Məhkəmə qərarları › İş №e-2-2(117)-490/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-490/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-490/2023 06.06.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qeyri Bank Kredit X1 Müəssisəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada **********5351 nömrəli kredit müqaviləsi üzrə 821,37 manat əsas borc, **********1218 nömrəli kredit müqaviləsi üzrə 1245,89 manat əsas borcun və ödənilmiş 60 manat mediasiya xərcinin tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı QBKT MMM cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehlərdən müştərək qaydada **********5351 nömrəli kredit müqaviləsi üzrə 821,37 manat əsas borc, **********1218 nömrəli kredit müqaviləsi üzrə 1245,89 manat əsas borcun və ödənilmiş 60 manat mediasiya xərcinin tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QBKT MMM ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********1218 nömrəli kredit müqaviləsinə əsasən kredit verən Cavabdeh2 18 ay müddətinə illik 23,37 faiz dərəcəsi ilə biznes məqsədləri, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 1250 ABŞ dolları məbləğində pul vəsaitini verməyi, sonuncu isə verilmiş krediti, həmin kreditə əsasən hesablanmış faizləri və digər ödənişləri vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli **********5351 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh2 18 ay müddətinə illik 23,37 faiz dərəcəsi ilə biznes məqsədləri, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 1250 manat məbləğində pul vəsaitini verməyi, sonuncu isə verilmiş krediti, həmin kreditə əsasən hesablanmış faizləri və digər ödənişləri vaxtında iddiaçıya ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 1.5-ci bəndinə əsasən kredit üzrə faktiki illik faiz dərəcəsi 25 % təşkil edir. 4.1-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi dövriliyi və qaydası tərəflər arasında yazılı formada razılaşdırılmış və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilir. 7.1-ci bəndinə əsasən bu müqavilə tərəflər imzaladığı andan qüvvəyə minərək kredit alanın krediti, hesablanmış faziləri və digər müqavilə üzrə nəzərdə tutulan ödənişləri tam surətdə ödəyib qurtaranadək qüvvədə qalır. xx.xx.2016-cı il tarixli **********1218 nömrəli kredit müqaviləsinin restruktrurizasiyasına dair saziş üzrə kreditin məbləği 0,00001 % dərəcəsi ilə 1620 manat, ödənilməli müddət isə 20 ay müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixli **********5351 nömrəli kredit müqaviləsinin restruktruzasiyasına dair saziş üzrə kreditin məbləği 12,5 % dərəcəsi ilə 1068 manat, ödənilməli müddət isə 20 ay müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi Cavabdeh1 xx.xx.2015-ci il tarixli **********1218 nömrəli və xx.xx.2015-ci il tarixli **********5351 nömrəli kredit müqavilələrində zamin qismində işdə iştiraka cəlb olunmuşdur. Həmin müqavilələrin 1.1-ci bəndinə əsasən zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 3.4.1-ci bəndinə əsasən faizlərin borc tutulması üzrə məhkəmə və nümayəndəlik xərclərinin və kredit alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredit verənə dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kredit verən qarşısında kredit alanla eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, Cavabdeh2 öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun hər iki müqavilə üzrə müvafiq olaraq 821,37 manat və 1245,89 manat ödənilməmiş əsas borcu qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehlərə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 kredit öhdəliyini yerinə yetirmədiyindən onun əsas borcu yaranmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun mövcudluğu iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışları ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi xx.xx.2023-cü il tarixdə Cavabdeh1 Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetində yerləşdirilməsinə, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqavilələri, maliyyə arayışları, hesabdan çıxarış, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı QBKT MMM ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********1218 nömrəli kredit müqaviləsinə əsasən kredit verən Cavabdeh2 18 ay müddətinə illik 23,37 faiz dərəcəsi ilə biznes məqsədləri, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 1250 ABŞ dolları məbləğində pul vəsaitini verməyi, sonuncu isə verilmiş krediti, həmin kreditə əsasən hesablanmış faizləri və digər ödənişləri vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli **********5351 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh2 18 ay müddətinə illik 23,37 faiz dərəcəsi ilə biznes məqsədləri, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 1250 manat məbləğində pul vəsaitini verməyi, sonuncu isə verilmiş krediti, həmin kreditə əsasən hesablanmış faizləri və digər ödənişləri vaxtında iddiaçıya ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 1.5-ci bəndinə əsasən kredit üzrə faktiki illik faiz dərəcəsi 25 % təşkil edir. 4.1-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi dövriliyi və qaydası tərəflər arasında yazılı formada razılaşdırılmış və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilir. 7.1-ci bəndinə əsasən bu müqavilə tərəflər imzaladığı andan qüvvəyə minərək kredit alanın krediti, hesablanmış faziləri və digər müqavilə üzrə nəzərdə tutulan ödənişləri tam surətdə ödəyib qurtaranadək qüvvədə qalır. xx.xx.2015-ci il tarixli **********1218 nömrəli kredit müqaviləsinin restruktrurizasiyasına dair saziş üzrə kreditin məbləği 0,00001 % dərəcəsi ilə 1620 manat, ödənilməli müddət isə 20 ay müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixli **********5351 nömrəli kredit müqaviləsinin restruktruzasiyasına dair saziş üzrə kreditin məbləği 12,5 % dərəcəsi ilə 1068 manat, ödənilməli müddət isə 20 ay müəyyən edilmişdir. İddia tələbi üzrə borcun zamin Cavabdeh1 da tutularaq ödənilməsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, xx.xx.2016-cı il tarixli kredit müqavilələrinin restrukturizasiyasına dair sazişlərin 3-cü bəndinə əsasən borcun ödənilməsi üçün sonuncu müddət 20 ay müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir...... Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verildiyindən kredit borcunun zamindən tutularaq ödənilməsi əsassızdır. Belə ki, iddia tələbi zəminliyin verilmə müddətinin bitməsindən sonra zaminə qarşı yönəlmişdir və zaminliyə qanunun tələbinə əsasən verilmə müddətinin keçməsi ilə əlaqədar xitam verildiyindən zamindən pul tutula bilməz. Eyni zamanda zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda da xitam verilir ki, hazırkı iş üzrə öhdəliyin icrası müddəti xx.xx.2017-ci il tarixdə qurtarmış və Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsinin tələbi baxımından belə zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət xx.xx.2018-ci il tarixdə bitmişdir. Odur ki, məhkəmə hesab edir ki, zamindən pulun tutulması üçün qanuni əsas mövcud olmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Cavabdeh2 öhdəliyini lazımınca yerinə yetirməmiş, həmçinin hazırki iddia tələbinə hər hansı etirazını, iddiaçı tərəfindən təqdim edilmiş sübutları təkzib edəcək sənədləri məhkəməyə təqdim etməmişdir. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, iddia tələbi borcun zamin Cavabdeh1 tutulması hissəsində rədd edilməli, Cavabdeh2 **********5351 nömrəli kredit müqaviləsi üzrə 821,37 manat və **********1218 nömrəli kredit müqaviləsi üzrə 1245,89 manat əsas borc məbləğlərinin tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Məhkəmə qeyd edilən Fərmanın tələblərini hazırkı kredit müqaviləsinə münasibətə tətbiqi baxımından qeyd edir ki, qeyd edilən kredit müqaviləsi üzrə kredit problemli kreditdir. Lakin, iddiaçı qeyd edilən Fərmanın tələbləri baxımından cavabdehə münasibətdə hər hansı faiz borcu tələb etməmiş və kredit müqaviləsinin restruktrizasiya müqavilələrini isə 1 faiz, hətta ondan aşağı faizlə müqaviləni bağlamışdır. Ona görə də məhkəmə qeyd edilən Fərmanın hazırkı kredit münasibətlərinə tətbiq edilməsinə ehtiyac duymur. Çünki cavabdehin qanuni maraqları iddiaçı tərəfindən pozulmamışdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (2067,26 manat) ödənilməli dövlət rüsumu 40,67 manat olmalıdır. İddia təmin edildiyindən 40,67 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə, həmçinin iddiaçı onun tərəfindən ödənilmiş 60 manat mediasiya xərcini cavabdehdən tələb etdiyindən həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 **********5351 nömrəli kredit müqaviləsi üzrə 821,37 manat əsas borc, **********1218 nömrəli kredit müqaviləsi üzrə 1245,89 manat əsas borc və 60 manat məbləğində mediasiya xərci tutularaq idddiaçı İddiaçı Qeyri Bank Kredit X1 Müəssisəsinin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 40,67 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar