Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-501/2023 13.06.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh İB-nə qarşı “2700 manat əsassız borcun silinməsi və mediasiya xərci olaraq ödənilmiş 60 manat rüsumunun cavabdehdən alınaraq ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə Cavabdeh İB arasında Qəbələ rayonu Zarağan kəndində yerləşən qeyriyaşayış obyektinə (xxxx istirahət mərkəzi) qazın verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə AMX-1267/20 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış və cavabdehə abonent kodu verilmişdir. Cavabdeh İB-nə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müqavilə şərtlərinə əməl olunması ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarış (yoxlama kodu KY2********) verilmiş və çıxarışda yoxlamanın plandankənar yoxlamanın təyin edilməsi üçün əsas kimi sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin, sayğacdankənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi göstərilmişdir. Çıxarışa əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı istifadəsində Qəbələ rayonu Zarağan kəndində yerləşən qeyri-yaşayış sahəsinə (xxxx istirahət mərkəzi) baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, sayğacın hesablama mexanizminin alt hissəsində dəlik vardır. Eyni zamanda sayğacın göstərcisinin oxunması zamanı sayağcdankənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar edilməmişdir. Müəyyən edilmiş hallarla bağlı xx.xx.2022-ci il tarixli protokol, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli akt və xx.xx.2022-ci il tarixli yoxlama aktı tərtib edilərək imzalar və möhürlə təsdiq edilmişdir. Bundan sonra sayğac xx.xx.2022-ci il tarixdə laboratoriya şəraitində Metrologiya Departamenti tərəfindən yoxlanılmaqla sayğacın hesablama mexaniziminin plasmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi, xətaların normaya uyğun olmaması, sayğaca müdaxilə olunması, yararsız olması müəyyən edilərək qeyri-əhalı qaz sayğacının yoxlanması haqqında MS-29/1640-01772-02 nömrəli akt tərtib edilmiş və akt xx.xx.2022-ci il tarixdə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh İB tərəfindən İddiaçı barəsində təbi X1 pozulması haqqında ******* nömrəli akt tərtib edilmiş və dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən çıxarılmış sayğacın nominal qazburaxma qabiliyyəti 6 kub m., günlük iş rejimi 20 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq itirilmiş qazın dəyəri 10800 kub.m – 2700 manat müəyyən edilmişdir. İddiaçı akt əsasında ona hesablanmış borcun silinməsi ilə bağlı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, obyektinə təbii qazın verilməsi üçün Azəriqaz İB-nə müraciət edərək lazımı sənədləri hazırlamış, bundan sonra aralarında alqısatqı müqaviləsi bağlanılmaqla təbii qaz təchizatı həyata keçirilmişdir. Aylıq istifadə olunan qazın dəyəri təqdim edilən hesab faktura əsasında tam şəkildə ödənilməkdədir və heç bir borcu olmamışdır. Lakin sonuncu dəfə təqdim edilmiş hesab fakturada 2700 manat borc olduğu göstərilmiş və bildirilmişdir ki, həmin borc ödənilmədiyi halda sahənin qaz təminatı dayandırılacaqdır. Yerli qaz idarəsi ilə əlaqə saxlayarkən ona qeyri yaşayış sahəsinin bir neçə ay öncə sökülən sayğacın yoxlama zamanı nasaz olduğu müəyyən edildiyi və bu səbəbdən cəriməyə əsasən borc yarandığı bildirilmişdir. ********** nömrəli vergi qeydiyyatında olan sahibkar kimi bugünə kimi Azəriqaz İB ilə borcla bağlı heç bir anlaşılmamazlıq olmamışdır, hər ay da ödənişlər edilmişdir. Məhkəməyə qədər qarşı tərəfə məktublar göndərilsə də,eyni zamanda mediasiya prossesinin tətbiqi barədə təklif göndərilməsinə baxmayaraq heç bir münasibət bildirilməmişdir. Bundan əlavə xx.xx.2023ci il tarixdə ilkin mediasiya sessiyası keçirilsə də, cavabdeh təşkilat iştirak etməmiş və bu barədə MŞŞ/MT018-2023-2260saylı arayış verilmiş, ilkin mediasiyanın keçirilməsi ilə bağlı 60 manat rüsum ödənilmişdir. Müəssisədə qazdan istifadə ilə bağlı heç bir halda kənarlaşmalar olmamış və hər ay istifadə edilən qazın dəyəri ödənilmişdir. Bundan əlavə aparılmış yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununlarının və “X2”nın tələblərinə uyğun aparılmamışdır. Cavabdeh İB elektron kabinet vasitəsilə iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı adına rəsmiləşdirilmiş **********00045 saylı qaz hesabında 2821,80 manat borc vardır. Həmin borcun 121,80 manat hissəsi sayğac üzrə, 2700 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı akta əsasən hesablanmış borcu mübahisələndirməkdədir. xx.xx.2022-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamalrın vahid məlumat reyestrindən çıxarışına əsasən Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən iddiaçının istifadəsində olan G6 markalı 28261576 nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə 28261576 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən Metrologiya Departamentinin xx.xx.2022-ci il tarixli 29/1710-01772-1 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qapağının alt hissəsi deşici alətlə deşilib (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii X1 pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz sayğacın nominal qaz buraxma qabiliyyəti 6m3 orta günlük iş rejimi 20 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 10800 m3 (2700 manat) həcmində müəyyən edilmişdir. Mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “X2”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. Nəzərinizə çatdırıram ki, istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Göstərilənlərə əsasən iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili Vəkil xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin etirazına münasibətdə bildirmişdir ki, məhkəməyə təqdim edilən sənədlərdən göründüyü kimi aparılan yoxlama və onun nəticəsindəki sənədləşmələr tamamilə qanunsuzdur. Belə ki, cavabdeh təşkilat qeyri yaşayış sahəsinin yoxlamanın aparılması ilə bağlı heç bir sənəd, o cümlədən xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək yoxlama aparılması üçün sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış verilməmişdir. Bundan başqa təqdim olunan sənədlərə nəzər yetirdikdə görünür ki, cavabdeh təşkilat 29 avqust 2022-ci il tarixdə qeyri yaşayış sahəsində yoxlama aparmış, qaz cihazlarına baxış keçirilmiş və sonda təbii X1 pozulması haqqında akt tərtib etmişlər. Həmin aktda da görünür ki, cavabdehin nümayəndələri xx.xx.2022-ci il tarixdə TQİQ-nə riayət olunması yoxlanılmışdır. Həmin xx.xx.2022-ci il tarixdə tərtib edilən 347640 nömrəli akt əsasında Zaqatala RQİİ xx.xx.2022-ci il tarixdə qərar verərək 2700 manat cərimə tətbiq etmişdir. Göründüyü kimi, mübahisələndirilən 2700 manat borc yoxlamanın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli 347640 nömrəli akt əsasında yazılmış və dövr cavabdehin təqdim etdiyi xx.xx.2022-ci il tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamalrın vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama dövürünü, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrün təsir dairəsinə düşmür. Ona görə də aparılan yoxlama tamamilə qanunsuz olmuş, eyni zamanda aparılan yoxlamalarda faktiki olaraq İddiaçı iştirak etməmiş və ya dəvət edilməmişdir. Təqdim edilən sənədlərdə X3 göstərilmişdir ki, bu şəxsin İddiaçı məxsus qeyri yaşayış sahəsi ilə heç bir əlaqəsi yoxdur. Bundan əlavə cavabdehin baxış keçirdiyi sayğac qeyri yaşayış sahəsindən kənar açıq şəraitdə quraşdırılmış və onun texniki cəhətdən saz vəziyyətdə işləməsi qaz paylayıcısının məsuliyyəti dairəsindədir və ona görə fiziki şəxs kimi istehlakçı yolda olan sayğaca cavabdehlik daşımır. İddiaçı mübahisəli sayğaca heç bir halda müdaxilə etməmişdir və çöldə olan sayğacı kimsə yararsız etməsi mümkündür. Odur ki, cavabdehin etiraz ərizəsində göstərdikləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncuya elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixdə məhkəmə bildirişi təqdim olunmuş və sonuncu xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə etirazını və etirazının hüquqi əsasını təşkil edən sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: abonentin saldosu, Aktlar, Dəymiş ziyanla bağlı tələbnamə, Protokol, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Əvvəla məhkəmə onu qeyd edir ki, mübahisə predmeti olan 2700 manat borc sayğac göstəricisinə əsasən istehlak edilmiş təbii qazın dəyəri olmamaqla akt əsasında cavabdehə hesablanmış borc məbləğidir ki, bu işin mübahisələndirilməyən halıdır. İddianın hüquqi əsasına qiymət verən məhkəmə ilk öncə onu qeyd edir ki, Cavabdeh İB tərəfindən İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsində (xxxx istirahət mərkəzi) quraşdırılmış qaz sayğacına keçirilmiş baxış və aparılmış yoxlama qanunvericiliyin tələbinə uyğun olmuşdur. Belə ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə xidmət edən qaz sayğacına keçirilmiş baxış və ya yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun təsir dairəsinə daxildir və vahid məlumat reyestrində qeydiyyata alınmalıdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-nə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müqavilə şərtlərinə əməl olunması ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarış (yoxlama kodu KY2********) verilmiş və çıxarışda yoxlamanın plandankənar yoxlamanın təyin edilməsi üçün əsas kimi sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin, sayğacdankənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi göstərilmişdir. Göründüyü kimi, Cavabdeh İB tərəfindən aparılmış yoxlama qanuni olmuşdur. İddiaçının vəkilinin “Azəriqaz İB-nin 29 avqust 2022-ci il tarixdə qeyri yaşayış sahəsində yoxlama aparması, qaz cihazlarına baxış keçirilməsi və sonda təbii X1 pozulması haqqında akt tərtib etməsi, 2700 manat borcun xx.xx.2022-ci il tarixli 347640 nömrəli akt əsasında yazılması və həmin dövrün cavabdehin təqdim etdiyi xx.xx.2022-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama dövrünün təsir dairəsinə düşməməsi” ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan yoxlamanın aparılmasına dair tərtib edilmiş protokol və sayğacın dəyişdirilməsi barədə akt avqust ayında deyil, yoxlamanın aparılması üçün icazə verilmiş müddətdə, yəni xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan da göründüyü kimi, Azəriqaz İB-nə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yoxlama aparılmasına icazə verilmişdir. Yoxlamadan sonra tərtib edilmiş laboratoriya aktı və digər sənədlərə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin sənədlər artıq yerində yoxlama bitdikdən sonra çıxarılmış sayğaca keçirilmiş baxış nəticəsində müəyyən edilmiş halların nəticəsində tərtib edilmiş sənədlərdir ki, həmin sənədlərin avqust ayında, yəni yoxlama bitdikdən sonra tərtib edilməsi qanunvericiliyin tələbinə zid deyildir. Yoxlama nəticəsində müəyyən edilmiş hallar, tərtib edilmiş akt və hesablanmış ziyana münasibətdə məhkəmə qeyd edir ki, akt tərtib edilərkən “X2”nın pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntu (sayğacın çıxış plasmas borusunun deşilməsi) istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. Belə ki, dəymiş ziyanın bərpasına dair tələbnamədə dəymiş ziyanın bərpasına əsas kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 1.3 bəndinə uyğun olaraq bağlanmış qazın alqısatqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərinə əsasən, ititirlmiş qaz bərpa edilməlidir. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi qazpaylayıcıya o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, “X1” 2.2.5-ci bəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İB tərəfindən fiziki şəxs (fərdi sahibkar) İddiaçı istifadəsində Qəbələ rayonu Zarağan kəndində yerləşən qeyri-yaşayış sahəsinə (xxxx istirahət mərkəzi) xidmət edən qaz sayğacına laborotoriya baxışı keçirilmişdir. Sayğacın hesablama mexaniziminin plasmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi müəyyən edilərək, bununla bağlı akt tərtib edilmişdir. İtirilmiş qaz 10800 m3 olmaqla dəyəri 2700 manat məbləğində müəyyən edilərək abonentə dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir. “X1” 4.8-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fərdi sahibkar olan iddiaçının istifadəsində olan qeyri-yaşayış binasına xidmət edən qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır. Bundan başqa məhkəmə onu da qeyd edir ki, iddiaçı qazpaylayıcı tərəfindən həqiqətən də sayğacda qüsur aşkar edilməsi də iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, qüsurları əks etdirən akt və digər sənədlər abonentin şəxsən özü tərəfindən imzalanmamış, Yediyar islamov adlı şəxs tərəfindən imzalanmışdır ki, sonuncunun da abonentin nümayəndəsi olmasını təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir və iddiaçının vəkili ərizəsində həmin şəxsin iddiaçı ilə heç bir əlaqəsi olmadığını bildirmişdir ki, cavabdeh bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda aşkar edilmiş pozuntularla bağlı digər sübutetmə vasitələri (foto, video çəkiliş və s.) məhkəməyə təqdim edilməmiş və cavabdehin qurumu olan laborotoriyada sayğaçın yoxlanılması zamanı iddiaçının iştirakının təmin edilməsi ilə bağlı görülən tədbirlər barədə sübutlar mövcud deyildir ki, digər sübutetmə vasitələri olmadan cavabdehin qurumu olan laborotoriyanın rəyi mötəbər deyildir. Belə ki, laborotoriya cavabdehin qurumudur və sonuncunun mənafeyinə uyğun rəy verə bilməsi mümkündür. Bundan əlavə Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Göründüyü kimi, tərtib edilmiş aktın bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edilməli və istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki iş üzrə isə qanunvericiliyin sadalanan tələblərinə iddiaçı tərəfindən əməl edilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yoxlama qanuni şəkildə aparılsa da, sayğacda qüsur, pozuntu aşkar edilməsi, əlavə olaraq sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, hətta qüsurların aşkarlanması həqiqiqəti əks etdirsə belə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından borcun hesablanmasına dair Azəriqaz İB-nin hərkətləri qanunsuz olmuşdur. Bu səbəbdən də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 47 manat təşkil edir. İddia tələbi təmin edildiyindən Cavabdeh İB tərəfindən 47 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı təbii qazın itkisinə görə hesablanmış 2700 manat manat borc silinsin. Cavabdeh İB-dən 60 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh İB-dən ödənilməmiş 47 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-501/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-501/2023
13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver