Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-503/2025 20.11.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13600 manat borcun, 131 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs X2 şəhər sakinidir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. İçki məsullarını satışı ilə məşğul idi. Hazırda fəaliyyət göstərmir. Cavabdeh xeyli müddətdir ki, tanıyır. Yaxşı münasibəti olmuşdur. İçki satışını dayandırmağını bilib, özünə deyib ki, məhsullarını tanışları vasitəsi ilə satdıracaq. Coşqun özündən 13600 manat dəyərində içki məhsulları götürdü. Qeyd etdiyi kimi, içki məhsullarının satışı ilə məşğul deyil. Bir neçə dəfə Coşqunla əlaqə saxlayıb, borcunu ödəməyi təklif etdi. Dəfələrlə müraciət edib, söhbət etməyinə baxmayaraq müxtəlif bəhanələrlə 13600 manat borcunu ödəməkdən yayınır. Cavabdeh 13600 manat borcunun olmasını etiraf edir, bununla bağlı öz xətti ilə qəbz yazıb imzalamışdır. 1 ildən artıqdır ki, borcunu ödəmədiyi üçün məcbur olub məhkəməyə müraciət etməli olub. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, preteziya məktubu cavabdehin ünvanına poçt vasitəsilə göndərilmişdir.
3. Cavabdeh xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı tərəfindən əleyhinə qaldırılmış 13,600 manat məbləğində borc tələbi ilə bağlı iddia əsasızdır və sübutsuzdur. İddia yalnız bir əl yazması əsasında irəli sürülmüşdür. Əl yazmasının tərəfindən imzalandığını, borcun həqiqətən mövcud olubolmadığı yadında deyil və ümumiyyətlə həmin sənədin imzası özünə aid deyil. Borc faktı ilə razı deyil. İddiaçının təqdim etdiyi sənədin heç bir hüquqi qüvvəsi yoxdur və hər hansı etibarlı sübut təqdim olunmayıb. Qanunvericiliyin tələblərinə əsasən, belə tələblər yalnız konkret sübutlar əsasında irəli sürülə bilər. 2017-ci ildən etibarən Azərbaycanda elektron qaimə-faktura sistemi məcburu hala gəlib. Bu, Nazirlər Kabinetinin 14 fevral 2017-ci il tarixli 38 nömrəli qərarı ilə təsdiqlənmiş “Elektron qaimə-faktura haqqında əsasnamə” yə əsasən həyata kecirilir. Yəni spirtli içkilərinin satışı hər iki sahibkarın tərəflər arası müqavilə ilə elektron qaimə faktura ilə satılması məcburidir. İddiaçı tərəfindən təqdim olunmuş qəbz sənədi sadəcə qeyri-rəsmi, ümumi bir izahat xarakteri daşıyır və bu sənəddə nisyə mehsulun verilməsinə dair heç bir qəbz, bank çıxarışı və ya alqı satqı müqaviləsi təqdim olunmamışdır. Məhsulun təhvil-təslim aktı, müqaviləsi və kommersiya əsaslı sənədi yoxdur. Sənəd təkbaşına borclu olduğunu sübut etmir. Qəbzdə qeyd olunan “məhsul amışam” ifadəsi borcun hüquqi əsasını təsdiq etmir. Bu cür qeyri-rəsmi yazılı sənədin əsasında borc öhdəliyi yarana bilməz. Həmin məbləğdə məhsul almayıb və iddiaçının bunu sübut etməsi üçün hüquqi əsasları mövcud deyil. Qeyd olunanlara əsasən iddiaçı tərəfdən məhsulun verilməsi faktının sübut olunmamasını nəzərə alınmasını və qarşı tərəfin təqdim etdiyi qəbzin hüquqi əsaslarının olmamasına və iddianın əsassızlığına görə iş üzrə icraata xitam verilməsini və yuxarıda göstərilənlərə əsasən, iddianın rədd edilməsini və özünə qarşı irəli sürülmüş borc tələbinin təmin olunmamasını xahiş etmişdir. II. Tərəflərin mövqeləri:
4. İddiaçı məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, Mingəçevirdə sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. İçki məhsullarının satışı ilə məşğul idi. Hazırda fəaliyyət göstərmir. Cavabdeh mağazadan 400 manatlıq məhsul götürüb satırdı. Goranboyda marketi fəaliyyət göstərdiyini bildirdi. Özündən 17000 manata yaxın məhsul götürdü, pulu 6 aya hissə -hissə ödəyəcəyini öhdəsinə götürdü. Daha sonra bildirdi ki, məhsullar bahalı idi deyə satılmır. Hər ay 500 manat ödəyəcəyini söz versə də, lakin borcunu ödəmədi. Sonradan Coşqun ilə birlikdə Goranboya gedib. Market sahibi məhsulları satdığını və pulu Coşquna verdiyini dedi. Coşqun özünə ev tikdirdi, maşın aldı. Coşquna deyib ki, ev tikirsən, maşın alırsan, bəs borcu niyə ödəmirsən. Deyib ki, ödəyəcək. Lakin borcu ödəmir. iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı və Cavabdeh arasında 2023-cü il tarixdə şifahi alqı-satqı razılaşması olmuşdur. Belə ki, həmin şifahi razılaşmaya əsasən iddiaçı cavabdehə mülkiyyətində olan içki məhsullarının satmağı, cavabdeh isə öz növbəsində həmin məhsulları qəbul edib dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında razılaşma şifahi formada olmuş, məhkəməyə bununla bağlı heç bir yazılı müqavilə təqdim edilməmişdir.
8. İş materiallarında Cavabdeh tərəfindən imzalanaraq təsdiq edilən xx.xx.2023-cü il tarixli qəbzdə qeyd edilmişdir ki, “Mən Cavabdeh bu qəbzi verirəm əvvəllər tanıdığım şəxs və bir yerdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğumuz İddiaçı ondan ötrü ki, ondan içki məhsulları götürmüşdüm, ona olan borcumu tam ödəyə bilməmişəm hazırda İddiaçı 13600 manat borcum vardır. Maddi imkanım olmadığı üçün ödəyə bilməmişəm. Yaxın vaxtlarda ödəyəcəm.” Qeyd olunan qəbz Cavabdeh tərəfindən imzalanmışdır.
9. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş materiallarında olan xx.xx.2023-cü il tarixli yazılı qəbzin aşağı hissəsində olan “X8” yazısının qarşısındakı imzanın Cavabdeh məxsus olub-olmamasını aydınlaşdırmaq məqsədi ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.
10. Qeyd olunan ekspertizanın aparılması məqsədi ilə ekspertiza mərkəzindən Cavabdeh məxsus imza nümunələrini əks etdirən sənədlərin, həmçinin bir neçə sənəddə imza nümunələrinin ekspertə təqdim edilməsi xahiş edilmiş və həmin vəsatətin icrası ilə əlaqədar qeyd olunan sənədlər Cavabdeh tələb edilmişdir. Cavabdeh tərəfindən bununla bağlı bir neçə sənəd məhkəməyə təqdim edilmiş və həmin sənədlər məhkəmə tərəfindən ekspertiza mərkəzinə göndərilmiş və tədqiqat həmin sənədlər əsasında aparılmışdır.
11. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 4/1184 nömrəli rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 39-cu vərəqində olan xx.xx.2023-cü il tarixli “qəbz”-in sonunda “X8” yazılarının qarşısında olan imza ilə mülki işin 54-55-ci vərəqlərində olan 29 may 2025-ci il tarixli “etiraz ərizəsinin” 2-ci vərəqinin aşağı hissəsində “hörmətlə” qrafasında olan imzanın eyni şəxs tərəfindən icra olunub olunmaması tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı.
12. Şəki Kommersiya Məhkəməsi tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla müraciət olunaraq, təkrar ekspertizanın aparılması məqsədi ilə ona məxsus imza nümunələrinin götürülməsi üçün Şəki Kommersiya Məhkəməsinin inzibati binasına gəlməsi xahiş edilmiş, lakin Cavabdeh imza nümunələrinin alınması üçün Şəki Kommersiya Məhkəməsinin inzibati binasına gəlməmişdir.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, X7bəylə onu 2007-ci ildə dayısı tanış edib. 2008-ci ildən 2019-cu ilədək X7bəyin mağazasında işləyib. Həmin mağazadan Cavabdeh 18000 manat məbləğində mal götürmüşdür. Daha sonra Cavabdeh çətinlik çəkdiyini söylədi və 3000 manat məbləği X7bəy ona güzəşt etdi. 18000 manat məbləğində malın qalıq borcu 15000 manat məbləğinə müəyyən edildi. Cavabdeh malı götürüb lakin heç bir ödəniş etməyib.
V. Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 329.1-ci maddəsinə əsasən Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 567-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Vİ. Məhkəmənin mövqeyi:
15. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
16. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
17. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında şifahi alqı-satqı razılaşması bağlanmışdır. Belə ki, həmin şifahi razılaşmaya əsasən iddiaçı cavabdehə mülkiyyətində olan içki məhsullarını satmağı, cavabdeh isə öz növbəsində həmin məhsulları qəbul edib dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bu hal iş materiallarında olan sənədlərlə öz təsdiqini tamışdır.
18. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən imzalanaraq təsdiq edilən xx.xx.2023-cü il tarixli qəbzdə, Cavabdeh iddiaçı ilə aralarında spirtli içkilərin alqı-satqısı münasibətinin baş verməsini və iddiaçıya bundan irəli gələn 13600 manat borcunun olmasını qeyd etmişdir. Bu da tərəflər arasında şifahi razılaşmanın olduğunu və iddiaçının cavabdehə bu razılaşmadan irəli gələn 13600 manat borcunun olduğu faktını təsdiq etmişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və cavabdehdən şifahi razılaşma üzrə 13600 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
20. Məhkəmə Cavabdeh tərəfindən verilmiş etiraza münasibətdə qeyd edir ki, cavabdeh etirazında şifahi razılaşma üzrə ona məhsulun verilmədiyini və məhsulu almadığını qeyd etsə də bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir.
21. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin etirazının dəliləri məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən öz təsdiqini tapmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin etirazı əsassızdır.
23. Əlavə olaraq məhkəmə şahid ifadəsinə münasibətdə qeyd edir ki, şahid ifadəsi o zaman sübut qismində qəbul edilməsi qanunauyğundur ki, həmin şahid ifadəsi iş materiallarında olan əsas sübutlarla təsdiq edilmiş olsun və onlarla ziddiyət təşkil etməsin.
24. Hazırki şahid ifadəsinə gəldikdə məhkəmə qeyd edir ki, şahid ifadəsində cavabdehin iddiaçıya borclu olması halı göstərilmiş və bu hal həmçinin iş materiallarında olan sübutlarla da öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, şahid ifadəsi sübut qismində qəbul edilməlidir.
25. Bundan başqa məhkəmə iş materiallarında olan xx.xx.2025-ci il tarixli 4/1184 nömrəli espert rəyinə münasibətdə qeyd edir ki, həmin rəyin araşdırılması zamanı müəyyən olur ki, rəydə məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş suallara uyğun araşdırma aparılmış lakin, cavablandırılması müəyyən səbələrə görə ekspert tərəfindən mümkün olmadığı qeyd edilmişdir. Nəticədə rəy məhkəmə tərəfindən araşdırılması zəruri olan halları özündə əks etdirməmişdir. Bu səbəbdən həmin rəyə məhkəmə tərəfindən sübut kimi qiymət verilməsi mümkün olmamışdır.
26. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
27. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə disk təqdim edilmiş, lakin texniki səbəblərdən həmin diski məhkəmə iclasında tədiqiq etmək mümkün olmamışdır.
28. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 131 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
29. Qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 13600 manat məbləğində borc və 131 manat ödənilmiş dövlət rüsumuna görə pul tutularaq İddiaçı ödənilməlidir.
30. Həmçinin məhkəmə ekspert rəyində olan 125 manat ekspet xərcinin tərəflərə aid edilməsi məsələsinə münasibətdə qeyd edir ki, ekspert rəyi, qeyd edildiyi kimi məhkəmə tərəfindən araşdırılması zəruri olan halları özündə əks etdirməmişdir. Nəticədə rəy məhkəmə tərəfindən sübut qismində qəbul edilməmişdir. Bu səbəbdən də həmin rəy üzrə xərcin tərəflərə aid edilməsi qanunamüvafiq deyildir.
Vİl. Nəticə:
31. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 13600 manat məbləğində borc və 131 manat ödənilmiş dövlət rüsumuna görə pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova