Məhkəmə qərarları › İş №e-2-2(117)-485/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-485/2025

30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-485/2025 30.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı Nümayəndə cavabdeh X3 qarşı “pul” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Nümayəndə cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 100000 manat borcun, 390 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı Nümayəndə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Nümayəndə cavabdeh X2 dayısıdır. 2022-ci ilin əvvəlində cavabdeh, dayısı Nümayəndə 65000 (altmış beş min) manat pulu iş qurmaq adı ilə borca götürmüş, daha sonra həmin işdə ziyan etdiyi üçün borcu qaytara bilməmişdir. Cavabdeh dayısı Nümayəndə borcunu qaytara bilmədiyi üçün Balakən rayonunun Murquztala ərazisində yerləşən 7.5 ha fındıq bağını və ferma ərazisini dayısı Nümayəndə istifadəsi üçün daimi vermişdir. Belə ki, Torpaqdan müvəqqəti istifadə hüququna dair JN 9187 saylı (KOD ********) şəhadətnaməyə əsasən, Balakən rayon Roçəhməd Bələdiyyəsinin 06 may 2004-cü il tarixli, 05 nömrəli qərarı və mart 2006-cı il tarixli 08 saylı icarə müqaviləsi ilə Balakən rayonu Roçəhməd Bələdiyyəsinin ərazisindən heyvandarlıq və bitkiçilik məqsədilə 7.50 ha, o cümlədən 6.00 ha əkin, 1.50 ha çoxillik əkmələr, örüş, kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi X4 müvəqqəti istifadə üçün verilmişdir. Daha sonra cavabdeh, təkrar dayısı Nümayəndə əlavə olaraq 35000 (otuz beş min) manat məbləğində borca pul götürmüş və dayısının daimi istifadəsinə verdiyi həmin torpaq sahəsini Musan Şeyixovun adına keçirəcəyinə söz vermişdir. Eyni zamanda, notarial qaydada təsdiq olunmuş 15 aprel 2022-ci il tarixli AR-İİ 632539 №li etibarnamə ilə X6 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünün bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, həmçinin etibarnamədə göstərilən digər səlahiyyətləri 10 ilmüddətinə Nümayəndə etibar etmişdir. Torpağın sənədlərində problem olduğuna görə rəsmiləşdirmə aparmaq mümkün olmamışdır. Bir müddət sonra, cavabdeh törətdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb edilmiş, həbsdən azad olduqdan sonra borcunu qaytaracağını bildirmişdir. 2024-cü ilin avqust sentyabr aylarında cavabdeh həbsdən azad olunmuş, sözügedən torpaq sahəsində cavabdeh tərəfindən əkilən qarğıdalı məhsulunun yığılmasına maneə olmuş, iddiaçı məhkəmə qaydasında torpaq sahəsində becərdiyi məhsulu yığa bilmişdir. Cavabdeh X1 rayonu Polis şöbəsində verdiyi izahatında dayısı Nümayəndə borca 100000 (bir yüz min) manat borca pul almasını etiraf etmiş, borcunu qısa müddətdə qaytaracağına vəd vermiş, buna baxmayaraq borcun qaytarılmasını təmin etməmişdir. İddiaçı mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə müraciətlər etmiş, qohumlar vasitəsi ilə mübahisənin məhkəmədən kənar həll edilməsini cavabdehə təklif etmiş, cavabdeh borcun ödəniləcəyinə vəd versə də borcunu qaytarmamışdır. Mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Cavabdeh X6 xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinə etirazla müraciət edərək bildirmişdir ki, Nümayəndə ona qarşı qaldırmış olduğu iddianı qəbul etmir. Polisdə iddiaçıdan 2022-ci ildə 100.000 manat borc götürməyi ilə bağlı ifadə verməyib. Həmin ifadənin altındakı imza və xətt ona məxsus olsa da, ifadənin məzmunu ona aid deyildir. Ehtimal edir ki, məzmunu ona yalnış izah edilmiş və aldadılaraq həmin sənədə qol çəkdirilmişdir. Belə ki, o Balakən Rayon Məhkəməsinin hökmünə əsasən, 2021-ci ilin iyun 16-dan, 2024-cü ilin iyulun 12-sinədək həbsdə olub. Həmin müddətdə iddiaçıdan iş qurmaq adı altında borc götürməyi mümkünsüz və absurddur. Odur ki, qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir.

5. Cavabdeh X6 məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında verdiyi izahatında bildirmişdir ki, borcu qəbul etmir. İddiaçı ona pul verdiyini bildirir, lakin o, həmin vaxtda həbsdə olub. Nümayəndə ona çox haqsızlıq edib. 3 il torpağından istifadə edib. Həmçinin əkib-becərdiyi məhsuldan yüksək gəlir əldə edib. O, həbsdə olduğu müddətdə Nümayəndə etibarnamə verib ki ona məxsus torpaqdan istifadə etsin və əldə etdiyi gəlirdən onun ailəsinə də versin. İddiaçı hər il torpaq sahəsindən 50-60 min manat gəlir əldə etsə də, onun ailəsinə cəmi 10000 manat pul vermişdir. Həmin pul da borc deyil, torpaqdan götürülən məhsuldan qazanılmış puldur.

6. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı Nümayəndə izahatında bildirmişdir ki, Cavabdeh bacısı oğludur. Cavabdeh həbsə də olmuşdur. Müəyyən köməkliklər edib. Həbsə girəndə pulu həyat yoldaşına verib. Mubarizin özü pul istəyən zamanda ona pul göndərib. Qarşı tərəfə iş qurmaq məqsədilə 28000 manat bir, 37000 manat bir pul verib. Daha sonra qarşı tərəfə 35000 manat məbləğində borc pul verib. Lakin heç bir ödəniş etməyib. Həbsə girəndə dedi ki, torpağı satıb köməklik göstər. Satışla əlaqadər müəyyən yerlərə müraciət edib. Lakin sənədlər qaydasında olmadı. Buna görə də torpağı sata bilmədi. Həmçinin cavabdeh həmin torpağı onun istifadəsinə vermişdir. Hazırda cavabdehə verdiyi pulu tələb edir.

III. Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. IV. Tədqiq olunan sübutlar:

9. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən rayon Polis Şöbəsinin HK-1/638 nömrəli xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardan görünür ki, iddiaçının Nümayəndə Məhəmmədəli oğlu ərizə ilə Balakən rayon Polis Şöbəsinə müraciət etmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

10. Balakən Rayon Polis Şöbəsinin HK-1/638 nömrəli, xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə Qərarında iddiaçı Nümayəndə Məhəmmədəli oğlu izahatında bildirmişdir ki, Balakən rayonu Hənifə kəndində ailəsi ilə birlikdə yaşayır. Pensiyaçıdır. Qabilov Mübariz bacısı oğludur. Bacısı oğlu Qabilov Mübariz iş qurmaq adı ilə 2021-ci ilin əvvəllərindən 2023-cü ilin sonuna qədər olan müddət ərzində müxtəlif vaxtlarda ondan 28000 manat, 37000 manat, 10000 manat və sonradan az-az hissə-hissə olmaqla cəmi 100000 manat pulu götürüb. Həmin pulu Mübariz iş qurmaq adı ilə borc olaraq götürmüşdür. Mübarizdən həmin pulu geri istədikdə pulu qaytarmaqdan imtina edir. 28000 manat pulu 2021-ci ilin əvvəlində, 37000 manat pulu 2021-ci ilin təxminən avqusta ayında, 10000 manat pulu isə 2022-ci ilin payızında Mübarizin həyat yoldaşı Ayşənin vasitəsi ilə Mübarizə çatdırmaq üçün Balakən rayonuda Ayşəyə verib. Qalan 25000 manat pulu isə hissə-hissə olmaqla 2023-cü il ərzində oğlu Abidin və həyat yoldaşə Ayşənin vasitəsi ilə Balakən rayonu ərazisində Mübarizə çatdırmaq üçün verib. Mübariz Qabilov ondan həmin pulları 2021-ci ildən başlayaraq götürmüşdür.

11. Balakən Rayon Polis Şöbəsinin HK-1/638 nömrəli, xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə Qərarında cavabdeh X6 verdiyi izahatda bildirmişdir ki, Balakən rayonu Hənifə kəndində ailəsi ilə bir yerdə yaşayır. Fərdi təssərüfatla məşğuldur. Nümayəndə Məhəmmədəli oğlu doğma dayısıdır. 2021-ci ilin iyul ayından 2024-cü ilin iyul ayına qədər cəzakəçmə müəssəsində həbsdə olub. Cəzaçəkmə müəssəsində olduğu zaman hər-hansı iş qurmaq imkanı olmadığından dayısından da bu məqsədlə və ya hər-hansı başqa məqsədlə nə şəxsən özü, nə də hər-hansı başqa şəxsin vasitəsi ilə pul götürməyib. 2021-ci ildə həbsdə olduğu müddətdə dayısı yaxın qohumu kimi kömək etmək məqsədi ilə xahişi ilə ona məxsus torpaq sahəsində tutulmazdan əvvəl əkdiyi qarğıdalı məhsulunu yığıb sataraq özünün deməsinə görə əldə etdiyi cəmi 10000 manat pulu ailəsinə verib. Həbsdə olduğu müddət ərzində dayısı ona məxsus olan 7,5 ha qarğıdalı sahəsində və 5 ha fındıq bağından istifadə edib məhsulunu satıb əldə etdiyi gəliri özünə götürüb. Həbsdə olduğundan həmin torpaq sahəsindən müvəqqəti istifadə edə bilməsi üçün 2022-ci ilin aprel ayından 10 il müddətinə etibarnamə vermişdi. Qeyd edilən torpaq sahəsi istifadə ilə bağlı dövlət tərəfindən ayrılmış subsidyanı da dayısı 3 (üç) il ərzində özü götürüb. Həmçinin dayısı həmin torpaq sahəsində 500 baş qoyun, 50 baş inək, 25 baş camış və həmin torpaq sahəsində olan yaşayış evinin içində 400-500 ədəd toyuq-cücə baxmışdır, həmçinin həmin evin əşyalarını aparmışdır. 2023-cü ilin yay aylarında dayısının özünə məxsus həmin torpaq sahəsini ona verdiyi etibarnamədən suiistifadə edərək öz adına sənədləşdirmək istəməsi barədə cəzaçəkmə müəssisəsində ona məlumat çatıb. Bunu eşidən kimi dərhal həmin gün etibarnaməni ləğv elətdirib. Həbsdən qayıdandan sonra dayısı ilə oturub haqq-hesab edərək ona məxsus torpaq sahəsindən və fındıq bağından əldə etdiyi gəliri hesablamaq istədikdə dayısı mübahisə edərək əvvəl ona 60000 manat borclu olduğunu, sonra isə 100000 manat pul borclu olduğunu bildirdi. Hazırda da dayısı ona məxsus olan və adına rəsmi olaraq sənədləşdirilmiş torpaq sahəsində həbsdə olduğu zaman ailə üzvləri tərəfindən əkilmiş qarğıdalı məhsulunu biçib özünə götürmək istəyir, lakin buna icazə vermir. Qeyd edilən 7,5 ha torpaq sahəsində 50 il müddətinə müvəqqəti istifadə hüququna dair rəsmi şəhadətnaməsi var.

12. İş materiallarında olan JN 9187 nömrəli, 40102048 kodlu “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamədən görünür ki, xx.xx.2006-cı ildə Balakən rayonu Roçəhməd Bələdiyyəsinin ərazisində olan 7.5 hektar ( 6.00 ha əkin, 1.50 ha çoxillik əkmələr) torpaq sahəsi heyvandarlıq və bitçikiliklə məşğul olmaq məqsədi ilə 50 il müddətinə X2 istifadəsinə verilmişdir.

13. İş materiallarında olan 632539 nömrəli xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, X6, Nümayəndə bütün əmlakından istifadə edilməsi barədə 10 il müddətinə etibarnamə vermişdir.

14. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(019)- 4/2023 nömrəli hökmündən görünür ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinmiş və ona 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzaçəkmənin əvvəli hökmdə göstərildiyi üzrə 18 iyun 2021-ci il tarixdən hesablanmışdır.

V. Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-cü maddəsinə əsasən Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.

VI. Məhkəmənin mövqeyi:

16. Məhkəmə qeyd edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

17. Belə ki, məhkəmə qeyd edir ki, iş üzrə iddiaçı iddiasında cavabdehə hissə-hissə olmaqla 2022-ci ilin əvvəlində 65000 manat, daha sonra isə 35000 manat olmaqla iş qurmaq məqsədi ilə borc pul verdiyini iddia edir. Bu hal iddiaçının Balakən Rayon Polis Şöbəsində verdiyi izahatda da öz əksini tapmışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(019)-4/2023 nömrəli hökmünə əsasən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinmiş və ona 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzaçəkmənin əvvəli 18 iyun 2021-ci il tarixdən başlanmışdır. Lakin iddiaçı irəli sürdüyü iddianı və onun əsasını təşkil edən faktları, dəlilləri, həmçinin qeyd etdiyi 100000 manat məbləğində pulu cavabdehə həbsdə olduğu dövrdə verməsi ilə bağlı hər-hansı bir sübut (müqavilə, akt, qəbz və.s) məhkəməyə təqdim etməmişdir. Nəticədə iddiaçı ilə cavabdeh arasında baş verdiyi iddia olunan borc münasibətlərinin həqiqiliyi sübuta yetirilməmişdir.

17. Beləliklə məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçı iddia etdiyi halları sübut etməli olduğu halda iddia dəlillərini sübut edə bilməmiş və bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbi isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

19. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı Nümayəndə cavabdeh X3 qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir.

20. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 390,41 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Vİl. Nəticə:

21. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddiaçı Nümayəndə cavabdeh X3 qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar