Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-486/2023 01.08.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Dadaşov Bəşir Mustafa oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “14000 manat məbləğində pulun, ödənilmiş 132 manat dövlət rüsumu və mediasiya arayışı üçün xərclənmiş 200 manat pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Şəki ŞRPŞ-nə ərizə ilə müraciət edərək Eldar adlı şəxsin onun etibarından sui istifadə edərək 14000 manatlıq mebeli ələ keçirdiyini bildirmişdir. İddiaçı ərizəsi əsasında Şəki ŞRPŞ tərəfindən araşdırma aparılmış və İddiaçı polis şöbəsinə verdiyi izahatında bildirmişdir ki, Şəki rayonunda mebel sexi var, sexdə müxtəlif çeşid yataq və qonaq dəsti istehsal edilir. 2021-ci ilin noyabr ayında Eldar onun sexinə gələrək mebel alıb aparmış və o vaxtdan onunla tanış olmuşdur. 2022-ci ilin yanvar ayında Eldar onun sexinə gəlib demişdir ki, onda model var, əgər həmin modeldən düzəltsə ayda 50 dəst aparıb sata bilər. Model xoşuna gəldiyi üçün razılaşmış, həmin modeldən istehsal etməyə başlamış və Eldar ayda 4-5 dəst mebeli aparıb Bakı şəhərində satdıqdan sonra pulunu vermişdir. İndiyə kimi Eldar ondan 30-35 dəst mebel aparmış, xx.xx.2022-ci il tarixdə Eldar mebel aparmaq üçün avtomobil göndərmiş, 2 dəst mebeli avtomobilə yükləyib Bakı şəhərinə Eldara göndərmişdir. xx.xx.2022-ci il tarixdə mebelin pulunu istəmək üçün Eldara zəng vurmuş, ancaq Eldar telefonu açmamışdır. Ümumilikdə Eldarın ona mebelin pulundan 14000 manat borcu qalmışdır. Aralarında heç bir rəsmi müqavilə olmasa da, Eldarın ondan nisyə mebel götürməsi barədə whatsapp yazışması vardır. Cavabdeh polis şöbəsinə verdiyi izahatında bildirmişdir ki, 2021-ci ilin noyabr ayında Şəki şəhərində mebel sexi olan Qurbanəli ilə tanış olmuş, həmin vaxt ondan mebel alıb aparıb Bakı şəhərində satmışdır. 2022-ci ilin yanvar ayında özündə olan mebel modelini götürüb Qurbanəlinin sexinə gəlmiş, Qurbanəliyə həmin modeldən düzəltsələr ayda 30 dəst sata biləcəyini demişdir. Qurbanəli ilə mebel dəstini 2700 manata razılaşmış, mebeldə problem olanda Qurbanəli detalını göndərmiş,cibindən xərc çəkərək mebel təmir etmişdir. Mebel təmirə yaramayanda Qurbanəliyə qaytarmışdır. Ümumilikdə indiyə kimi Qurbanəlidən 120 dəst mebel aparıb satmış, xx.xx.2022-ci il tarixdə Qurbanəli pulunu istəmiş, bu zaman o mebeldə problem olduğunu və hələ müştəriyə mebeli vermədiyini bildirmişdir. Qurbanəliyə 14000 manat borcu yoxdur, əksinə Qurbanəlinin ona borcu vardır. Cavabdeh əməlində Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibi olmadığından xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Şəki şəhərində mebel sexi işlədir, sözügedən mebel sexində müxtəlif çeşiddə yataq və qonaq dəstləri istehsal edilir. Cavabdeh 2021-ci ilin noyabr ayında gəlib mebel sexindən mebel alıb və o vaxtan bəri onunla tanışlıq yaranmışdır. Cavabdeh ayda təxminən 4-5 dəst mebeli nisyə alıb Bakı şəhərində satır, satıqdan sonra aldığı mebelin pulun verirdi. Cavabdeh təxminən 30-35 dəst nisyə mebel alıb. xx.xx.2022-ci il tarixində 2 ədəd dəst mebeli avtomobillə cavabdehə göndərmişdir. Bir müddət sonra cavabdeh zənglərə cavab verməmiş və pulu qaytarmaqdan yayınmağa başlamışdır. Cavabdehin ümumilikdə aldığı mebelər üçün 14000 manat borcu yığılmışdır. Bundan sonra Şəki ŞRPŞ-nə ərizə ilə müraciət etmiş, ərizəsi üzrə müvafiq material toplanmış, qərar qəbul edilmiş və cavabdehin ona borclu olduğu sübuta yetirilmişdir. Cavabdehin qanunsuz əməlləri üzrə toplanmış material yekunda Şəki ŞRPŞ-nin təhqiqatçısının xx.xx.2022-ci il tarixli qərarına əsasən onun barəsində cinayət işinin başlanması rədd edildiyindən və ona məhkəmədə mülki iddia qaldıra bilmək hüqüqu izah edildiyindən, o, pozulmuş hüquqlarının bərpası məqsədi ilə hazırda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, sübut qismində təqdim edilmiş whatsapp yazışmaları olan telefon xarab olmuşdur. Telefon təmir olunaraq həmin yazışmaların çap olunub məhkəməyə təqdim olunmasını hazırki vaxta qədər çatdıra bilmişlər. Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında mebel alqı-satqısı barədə münasibətlər olsa da, onun iddiaçıya heç bir borcu yoxdur. Əksinə mebellərin yararsız vəziyyətdə olan detallarını öz vəsaiti hesabına dəyişdiyini və daşıma xərclərini hesablasa iddiaçının ona 12000 manat borcu vardır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İlk öncə məhkəmə onu qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında yazılı müqavilə mövcud deyildir və tərəflər arasında yaranmış hüquq münasibətlərinin yaranması, bitməsi, şərtləri və öhdəliyin sair mühüm halları barədə məlumat əldə etmək mümkün deyildir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiaçı və cavabdehin istər Şəki ŞRPŞ-də, istərsə də hazırki məhkəmə araşdırması zamanı məhkəmə iclasında verdikləri izahatları ilə müəyyən olunur ki, müxtəlif vaxtlarda iddiaçı istehsal etdiyi mebel dəstlərini nisyə alqı-satqı qaydasında cavabdehə satmışdır. Lakin tərəflər arasında müqavilə mövcud olmadığından alqı-satqının hansı qaydada və hansı şərtlər daxilində aparıldığını müəyyən etmək mümkün olmamışdır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (Mülki məcəllə maddə 567, 600.1). İddianın hüquqi əsasında münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. Hazırki iş üzrə iddiaçı iddia tələbinin əsası kimi yalnız cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara və işin məhkəmə baxışı mərhələsində sübut qismində məhkəməyə təqdim edilmiş “whatsapp yazışmaları”na istinad edir. Cinayət işinin başlanması haqqında qərara münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı ərizəsində həmin qərarla cavabdehin ona 14000 manat borcunun olmasının təsdiq edildiyini bildirsə də, qərarın məzmunundan da göründüyü kimi, Cavabdeh polis şöbəsinə verdiyi izahatında borcu qəbul etməmiş, əksinə iddiaçının ona borcu olduğunu bildirmiş, habelə onun əməlində Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, istintaq orqanında Cavabdeh iddiaçıya hər hansı borcunun olması sübuta yetirilməmiş, yalnızca tərəflərin izahatı alınaraq cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa məhkəmə işin məhkəmə baxışı mərhələsində sübut qismində təqdim edilmiş “whatsapp yazışmaları”na münasibətdə qeyd edir ki, bunlar işin məhkəmə baxışı zamanı təqdim olunduğundan və təqdim olunmamasının üzürlü səbədləri məhkəməyə təqdim olunmadığından sübut qismində qəbul lunmur. Bundan başqa istinad olunan yazışmalar kağız daşıyıcıda yazılan yazıdan ibarət olmaqla istər qanunvericiliklə müəyyən edilmiş qaydada, istərsə də cavabdeh tərəfindən hər hansı üsullarla təsdiq edilmədiyindən və bununla qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermədiyindən məhkəmə həmin yazıları sübut qismində qəbul edə bilməz. Bundan başqa, həmin yazıların məhz cavabdeh tərəfindən yazılması da öz təsdiqini tapmır. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, öz tələbinin əsaslılığını sübutetmə vəzifəsi iddiaçının üzərinə düşməsinə baxmayaraq iddiaçı iddianın hüquqi əsasını təşkil edən sübutları təqdim edə bilmədiyindən və iddia tələbi iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada əsaslandırılmadığından iddia rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından iddianın qiymətinə əsasən (14000 manat) ödənilməli dövlət rüsumu 132 manat olmalıdır. İddia tələbi rədd edildiyindən həmin dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Bu baxımndan iddiaçı mediasiya ilə bağlı xərci ödədiyindən məhkəməyə rüdüm ödəmədən müraciət etmək hüququnu əldə etmiş və iddia tələbi rədd olunduğundan ödənilməmiş dövlət rüsumu ondan tutulmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzinə münasibətdə isə məhkəmə qeyd edir ki, 132 manat məbləğində dövlət rüsumu Şəki Kommersiya Məhkəməsinin deyil, Şərur Rayon Məhkəməsinin hesabına ödənilmişdir. Bundan başqa hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən də iddiaçı həmin rüsum qəbzindən istifadə etməmiş və qərardaddan şikayət verilən şikayətlər üzrə işdə iştirak edən şəxslər seçməklə rüsumdan azad olduğunu bildirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı rüsumdan azad olmamaqla Şəki Kommersiya Məhkəməsinin hesabına işə baxılması ilə əlaqədar 132 manat məbləğində dövlət rüsumu ödəməlidir. Eyni zamanda iddiaçı tərəfindən ödənilmiş 200 manat mediasiya xərci iddia tələbi rədd olunduğundan cavabdehdən tutulmamaldır. Nəticəvi hissə: İddiaçı Cavabdeh qarşı “14000 manat məbləğində pulun, ödənilmiş 132 manat dövlət rüsumu və mediasiya arayışı üçün xərclənmiş 200 manat pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia rədd edilsin. İddiaçı 132 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə (Şəki Kommersiya Məhkəməsinin hesabına) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-486/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-486/2023
01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver