Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-478/2024 22.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Məmmədkərim oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı “xx.xx.2024-cü il tarixli, 057375 nömrəli akt üzrə hesablanmış 4014,45 manat borcun silinməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Məmmədkərim oğlu cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2024-cü il tarixli, 057375 nömrəli akt üzrə hesablanmış 4014,45 manat borcun silinməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. "xxxx" ASC-nin nümayəndələri tərəfindən fiziki şəxs (fərdi sahibkar) İddiaçı Məmmədkərim oğlunun istifadəsində olan qeyri-yaşayış sahəsində “X1 Qaydalarına” uyğun yoxlama aparılmış, sayğacdan kənar giriş xəttinin izolyasiyası pozularaq bir faza və bir sıfır xəttinin qanunsuz olaraq istifadə olunduğu aşkar edilmiş, bununla bağlı xx.xx.2024-cü il tarixdə R057375 nömrəli akt tərtib edilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixində itirilmiş enerjinin bərpası məqsdilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 0,11 manatla 36495 kvts, dəyəri 4014,45 manat məbləğində ödənilməmiş elektrik enerjisinin dəyəri hesablanmışdır. “X1 Qaydalarının” pozulması haqqında xx.xx.2024-cü il tarixdə R057375 nömrəli akta əsasən itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış 4014,45 manat borcun ödənilməsi İddiaçı Məmmədkərim oğlundan tələb olunur. Tərəflər arasında olan mübahisə məhkəmədən kənar qaydada həllini tapmadığından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, Şəki şəhəri M.Ş.Həmidov küçəsində fəaliyyət göstərən “Qədim Şəki” adlı çay evinə quraşdırılmış **********7 abonent kodlu elektrik sayğacı onun adınadır, həmin çay evi fəaliyyət göstərdiyi dövrdə elektrik enerjisinin dəyərini vaxtı-vaxtında ödəmişdir, lakin cavabdehin nümayəndələri onun xəbəri olmadan xx.xx.2024-cü il tarixində akt tərtib edərək 4014,45 manat borcun ödənilməsini ondan tələb etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2024-cü il tarixli akt əsasında hesablanmış 4014,45 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə cavabdehin elektron kabinetində məhkəmə bildirişi rəsmi qaydada yerləşdirilmişdir, cavabdeh isə xx.xx.2024-cü il tarixində iddia ərizəsinə etirazla məhkəməyə müraciət etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçının tələbi əsassızdır və rədd olunmalıdır. İddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı Məmmədkərim oğlunun adına olmaqla **********01012 (**********7) saylı kod altında istehlıakçı kimi qeydiyyatdadır. xx.xx.2024-cü il tarixində "xxxx" ASC-nin əməkdaşları iddiaçının nümayəndəsi Tural Mahmudzadənin iştirakı ilə “X1 Qaydalarına” uyğun yoxlama aparılmış, sayğacdan kənar giriş xəttinin izolyasiyası pozularaq bir faza və bir sıfır xəttinin qanunsuz olaraq istifadə olunduğu aşkar edilmiş, bununla bağlı xx.xx.2024-cü il tarixdə R057375 nömrəli akt tərtib edilmişdir. İddiaçının nümayəndəsi Tural Mahmudzadə həmin aktı öz imzası ilə təsdiq etmişdir. Həmin tərtib olunmuş akt “X1 Qaydalarına” uyğun olaraq tərtib olunmuşdur, buna görə də itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış 4014,45 manat pul enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Eyni zamanda məhkəmənin cavabdeh "xxxx" ASC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli sorğusuna əsasən İddiaçı Məmməd oğluna məxsus "Qədim Şəki" çay evində yoxlamanın aparılması ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların reyestrində müvafiq yoxlamanın aparılmasının qeydə alınması ilə bağlı sənədlərin məhkəməyə təqdim olunması tələb olunmuş, lakin cavabdehdən tələb olunmuş sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara akt, etiraz, məktub və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Qeyd edilən qanunvericiliyin tələbinə görə cavabdehin apardığı yoxlama və ya baxış elektrik sayğacına olan aylıq baxış olmamaqla müvafiq qanunvericiliyin təsir dairəsinə düşür və həmin orqanının hərəkətlərinin qanuniliyi qeyd edilən normalara uyğun fəaliyyət nəticəsində mümkün ola bilər. Bundan əlavə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı barədə akt tərtib edilərkən “X1 Qaydalarının” pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntunun istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş enerjinin bərpası məqsədilə borc hesablanmışdır. Düzdür cavabdeh tərəf, iddiaçının qanunsuz qoşulma ilə bağlı yoxlamanın aparılmasını təsdiq edən video görüntü təqdim etsə də, məhkəmə qeyd edir ki, cavabdehin yoxlama aparma ilə bağlı hərəkətlərinin qanuniliyi ortada olmalıdır ki, qeyd edilən sübutları nəzərə alsın. Eyni zamanda məhkəmənin cavabdeh "xxxx" ASC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli sorğusuna əsasən İddiaçı Məmməd oğluna məxsus "Qədim Şəki" çay evində yoxlamanın aparılması ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların reyestrində müvafiq yoxlamanın aparılmasının qeydə alınması ilə bağlı sənədlərin məhkəməyə təqdim olunması tələb olunmuş, lakin cavabdehdən tələb olunmuş sənədlər məhkəməyə təqdim olunmamışdır. “X1 Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 7.18-ci maddəsinə əsasən Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin qərarın 7.19-cu bəndinə əsasən Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-2.1.3-cü bəndinə əsasən yoxlama zamanı istifadə olunacaq və yoxlamanın hüquqi əsasını təşkil edən bütün hüquqi aktlardan, habelə yoxlayıcı orqanın qərarlarından çıxarışları sahibkara təqdim etmək və bu Qanunun 8-ci maddəsinə uyğun olaraq sahibkarlara məsləhətlərin və izahatların verilməsini yoxlayıcı təmin etməlidir. Həmçinin həmin qanunun 4-2.1.6-cı bəndinin tələblərinə əsasən yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara bu sənədlərlə tanış olmaq imkanı yaratmaq yoxlayıcının vəzifəsidir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən fiziki şəxs (fərdi sahibkar) İddiaçı Məmmədkərim oğlunun istifadəsində olan, qeyri-yaşayış sahəsində (çay evi) quraşdırılmış işıq xəttində yoxlama aparılmış, bununla bağlı R057375 nömrəli akt tərtib edilmişdir. . Lakin cavabdeh tərəfindən yoxlamanın aparılmasının qanuniliyi ilə bağlı sübutlar təqdim edilməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iddiaçının adına dövlət orqanları tərəfindən açılmış yoxlamaların siyahısına baxılmış, lakin iddiaçının adına açılmış yoxlama əvvəlki illərə aid yalnız vergi yoxlaması ilə əlaqədar olmuş, 2024-cü il üçün hər hnası bir yoxlama qeydə alınmamışdır . Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək, cavabdeh tərəfindən qanunun tələblərini pozmaqla yoxlama aparıldığından həmin akt əsasında hesablanmış 4014,45 manat borc məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı məhkəməyə müraciət edərkən dövlət rüsumunu ödəməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 60,14 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən 60,14 manat ödənilməmiş dövlət rüsumu cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli, 057375 nömrəli akt əsasında hesablanmış 4014,45 manat borc, İddiaçı Məmmədkərim oğlunun abonent hesabından silinsin. Cavabdeh "xxxx" ASC-dən 60,14 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-478/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-478/2024
22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver