Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-477/2024 22.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC BOKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh2 əsas borc 17944,55 manat, faiz borcu 1290,11 manat borc məbləğinin və ödənilmiş 147.7 manat dövlət rüsumunun İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, borc tələbinin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Ağdaş rayonu, Qobuüstü kəndində yerləşən ümumi sahəsi 0,50 ha olan torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəli, 4 otaqlı 94,30 kv /m yaşayış, 53,40 kv/m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına Cavabdeh2 İddiaçı QSC-yə olan kredit borcunun tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, 07-2076 K1 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borcverən borcalana 36 ay müddətinə iri buynuzlu heyvanların alınması məqsədilə illik 18 % dərəcəsi ilə 20000 manat pul vəsaitinin borc verilməsini, sonuncu isə alınmış vəsaitin və hesablanmış faizlərin ödənimləsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.3-cü bəndinin tələbinə görə borcalan kreditə görə hesablanmış faizləri və əsas borcu ödəniş cədvəlinə uyğun qaytarılmasını təmin etmədikdə bankının kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, əsas kredit borcu və ona hesablanmış faizlərin qaytarılması ilə bağlı tədbir görmək hüququ vardır. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi bankla Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə sonrakı ipoteka müqaviləsi bağlanmış və sonuncunun mülkiyyətində olan Ağdaş rayon, Qobuüstü kəndində yerləşən ümumi sahəsi 0,50 ha olan torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəli, 4 otaqlı 94,30 kv /m yaşayış, 53,40 kv/m köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, 20000 manat pul məbləği cavabdehə ödənilmiş, lakin sonuncu tərəfindən müqavilə öhdəlikləri lazımınca yerinə yetirilmədiyindən ödənilməmiş əsas və faiz borcu yaranmışdır. İddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixə cavabdehin borcu haqqında məlumatdan müəyyən edilir ki, Cavabdeh2 20000 manat məbləğində kredit verilmiş, əsas borc məbləğindən 2055,45 manat, faiz borcundan 2195,3 manat ödəniş edilmiş, qalan borc məbləğləri ödənilməmişdir və bu səbəbdən həmin məlumat üzrə 17944,55 manat əsas, 982,87 manat faiz borcunun ödənilməmiş qaldığı qeyd edilmişdir. İşin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan Ağdaş rayon, Qobuüstü kəndində yerləşən ümumi sahəsi 0,50 ha olan torpaq sahəsinin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə likvid dəyəri 10000 manat, Ağdaş rayon, Qobuüstü kəndində yerləşən 2 mərtəli, 4 otaqlı 94,30 kv /m yaşayış, 53,40 kv/m köməkçi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 30000 manat müəyyən edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2022-ci il tarixli, 07-2076 K1 nömrəli kredit müqaviləsi, ipoteka müqaviləsi, borca dair məlumat arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə əsas və faiz borclarının ödənilməsinə münasibətdə qeyd edir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, 07- 2076 K1 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borcverən borcalana 36 ay müddətinə iri buynuzlu heyvanların alınması məqsədilə illik 18 % dərəcəsi ilə 20000 manat pul vəsaitinin borc verilməsini, sonuncu isə alınmış vəsaitin və hesablanmış faizlərin ödənimləsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmiş, cavabdehə 20000 manat kredit verilmiş və bunu təsdiq edən arayış məhkəməyə təqdim edilmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini ümumiyyətlə yerinə yetirməmiş, nəticədə ödənilməmiş 17944,55 manat əsas borcu yaranmış, bu səbəbədən həmin borc məbləği cavabehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixə cavabdehin borcu haqqında məlumatdan müəyyən edilir ki, Cavabdeh2 20000 manat məbləğində kredit verilmiş, əsas borc məbləğindən 2055,45 manat, faiz borcundan 2195,3 manat ödəniş edilmiş, qalan borc məbləğləri ödənilməmişdir və bu səbəbdən həmin məlumat üzrə 17944,55 manat əsas, 982,87 manat faiz borcunun ödənilməmiş qaldığı qeyd edilmişdir. Göründüyü kimi qeyd edilən arayışda faiz borcu 982,87 manat təşkil etdiyindən iddia bu hissədə qismən təmin edilərək həmin məbləğdə 982,87 manat faiz borcu cavabdehdən tutularaq idiaçıya ödənilməlidir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hazırki vəziyyətdə iddiaçı tələbinin əsaslılığını təsdiq edəcək sübutları məhkməyə təqdim etmiş, cavabdeh tərəflər hazırki iddia tələbin hər hansısa münasibətini bildirməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Odur ki, məhkəmə hesab edir ki, 17944,55 manat əsas, 982,87 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Ağdaş rayonu, Qobuüstü kəndində yerləşən ümumi sahəsi 0,50 ha olan torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəli, 4 otaqlı 94,30 kv /m yaşayış, 53,40 kv/m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi Cavabdeh2 müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa ipoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına Cavabdeh2 İddiaçı QSC-yə olan kredit borcunun tutularaq ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan Ağdaş rayon, Qobuüstü kəndində yerləşən ümumi sahəsi 0,50 ha olan torpaq sahəsinin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə likvid dəyəri 10000 manat, Ağdaş rayon, Qobuüstü kəndində yerləşən 2 mərtəli, 4 otaqlı 94,30 kv /m yaşayış, 53,40 kv/m köməkçi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 30000 manat müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən alınmış fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən torpaq sahəsinin ilkin satış dəyəri 10000 manat, fərdi yaşayış evinin ilkin satış dəyəri 30000 manat müəyyən edilməli, həmin əmlak açıq hərraclar vasitəsi ilə satılmalı və satışdan əldə edilən vəsait kredit borcuna yönəldilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 17944,55 manat əsas, 982,87 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, eyni zamanda tələb ipoteka predmetlərinə yönəldilməklə həmin əmlkaların açıq hərracda satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi hissəsində təmin edilməli, qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi üzrə ödənilməli dövlət rüsumu 147,7 manat olmalıdır ki, iddia qismən təmin edildiyindən qeyd edilən dövlət rüsumunun 2,36 manatı iddiaçıdan, 145,34 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı tərəfindən 148 manat dövlət rüsumu ödənildiyindən və sonuncu iddianın qiymətinə uyğun 147,7 manatın ödənilməsini tələb etsə də, iddia tələbi qismən təmin edildiyindən 145,34 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 17944,55 manat, 982,87 manat faiz borcu və 145,34 manat dövlət rüsumu tutularaq İddiaçı QSC BOKT-yə ödənilsin. Borc tələbi ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Ağdaş rayonu, Qobuüstü kəndində yerləşən ümumi sahəsi 0,50 ha olan torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəli, 4 otaqlı 94,30 kv /m yaşayış, 53,40 kv/m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin, torpaq sahəsinin likvid dəyəri 10000 manat, fərdi yaşayış evinin likvid dəyəri 30000 manat məbləğində müəyyən edilsin və əmlak açıq hərracda satılsın. İpoteka predmetlərinin satışından əldə olunan vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-477/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-477/2024
22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver