Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-482/2025 03.04.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramzi qızı, İddiaçı1 MMC-nin və İddiaçı2 Cavabdeh MMCyə qarşı “pul” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı1 MMC və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şirkətindən 500.000 (beş yüz min) manat məbləğində borc pulun alınaraq, İddiaçı1 MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Məhkəmə qeyd edir ki, hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən hazırki mübahisənin pretenziya qaydasında nizama salınmasını təsdiq edən sübut iddia ərizəsinə əlavə edilməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, tərəflər arasında yaranan hazırki mübahisə məhz müqavilədən irəli gəlir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinin tələblərinə əməl edilməli idi ki, lakin bunu təsdiq edəcək sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunan sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, kommersiya mübahisələri üzrə pretenziya qaydasına riayət edilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə çatdırılmalı olması barədə qanunvericiliyin tələbləri formal xarakter daşımır. Çatdırılma və ya təqdim olunma dedikdə həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür. Belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması, müdafiəsini təşkil etməsinə imkan yaradılması və iddiaçının tələbinin hüquqi əsasını təşkil edən sənədlərlə məhkəmə iclasınadək tanış olmasıdır. İddiaçı tərəf hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Ədalət mühakiməsinin həyata keçirilməsi prinsiplərindən biri də çəkişmə prinsipidir ki, çəkişmə prinsipi təmin olunmadan ədalət mühakiməsinin həyata keçirilməsi yolverilməzdir. Nə qədər ki, iddiaçı tərəfindən cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin çatdırılması təmin edilməyib sonuncu məhkəmə araşdırmasının gedişindən məlumatı olmayacaq və iddia ərizəsinin tərkib hissəsi hesab edilən cavabdehlərin ünvanı barədə rəsmi sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədən hazırki işə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunan sənədlər cavabdehə çatdırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsi, ona əlavə sənədlər Cavabdeh MMC-yə çatdırılmamışdır. Elektron Məhkəmə İnformasiyaları Sistemindən əldə olunan məlumatdan görünür ki, Cavabdeh MMC-nin VÖEN-i mövcuddur. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsinin tələblərinə riayət edilməklə cavabdehə çatdırılmalı idi. Lakin iddiaçı bunu təsdiq edən sübut məhkəməyə təqdim etməmişdir. Bu səbədən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilən sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd də yuxarıda qeyd olunan qaydaya riayət edilməklə cavabdehə çatdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə son olaraq qeyd edir ki, iddia ərizəsinin forma və məzmununa da iddiaçı tərəfindən riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddia ərizəsində iddiaçı qismində İddiaçı1 MMC və İddiaçı2 iştirak edir. Lakin iddia ərizəsinin tələb hissəsində isə iddiaçı qismində İddiaçı1 MMC göstərilmiş və iddia tələbinin onun xeyrinə ödənilməsi xahiş edilmişdir. İddia ərizəsinin tələb hissəsində İddiaçı2 tərəfindən qaldırılan hər-hansı bir tələb mövcud deyildir. Göründüyü kimi iddia ərizəsinin bu hissəsində qeyri-müəyyənlik yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsinin forma və məzmununna iddiaçı tərəfindən əməl edilməmiş və nəticə etibarı ilə iddia ərizəsi və ona əlavə edilən sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Bundan başqa məhkəmə iddiaçı tərəfindən ödənilmiş 791,19 manat dövlət rüsumuna münasibətdə qeyd edir ki, hazırki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu qismən və ya tamailə geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. 5.3-cü maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 20 gün müddətində ona qaytarılır. Qərardad rəsmi qaydada təqdim edildikdən sonra “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən ödənilmiş Dövlət rüsumunun büdcədən qaytarılması üçün ərizə ilə Dövlət rüsumunun ödənildiyi xəzinədarlıq orqanına müraciət edilməlidir. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı1 MMC-nin və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli 385459 nömrəli təsdiq kodlu, **********27 əməliyyat nömrəli qəbzlə X2 əlavəsi vasitəsi ilə “****6792” nömrəli kartdan ödənilmiş 791,19 manat dövlət rüsumu iddiaçıya dövlət büdcəsindən qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elnarə Hüseynova
Məhkəmə qərarları › İş №e-2-2(117)-482/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-482/2025
03.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver