Məhkəmə qərarları › İş №e-2-2(117)-469/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-469/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-469/2023 12.06.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “585,65 manat məbləğində əsas borc, 107,65 manat məbləğində faiz borcu, 48,28 manat cərimə borcu borcu və 40 manat məbləğində mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutulması” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə : xx.xx.2021-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə xx.xx.2022-ci il tarixədək qaytarmaq şərtilə 1500 manat pulu cavabdehə verməyi, sonuncu isə həmin məbləğədən kreditin məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı ASC ilə Cavabdeh1 arasında həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə xx.xx.2021-ci il tarixli 31FİZAM166853701 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və onun 585,65 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh2 borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş 585,65 manat məbləğində əsas borcu, 107,65 manat məbləğində faiz borcu, 48,28 manat cərimə borcu qalmışdır. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu ilə cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilmiş, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə məhkəmə bildirişi çatdırılmışdır. Digər cavabdehə göndərilən məhkəmə bildirişi xx.xx.2023-cü il tarixdə “köçüb” qeydi ilə geri qaytarılmış, çatdırılması üçün məhkəmə bildirişi xx.xx.2023-cü il tarixdə elektron poçt vasitəsilə Mingəçevir Şəhər İcra Hakimiyyətinə göndərilmişdir. Buna baxmayaraq cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 284-5.3-cü maddələrinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, Zaminlik müqaviləsi, Xəbərdarlıq məktubları, Hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə xx.xx.2022-ci il tarixədək qaytarmaq şərtilə 1500 manat pulu cavabdehə verməyi, sonuncu isə həmin məbləğədən kreditin məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və nəticədə onun 585,65 manat məbləğində kredit borcu qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, 585,65 manat məbləğində əsas borc və 107,65 manat məbləğində faiz borcu əsas borclu olan cavabdehdən tutularaq iddiaçı banka ödənilməlidir. Məhkəmə 48,28 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm əsas faizin həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də, dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, əsas borclu olan cavabdehdən 48,28 manat deyil, 5 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin borcun cavabdehlərdən müştərək qaydada, yəni zamindən də tutularaq ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin hazırki iddia tələbi üzrə iddiaçı əsas borcludan borcun tutulması hissəsində haqlı olsa da, digər cavabdeh olan zamindən borcun tutulmasını tələb etməkdə haqlı deyildir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan kəsici müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Hazırkı mübahisənin məhkəmə araşdırması zamanı kredit müqaviləsinin 2.04-cü bəndindən müəyyən edilmişdir ki, müqavilə üzrə bank xx.xx.2022-ci il tarixədək olan müddətə qaytarmaq şərtilə borcalana krediti verməyi, borcalan isə əsas borc və faizləri ödəməyi öhdəsinə götürümüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə üzrə borcalan tərəfindən ödəniləcək bütün məbləğlər tam ödənilə qədər qüvvədə qalacaqdır. xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən bu müqavilə kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən kredit müqaviləsinin müddəti uzadıldıqda, uzadılmış müddət ərzində və kredit müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Göründüyü kimi, iddiaçı bankla Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmiş, tərəflər öhdəliklərin icrası müddətini isə borcun tam ödənilməsi ilə şərtləndirmişlər. Belə olan halda məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin müddəti konkretdir və müqavilə kredit müqaviləsi qüvvədə olduğu müddətdə, yəni xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş, hazırki tarixə zaminlik müqaviləsinin müddəti bitmişdir. Kredit müqaviləsini müddətinin uzadılması ilə bağlı isə məhkəməyə sübut təqdim edilməmişdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinin müddəti kredit müqaviləsindən irəli gələn öhdəliklərin tam icra olunanadək qüvvədə olması hissəsində konkret göstərilməmişdir ki, müqaviləsinin 3.1-ci bəndində müqavilənin kredit müqaviləsindən irəli gələn öhdəliklərin tam icra olunanadək qüvvədə olmasına dair müqavilə şərti qeyri-müəyyən olmaqla zaminlik müqaviləsinin müddətini müəyyən etməyə imkan vermir, Mülki Məcllənin tələblərinə ziddir və zaminliklə təmin edilmiş öhdəliyin icrası zamanı zaminlərin hüquq və qanunla qorunan maraqlarını pozur. Belə ki, bəlli olduğu kimi Mülki qanunvericilik hüquq münasibətlərinə tətbiq edilməli olan iddia müddətini və kəsici müddətləri müəyyən edir. Hüquq münasibətlərinə tətbiq edilməli olan müddətlərin müəyyən edilməsinin isə bir çox səbəblərindən biridə tərəflərin intizamlandırılmasına yönəlib. Yəni, vaxtında edilməli olan hərəkətlərin vaxtında edilməsinə yönəlmişdir. Bütün hüquq münasibətlərinə tətbiq edilməli olan müddətilərin mövcud olduğu halda hazırki mübahisə üzrə zaminlik müqaviləsinin müddətinin müəyyən edilməməsi zaminlərin qanunla qorunan hüquqlarına müdaxilədir və sonsuza qədər zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliyin üzərlərində daşımasına xidmət edir. Bu isə yolverilməz olmaqla qanunun tələblərinə ziddir. Qeyd olunduğu kimi, Mülki Məcəllənin 477.0.4-cü maddəsində zaminliklə təmin edilmiş öhdəliyin müddət baxımından xitamı nəzərdə tutulmuşdur. Bu isə şərh olunan qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edir ki, həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı mübahisə üzrə əsas öhdəliyin icrası müddəti xx.xx.2022-ci il tarixdə bitdiyindən və zaminlik müqaviləsinin də qüvvədə olma müddəti həmin müddətlə müəyyən edildiyindən məhkəmə hesab edir ki, artıq xx.xx.2022-ci il tarixdə zaminlik müqaviləsinin müddəti qurtarmışdır və zaminliyə xitam verilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (741,58 manat) ödənilməli dövlət rüsumu 30 manat olmalıdır. İddia tələbi qismən təmin edildiyindən 30 manat dövlət rüsumunun 1,75 manat hissəsi iddiaçıdan, 28,25 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə iddiaçı tərəfindən ödənilmiş 40 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən 40 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 40 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, 28,25 manat dövlət büdcəsinə və iddiaçıdan 1,75 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 40 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 1,75 manat dövlət rüsumu çıxılmaqla 38,25 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 1,75 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan 28,25 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 30 manat dövlət rüsumu bütöv şəkildə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 585,65 manat əsas borc, 107,65 manat faiz borcu, 5 manat cərimə borcu və 38,25 manat məbləğində mediasiya xərci tutularaq idddiaçı İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh2 dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar