Məhkəmə qərarları › İş №e-2-2(117)-467/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-467/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-467/2024 30.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış 7808,20 manat əsas borcun, 98,32 manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə cavabdeh arasında İsmayıllı rayonunda yerləşən cavabdehə məxsus qeyriyaşayış sahəsində təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2020-ci il tarixdə AMX-2469/20 nömrəli müqavilə bağlanmış və abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında debitor borc yaranmış və yaranmış borc ödənilməmişdir. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə bağlanmış müqavilənin 2.3.1, 2.3.2 və 3.4 bəndlərinin tələblərinə əsasən istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini Bank və ya Poçt şöbələri vasitəsilə tam ödəməlidir. Müqavilənin 5.2 bəndinə əsasən yaranmış mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda tərəflər məhkəməyə müraciət edə bilər. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən qazdan istifadəyə görə yaranmış 7808,20 manat əsas borcun, 98,32 manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz“ X2 X3 İdarəsinin xidməti ərazisində cavabdehə məxsus qeyri-yaşayış sahəsi müvafiq qaydada qazlaşdırılmaqla qaz hesabı açılmışdır. Cavabdehə təbii qazın verilməsi üçün “Qaz paylayıcı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanılmışdır. Cavabdeh istehlak etdiyi təbii qazın dəyərini tam ödəmədiyindən qaz hesabında 7808,20 manat debitor borc yaranmış, yaranmış borc bu günədək dəfələrlə müraciət edilməsinə baxmayaraq ödənilməmişdir. Cavabdehə borcun ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası MPM-nin 4.3-cü maddəsinin tələbinə uyğun borclunun ünvanına pretenziya göndərilsə və həmin pretenziya rəsmi şəkildə qəbul edilsə də keçən dövr ərzində qarşı tərəfdən heç bir ödəniş edilməmişdir. Cavabdeh onunla bağlanılmış “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada elektron kabinet vasitəsilə bildiriş göndərilmiş, sonuncu xx.xx.2024-cü il tarixdə bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə AMX-2469/20 nömrəli “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”ndən görünür ki, paylayıcı istehlakçı Cavabdeh keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “Abonentin saldosu”ndan görünür ki, Taahir Quliyevin (abonent kodu 24/37545) 2024-cü ilin mart ayına 7808,20 manat borcu mövcuddur. İş materallarından müəyyən edilir ki, Azəriqaz İB-nin İsmayıllı XS üzrə mühəndis və texniklərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktla Cavabdeh (abonent kodu **********00106) məxsus qeyri-əhali sahibkarlıq obyektində quraşdırılmış sayğacın qaz sərfiyyatı ilə bağlı 7614 manat borc hesablanmışdır. Həmçinin iddiaçı xx.xx.2024-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, baxış zamanı sayğacdan kənar əlavə qaz xəttindən istifadə edildiyi aşkar edilmiş və əlavə xəttən istifadəyə görə cavabdehin abonent koduna 30456 m3 təbii qazın dəyəri olan 7641 manat borc hesablanmışdır. Əlavə olaraq məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixində X1 “aparılmış yoxlamanın sahibkarlıq subyektlərində yoxlamaların aparılması qaydasına uyğun qeydiyyatdan keçib-keçməməsi barədə sənədlərin təqdim edilməsi” barədə sorğu ünvanlanmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış müqavilə, abonentin saldosu, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, MM: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə araşdırması müəyyən edildiyi kimi, tərəflər arasında İsmayıllı rayonunda yerləşən cavabdehə məxsus qeyri-yaşayış sahəsində təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2020-ci il tarixdə AMX-2469/20 nömrəli müqavilə bağlanmış və abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında debitor borc yaranmış və yaranmış borc ödənilməmişdir. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə bağlanmış müqavilənin 2.3.1, 2.3.2 və 3.4 bəndlərinin tələblərinə əsasən istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini Bank və ya Poçt şöbələri vasitəsilə tam ödəməlidir. Müqavilənin 5.2 bəndinə əsasən yaranmış mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda tərəflər məhkəməyə müraciət edə bilər. İddiaçı təbii qazdan istifadəyə görə hesablanmış 7808,20 manat borcun tutulmasını tələb etsə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin olunmalıdır. Belə ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli aktla Cavabdeh istifadə olunmuş təbii qazın dəyəri olan 7614 manat borc hesablanmışdır. 30456 m3 x 0.25 = 7614 Lakin iddiaçı tərəfindən sahibkarlıq subyektlərində yoxlamaların aparılması qaydasına uyğun qeydiyyatdan keçib-keçməməsi barədə sənədlər məhkəməyə təqdim olunmamışdır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Göründüyü kimi, iddiaçı tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-2.1.3-cü bəndinə əsasən yoxlama zamanı istifadə olunacaq və yoxlamanın hüquqi əsasını təşkil edən bütün hüquqi aktlardan, habelə yoxlayıcı orqanın qərarlarından çıxarışları sahibkara təqdim etmək və bu Qanunun 8-ci maddəsinə uyğun olaraq sahibkarlara məsləhətlərin və izahatların verilməsini yoxlayıcı təmin etməlidir. Həmçinin həmin qanunun 4-2.1.6-cı bəndinin tələblərinə əsasən yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara bu sənədlərlə tanış olmaq imkanı yaratmaq yoxlayıcının vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 2.11-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, “Azəriqaz“ X2 X3 İdarəsinin nümayəndələri tərəfindən fiziki şəxs (fərdi sahibkar) Cavabdeh istifadəsində olan qaz sayğacında yoxlama aparılmış, bununla bağlı ******* nömrəli akt tərtib edilmişdir. Lakin iddiaçı tərəfindən yoxlamanın aparılmasının qanuniliyi ilə bağlı sübutlar təqdim edilməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iddiaçının adına dövlət orqanları tərəfindən açılmış yoxlamaların siyahısına baxılmış, lakin iddiaçının adına açılmış yoxlama əvvəlki illərə aid yalnız Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılmış yeyinti məhsullarına nəzarətlə əlaqədar olmuş, 2023-2024-cü illərdə hər hansı bir yoxlama qeydə alınmamışdır . İddiaçı cavabdehdən tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən qanuni əsaslara söykənən borcu tələb edə bilər, qanunsuz əsaslarla yaranmış borcun tələb edilməsi yolverilməzdir. Məhkəmə müəyyən edir ki, cavabdehin təbii qazdan adi istifadə nəticəsində yaranmış borcu 194.20 manat təşkil edir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək, iddiaçı tərəfindən qanunun tələblərini pozmaqla yoxlama aparıldığından həmin akt əsasında hesablanmış 7614 manat borc məbləğinin tutulması təmin edilməməli, qalan təbii qazdan istifadəyə görə hesablanmış 194,2 manat borc isə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. (7808.20 – 7614 = 194.20) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş tələbə münasib olaraq 98,32 manat dövlət rüsumunun 2,45 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 95,87 manat hissəsi isə iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “təbii qazdan istifadəyə görə yaranmış 194,20 manat əsas borc və 2,45 manat dövlət rüsumu tutularaq İddiaçı İB-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar