Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-497/2021 09.09.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, cavabdeh Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “230 302,46 manat borcun və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə cavabdeh arasında cavabdehin xidmət ərazisinə elektrik enerjisinin verilməsi ilə bağlı elektrik enerjisinin alqı-satqısına dair 07.01.2020-ci ildə 010480 nömrəli birtipli müqavilə bağlanmış və ona **********5 nömrəli abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş elektrik enerjisinin dəyərini ödəmədiyindən hesabında debitor borc yaranmış və yaranmış borc ödənilməmişdir. Cavabdehin 230 302,46 manat borcunun olması abunə haqqında saldo ilə öz təsdiqini tapır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən elektrik enerjisindən istifadəyə görə yaranmış 230 302,46 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi S.Ağayev məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Abonent kodu **********5 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 230 302,46 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 230 302,46 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. Odur ki, “Enerjitəchizatı müəsisəsi ilə istehlakçı (qeyri-əhali) arasında elektrik enerjisinin alqı-satqısı barədə” müqavilə ilə tənzimlənir və cavabdeh tərəf həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Z.Əliəkbərli məhkəmə iclasında verdiyi izahatında iddia tələbinə etiraz edərək bildirdi ki, 2013-cü ilin yanvarın 1-dən Şəki şəhərindəki bağçalar cavabdehin balansına verilmişdir. Həmin tarixdən mütəmadi olaraq elektrik enerjisindən istifadəyə gprə ödənişləri etmişlər və bugunkü tarixə borcları qalmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: alqı-satqı müqaviləsi, ödəniş cədvəli, abunə haqqında məlumatlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Cavabdeh Başçısının 30.12.2012-ci il tarixli 1/431 nömrəli sərəncamından görünür ki, 01.01.2013-cü il tarixdən şəhərdə fəaliyyət göstərən 28 uşaq bağçası, körpələr evi-uşaq bağçası və uşaq evi Cavabdeh tabeliyinə verilmişdir. Şəki şəhəri üzrə maliyyə şöbəsinin 01.01.2013-cü il tarixdən 01.07.2021-ci il tarixədək olan dövrdə Şəki şəhər ərazisində fəaliyyət göstərən 28 uşaq bağçası, körpələr evi-uşaq bağçaları tərəfindən istifadə edilən elektrik enerjisinin dəyərinin ödənilməsi barədə arayışdan görünür ki, həmin dövrdə 188 152,75 manat elektrik enerjisindən istifadə olunmuş və dəyəri tam ödənilmişdir. "xxxx" ASC-nin bağçalar üzrə abunəliyi haqqında sistemdən çıxarışdan görünür ki, 12.04.2021-ci il tarixə **********5 abonent kodu üzrə 87780,72 manat sayğacın göstəricilərinə əsasən+213 866, 72 manat aktlar əsasında elektrik enejisindən istifadə borcu yaranmış, həmin borcun 71 344,98 manatı ödənilmiş, 230 302,46 manat borc qalmışdır. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Məhkmə araşdırması zamnaı müəyyən edildi ki, Cavabdeh və onun tabeliyinə (balansına) 01.01.2013-cü il tarixdən verilmiş Şəki şəhərində fəaliyyət göstərən uşaq baxçaları, uşaq evi və körpələr evi-uşaq baxçalarının elektrik enerjisindən istifadəsinə görə borcu yaranmışdır. Qeyd edilən müəsissələrlə birlikdə cavabdehin abonent kodu **********5 nömrə ilə qeydə alınmışdır. İddiaçı tərəfindən təqdim edilən 01.01.2000-01.05.2017-ci il tarxlər üzrə abonentin ödəniş və sərfiyyatı haqqında məlumat arayışından görünür ki, qeyd edilən müəssissələr Cavabdeh balansına təhvil verilən vaxt ümumilikdə borc məbləği 183541,33 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 56.1-ci maddəsinə əsasən hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. 57.1-ci maddəsinə əsasən təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları”nın: 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 8.14-cü bəndinəəsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında cavabdehin xidmət ərazisinə elektrik enerjisinin verilməsi ilə bağlı elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanmış və cavabdehə abonent kodu verilmişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirərək abonenti elektrik enerjisi ilə təchiz etmiş, cavabdeh üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyindən borcu yaranmışdır. Belə ki, abunə haqqında saldo ilə müəyyən edilir ki, cavabdehin ödənilməmiş 230302,46 manat borcu qalmışdır. Lakin iddiaçı həmin məbləğdən yalnız 11 642,47 manat borcun ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə 06.07.2021-ci il tarixdə müraciət etmiş, qanunvericiliyin tələbinə əsasən (MM-in 551.2-ci maddəsinə) 5 il əvvəlki tarixə, yəni 01.07.2016-cı il tarixə (iddiaçı tərəfindən təqdim edilən 08.09.2021-ci il tarixli 21/16-021 nömrəli maliyyə arayışına əsasən) cavabdehin borcu 218659.99 manat olmuş və qeyd edilən borc üzrə tələbetmə müddəti keçmişdir. MM-in 551.2-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. İlk öncə məhkəmə qeyd edir ki, bu müddət iddia müddəti deyil, qanunvericiliyin vaxtaşırı ödəmələrlə bağlı müəyyən etdiyi tələbetmə müddətidir. Odur ki, bu kimi hallarda həmin müddətin tətbiq edilməsi qanunvericiliyin birbaşa tələbidir və cavabdehin bu müddətin tətbiqi ilə bağlı ərizə verməsinə ehtiyac yoxdur. İş materiallarından görünür ki, iddiaçı 06.07.2021-ci il tarixdə məhkəməyə müraciət etdiyindən, iddiaçı yalnız 06.07.2016-06.07.2021-ci illər arasında dövr üzrə yaranan borc məbləğini tələb edə bilər. İddiaçı tərəfindən təqdim edilən maliyyə arayışına əsasən tələb edilən 230302,46 manat ümumi borcdan 01.07.2016-cı il tarixə olan 218659.99 manat borc çıxıldıqdan sonra qalan 11 642,47 manat borc hissəsində iddia tələbi əsaslıdır, tələb qalan hissədə isə əsassızdır. Azərbacyan Respublikası Ali Məhkəməsinin 12.09.2018-ci il tarixli 2-2(102)-312/2018 nömrəli qərarında elektrik enerjisindən istifadə edilməsi nəticəsində yaranan, lakin vaxtı keçmiş debitor borcların tələb edilməsi və silinməsinə dair iddiada hazırkı iş üzrə tətbiq ediən MM-in 551.2-ci maddəsinin tələblərinin nəzərə alınmalı olmasını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edilsə də, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdehndən 11 642,47 (on bir min altı yüz qırx iki manat qırx yeddi qəpik) borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdehndən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-497/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-497/2021
09.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver