Məhkəmə qərarları › İş №e-2-2(117)-49/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-49/2022

16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-49/2022 16.03.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “2200 manat icarə borcu, 3620 manat icarə haqqının ödənilməyən günlərinə görə hesablanmış cərimə borcu və 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İcarəyəverən "xxxx" ASC ilə icarəçi Cavabdeh arasında bağlanmış 01.11.2018-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 3889,3 m2 qeyri-yaşayış sahəsinin 221,42 m2 anbar hissəsi 06 ay müddətinə cavabdehin icarəsinə verilmiş və aylıq icarə haqqı 500 manat məbləğində müəyyən edilmişdir. İcarəçi Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş icarə haqqı borcu qalmışdır ki, iddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı icarə müqaviləsinə xiram verilməsi və 2400 manat icarə, 3620 manat icarə haqqının ödənilməyən günlərinə görə hesablanmış cərimə borclarının, 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi, habelə icarə müqaviləsinə xitam verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, 15.03.2022-c il tarixli ərizə ilə iddia həcmini azaldaraq 2200 manat icarə borcu, 3620 manat icarə haqqının ödənilməyən günlərinə görə hesablanmış cərimə borcu və 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, 16.03.2022-ci il tarixli məhkəmə iclasının protokol qərarı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi 15.03.2022-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış müqavilə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1, 700.2. 710.1. 710.3). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, icarəyəverən "xxxx" ASC ilə icarəçi Cavabdeh arasında bağlanmış 01.11.2018-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 3889,3 m2 qeyri-yaşayış sahəsinin 221,42 m2 anbar hissəsi 06 ay müddətinə cavabdehin icarəsinə verilmiş və aylıq icarə haqqı 500 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh hazırda icarəyə verilmiş qeyri-yaşayış sahəsindən istifadəni davam etdirir və məhkəmə araşdırması dövründə iddiaçının bildirməsinə görə 200 manat pul ödəmişdir. İcarəçi Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən məhkəmə onun ödənilməmiş 2200 manat icarə haqqı borcu qalmışdır ki, həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh isə iddia qarşı münasibət bildirməmişdir. Bundan başqa məhkəmə iddianın 3620 manat cərimə borcunun cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə onu qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh icarə haqqını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksəkdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.5-ci bəndinə əsasən icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 1 % məbləğində cərimə ödəyir. Məhkəmə dəbbə pulunun artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, cavabdehdən əsas borcun 10 faizi həddində 200 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 01.10.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 01.10.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (2200 manat + 3620 manat) ödənilməli dövlət rüsumu 78,20 manat olmalıdır ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilən hissəsinə mütənasib olaraq 32,25 manat cavabdehdən, 45,95 manat iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda 100 manat mediasiya xərci iddiaçı tərəfindən ödənildiyindən və iddiaçı mediasiya xərcini cavabdehdən tələb etdiyindən 100 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 100 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, 32,25 manat dövlət büdcəsinə və iddiaçıdan 45,95 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə, qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 100 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 45,95 manat dövlət rüsumu çıxılmaqla 54,05 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 45,95 manat hissəsi isə cavabdehdən tərəfindən ödənilməli olan 32,25 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 78,20 manat dövlət rüsumu bütöv şəkildə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2200 manat icarə haqqı borcu, 200 manat icarə haqqının ödənilməyən günlərinə görə hesablanmış cərimə borcu və 54,05 manat mediasiya xərci cavabdehdən tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh ödənilməmiş 78,20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar