Məhkəmə qərarları › İş №e-2-2(117)-472/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-472/2025

29.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-472/2025 29.09.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı qarşı “kredit müqaviləsi üzrə borc və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 19 aprel 2024-cü il tarixli, 600875-400204/7 nömrəli kredit müqaviləsi üzrə 75650 manat əsas borc və 7507.62 manat faiz borcu olmaqla, cəmi 83157.62 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 45 manat dövlət rüsumu və 108 manat xidmət haqqı olmaqla, cəmi 153 manat xərcin və 339.47 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotеkaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.045 ha və onun üzərində yerləşən fərdi-yaşayış evinə (ümumi sahə 241 kv.m.), Cavabdeh2 tam mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.045 ha torpaq sahəsini və onun üzərində yerləşən 40 nömrəli fərdi – yaşayış evinə və Cavabdeh3 tam mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilə (ümumi sahə 84.55 kv.m.) yönəldilməsi, ipoteka predmetlərinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1ilə bağlanmış 15 yanvar 2020-ci il tarixli GA.400204.1 nömrəli baş sazişə əsasən borcalana 500,000 (beş yüz min) manat məbləğində 84 ay müddətinə illik maksimum 24 faiz dərəcəsi ilə kredit limiti ayrılmışdır. İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 19 aprel 2024-cü il tarixli, 600875-400204/7 nömrəli kredit müqaviləsinə əsasən 16.8 faiz dərəcəsilə 33 ay müddətinə 75650 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.045 ha və onun üzərində yerləşən fərdi-yaşayış evi (ümumi sahə 241 kv.m.) 13 dekabr 2022-ci il tarixli GA.400204.1 nömrəli ipotеka müqaviləsinə əsasən banka ipotеka qoyulmuşdur. Həmçinin, həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0.045 ha torpaq sahəsini və onun üzərində yerləşən 40 nömrəli fərdi – yaşayış evi (ümumi sahə 116.69 kv.m.) 15 yanvar 2020-ci il tarixli GA.400204.1 nömrəli ipoteka müqaviləsinə əsasən banka ipotеka qoyulmuşdur. Həmçinin həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzil (ümumi sahə 84.55 kv.m.) 13 dekabr 2022-ci il tarixli GA.400204.1 nömrəli ipoteka müqaviləsinə əsasən banka ipotеka qoyulmuşdur. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, bank tərəfindən “İpoteka haqqında” AR-nın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetlərinə tutma yönəldilməsi barədə xx.xx.2025-ci il tarixli 001/007/0057/2025 nömrəli bildiriş ipoteka qoyan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2025-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildirişlər onların poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır (bildirişin dövlət qeydiyyatına alınması barədə ərizə, X7 vasitəsi ilə müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi iddia ərizəsinə əlavə edilir). Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bununla bağlı olaraq, qanunvericiliyin tələbinə uyğun ipoteka predmetinə tutmanın yönəldilməsinin tam əsaslı olması qanunvericiliklə bağlı müddəalarda ətraflı qeyd edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öz öhdəliklərini yerinə yetirməməsi Mülki Məcəllənin bir çox maddələrinin pozulmasını özündə şərtləndirir.

3. İddiaçı ASC xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təyin edilən əmlakların qiymətləndirilməsi barədə edkspertiza təyin edilmiş və həmin ekspertiza xərci olan 750 manat məbləğində pul, ekspertiza aparan mərkəzə ödənilmişdir. Odur ki, iddia tələbinin tam həcmdə təmin edilməsi və qeyd olunan 750 manat ekspertiza xəricinin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi xahiş edilmişdir.

İİ. Tərəflərin mövqeləri:

4. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

5. Cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. 6.Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. IV. Tədqiq olunan sübutlar:

8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış GA.400204.1 nömrəli kredit limitinin ayrılması haqqında baş sazişə əsasən Cavabdeh1 84 ay müddətinə, maksimum faiz dərəcəsi 24 faiz olmaqla 500000 manat məbləğində kredit xətti açılmışdır. Həmin sazişə əsasən iddaçı İddiaçı ASC bu müqavilə əsasında cavabdehə müəyyən məbləğdə kredit verməyi, cavabdeh isə öz növbəsində həmin krediti qəbul edib, müəyyən edilmiş faizləri ilə birlikdə banka qaytarmağı öhdəlik kimi qəbul etmişdir.

9. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış GA.400204.1 nömrəli kredit limitinin ayrılması haqqında baş saziş əsasında xx.xx.2024-cü il tarixdə 600875-400204/7 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 33 ay müddətinə, illik faiz dərəcəsi 16.8 % оlmaqla 75650 manat məbləğində kredit verilmişdir.

10. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli 600875-400204/7 nömrəli kredit müqaviləsi əsasında ödəniş qarafiki müəyyən edilmiş və Cavabdeh1 müqavilə üzrə verilən krediti 33 ay müddətinə ilk 3 ay 1059,10 manat, sonrakı aylar 3105,53 manat, sonuncu ay 3098,49 manat ödəmək şərti ilə banka qaytarmağı öhdəsinə götürmüşdür.

11. İddiaçı ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan və xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 600875-400204/7 nömrəli kredit müqaviləsi üzrə 76560 manat məbləğində krеdit bоrcu, 7507,62 manat məbləğində faiz bоrcu olmaqla, ümumilikdə cəmi 83157,62 manat məbləğində bоrcu yaranmışdır.

12. İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında GA.400204.1 nömrəli nömrəli xx.xx.2020-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0.045 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 40 nömrəli, ümumi sahəsi 116.69 kv.m olan fərdi yaşayış evi, hüquqların qeydiyyata alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********26-10301 nömrəli çıxarışdan da göründüyü kimi xx.xx.2020ci il tarixdə bağlanmış GA.400204.1 nömrəli kredit limitinin ayrılması haqqında baş sazişdən irəli gələn öhdəliyin təminatı kimi yenidən İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Sonrakı ipoteka predmetinin ilkin satış qiyməti 57000 manat müəyyən edilmişdir.

13. İddiaçı ASC ilə Cavabdeh3 və Cavabdeh1 arasında GA.400204.1 nömrəli xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh3 xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 84.55 kv.m olan mənzil, hüquqların qeydiyyata alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********49-05101-093012 nömrəli çıxarışdan da göründüyü kimi xx.xx.2020-ci il tarixdə bağlanmış GA.400204.1 nömrəli kredit limitinin ayrılması haqqında baş sazişdən irəli gələn öhdəliyin təminatı kimi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İpoteka predmetinin ilkin satış qiyməti 42152 manat müəyyən edilmişdir.

14. İddiaçı ASC ilə Cavabdeh1 arasında GA.400204.1 nömrəli xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.045 ha və onun üzərində yerləşən fərdi-yaşayış evi (ümumi sahə 241 kv.m.) 13 dekabr 2022-ci il tarixli GA.400204.1 nömrəli ipotеka müqaviləsinə əsasən banka ipotеkaya qoyulmuşdur. İpoteka predmetinin ilkin satış qiyməti 45600 manat müəyyən edilmişdir.

15. İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq İdarəsinə ünvanlanmış ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə xx.xx.2025-ci il tarxli ərizəyə əsasən bank tərəfindən ipoteka predmenti olan ünvan 1 ünvanında yerləşən 0.045 ha və onun üzərində yerləşən ümumi sahəsi 241 kv.m olan fərdi-yaşayış evinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh1 göndərilmiş bildirişin xx.xx.2025-ci il tarixdə ona çatdırılması əsası ilə ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq İdarəsindən xahiş edilmişdir.

16. İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq İdarəsinə ünvanlanmış ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə xx.xx.2025-ci il tarxli ərizəyə əsasən bank tərəfindən ipoteka predmenti olan ünvan 5 ünvanında yerləşən 0.045 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 40 nömrəli, ümumi sahəsi 116.69 kv.m olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh2 göndərilmiş bildirişin xx.xx.2025-ci il tarixdə ona çatdırılması əsası ilə ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq İdarəsindən xahiş edilmişdir.

17. İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq İdarəsinə ünvanlanmış ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə xx.xx.2025-ci il tarxli ərizəyə əsasən bank tərəfindən ipoteka predmenti olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 84.55 kv.m olan mənzilinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh3 göndərilmiş bildirişin xx.xx.2025-ci il tarixdə ona çatdırılması əsası ilə ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq İdarəsindən xahiş edilmişdir.

18. İş materiallarında olan **********057 nömrəli xx.xx.2020-ci il tarixli, **********042 nömrəli xx.xx.2020-ci il tarixli, **********055 nömrəli xx.xx.2020-ci il tarixli və **********053 nömrəli xx.xx.2020-ci il tarixli ərizələrdən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 84.55 kv.m olan mənzildə qeydiyyatda olan X6, X11 və X4, həmin mənzilin İddiaçı ASC-nin xeyrinə ipotekaya qoyulmasına razılıq verdiklərini bildirmiş və ipotekaya qoyulmuş əmlaka tutma yönəldikdə və ya həmin əmlak satıldıqda onu qeyd-şərtsiz tərk etməyi və həmin ünvandan qeydiyyatdan çıxmağı öz öhdələrinə götürmüşlər.

19. İş materiallarında olan **********179 nömrəli xx.xx.2022-ci il tarixli, **********174 nömrəli xx.xx.2022-ci il tarixli, **********175 nömrəli xx.xx.2022-ci il tarixli ərizələrdən görünür ki, ünvan 5 ünvanında yerləşən 0.045 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 40 nömrəli, ümumi sahəsi 116.69 kv.m olan fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh1, X2 və X5 və X3 həmin fərdi yaşayış evinin İddiaçı ASC-nin xeyrinə ipotekaya qoyulmasına razılıq verdiklərini bildirmiş və ipotekaya qoyulmuş əmlaka tutma yönəldikdə və ya həmin əmlak satıldıqda onu qeyd-şərtsiz tərk etməyi və həmin ünvandan qeydiyyatdan çıxmağı öz öhdələrinə götürmüşlər.

20. Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli MEB-125-0525 nömrəli qiymətləndirmə barədə rəyindən görünür ki, Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.045 ha və onun üzərində yerləşən ümumi sahəsi 241 kv.m olan fərdi-yaşayış evinin likvid dəyəri 120700 manat, Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0.045 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 40 nömrəli, ümumi sahəsi 116.69 kv.m olan fərdi yaşayış evinin dəyəri 63000 manat və Cavabdeh3 xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 84.55 kv.m olan mənzilin dəyəri 44000 manat təşkil edir.

21. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən Mərkəzi Ekspertiza Bürosuna məxsus bank hesabına qiymətləndirmə rəyi üzrə xidmət haqqı olan 750 manat məbləğində pul köçürülmüşdür.

22. İş materiallarında olan ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanan ipoteka predmenti olan əmlaklara tutmanın yönəldilməsi barədə ərizənin qeydə alınması barədə bildirişlərdən görünür ki, ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin ərizələr qeydə alınmış və həmin xidmətin haqqı ümumi olaraq 108 manat, dövlət rüsumu isə 45 manat təşkil etmişdir.

23. İddiaçı ASC tərəfindən cavabdehlərə xx.xx.2025-ci il tarixli xəbərdarlıqlar göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. V. Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 269.1-ci maddəsinə əsasən Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3-cü maddəsinə əsasən Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4-cü maddəsinə əsasən İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 270.1-ci maddəsinə əsasən Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

25. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

Vl. Məhkəmənin mövqeyi:

26. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

28. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərlə iddiaçı arasında yaranmış hazırki mübahisə tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit və ipoteka müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək kredit müqaviləsi ilə nəzərdə tutulmuş 75650 manat məbləğində pulu cavabdeh X1 vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan ödəniş etməmişdir. Cavabdehə xəbərdarlıq göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə müraciət etmişdir.

29. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tələb edilməsinə münasibətdə təmin edilməli və Cavabdeh1 kredit müqaviləsi üzrə 75650 manat məbləğində pul tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

30. Məhkəmə kredit müqaviləsi üzrə faiz borcunun tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

31. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

32. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə üzrə faiz borcu kreditor tərəfindən borcluya göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə qədər hesablanır. Belə ki, cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq bildirişində cavabdehin həmin tarixə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 6975,05 manat faiz bоrcunun yaranması qeyd edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən iddia tələbi xəbərdalıq məktubunda qeyd olunan faiz borcu məbləğində təmin edilməli, qalan faiz borcuna münasibətdə isə rədd edilməlidir.

33. Məhkəmə iddia tələbinin “tutmanın bank qarşısında ipotеkaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.045 ha və onun üzərində yerləşən fərdi-yaşayış evinə (ümumi sahə 241 kv.m.), Cavabdeh2 tam mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.045 ha torpaq sahəsini və onun üzərində yerləşən 40 nömrəli fərdi – yaşayış evinə və Cavabdeh3 tam mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilə (ümumi sahə 84.55 kv.m.) yönəldilməsi, ipoteka predmetlərinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir.

34. Məhkəmə qeyd edir ki, tərəflər öz aralarında öhdəliklərin icrasının təminat üsullarını müəyyən edə bilərlər. Bu halda tərəflər açıq şəkildə bilərəkdən bu və ya digər təminat üsulunun seçilməsinə razı olur, onların iradəsi həmin təminat üsulunun müəyyən olunmasına yönəlir. İşdən də müəyyən edilir ki, hazırki müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsinin üsullarından biri kimi ipoteka müqaviləsi çıxış edir.

35. Belə ki, İddiaçı ASC ilə cavabdehlər arasında bağlanan ipoteka müqavilələrinə əsasən borc alanla ipoteka saxlayan arasında bağlanmış kredit müqaviləsinə əsasən borc alan üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə tələbləri ipoteka predmentinə yönəltmək ipoteka saxlayanın hüququdur. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Nəticədə iddia tələbi həmin hissədə də təmin edilməlidir.

36. Eyni zamanda məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlaklar - Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.045 ha və onun üzərində yerləşən ümumi sahəsi 241 kv.m olan fərdi-yaşayış evinin likvid dəyəri 120700 manat, Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0.045 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 40 nömrəli, ümumi sahəsi 116.69 kv.m olan fərdi yaşayış evinin dəyəri 63000 manat və Cavabdeh3 xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 84.55 kv.m olan mənzilin dəyəri 44000 manat məbləğində müəyyən edilməli və həmin əmlaklar açıq hərrac vasitəsi ilə satılmalıdır.

37. Belə ki, İpoteka haqqında Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

38. Əlavə olaraq məhkəmə hesab edir ki, Mərkəzi Ekspertiza Bürosuna iddiaçı tərəfindən ödənilmiş qiymətləndirmə rəyi üzrə xidmət haqqı olan 750 manat məbləğində pul cavabdehlərdə müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

39. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu və 108 manat xidmət haqqı da Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir.

40. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir.

41. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 339,47 manat olmalıdır. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 339,47 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir.

42. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 19 aprel 2024-cü il tarixli, 600875-400204/7 nömrəli kredit müqaviləsi üzrə 75650 manat əsas borc və 6975,05 manat faiz borcu olmaqla, cəmi 82625,05 manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu, 108 manat xidmət haqqı və 339.47 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməli, 19 aprel 2024-cü il tarixli, 600875- 400204/7 nömrəli krеdit razılaşması üzrə borc məbləği Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.045 ha və onun üzərində yerləşən fərdi-yaşayış evinə (ümumi sahə 241 kv.m.), Cavabdeh2 tam mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.045 ha torpaq sahəsini və onun üzərində yerləşən 40 nömrəli fərdi – yaşayış evinə və Cavabdeh3 tam mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən (ümumi sahə 84.55 kv.m.) mənzilə yönəldilməli, ipoteka predmeti olan Cavabdeh1 tam mülkiyyətində olanünvan 1 ünvanında yerləşən 0.045 ha və onun üzərində yerləşən fərdi-yaşayış evinin (ümumi sahə 241 kv.m.) likvid dəyəri (ilkin satış) 120700 manat, Cavabdeh2 tam mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0.045 ha torpaq sahəsini və onun üzərində yerləşən 40 nömrəli fərdi - yaşayış evinin likvid dəyəri (ilkin satış) 63000 manat, Cavabdeh3 tam mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilin (ümumi sahə 84.55 kv.m.) likvid dəyəri (ilkin satış) 44000 manat məbləğində müəyyən edilsin və həmin əmlaklar açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait Cavabdeh1 19 aprel 2024-cü il tarixli, 600875-400204/7 nömrəli kredit razılaşması üzrə İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəlməli, aparılmış tədqiqatın dəyəri olan 750 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-nin hesabına (Bank vöeni: **********, AZ11NABZ********************, kod: 505099, swift: AZENAZ22) ödənilməli və iddia qalan hissələrdə rədd edilməlidir. Vİl. Nəticə:

43. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh1 19 aprel 2024-cü il tarixli, 600875-400204/7 nömrəli kredit müqaviləsi üzrə 75650 manat əsas borc və 6975,05 manat faiz borcu olmaqla, cəmi 82625,05 manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu, 108 manat xidmət haqqı və 339.47 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. 19 aprel 2024-cü il tarixli, 600875-400204/7 nömrəli krеdit razılaşması üzrə borc məbləği Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.045 ha və onun üzərində yerləşən fərdi-yaşayış evinə (ümumi sahə 241 kv.m.), Cavabdeh2 tam mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.045 ha torpaq sahəsini və onun üzərində yerləşən 40 nömrəli fərdi – yaşayış evinə və Cavabdeh3 tam mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən (ümumi sahə 84.55 kv.m.) mənzilə yönəldilsin. İpoteka predmeti olan Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.045 ha və onun üzərində yerləşən fərdi-yaşayış evinin (ümumi sahə 241 kv.m.) likvid dəyəri (ilkin satış) 120700 manat, Cavabdeh2 tam mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0.045 ha torpaq sahəsini və onun üzərində yerləşən 40 nömrəli fərdi yaşayış evinin likvid dəyəri (ilkin satış) 63000 manat, Cavabdeh3 tam mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilin (ümumi sahə 84.55 kv.m.) likvid dəyəri (ilkin satış) 44000 manat məbləğində müəyyən edilsin və həmin əmlaklar açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh1 19 aprel 2024-cü il tarixli, 600875-400204/7 nömrəli kredit razılaşması üzrə İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış tədqiqatın dəyəri olan 750 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-nin hesabına (Bank vöeni: **********, AZ11NABZ********************, kod: 505099, swift: AZENAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar