Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-502/2020 18.12.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “3852,54 manat əsas borc, 2361,11 manat məbləğində faiz, 2361,11 manat cərimə məbləğinin, cəmi 8574,76 manat məbləğində kredit borcunun və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka qoyulmuş Cavabdeh2 məxsus Yevlax şəhəri, Füzuli küçəsi 18 saylı evin 23 nömrəli mənzilinə yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borunun ödənilməsinə yönəldilməsi, mənzilə tutma yönəldildikdə və satışdan bir ay sonra Cavabdeh2 həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, evdən çıxarılması və evin boşaldılması, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 115.N2004.181214.00001 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 heyvandarlığın inkişafı məqsədilə istifadə müddəti 36 ay olan 15000 manat kredit verilmiş, borcalan Cavabdeh1 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə vaxtı keçmiş kredit üzrə 50 % faiz ödəyir. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2014-cü il tarixli 115.CL.181214.00001/d nömrəli ipoteka müqaviləsində göstərilmiş Cavabdeh2 mülkiyyətində olan Yevlax şəhəri Füzuli küçəsində yerləşən 18 nömrəli binanın 2-ci mərtəbəsində 2 otaqlı 23 nömrəli mənzili ipoteka predmeti kimi qəbul olunmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. İddiaçı ləğv prosesində olan “xxxx” ASC cavabdehin ödənilməmiş 3852,54 manat əsas borcun, 2361,11 manat məbləğində faizin, 2361,11 manat cərimə məbləğinin, cəmi 8574,76 manat məbləğində kredit borcu olduğunu əsas gətirərək borcun ödənilməsi, borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi, evin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “xxxx” ASC 2019-cu ildə hazırkı iş üzrə eyni predmet, eyni əsas və eyni tərəflərin iştirak etdiyi iddia üzrə Yevlax Rayon Məhkəməsinə müraciət etmiş, həmin Məhkəmənin qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, qeyd edilən ekspert rəyi Şəki Kommersiya Məhkəməsinin sorğusuna əsasən tələb edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 1715 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən xx xxxxxx 2014-cü il tarixli 115.LN.2004.181214.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2018-c il tarixinə əsas borcu 522,33 manat, faiz borcu 38,67 manat təşkil edir. Həmin iş üzrə iddia Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(039)- 287/2019 nömrəli qərardadı ilə baxılmamış saxlanmışdır. Təqdim edilən xx.xx.2020-ci il tarixli xxxx ASC-nin Yevlax rayon filialına edilən ödəniş qəbzundən müəyyən edilir ki, həmin bankın hesabına borclu Cavabdeh1 tərəfindən 523 manat ödəniş edilmişdir. İşin məhkəmə araşdırması zamanı “X3” MMC tərəfindən təqdim edilmiş mənzilin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan Yevlax şəhəri Füzuli küçəsində yerləşən 18 nömrəli binanın 2-ci mərtəbəsində 2 otaqlı 23 nömrəli mənzilinin xx xxxxxx 2020-ci il tarixə likvid dəyərinin 29000 manat müəyyən edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və tələblərinin təmin edilməsini xahiş etmiş, cavabdehlər isə məhkəmə iclasında iştirak etməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, İpoteka müqaviləsi, bildiriş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, ödəniş cədvəli, məhkəmə-müsibatlıq ekspertizasının rəyi, xx.xx.2020-ci il tarixli ödəniş qəbzi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 115.N2004.181214.00001 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Q,Muradxanova heyvandarlığın inkişafı məqsədilə istifadə müddəti 36 ay olan 15000 manat kredit verilmiş, borcalan Cavabdeh1 kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalsa da, son məhkəmə iclasındək borcunu tam ödəmişdir. Məhkəmə ilkin olaraq Yevlax Rayon Məhkəməsinin eyni iş üzrə əldə etdiyi məhkəməmühasibatlıq ekspertizasının rəyini hazırkı iddia üzrə təkzibolunmaz sübut olaraq qəbul edir. Belə ki, qeyd edilən rəyi şübhə altına alan və təkzib edən alternativ sübut mövcud deyildir. Qeyd edilən ekspert rəyi və Cavabdeh1 tərəfindən kredit borcu üzrə edlən ödənişlər münasibət bildirilməsi üçün iddiaçı tərəfə təqdim edilmiş, eyini zamanda elektron kabinetə yerləşdirilmiş, qeyd edilən sübutlara iddiaçı hər hansı münasibət bildirməmişdir. Əsas borclu qeyd edilən məhkəmə-mühasibatlıq ekspertizasının rəyində müəyyən edilən əsas borc məbləği olan 522,33 manat məbləği tam ödəmişdir. İddia tələbinin müqavilə müddəti üçün hesablanmış 2361,11 manat məbləğində faizin, 2361,11 manat cərimə məbləğinin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində faiz borcunun 38,67 manat təşkil etməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi faiz borcu və cərimə borcu hissələrində rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx xxxxxx 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə X2 Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Məhkəmə həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab edir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki artıq Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(107)-42/2020 nömrəli qətnaməsində göstərilən hüquqi mövqe hazırkı iş üzrə də tətbiq edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi faiz və cərimə məbləğinin ödənilməsi hissəsində rədd edilməlidir. Blə ki, xx.xx.2020-ci il tarixə kredit borcunun Restrukturizasiyası ilə bağlı Mərkəzi Bankın verdiyi sənəddə Resturikturizasiya məbləği 3852,54 manat müəyyən edilmiş, lakin iş üzrə əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının rəyində qeyd edilən əsas borc məbləğinin 522,33 qəpik müəyyən edilmiş, həmin əsas borc isə cavabdeh tərəfindən ödənilmişdir. Bundan başqa məhkəmə iddia tələbinin tutmanın Cavabdeh2 mülkiyyətində olan Yevlax şəhəri Füzuli küçəsində yerləşən 18 nömrəli binanın 2-ci mərtəbəsində 2 otaqlı 23 nömrəli mənzilə yönəldilməsi, evin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka predmetinin mülkiyyətçisinin həmin mənzildən istifadə hüququnun itirilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ödənilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, məhkəmə əsas, faiz və cərimə borcunun olmaması qənaətinə gəldiyindən ipteka predmetinə yönəldilmə ilə bağlı hazırkı tələblərin də mövcud olmaması səbəbindən həmin tələblər də təmin edilməməlidir. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı “X3” MMC tərəfindən təqdim edilmiş mənzilin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan Yevlax şəhəri Füzuli küçəsində yerləşən 18 nömrəli binanın 2-ci mərtəbəsində 2 otaqlı 23 nömrəli mənzilinin likvid dəyəri 29000 manat müəyyən edilmişdir. Xidmət haqqının dəyərinin 150 manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyi üçün ödənilmiş 30.40 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün məhkəmənin təşəbbüsü ilə aparılmış tədqiqatın dəyəri olan 150 manat pul iddiaçı və əsas borclu olan Cavabdeh1 bərabər tutularaq “X3” MMC -nin hesabına ödənilməlidir. Nəticəvi hissə: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “3852,54 manat əsas borc, 2361,11 manat məbləğində faiz, 2361,11 manat cərimə məbləğinin, cəmi 8574,76 manat məbləğində kredit borcunun və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka qoyulmuş Cavabdeh2 məxsus Yevlax şəhəri, Füzuli küçəsi 18 saylı evin 23 nömrəli mənzilinə yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borunun ödənilməsinə yönəldilməsi, mənzilə tutma yönəldildikdə və satışdan bir ay sonra Cavabdeh2 həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, evdən çıxarılması və evin boşaldılması, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi” tələbi rədd edilsin. Ödənilmiş 30,40 manat dövlət rüsumu iddiaçı ləğv prosesində olan “xxxx” ASC-yə aid edilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 manat pulun 75 manatı “xxxx” ASC-dən və 75 manatı Cavabdeh1 oğlundan tutularaq “X3” MMC-nin “xxxx” ASC-də bank hesabına (h/h – AZ30GUNA********************, m/h – AZ25NABZ********************, kod – 505594, swift – GUNAAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-502/2020
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-502/2020
18.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver