, eyni zamanda xx.xx.2019-cu il tarixdən xx.xx.2025-ci il tarixdək olan hesabdan çıxarış məlumatından göründüyü kimi cavabdehin dövrün sonuna qalıq borcu 918.09 manat təşkil etmişdir. Cavabdeh borcunu tam şəkildə ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini lazımi qaydada icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri xx.xx.2025-ci il tarixdə poçt vasitəsilə rəsmi qaydada cavabdehlərin ünvanları üzrə göndərilmiş, xx.xx.2025-ci il tarixdə isə cavabdehlərə göndərilmiş zərflər “bu ünvanda yaşamır” qeydləri ilə məhkəməyə geri göndərilmiş, bundan sonra xx.xx.2025-ci il tarixdə həmin sənədlər cavabdehlərə və ya onların ailə üzvlərinə rəsmi qaydada çatdırılması üçün Ağdaş rayon İcra Hakimiyyətinə elektron poçt vasitəsilə göndərilmişdir. Eyni zamanda xx.xx.2025-ci il tarixli arayışdan göründüyü kimi cavabdehlərlə Şəki Kommersiya Məhkəməsinə məxsus ***-***-**-** telefon nömrəsilə xx.xx.2025-ci il tarixdə 10:00–11:10 radələrində əlaqə saxlanılmış, onlara hüquq və vəzifələri izah edilmiş, istifadələrinə olan mobil nömrələrdə olan “whatsapp” sosial şəbəkəsi vasitəsilə bütün sənədlər onlara təqdim edilmişdir. Buna baxmayaraq qeyd edilən cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: Kredit müqaviləsi, zaminlik müqaviləsi, saziş, kredit ödəniş cədvəli, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. MM-in: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə ilk olaraq 918,09 ABŞ dolları əsas borcun və 302.24 ABŞ dolları faiz borcunun ödənilməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, xx.xx.2014-cü il tarixli 1880- 14 AYİB nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 cari kredit öhdəliyinin bağlanılması və dövriyyə vəsaitinin (pərdə tül məhsullarının alınması) alınması məqsədilə 24 ay müddətinə 6370 ABŞ dolları kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qrafikə uyğun olaraq illik 28 % olmaqla faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra xx.xx.2017-ci il tarixli 01 nömrəli Əlavə Sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə verilən kredit restruktruzasiya edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3971.8 ABŞ dolları əsas, 1653.54 ABŞ dolları faiz, 866.91 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 6492.25 ABŞ dolları təşkil etmişdir. Ödəniş qrafiki tərtib edilərək kredit borcunun qaytarılma müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehin müqavilə üzrə əsas borcu 918,09 ABŞ dolları, faiz borcu 302.24 ABŞ dolları, cərimə borcu 2592.76 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış borcun məbləği isə 135.59 ABŞ dolları təşkil edir. xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrləri əhatə edən hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh2 xx.xx.2019-cu il tarixə kimi olan dövr ərzində banka olan borcunu müəyyən gecikmələr edərək ödəmiş, eyni zamanda xx.xx.2019-cu il tarixdən xx.xx.2025-ci il tarixdək olan hesabdan çıxarış məlumatından göründüyü kimi cavabdehin dövrün sonuna qalıq borcu 918.09 manat təşkil etmişdir. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il 551 nömrəli Fərmanının 8-ci bəndinə əsasən Fərmanın məqsədləri üçün: 8.1. fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclara münasibətdə tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddaçı ilə cavabdeh arasında ilk kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanmış, bundan sonra xx.xx.2017-ci il tarixdə əlavə sazişlə müddəti xx.xx.2022-ci il tarixədək uzadılaraq ilkin müqavilə üzrə ödənilməli borc müəyyən edilmişdir. Hesabdan çıxarış məlumatlarından göründüyü kimi cavabdeh tərəfindən borcları hissə-hissə ödənildiyindən xx.xx.2019-cu il tarixinə kimi 360 günlük gecikmə olması sübut edilmir. Buradanda aydın olduğu kimi cavabdehin götürdüyü kredit borcu 360 gün müddətində ödənilməyən problemli kredit olmadığından “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il 551 nömrəli Fərmanının təsir dairəsinə düşmür. Göründüyü kimi cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2022-ci il tarixli əlavə saziş üzrə müəyyən olunmuş qrafik üzrə kredit borcunu lazımınca ödəmədiyindən 918,09 ABŞ dolları əsas borcu, 302.24 ABŞ dolları faiz borcu qalmışdır və bu səbəbdən həmin borc məbləği Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Bu hal hesabdan çıxarış məlumatları və maliyyə arayışı ilə öz təsdiqini tapmışdır. Odur ki, iddiaçı əsas borclu olan Cavabdeh2 918,09 ABŞ dolları əsas borcun, 302.24 ABŞ dolları faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “2592.76 ABŞ dolları cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndinə əsasən, gecikdirilən borc məbləğinə cərimə kimi illik 66 faiz dərəcəsi ilə, aylıq isə 5,5 faiz dərəcəsi ilə faiz hesablanır. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, tərəflərin əmak mənafelərini, həmçinin iddiaçının vaxtında məhkəməyə müraciət etməyərək cərimə borcunun artmasına şərait yaratmasını nəzərə alıb cərimə borcunu azaldaraq iddiaçı əsas borcun 3%-i həcmində, yəni 27.54 ABŞ dolları cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 135.59 ABŞ dolları pulun tutulması” hissəsinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni, kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin, qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. MM-in 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. MM-nin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İddiaçı gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 135.59 ABŞ dolları pulun tutulmasını tələb etməkdə haqlıdır. Kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli əlavə sazişdən görüdüyü kimi cavabdeh kredit borcunun qalıq hissəsini xx.xx.2022-ci il tarixədək ödəyib bitirməyi öz öhdəsinə götürmüşdür. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı, xx.xx.2022-ci il tarixdən maliyyə arayışının tərtib edildiyi xx.xx.2025-ci il tarixədək olan (3 il 3 ay 10 gün) gecikdirilmiş vaxt üçün illik 5 faizlə 135.59 ABŞ dolları məbləğində faiz borcunu tələb etməkdə haqlıdır: (918,09 * 5%= 45.90 – 12 ay üçün, 45.90 / 12= 3.83 – 1 ay üçün, 3.83 / 30= 0.13 –1 gün üçün; 45.90 * 3 il = 137.7, 3.83 * 3 ay = 11.49, 0.13 * 10 gün = 1.3; 137.7+11.49+1.3=150.49 ABŞ dolları). Göründüyü kimi qeyd edilən tarix aralığında gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcu 150.49 ABŞ dolları edir ki, iddiaçı bu məbləğdən daha az vəsait tələb etdiyindən, məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı MM-in 445.7-ci maddəsi ilə 135.59 ABŞ dolları məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə borcun zamin qismində işə cəlb olunmuş cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutulması hissəsinə münasibətdə qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddiaçı əsas borcludan əsas borcun tutulması hissəsində haqlı olsa da, digər cavabdehlər olan zaminlərdən borcun tutulmasını tələb etməkdə haqlı deyildir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan kəsici müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə ki, xx.xx.2014-cü il tarixli ZM-1-1880-14 AYİB nömrəli və ZM-2-1880-14 AYİB nömrəli zaminlik müqavilələrindən göründüyü kimi həmin müqavilələr müvafiq olaraq zaminlər Cavabdeh1 və Cavabdeh3 ilə iddiaçı bank arasında borcalanın kreditor qarşısında xx.xx.2014-cü il tarixli 1880-14 AYİB nömrəli kredit müqaviləsindən yaranmış öhdəliklərini icrasını təminatı olaraq bağlanmış və həmin müqavilə ilə zaminlər borclunun öhdəlikləri üçün məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Bundan sonra xx.xx.2017-ci il tarixdə zaminlik müqavilələri üzrə Əlavə Saziş bağlanmış və həmin sazişin 2.2-ci bəndinə əsasən zaminlər xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə edilmiş əlavələr, o cümlədən xx.xx.2017-ci il tarixli 1 saylı sazişə əsasən müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər.Lakin zaminliyin qüvvədə olma müddəti göstərilməmişdir. Məhkəmə qeyd edir ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda da xitam verilir ki, hazırkı iş üzrə restrukturizasiya müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə qurtarmış və zaminlik müqaviləsində konkret qüvvədə olma müddəti müəyyən olunmadığından Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsinin tələbi baxımından zaminlərə qarşı iddia irəli sürmək üçün bir illik müddət xx.xx.2023-cü il tarixdə bitmişdir. İddiaçı isə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə zaminlərə münasibətdə tələb üçün müəyyən edilmiş müddəti ötürmüşdür ki, hazırkı vəziyyətdə zaminlər Cavabdeh1 və Cavabdeh3 pulun tutulması üçün qanuni əsas mövcud olmadığından iddia tələbi bu hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 918,09 ABŞ dolları əsas borcun, 302.24 ABŞ dolları faiz borcunun, 27.54 ABŞ dolları cərimə borcunun və Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan illik 5 % olmaqla 135.59 ABŞ dolları faiz borcunun Cavabdeh2 tutulması hissəsində təmin edilməli, iddia tələbi qalan hissələrdə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırkı iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 87.13 manat təşkil edir. Məhkəmə qeyd edir ki, dövlət rüsumu tam şəkildə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən və iddia qismən təmin edildiyindən iddia tələbinin təmin edilən hissəsinə münasibətdə dövlət rüsumunun 30.53 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 56.6 manat hissəsi isə iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 918,09 ABŞ dolları əsas borc, 302.24 ABŞ dolları faiz borcu, 27.54 ABŞ dolları cərimə borcu və Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan illik 5 % olmaqla 135.59 ABŞ dolları faiz borcu olmaqla, ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə cəmi 1383.46 ABŞ dolları və 30.53 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar