Məhkəmə qərarları › İş №e-2-2(117)-49/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-49/2023

10.01.2023 · Xususi icraat - Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-49/2023 10.01.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, Ərizəçi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (Maraqlı şəxs) “xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq ediməsi” barədə müraciətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: "xxxx" ASC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2018-ci il tarixli 625-GL/18 nömrəli lizinq müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 12500 manat olan kənd təsərrüfatı texnikalarını lizinqə götürmüş, müqaviləyə uyğun cavabdeh tərəfindən ilkin ödəniş edilmiş, qalan məbləği isə müqaviləyə uyğun ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış, "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığın, damazlıq heyvanların kənd təsərrüfatı istehlakçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. Maraqlı şəxs ödənilməmiş borcu qaldığından tərəflər arasında mübahisə yaranmış, mediasiya təşkilatına müraciət edilmiş və xx.xx.2022-ci il tarixdə Bakı şəhərində təşkil edilmiş mediasiya sessiyası nəticəsində 11760 manat gecikdirilmiş borcun və 8490,72 manat cərimə məbləğinin ödənilməsi barədə tələb üzrə tərəflər arasında barışıq sazişi imzalanmışdır. Sazişin 1.1-ci bəndinə əsasən Maraqlı şəxs saziş imzalandıqdan sonra 10 gün müddətində xx.xx.2018-ci il tarixli 625-GL/18 nömrəli müqavilə üzrə yaranmış 11760 manat gecikdirilmiş borcu ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən Aqrar Kredit və İnkişaf Agentliyi müqavilə üzrə saziş imzalandığı günə qədər hesablanmış 8490,72 manat cərimə məbləğinin hesablanmamasına razılıq verir. 1.3-cü bəndinə əsasən Maraqlı şəxs sazişin 1.1-ci bəndində göstərilən məbləği 10 gün müddətində tam ödəmədiyi təqdirdə Aqrar Kredit və İnkişaf Agentliyi sazişin 1.2-ci bəndində göstərilən şərtləri icra etməməyə haqlıdır. 1.4-cü bəndinə əsasən sazişin 1.1-ci bəndində göstərilən hal baş vermədiyi təqdirdə Aqrar Kredit və İnkişaf Agentliyi müqavilə üzrə yaranmış 11760 manat gecikdirilmiş borcun və ona dair hesablanmış 8490,72 manat cərimə məbləğinin dövlət büdcəsinə geri qaytarmaq üçün aidiyyəti məhkəməyə müraciət edir. 2-ci bəndinə əsasən sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur. 5-ci bəndinə əsasən saziş əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. 6-cı bəndinə əsasən tərəflər sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə o cümlədən sazişin könüllü icrasından boyun qaçırmağa görə əldən çıxmış fayda istisna olmaqla qarşı tərəfə vurulmuş real zərəri ödəməyə borcludur. 8-ci bəndinə əsasən sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Saziş tərəflərin, o cümlədən Bakı şəhəri Nəsimi rayonunda fəaliyyət göstərən mediator X1 tərəfindən imzalanmaqla mediatorun möhürü ilə təsdiq edilmişdir. Maraqlı şəxs tərəfindən sazişin şərtləri yerinə yetirilmədiyindən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2018-ci il tarixli 625-GL/18 nömrəli müqaviləyə əsasən borclu kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Maraqlı şəxs müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə maraqlı şəxsin maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 625-GL/18 nömrəli müqavilə üzrə 11760 manat gecikdirilmiş borcu və 8490,72 manat cərimə borcu yaranmışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya sessiyası keçirilmiş, tərəflər arasında 24 oktyabr 2022-ci il tarixdə barışıq sazişi bağlanılmış, Maraqlı şəxs sazişin imzalanmasından sonra 10 gün müddətində xx.xx.2018ci il tarixli 625-GL/18 nömrəli müqavilə üzrə yaranmış 11760 manat gecikdirilmiş borc məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin müddət keçsə də, onun tərəfindən borc ödənilməmişdir. Gecikdirilmiş 11760 manat borc məbləği sazişdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyindən, maraqlı şəxsin sazişin müvafiq bəndlərinə əsasən digər öhdəlikləri də yaranmışdır. Maraqlı şəxs elektron kabinet vasitəsilə ərizələrlə məhkəməyə müraciət edərək ondan tələb olunan pul məbləğindən 2763 manat məbləğində pulu tam şəklində ödədiyini və həmin məbləğin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, işə əlavə edilmiş maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixdən sonrakı xx.xx.2022-ci il tarixdə maraqlı şəxs tərəfindən 2760 manat ödəniş edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, ərizəçinin nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, maraqlı şəxs bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Ərizəçi tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Müqavilə, Maliyyə arayışı, Saziş və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 3.4-cü maddəsinə əsasən barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. 4.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 55- 25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4cü maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, "xxxx" ASC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2018-ci il tarixli 625-GL/18 nömrəli lizinq müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 12500 manat olan kənd təsərrüfatı texnikalarını lizinqə götürmüş, müqaviləyə uyğun cavabdeh tərəfindən ilkin ödəniş edilmiş, qalan məbləği isə müqaviləyə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Maraqlı şəxs ödənilməmiş borcu qaldığından tərəflər arasında mübahisə yaranmış, mediasiya təşkilatına müraciət edilmiş və xx.xx.2022-ci il tarixdə Bakı şəhərində təşkil edilmiş mediasiya sessiyası prosesində 11760 manat gecikdirilmiş borcun və 8490,72 manat cərimə məbləğinin ödənilməsi barədə tələb üzrə tərəflər arasında barışıq sazişi imzalanmışdır. Saziş Maraqlı şəxs tərəfindən könüllü icra edilmədiyindən ərizəçı hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir və ərizə əsaslıdır. Belə ki, saziş qanunvericiliyin tələbinə zidd olmamaqla təsdiq edilməsindən imtina edilməsi üçün əsas yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməklə tərəflər arasında imzalanmış barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa məhkəmə maraqlı şəxs tərəfindən 2760 manat ödəniş edilməsi və ödənişin nəzərə alınması ilə bağlı onu qeyd edir ki, barışıq sazişindən görünür ki, maraqlı şəxs 10 gün müddətində 11760 manat gecikdirilmiş borc məbləğini ödəməli idi. Hazırki vaxta həmin məbləğ tam şəkildə ödənilmədiyindən məhkəmə hesab edir ki, barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən icra edilməmişdir. Bu səbəbdən də məhkəmə hazırki mediasiya sazişinin təsdiq edilməsi ilə bağlı mübahisəyə mahiyyəti üzrə baxaraq hüquqi qiymət vermişdir. 2760 manat məbləğində ödənişin nəzərə alınması isə icra mərhələsində həll olunmalı məsələdir.. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Ərizə təmin edildiyindən və ərizəçi büdcə təşkilatı olaraq rüsum ödəməkdən azad edildiyindən ödənilməmiş 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Aqrar Kredit və İnkişaf Agentliyi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində Bakı şəhərində bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 100 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada şikayət verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar