Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-505/2025 05.05.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada 4297.39 manat əsas borc, 641.08 manat faiz borcu, 23.72 manat cərimə borcu olmaqla, cəmi 4962.19 manat və dövlət rüsumu kimi ödənilmiş 69,63 manat pulun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada 4297.39 manat əsas borc, 641.08 manat faiz borcu, 23.72 manat cərimə borcu olmaqla, cəmi 4962.19 manat və dövlət rüsumu kimi ödənilmiş 69,63 manat pulun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit razılaşmasına əsasən Kreditverən 6000 manat olan krediti illik faiz dərəcəsi 23% olmaqla xx.xx.2025-ci il tarixinədək kredit alana verməyi, borc alan isə həmin kreditdən onun məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə bu razılaşmanın tərkib hissəsi olan ödəniş cədvəli üzrə krediti faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit üzrə FİFD (faktiki illik faiz dərəcəsi) 24,6 % nəzərdə tutulmuşdur. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş cədvəlindən isə görünür ki, cavabdeh kredit vəsaitini xx.xx.2023-cü ildən başlayaraq hər ay üçün 314,32 manat, sonuncu ay isə 308,35 manat olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən ödəmə vaxtı çatmış, lakin Borcalan tərəfindən ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 23 faiz üstəgəl 5 faiz gecikmə faizi ödəməlidir. Kredit müqaviləsinin 6-cı bəndinə görə, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, gecikdirilmiş borc məbləğinin 40 faizi məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli 31FİZAM171738901 (zamin Cavabdeh1) nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşımasını bəyan etmişdir. Həmin müqavilələrin 3.1-ci bəndinə əsasən bu müqavilə zaminliyin icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi andan qüvvəyə minir və kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən kredit müqaviləsinin müddəti uzadıldıqda, uzadılmış müddət ərzində və kredit müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan arayışdan görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh2 xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borc üzrə 1702.61 manat, faiz borcu üzrə 823.33 manat, cərimə borcu üzrə 0.66 manat ödəniş etmiş, və onun hazırda banka 4297,39 manat əsas borcu, 641,08 manat faiz borcu, 23,72 manat cərimə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş xx.xx.2025-ci il tarixdə Cavabdeh1 poçt vasitəsilə ünvanı üzrə çatdırılmış, digər Cavabdeh2 isə xx.xx.2025-ci il tarixdə ünvanı üzrə göndərilmiş, lakin həmin zərf “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmış, bundan sonra həmin sənədlər xx.xx.2025-ci il tarixdə cavabdehə və ya onun ailə üzvlərinə rəsmi qaydada çatdırılması üçün Mingəçevir rayon İcra Hakimiyyətinin elektron poçt ünvanına göndərilmişdir. Eyni zamanda, qeyd edilən cavabdehə məhkəmə sənədləri "Vatsap" sosial şəbəkəsi vasitəsilə də təqdim edilmişdir. Lakin buna baxmayaraq cavabdehlər 10 iş günü ərzində iddia tələbinə etirazlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, zaminlik müqaviləsi, arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit razılaşmasına əsasən Kreditverən 6000 manat olan krediti illik faiz dərəcəsi 23% olmaqla xx.xx.2025-ci il tarixinədək kredit alana verməyi, borc alan isə həmin kreditdən onun məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə bu razılaşmanın tərkib hissəsi olan ödəniş cədvəli üzrə krediti faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit üzrə FİFD (faktiki illik faiz dərəcəsi) 24,6 % nəzərdə tutulmuşdur. Cavabdeh tərəf öhdəliklərini yerinə yetirmədiyindən onların ödənilməmiş borcu qalmışdır. Cavabdehlər əsas və faiz borcuna münasibətdə hər hansı bir etirazını bildirməmiş və bu səbəbdən məhkəmədə bu məbləğlərlə bağlı əlavə araşdırma aparmamış, iddiaçının tələbində qeyd edilən məbləğin mövcud olmaması iş materialları ilə əlaqəli formada hər hansı bir şübhə yaratmamışdır. Məhkəmə iddia tələbinin “23.72 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 6-cı bəndinin tələbinə görə, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, gecikdirilmiş borc məbləğinin 40 faizi məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, iddiaçı 23.72 manat cərimə borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsi konkret müddət müəyyən edilmədən bağlandığından və kredit müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edildiyindən zaminliyə xitam verilməmişdir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, zaminlik müqaviləsinə əsasən zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və cavabdeh kredit alan Cavabdeh2 kredit razılaşması üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən cavabdehlərdən müştərək qaydada 4297.39 manat əsas bоrc, 641.08 manat faiz bоrcu və 23.72 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən 4297.39 manat əsas borc, 641.08 manat faiz borcu, 23.72 manat cərimə borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilməli olan 69,63 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4297.39 manat əsas borc, 641.08 manat faiz borcu, 23.72 manat cərimə borcu olmaqla, ümumilikdə 4962.19 manat və 69,63 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov