Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-478/2023 30.05.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə iddiaçı və ya xxxx ASC) Cavabdeh qarşı “1437,58 manat əsas borc, 678,16 manat faiz borcu, 1925,01 manat məbləğində cərimə və kredit müqaviləsi bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 209,6 manat faiz borcu, 2,51 manat dövlət rüsumu və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi” tələbi üzrə işə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “1437,58 manat əsas borc, 678,16 manat faiz borcu, 1925,01 manat məbləğində cərimə və kredit müqaviləsi bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 209,6 manat faiz borcu, 2,51 manat dövlət rüsumu və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2014-cü il tarixli 1204 KFW nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə təsərrüfatın artırılması məqsədilə 24 ay müddətinə illik 33 % olmaqla 3800 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və ona hesablanmış faziləri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 66 % dərəcəsi, aylıq 5,5% dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilməlidir. 2.6-cı bəndinə əsasən kredit üzrə güzəşt müddəti 3 ay nəzərdə tutulmuşdur. 3.4-cü bəndinə əsasən kredit üzrə faizlər pul vəsaitinin borcalanın ssuda hesabına köçürüldüyü təqvim tarixindən etibarən həmin vəsait məbləğinin kreditora tam ödənildiyi günə qədər hesablanır. 6.1-ci bəndinə əsasən müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh məxsus mal-qara, X1 tərəfindən verilən zaminlik müəyyən olunmuşdur. Həmçinin müqaviləyə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etmək hüququ vardır. Kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 1 nömrəli əlavə sazişdən görünür ki, kreditin qalıq məbləği xx.xx.2018-ci il tarixədək 3549,62 ABŞ dolları müəyyən olunmuşdur. Kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 2 nömrəli əlavə sazişdən görünür ki, xx.xx.2020-ci il tarixədək borc restrukturizasiya olunaraq 3880,43 manat əsas borc, illik 20 % dərəcəsi ilə 1658,84 manat faiz borcu və 191,01 manat cərimə borcu (1 ABŞ dolları = 1,4 AZN hesablanmaqla) olmaqla ümumilikdə 5730,28 manat müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə cavabdehin 1437,58 manat əsas, 678,16 manat faiz, 1925,01 manat cərimə, gecikdirilmiş müddət üçün illik 5 %-lə hesablanmış 209,6 manat faiz borcu olmaqla ümumilikdə 4250,35 manat borcu yaranmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət etmiş, cavabdeh borcunu ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi cavabdehə xx.xx.2023-cü il tarixdə təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: kredit müqaviləsi, kredit ödəniş cədvəli, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, xx.xx.2014-cü il tarixli 1204 KFW nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə təsərrüfatın artırılması məqsədilə 24 ay müddətinə illik 33 % olmaqla 3800 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kkrediti və ona hesablanmış faziləri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 66 % dərəcəsi, aylıq 5,5% dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilməlidir. 2.6-cı bəndinə əsasən kredit üzrə güzəşt müddəti 3 ay nəzərdə tutulmuşdur. 3.4-cü bəndinə əsasən kredit üzrə faizlər pul vəsaitinin borcalanın ssuda hesabına köçürüldüyü təqvim tarixindən etibarən həmin vəsait məbləğinin kreditora tam ödənildiyi günə qədər hesablanır. 6.1-ci bəndinə əsasən müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh məxsus malqara, X1 tərəfindən verilən zaminlik müəyyən olunmuşdur. Həmçinin müqaviləyə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etmək hüququ vardır. Kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 1 nömrəli əlavə sazişdən görünür ki, kreditin qalıq məbləği xx.xx.2018-ci il tarixədək 3549,62 ABŞ dolları müəyyən olunmuşdur. Kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 2 nömrəli əlavə sazişdən görünür ki, xx.xx.2020-ci il tarixədək borc restrukturizasiya olunaraq 3880,43 manat əsas borc, illik 20 % dərəcəsi ilə 1658,84 manat faiz borcu və 191,01 manat cərimə borcu (1 ABŞ dolları = 1,4 AZN hesablanmaqla) olmaqla ümumilikdə 5730,28 manat müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli maliyyə arayışı üzrə cavabdehin xx.xx.2023-cü il tarixə 1437,58 manat əsas, 678,16 manat faiz, 1925,01 manat cərimə, gecikdirilmiş müddət üçün illik 5 %-lə hesablanmış 209,6 manat faiz borcu olmaqla ümumilikdə 4250,35 manat borcu yaranmışdır. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borclu olan Cavabdeh 1437,58 manat hissədə pulun tutulması hissəsində təmin edilməli, faiz və cərimə məbləğlərinin ödənilməsi hissəsində rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Məhkəmə həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab edir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan xeyli müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki artıq Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Lakin iddiaçı Bank tərəfindən cavabdehə münasibətdə qeyd edilən Fərmanın tələbləri tətbiq edilməli olduğu halda bu edilməmişdir. Belə ki, ən azı 360 gündən artıq kreditin ödənişi müddətinin gecikdirilməsi mövcuddur. Bundan əlavə Bank tərəfindən 3 dəfə kredit məbləğinin restruktrizasiyası 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanın tələbləri baxımından deyil, Bankın özü tərəfindən borcluya münasibətdə kreditin ödənilmə müddətinin artırılması baxımından özü tərəfindən tətbiq edilmiş, lakin həmin Fərmanın tələbləri tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir. Hazırkı vəziyyətdən müəyyən edilir ki, artıq dəfələrlə Bankla cavabdeh arasında yeni müqavilənin bağlanması hazırkı kreditin məbləğinin problemli kredit olmasını və qeyd edilən Fərmanın təsir dairəsinə düşdüyünü bir daha təsdiq edir. Məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas borc məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan əsas borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Əsas borc məbləği isə 1437,58 manat təşkil edir. Qeyd edilən Fərmanın məqsədləri üçün müvafiq maliyyə vəsaiti ayrıldığından və Banklara faiz və cərimə borclarının silinməsi və güzəştli müddətlə əsas borca münasibətdə yeni müqavilələrin bağlanması qeyd edildiyindən hazırkı tələbin əsas borc məbləği hissəsində təmin edilməsi qanuni və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edilsə də, əsas borca münasibətdə tələb təmin edildiyindən 62,5 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Ödənilmiş 2 manat 51 qəpik məbləğində dövlət rüsumu iddia qismən təmin edildiyindən iddiaçıya aid edilməlidir. Eyni zamanda iddiaçı onun tərəfindən ödənilmiş 60 manat mediasiya xərcini cavabdehdən tələb etdiyindən həmin xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1437,58 manat əsas borc və 60 manat mediasiya xərci tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. 60 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-478/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-478/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver