Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-470/2025 22.04.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “2768,16 manat əsas, 1495.64 manat faiz, 2614.47 manat cərimə və kredit müqaviləsi bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 400.14 manat faiz borcu olmaqla, cəmi 7278.41 pul vəsaitinin və 92.79 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi” tələbi üzrə işə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “2768,16 manat əsas, 1495.64 manat faiz, 2614.47 manat cərimə və kredit müqaviləsi bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 400.14 manat faiz borcu olmaqla, cəmi 7278.41 pul vəsaitinin və 92.79 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 əsas vəsaitin artırılması məqsədilə 24 ay müddətinə 5000 ABŞ dolları kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qrafikə uyğun olaraq illik 33 % olmaqla faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 66 % dərəcəsilə, aylıq isə 5.50 % dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Müqaviləyə əlavə edilən xx.xx.2015-ci il tarixli ödəniş cədvəlindən müəyyən edilir ki, cavabdeh 5000 ABŞ dolları kredit borcunu 1898 ABŞ dolları faiz ödəməklə xx.xx.2017-ci il tarixədək aylıq 287,23 ABŞ dolları vəsaiti ödəməli idi. xx.xx.2015-ci il tarixli 360006362/ZM nömrəli zaminlik müqaviləsi ilə İddiaçı ASC zaminlər Cavabdeh2 və Pənahova Saidə Vahid qızı arasında Cavabdeh1 ilə 5000 ABŞ dolları məbləğində kredit borcunun qaytarılmasının təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli R129/15 nömrəli Əlavə Sazişdən görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 4659 ABŞ dolları təşkil edir. Ödəniş qrafiki tərtib edilərək müddət xx.xx.2018-ci ilədək müddətinə uzadılmışdır. Ödəniş cədvəlinə əsasən cavabdeh xx.xx.2018-ci il tarixədək 4659 ABŞ dolları vəsaiti aylıq 212.68 ABŞ dolları ödəməli idi. xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişdən görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə verilən kredit restruktruzasiya edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD= 1.4 AZN) 3970.64 manat əsas borc, 1623.44 manat faiz borcu, 210.83 manat cərimə borcu olmaqla, ümumilikdə 5804.9 manat təşkil etmişdir. Həmin müqaviləyə əsasən restrukturizasiya edilmiş kredit üzrə Əlavə Saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları 1 USD = 1.4 AZN məzənnəyə əsasən manata konvertasiya edilməklə ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu Sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və lazımınca icra edildikdə və 12 aydan sonra ilk 12 ay ərzində gecikən günlərin sayı 30 gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müəyyən edilən müddətin sonunda kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qrafiki üzrə ilk 12 ay ərzində gecikmə günlərinin sayı 30 gündən artıq olarsa, hesablanmış və hesablanacaq faiz və cərimə məbləğləri müəyyən edilmiş müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər olaraq cərimənin, sonra faizlərin, daha sonra əsas məbləğin ödənilməsinə yönəldilir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. 1.2-ci bəndinə əsasən restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 15 % ödənilir. 1.3-cü bəndinə əsasən, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 0% dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. xx.xx.2017-ci il tarixli Zaminlik müqaviləsi üzrə 2 nömrəli Əlavə Sazişdən müəyyən edilir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə verilən kredit restruktruzasiya edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD= 1.4 AZN) 3970.64 manat əsas borc, 1623.44 manat faiz borcu, 210.83 manat cərimə borcu olmaqla, ümumilikdə 5804.9 manat borc təşkil etmiş, bu müqavilə üzrə əsas borclu Cavabdeh1 zaminləri olaraq Cavabdeh2, Pənahova Saidə Vahid qızı kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2017-ci il tarixli, 2 saylı Əlavə Sazişlə tanış olduqlarını, müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürdüklərini təsdiq etmişlər. Kredit müqaviləsinə Əlavə Saziş üzrə ödəniş cədvəlindən görünür ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməli restrukturizasiya olunmuş əsas borc məbləği cəmi 3970,64 manat, faiz borcu isə 1697,09 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehin müqavilə üzrə əsas borcu 2768,16 manat, faiz borcu 1495.64 manat, cərimə borcu 2614.47 manat, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış borcun məbləği isə 400.14 manat təşkil edir. xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan hesabdan çıxarış məlumatlarından da göründüyü kimi Cavabdeh1 tərəfindən əlavə saziş bağlandıqdan sonra xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi olan dövr ərzində banka olan borcu müəyyən gecikmələr olsa belə, ödənilmiş və həmin dövrün sonuna qalıq borcu qalmamışdır. Eyni zamanda xx.xx.2019-cu il tarixdən xx.xx.2025-ci il tarixədək olan hesabdan çıxarış məlumatından göründüyü kimi cavabdehin dövrün sonuna qalıq borcu 2768.16 manat təşkil etmişdir. Cavabdeh borcunu ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri xx.xx.2025-ci il tarixdə poçt vasitəsilə rəsmi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanları üzrə çatdırılsa da, qeyd edilən cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: Kredit müqaviləsi, zaminlik müqaviləsi, saziş, kredit ödəniş cədvəli, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. MM-in: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə ilk olaraq 2768.16 manat əsas borcun və 1495.64 manat faiz borcunun ödənilməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 əsas vəsaitin artırılması məqsədilə 24 ay müddətinə 5000 ABŞ dolları kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qrafikə uyğun olaraq illik 33 % olmaqla faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişdən görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə verilən kredit restruktruzasiya edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD= 1.4 AZN) 3970.64 manat əsas borc, 1623.44 manat faiz borcu, 210.83 manat cərimə borcu olmaqla, ümumilikdə 5804.9 manat təşkil etmişdir.Ödəniş qrafiki tərtib edilərək kredit borcunun qaytarılma müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehin müqavilə üzrə əsas borcu 2768,16 manat, faiz borcu 1495.64 manat, cərimə borcu 2614.47 manat, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış borcun məbləği isə 400.14 manat təşkil edir. xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan hesabdan çıxarış məlumatlarından da göründüyü kimi Cavabdeh1 tərəfindən əlavə saziş bağlandıqdan sonra xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi olan dövr ərzində banka olan borcu müəyyən gecikmələr olsa belə, ödənilmiş və həmin dövrün sonuna qalıq borcu qalmamışdır. Eyni zamanda xx.xx.2019-cu il tarixdən xx.xx.2025-ci il tarixədək olan hesabdan çıxarış məlumatından göründüyü kimi cavabdehin dövrün sonuna qalıq borcu 2768.16 manat təşkil etmişdir. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il 551 nömrəli Fərmanının 8-ci bəndinə əsasən Fərmanın məqsədləri üçün: 8.1. fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclara münasibətdə tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddaçı ilə cavabdeh arasında ilk kredit müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanmış, bundan sonra xx.xx.2015-ci il tarixdə əlavə sazişlə müddəti xx.xx.2018-ci tarixə kimi uzadılmış, yekun olaraq isə xx.xx.2017-ci il tarixdə əlavə sazişlə müddəti xx.xx.2022-ci il tarixədək uzadılaraq ilkin müqavilə üzrə ödənilməli borc müəyyən edilmişdir. Hesabdan çıxarış məlumatlarından göründüyü kimi cavabdeh tərəfindən borcları hissə-hissə ödənildiyindən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarix aralığına kimi 360 günlük gecikmə olması sübut edilmir. Buradanda aydın olduğu kimi cavabdehin götürdüyü kredit borcu 360 gün müddətində ödənilməyən problemli kredit olmadığından “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il 551 nömrəli Fərmanının təsir dairəsinə düşmür. Bundan əlavə tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişin 1.1-ci bəndinə əsasən restrukturizasiya edilmiş kredit üzrə Əlavə Saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları 1 USD = 1.4 AZN məzənnəyə əsasən manata konvertasiya edilməklə ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu Sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və lazımınca icra edildikdə və 12 aydan sonra ilk 12 ay ərzində gecikən günlərin sayı 30 gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müəyyən edilən müddətin sonunda kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qrafiki üzrə ilk 12 ay ərzində gecikmə günlərinin sayı 30 gündən artıq olarsa, hesablanmış və hesablanacaq faiz və cərimə məbləğləri müəyyən edilmiş müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər olaraq cərimənin, sonra faizlərin, daha sonra əsas məbləğin ödənilməsinə yönəldilir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. 1.2-ci bəndinə əsasən restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 15 % ödənilir. 1.3-cü bəndinə əsasən, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 0% dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Cavabdehlər tərəfindən kredit borcu üzrə ödənişin gecikməsi müqavilədə nəzərdə tutulan müddətdən artıq olduğundan iddiaçı əvvəlki faiz və digər borcları güzəşt etməmiş və tələb etmək hüququ yaranmışdır. Göründüyü kimi cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli əlavə saziş üzrə müəyyən olunmuş qrafik üzrə kredit borcunu lazımınca ödəmədiyindən 2768,16 manat əsas borcu, 1495.64 manat faiz borcu qalmışdır və bu səbəbdən həmin borc məbləği Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Bu hal hesabdan çıxarış məlumatları və maliyyə arayışı ilə öz təsdiqini tapmışdır. Odur ki, iddiaçı əsas borclu olan Cavabdeh1 2768,16 manat əsas borcun, 1495.64 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “2614.47 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndinə əsasən, gecikdirilən borc məbləğinə cərimə kimi illik 66 faiz dərəcəsi ilə, aylıq isə 5,5 faiz dərəcəsi ilə faiz hesablanır. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, tərəflərin əmak mənafelərini, həmçinin iddiaçının vaxtında məhkəməyə müraciət etməyərək cərimə borcunun artmasına şərait yaratmasını nəzərə alıb cərimə borcunu azaldaraq iddiaçı əsas borcun 5%-i həcmində, yəni 138 manat cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 400.14 manat pulun tutulması” hissəsinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni, kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin, qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. MM-in 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. MM-nin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İddiaçı gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 400.14 manat pulun tutulmasını tələb etməkdə qismən haqlıdır. Kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli əlavə sazişdən görüdüyü kimi cavabdeh kredit borcunun qalıq hissəsini xx.xx.2022-ci il tarixədək ödəyib bitirməyi öz öhdəsinə götürmüşdür. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı, xx.xx.2022-ci il tarixdən maliyyə arayışının tərtib edildiyi xx.xx.2025-ci il tarixədək olan (2 il 10 ay 17 gün) gecikdirilmiş vaxt üçün illik 5 faizlə 398.56 manat məbləğində faiz borcunu tələb etməkdə haqlıdır: (2768,16 * 5%= 138.4 – 12 ay üçün, 138.4 / 12= 11.53 – 1 ay üçün, 11.53 / 30= 0.38 –1 gün üçün; 138.4 * 2 il = 276.8, 11.53 * 10 ay = 115.3, 0.38 * 17 gün = 6.46; 276.8+115.3+6.46=398.56 manat). Göründüyü kimi iddiaçı MM-in 445.7-ci maddəsi ilə 398.56 manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə borcun zamin qismində işə cəlb olunmuş Cavabdeh2 tutulması hissəsinə münasibətdə qeyd edir ki, hazırki iddia tələbi üzrə iddiaçı əsas borcludan əsas borcun tutulması hissəsində haqlı olsa da, digər cavabdeh olan zamindən borcun tutulmasını tələb etməkdə haqlı deyildir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan kəsici müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə ki, xx.xx.2015-ci il tarixli 360006362/ZM nömrəli zaminlik müqaviləsindən göründüyü kimi həmin müqavilə zamin Cavabdeh2 ilə iddiaçı bank arasında borcalanın kreditor qarşısında xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsindən yaranmış öhdəliklərini icrasını təminatı olaraq bağlanmış və həmin müqavilə ilə zamin Cavabdeh2 borclunun öhdəlikləri üçün məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Bundan sonra xx.xx.2017-ci il tarixdə zaminlik müqaviləsi üzrə Əlavə Saziş bağlanmış və həmin sazişin 1.2-ci bəndinə əsasən əsasən zamin xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə edilmiş əlavələr, o cümlədən xx.xx.2017-ci il tarixli 2 saylı sazişə əsasən müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. Lakin zaminliyin qüvvədə olma müddəti göstərilməmişdir. Məhkəmə qeyd edir ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda da xitam verilir ki, hazırkı iş üzrə restrukturizasiya müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə qurtarmış və zaminlik müqaviləsində konkret qüvvədə olma müddəti müəyyən olunmadığından Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsinin tələbi baxımından zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət də xx.xx.2023-cü il tarixdə bitmişdir. İddiaçı isə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə zaminə münasibətdə tələb üçün müəyyən edilmiş müddəti ötürmüşdür ki, hazırkı vəziyyətdə zamin Cavabdeh2 pulun tutulması üçün qanuni əsas mövcud olmadığından iddia tələbi bu hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 2768,16 manat əsas borcun, 1495.64 faiz borcunun, 138 manat cərimə borcunun və Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan illik 5 % olmaqla 398.56 manat faiz borcunun Cavabdeh1 tutulması hissəsində təmin edilməli, iddia tələbi qalan hissələrdə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırkı iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 92.79 manat təşkil edir. Məhkəmə qeyd edir ki, dövlət rüsumu tam şəkildə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən və iddia qismən təmin edildiyindən iddia tələbinin təmin edilən hissəsinə münasibətdə dövlət rüsumunun 61.20 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 31.59 manat hissəsi isə iddiaçıya aid edilməlidir.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 2768,16 manat əsas borc, 1495.64 faiz borcu, 138 manat cərimə borcu və Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan illik 5 % olmaqla 398.56 manat faiz borcu və 61.20 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov