Məhkəmə qərarları › İş №e-2-2(117)-492/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-492/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-492/2023 31.05.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən 3450,49 manat əsas borc, gecikdirilmiş dövr üçün 28 manat, 60 manat mediasiya xərcinin və hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat məbləğin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehdən 3450,49 manat əsas borc, gecikdirilmiş dövr üçün 28 manat, 60 manat mediasiya xərcinin və hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat məbləğin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə 16954 nömrəli diler müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə özünə məxsus olan malları verməyi, diler isə öz növbəsində həmin malların satışını həyata keçirməklə onların dəyərini distribütordan təhvil aldığı vaxtdan 30 gün ərzində distribütora ödəməyi öhdəsinə götürmüşdür. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmışdır. xx.xx.2022-ci il tarixli üzləşmə aktından görünür ki, xx.xx.2021-ci il tarixə cavabdehin iddiaçı təşkilata 14105,49 manat borcu mövcuddur. Həmçinin həmin akt üzrə cavabdeh borcu iddiaçının ilk yazılı tələbilə geri qaytarmalıdır. İş materiallarına əlavə olunan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən edilən ödənişlərdən sonra Cavabdeh İddiaçı QSC-nə borcu xx.xx.2023-cü il tarixinə 3450,49 manat təşkil edir. İddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət etmiş, cavabdeh borcunu ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən ödənilməmiş borcu qalmışdır. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə ödənilməmiş 3450,49 manat əsas borcu yaranmışdır ki, iddiaçı həmin borc məbləğinin və gecikdirilmiş dövr üçün 28 manat ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə göndərilməsinə baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara diler müqaviləsi, maliyyə arayışı, üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarına əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 567, 600). Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə 16954 nömrəli diler müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə özünə məxsus olan malları verməyi, diler isə öz növbəsində həmin malların satışını həyata keçirməklə onların dəyərini distribütordan təhvil aldığı vaxtdan 30 gün ərzində distribütora ödəməyi öhdəsinə götürmüşdür. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmışdır. xx.xx.2022-ci il tarixli üzləşmə aktına əsasən xx.xx.2021-ci il tarixə cavabdehin iddiaçı təşkilata 14105,49 manat borcu olmuşdur. Həmçinin həmin akt üzrə cavabdeh borcu iddiaçının ilk yazılı tələbi ilə geri qaytarmalı idi. Həmin akt tərəflərin imzası ilə təsdiq olunmuşdur. Bununla yanaşı, cavabdeh müəyyən dövrlərdə ödənişlər etmişdir ki, həmin ödənişlər nəzərə alınmaqla sonuncu xx.xx.2023-cü il tarixə olan maliyyə arayışından müəyyən olunur ki, cavabdehin İnteqral QSC-yə ödəməli olduğu borc məbləği 3450,49 manat təşkil edir. Cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən ödənilməmiş 3450,49 manat əsas borcu yaranmışdır ki, iddiaçı həmin borc məbləğinin tutulmasını tələb etməkdə haqlıdır. İddia tələbinin “gecikdirilmiş dövr üçün 28 manat ödənilməsi”nə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi, iddiaçı əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb edə bilər. Hazırki iş üzrə iddiaçı tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilmiş qaydada hər hansı faiz və ya cərimə (dəbbə pulu, penya) məbləği tələb etməmişdir ki, belə olan halda gecikdirilmiş vaxt üçün faiz tələb edə bilər. Belə ki, iddiaçı başqa əsasdan, yəni müqavilə əsasından çıxış edərək daha böyük məbləğ tələb edə bilməsə də, iddiaçı qeyd edilən məbləği tələb etdiyindən və məhkəmənin iddia tələbindən kənara çıxmaq hüququ olmadığından məhkəmə hesab edir ki, iddia tələbi qiymət verilən hissədə təmin edilməlidir. Bundan əlavə, iddiaçı hüquqi xidmətlərə görə 300 manat məbləğində vəsaitin cavabdehdən tutulmasını tələb edir. MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, hüquqi xidmətə görə 100 manat pul məbləğinin iddiaçının xeyrinə cavabdehdən tutulması qanuni və ədalətli qəbul edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 58,38 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən həmin dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin iddiaçı tərəfindən tələb olunan 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3450,49 manat əsas borc, gecikdirilmiş dövr üçün 28 manat, 60 manat mediasiya xərci və hüquqi xidmət göstərilməsi üçün 100 manat məbləğin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilməli 58,38 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar