Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-50/2023 15.02.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Dadaşov Bəşir Mustafa oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “i7/21 nömrəli icarə müqaviləsi üzrə yaranmış 14323,58 manat borcun və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İcarəyəverən "xxxx" ASC ilə icarəçi Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli i7/21 nömrəli icarə müqaviləsinə əsasən "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3495,35 m2 qeyri-yaşayış binası 5 (beş) il müddətinə bu müqavilənin şərtləri çərçivəsində cavabdehin icarəsinə verilmiş və aylıq icarə haqqı müqavilə müddətinin 1-ci ili ərzində 3000 manat, növbəti illərdə isə 4000 manat müəyyən edilmişdir. İcarə müqaviləsinə 1 nömrəli əlavə ilə müəyyən olunur ki, qeyri-yaşayış sahəsi icarəyəverən tərəfindən təhvil verilmiş və icarəçi həmin qeyri-yaşayış sahəsini xx.xx.2021ci il tarixdə icarəyə qəbul etmişdir. İcarəçi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək icarə haqqını tam ödəməmiş və nəticədə 14323,58 manat ödənilməmiş borcu qalmışdır. İcarəçi 14323,53 manat borcunun olduğunu etiraf etməklə, ilkin olaraq 4323,58 manat ödəməyi, 5 ay müddətində isə qalan 10000 manat məbləği ödəməyi öhdəsinə götürmüş və bununla bağlı tərəflər arasında xx.xx.2022-ci il tarixdə R2/22 nömrəli razılaşma imzalanmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh arasında iddiaçıya məxsus olan daşınmaz əmlakın 5 illik icarəyə verilməsi haqqında müqavilə bağlanməşdır. Birinci il üçün 3000 manat sonraki illər üçün isə hər ay 4000 manat məbləğində aylıq icarə haqqı müəyyən olunmuş və cavabdeh bu icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Bir müddət sonra cavabdeh öz üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o 2018-ci ildə həmin obyekti icarəyə götürmüş və həmin obyekti 3 il işlətmişdir. Bundan sonra məlum pandemiya baş vermiş və düzgün fəaliyyət göstərə bilməmişdir. Daha sonra 2021-ci ilin oktyabr ayında müqavilə bağlamışdır. 2022-ci ilin yanvar ayının 14-də bir Lənkəran sakini ona yaxınlaşaraq demişdir ki, bu obyekti Əmlak Komitəsindən icarəyə götürüb. Nəticədə o obyektdən çıxmışdır. Bununla bağlı o 16 yanvar tarixində iddiaçıya və Əmlak Komitəsinə rəsmi müraciət etmişdir. Lakin ona bir cavab verilməmışdır. O, həmin obyektin təmir işlərinə 100000 manatdan çox pul xərcləmişdir. O icarəyə verilən obyektdən 2022-ci ilin aprel ayının 7-si tamamilə çıxmışdır. Mövcud olan borcla bağlı ödəniş etmişdir, qəbzləri də vardır. Korporasiya tərəfindən ona bildirdilmişdir ki, 2-3 ay obyektdən istifadə etsin və icarə haqqı onun əvəzindən yeni icarədar tərəfindən ödəniləcəkdir. Borcunun olduğuna dair protokolu özü imzalamışdır. Razılaşmanı iddiaçı tərəfindən obyektin onda qalacağı barədə söz verildiyi üçün imzalamış və sonra bu vədə əməl edilməmişdir. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Hüquqların Dövlət qeydiyyatından çıxarış, Tərəflər arasında bağlanmış müqavilə, Müqaviləyə 1 nömrəli Əlavə, Borcun etirafı və ödənilməsinə dair razılaşma və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1, 700.2. 710.1. 710.3). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, icarəyəverən "xxxx" ASC ilə icarəçi Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli i7/21 nömrəli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 3495,35 m2 qeyri-yaşayış binası 5 (beş) il müddətinə bu müqavilənin şərtləri çərçivəsində cavabdehin icarəsinə verilmiş və aylıq icarə haqqı müqavilə müddətinin 1-ci ili ərzində 3000 manat, növbəti illərdə isə hər ay 4000 manat müəyyən edilmişdir. İcarəçi həmin qeyri-yaşayış sahəsini xx.xx.2021-ci il tarixdə icarəyə qəbul etmiş, lakin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək icarə haqqını tam ödəməmiş və nəticədə 14323,58 manat ödənilməmiş borcu qalmışdır. İcarəçi 14323,53 manat borcunun olduğunu etiraf etməklə, ilkin olaraq 4323,58 manat ödəməyi, 5 ay müddətində isə qalan 10000 manat məbləği ödəməyi öhdəsinə götürmüş və bununla bağlı tərəflər arasında xx.xx.2022-ci il tarixdə R2/22 nömrəli razılaşma imzalanmışdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında da, borcunun olmasını, raazılaşma protokolu ilə razılaşaraq razılaşmanı imzaladığını təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2.1, 445.2.2, 448.1, 448.2). Göründüyü kimi tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri formalaşmış, iddiaçı müqavilə öhdəliyini yerinə yetirərək icarə predmetini cavabdehə təhvil versə də cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımında icra etməmiş və nəticədə tələb olunan məbləğdə borcu qalmışdır. Cavabdehin borcun etirafına dair yazılı öhdəliyi və məhkəmə iclasında razılaşmanının onun tərəfindən imzalandığına dair etirafı borcun mövcudluğunu təsdiq edir ki, cavabdeh borcu ödədiyini iddia etsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bundan başqa cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, 2021-ci ilin yanvar ayının 14-də ona başqa şəxs tərəfindən icarəsində olan qeyri-yaşayış sahəsini Əmlak Məsələləri Dövlət Xidmətindən icarəyə götürüdüyü bildirmiş və bundan sonra o, iddiaçıvə digər qurumlara mçüraciət etsə də müraciətləri cavablandırılmamışdır. Bundan sonra o, 7 aprel 2021-ci il tarixdə qeyri-yaşayış sahəsini tərk etmişdir. Korporasiya tərəfindən ona bildirdilmişdir ki, 2-3 ay obyektdən istifadə etsin və icarə haqqı onun əvəzindən yeni icarədar tərəfindən ödəniləcəkdir. Göründüyü kimi iddiaçının izahatından bəlli olduğu kimi, o, icarə haqqı ödəməmiş və nəticədə xx.xx.2021-ci il tarixdə borcun etirafı və ödənilmə qaydasına dair iddiaçı ilə razılaşmanı imzalayaraq borcunun olmasını etiraf etmiş və həmin tarixdən sonra borcun ödənilməsini təsdiq edən sübutlar mövcud deyildir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı öhdəliklərini lazımınca yerinə yetirmiş, müqavilədə qeyd olunmuş icarə obyekti cavabdehə təhvil verilmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş 14323,58 manat icarə haqqı borcu qalmışdır ki, həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (14323,58) ödənilməli dövlət rüsumu 132,97 manat olmalıdır ki, iddia təmin edildiyindən 132,97 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda 200 manat mediasiya xərci iddiaçı tərəfindən ödənildiyindən və iddiaçı mediasiya xərcini cavabdehdən tələb etdiyindən 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 14323,58 manat icarə haqqı borcu və 200 manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Cavabdeh ödənilməmiş 132,97 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-50/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-50/2023
15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver