Məhkəmə qərarları › İş №e-2-2(117)-513/2021

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-513/2021

12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-513/2021 12.08.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun, İddiaçı Cavabdeh qarşı “4071,62 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “4071,62 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 02.04.2019-cu il tarixdə borcverən "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı ilə borcalan Cavabdeh və alıcı İddiaçı MMC arasında 241QM/19 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borcverən borcalana tütün istehsalı üçün 31.12.2019-cu il tarixədək illik 10 % olmaqla 15000 manat kredit verməyi, borcalan aldığı krediti təyinatı üzrə istifadə edərək Zaqatala rayonu, Əliabad qəsəbəsi ərazisində 15 ha torpaq sahəsində yaşıl tütün yarpağını əkib becərməyi, becərdiyi yaşıl tütün yarpağını 15.11.2019-cu il tarixədək müqavilə ilə müəyyən edilmiş qiymətdə yalnız alıcıya satmağı öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" QSC BOKT ilə İddiaçı MMC arasında 241CT/17 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən zamin olmuş şəxs 02.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə kredit təşkilatına olan kredit və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissyon, dəbbə pulu, məhkəmə xərcləri və sair üçün məsuliyyət daşıyır. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun kredit təşkilatına ödənilməmiş 4041,62 manat borcu qalmışdır. Şəki Kommersiya Məhkəməsinin 14.10.2020-ci il tarixli e-2-2(117)-361/2020 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh 4041,62 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" QSC BOKT-a ödənilməsi qət edilmişdir. Həmin qətnamə İddiaçı MMC tərəfindən icra edilərək qeyd edilən borc məbləği kredit təşkilatına ödənilmişdir. Lakin Cavabdeh tərəfindən 4071,62 manat borc məbləği İddiaçı MMC-yə ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, 22.07.2021-ci il tarixdə məhkəmə bildirişi cavabdehə çatdırılmış, lakin iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, zaminlik müqaviləsi, hesabdan çıxarış, inkasso sərəncamı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 475.1 və 475.2-ci maddələri). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki Kommersiya Məhkəməsinin 14.10.2020-ci il tarixli e-2-2(117)-361/2020 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh 4041,62 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" QSC BOKT-a ödənilməsi qət edilmişdir. Borcalan kreditoru qarşısında öhdəliyini yerinə yetirmədiyindən, "xxxx" ASC-nin 15.03.2021-ci il tarixli məlumatından da göründüyü kimi, onun öhdəliyi zamin olan hazırkı iddiaçı tərəfindən ödənilmişdir. Qanunvericiliyin tələbi baxımından borcun ödənilməsi zamin tərəfindən təmin edildiyindən kreditorun bütün hüquqları zaminə keçmişdir və zamin olan hazırkı iddiaçı ödədiyi vəsaiti cavabdehdən tələb etməkdə haqlıdır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, 4071,62 manat pul cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh 4071,62 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar