Məhkəmə qərarları › İş №e-2-2(117)-516/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-516/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-516/2025 11.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdehlər “X4” PHŞ, Ağsu rayon Notariat Ofisi, Ağsu rayonu Çaparlı Bələdiyyəsi, DƏDKR X6 14 saylı Şamaxı Ərazi İdarəsi, üçüncü şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs1 və X2 qarşı “ƏMDX-nin Şamaxı ərazi şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş Ağsu rayonu Çaparlı kənd bələdiyyəsinin mülkiyyətində olan Rəhimağalı kəndində üç ayrı hissədə yerləşən 11,7449 ha, 10 ha və 6,6763 ha olan kənd təsərrüfatı təyinatı olan torpaq sahələrinin icarəsinə dair hərracın (müsabiqənin) protokolu və onun nəticəsinin; Ağsu rayonu Çaparlı Bələdiyyəsi və fiziki şəxs Maraqlı şəxs2 arasında Ağsu rayonu Çaparlı kənd bələdiyyəsinin mülkiyyətində olan Rəhimağalı kəndində üç ayrı hissədə yerləşən 11,7449 ha, 10 ha və 6,6763 ha olan kənd təsərrüfatı təyinatı olan torpaq sahələrinin icarəsinə dair Ağsu Notariat Kontorunda bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqavilələrinin etibarsız hesab edilməsi; Ağsu rayonu Çaparlı kənd bələdiyyəsinin sədri Nümayəndə barəsində Mülki prosessual Məcəllənin 265.4-cü maddəsinin tələbinə əsasən xüsusi qərardad çıxarılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehlər “X4” PHŞ, Ağsu rayon Notariat Ofisi, Ağsu rayonu Çaparlı Bələdiyyəsi, DƏDKR X6 14 saylı Şamaxı Ərazi İdarəsi, üçüncü şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs1 və X2 qarşı “ƏMDX-nin Şamaxı ərazi şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş Ağsu rayonu Çaparlı kənd bələdiyyəsinin mülkiyyətində olan Rəhimağalı kəndində üç ayrı hissədə yerləşən 11,7449 ha, 10 ha və 6,6763 ha olan kənd təsərrüfatı təyinatı olan torpaq sahələrinin icarəsinə dair hərracın (müsabiqənin) protokolu və onun nəticəsinin; Ağsu rayonu Çaparlı Bələdiyyəsi və fiziki şəxs Maraqlı şəxs2 arasında Ağsu rayonu Çaparlı kənd bələdiyyəsinin mülkiyyətində olan Rəhimağalı kəndində üç ayrı hissədə yerləşən 11,7449 ha, 10 ha və 6,6763 ha olan kənd təsərrüfatı təyinatı olan torpaq sahələrinin icarəsinə dair Ağsu Notariat Kontorunda bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqavilələrinin etibarsız hesab edilməsi; Ağsu rayonu Çaparlı kənd bələdiyyəsinin sədri Nümayəndə barəsində Mülki prosessual Məcəllənin 265.4-cü maddəsinin tələbinə əsasən xüsusi qərardad çıxarılması” tələbinə dair iddia ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir.

2. Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(016)-82/2025 nömrəli qərardadı ilə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərillmişdir.

3. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(117)-516/2025 nömrəli qərardadına əsasən iş Şəki Kommersiya Məhkəməsinin icraatına qəbul edilmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağsu rayonu Çaparlı kənd bələdiyyəsinin mülkiyyətində olan Rəhimağalı kəndində üç ayrı hissədə yerləşən 11,7449 ha, 10 ha və 6,6763 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 2021-ci ildə bələdiyyə qərarı əsasında hərraca çıxarılmış, 2023-cü ilin əvvəlində hərrac yekunlaşaraq hərracın qalibi Maraqlı şəxs2 olmuş, həmin şəxslə bələdiyyə arasında xx.xx.2023-cü il tarixdə notariat qaydada icarə müqavilələri bağlanmış, hərracın qalibi Maraqlı şəxs2 tərəfindən xx.xx.2023-cü il tarixdə hərracın nəticələri əsasında yerli büdcəyə ümumilikdə 13781 manat pul ödənilmiş, bələdiyyə sədri Nümayəndə, hərracın qalibi Maraqlı şəxs2 tərəfindən icarə haqqı kimi ödənilmiş 13781 manatın yerli büdcəyə daxil olmasının üçüncü günü, yəni xx.xx.2023-cü il tarixdə heç bir hüquqi əsas göstərmədən və bu barədə hər hansı qərar qəbul etmədən, 3 nömrəli əmr yazaraq qeyd olunan məbləği səhvən ödənilmiş vəsait kimi bütünlüklə Maraqlı şəxs2 qaytarmışdır. Ağsu rayonu Çaparlı bələdiyyəsinin sədrinin 3 nömrəli əmrindən sonra Maraqlı şəxs2la bağlanılmış icarə müqavilələrinin, həmçinin bələdiyyə qərarlarının ləğv edilmədiyi, sözügedən torpaq sahələrinin Maraqlı şəxs2 icarəsində saxlanıldığı, sonradan həmin şəxs tərəfindən yerli büdcəyə qeyd olunanlarla bağlı vəsaitin daxil olmadığı, daha sonra icarədar Maraqlı şəxs2 arasında olan 6.64 ha və 10.90 ha torpaq sahələri üzərində icarə hüquqlarını Bakı şəhəri 23 saylı notariat ofisində “Torpağın icarə hüququnun alqı satqısı müqaviləsi”nə əsasən Maraqlı şəxs3, o cümlədən 9.2839 ha torpaq sahəsi üzərində icarə hüquqlarını həmin tarixdə Bakı şəhəri 23 saylı notariat ofisində “Torpağın icarə hüququnun alqı satqısı müqaviləsi”nə əsasən qardaşı Maraqlı şəxs1 satdığı müəyyən edilmişdir. Qeyd olunan icarə hüquqları satılarkən, Çaparlı bələdiyyəsinin sədri Nümayəndə tərəfindən xx.xx.2023-cü il tarixdə arayışların yazıldığı və həmin arayışlarda bələdiyyə sədrinin icarə hüquqlarına satılmasına razılıq verməklə yanaşı, hərracda torpaq sahələrinin Maraqlı şəxs2 tərəfindən yüksək qiymətə udulmasına baxmayaraq, icarə hüquqlarını alan şəxslərə illik icarə haqqını bazar qiymətinə uyğunlaşdıraraq aşağı qiymətə salmış, yerli büdcəyə ziyan vuraraq, digər vətəndaşların hüquqlarını pozmuşdur. Belə ki, Ağsu Rayonu Çaparlı kəndinin bələdiyyə sədri tərəfindən 3 saylı əmrlə 13781 manat pul vəsaitinin müsabiqənin qalibi Maraqlı şəxs2 qaytarması onun sübut edir ki, tərəflər arasında Ağsu Notariat Kontorunda xx.xx.2023-cü il tarixdə bağlanmış müqavilə Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqddir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Həmin 3 hissədə olan torpaq sahələri ilə bağlı xx.xx.2023-cü il tarixli müsabiqədə cəm olaraq 28.41 ha torpaq sahəsi (11,7449 ha, 10 ha və 6,6763 ha olan kənd təsərrüfatı təyinatı) üçün 13786 manat illik icarə haqqı müəyyən edildiyi halda bələdiyyə sədri Nümayəndə vəzifə səlahiyyətlərindən istifadə edərək, heç bir iclas keçirib qərar qəbul etmədən səbəbsiz olaraq 13786 manat pul vəsaitini müsabiqənin qalibi Maraqlı şəxs2 qaytarmışdır. Ehtimal edilir ki, Bələdiyyə sədrinin məqsədi ya pulu mənimsəmək, ya da əqdi pərdələmək olmuşdur.

5. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 146-cı maddəsi, “Torpaq icarəsi haqqında” Qanunun 10-11-ci maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9,11-ci maddələri, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun 7, 8-ci maddəsinin, Mülki Məcəllənin 340-cı madddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2022- ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı göstərilmişdir. İİ. Tərəflərin mövqeləri:

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək heç bir əsas olmadan qanunsuz olaraq bələdiyəyə ödənilmiş icarə haqqı olaraq müəyyən edilən vəsaitin hərrac yolu ilə torpaq sahəsini icarəyə götürümüş şəxslərə qaytarılması barədə əmrin verilməsi ilə bələdiyyə sədri tərəfindən qanunlar pozulmuşdur. Bu onu təsdiq etmişdir ki, tərəflər əvvəlcədən bu barədə sövdələşmiş və pulun icarəyə götürən şəxsə qaytarmaqla hərrac prosesinin formal olaraq öz xeyirlərinə aparılmasına nail olmuşdur. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X3 bildirdi ki, qeyd edilən torpaq sahəsinin icrayə götürülməsinə dair hərracda o da iştirak etmiş, hərrac zamanı ən yüksək qiymət təklif edən şəxs Maraqlı şəxs2 qeyd edilən torpaq sahələri icarəyə verilmişdir. Lakin qeyd edilən icarə üçün ödənilmiş 13781 manat məbləğində vəsaitin torpaq sahəsini hərrac vasitəsilə icarəyə götürən şəxsə qaytarılması onlarda belə əminlik yaratmışdır ki, bu müqavilə əvvəlcədən razılaşdırılmış və yalan əqddir.

8. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdeh və üçüncü şəxslərə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, Ağsu Rayon Notariat ofisinin notariusu məktubla müraciət edərək iş rejimini nəzərə alaraq işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.

İİİ. Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Konstitusiyası

M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. -337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. -340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. -340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. -414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. - 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. -414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. -414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. -415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. -416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. -416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

- 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Sübutların tədqiqi:

16. “X4” X6 Şamaxı Ərazi torpaq müsabiqə və hərrac komissiyasının xx.xx.2023-cü il tarixli protokolunun 06 nömrəli qərarına əsasən Ağsu rayonu Çaparlı Bələdiyyəsinin mülkiyyətində olan 6,6763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 20 il müddətinə icarəyə verilməsi ilə bağlı keçirilmiş hərracın nəticəsində 3037 manat ən yüksək qiymət təklif etmiş Maraqlı şəxs2 hərracın qalibi elan edilmiş, qeyd edilən şəxsə 002509 nömrəli şəhadətnamə verilmişdir.

17. “X4” X6 Şamaxı Ərazi torpaq müsabiqə və hərrac komissiyasının xx.xx.2023-cü il tarixli protokolunun 07 nömrəli qərarına əsasən Ağsu rayonu Çaparlı Bələdiyyəsinin mülkiyyətində olan 10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 20 il müddətinə icarəyə verilməsi ilə bağlı keçirilmiş hərracın nəticəsində 5401 manat ən yüksək qiymət təklif etmiş Maraqlı şəxs2 hərracın qalibi elan edilmiş, qeyd edilən şəxsə 002510 nömrəli şəhadətnamə verilmişdir.

18. “X4” X6 Şamaxı Ərazi torpaq müsabiqə və hərrac komissiyasının xx.xx.2023-cü il tarixli protokolunun 08 nömrəli qərarına əsasən Ağsu rayonu Çaparlı Bələdiyyəsinin mülkiyyətində olan 11,7449 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 20 il müddətinə icarəyə verilməsi ilə bağlı keçirilmiş hərracın nəticəsində 5343 manat ən yüksək qiymət təklif etmiş Maraqlı şəxs2 hərracın qalibi elan edilmiş, qeyd edilən şəxsə 002511 nömrəli şəhadətnamə verilmişdir.

19. Ağsu Rayon Çaparlı Bələdiyyəsinin mülkiyyətində olan hər üç hissədə yerləşən torpaq sahəsi ilə bağlı keçirilən hər üç hərrac müsabiqəsində cəmi 12 nəfər iştirak etmiş, iş üzrə İddiaçı da qeyd edilən torpaq sahəsinə iddia edən şəxslər sırasında olmuş, hər üç müsabiqədə edilən təkliflər vərəqində müvafiq olaraq 3037 manat, 5401 manat və 5343 manat olmaqla ən yüksək qiyməti Maraqlı şəxs2 təklif etmişdir.

20. Ağsu Rayon notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş 3m-1, 3m-2, 3m-3 nömrə ilə reyestrdə qeydə alınmış icarə müqavilələrindən görünür ki, Ağsu Rayon Çaparlı Bələdiyyəsinin mülkiyyətində olan 6,6763 ha, 10 ha və 11,7449 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 20 il müddətinə müvafiq olaraq 3037 manat, 5401 manat və 5343 manat illik icarə haqqı müqabilində Maraqlı şəxs2 icarəyə verilmişdir.

21. Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 3m-1811 nömrəli reyestrdə qeydə alınmış icarə müqaviləsi əsasında Maraqlı şəxs2 icarəsində olan Ağsu rayonu Rəhimağalı kəndində yerləşən 9,2839 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı icarə hüququ 4500 manat müqabilində Maraqlı şəxs1 satılmışdır.

22. Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 3m-1812 nömrəli reyestrdə qeydə alınmış icarə müqaviləsi əsasında Maraqlı şəxs2 icarəsində olan Ağsu rayonu Rəhimağalı kəndində yerləşən 10,9 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı icarə hüququ 5000 manat müqabilində Maraqlı şəxs3 satılmışdır.

23. Hərracın qalibi olan Maraqlı şəxs2 Ağsu rayon Çaparlı Bələdiyyəsinə xx.xx.2023cü il tarixli ərizəsində 20 illik icarəyə götürdüyü torpaq sahəsindən istifadə etmədiyini və səhvən ödədiyi 13367 manat vəsaitin tam olaraq ona geri qaytarılmasını xahiş etmişdir.

24. Ağsu Rayon Çaparlı Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 3 nömrəli əmri ilə Maraqlı şəxs2 qeyd edilən torpaq sahələrinə görə ödənilmiş ümumilikdə 13781 manatın geri qaytarılması qərara alınmışdır.

Vİ. Məhkəmənin mövqeyi:

25. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

26. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

27. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia rədd olunmalıdır.

28. Hazırkı mübahisənin mübahisələndirilməyən halları ondan ibarətdir ki, “X4” X6 Şamaxı Ərazi torpaq müsabiqə və hərrac komissiyasının xx.xx.2023-cü il tarixli protokolunun 06, 07, 08 nömrəli qərarına əsasən Ağsu rayonu Çaparlı Bələdiyyəsinin mülkiyyətində olan 6,6763 ha, 10 ha və 11,7449 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 20 il müddətinə icarəyə verilməsi ilə bağlı keçirilmiş hərracın nəticəsində ən yüksək qiymət təklif etmiş şəxsə satılmış və bununla bağlı hər hansı bir prosedur pozuntusu qeydə alınmamışdır. Bunu iddiaçının nümayəndəsi və müstəqil tələb irəli sürən üçüncü şəxs məhkəmə iclasında bildirmişdir.

29. Bu səbəbdən məhkəmə tərəfindən iddiaçının irəli sürdüyü arqumentlərin yoxlanılması aparılmış, iddiaçının mübahisələndirmədiyi hallara toxunulmamış və iddia tələbindən kənara çıxılaraq mübahisələndirilməyən digər halların araşdırılması aparılmamışdır.

30. İddiaçının yeganə mübahisələndirdiyi hal hərrac baş tutduqdan sonra, yəni xx.xx.2023-cü il tarixdə Ağsu rayonu Çaparlı bələdiyyəsinin 3 nömrəli əmrinə əsasən Maraqlı şəxs2 tərəfindən keçirilmiş 3 hissəli hərrac üçün ödənilmiş ümumilikdə 13781 manatın hərracın qalibi olan şəxsə qaytarılmasıdır. İddiaçı da bu fakta əsaslanaraq qeyd edilən hərracla bağlı tərəflər arasında süni qiymət artımı yaratmaqla görüntü üçün bağlanmış hərracın keçirilməsi protokollarının və onun nəticəsində bağlanmış icarə müqavilələrinin etibarsızlığını tələb etmişdir.

31. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

32. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi).

33. Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.

34. Məhkəmə araşdırması zamanı iddiaçının bildirdiyi arqumentlər mübahisələndirilən hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün kifayət deyildir. Belə ki, iddiaçının arqumenti müvafiq bələdiyyə orqanı tərəfindən bələdiyyə büdcəsinə ödənilmiş torpaq sahəsinə əsasən illik icarə haqqının qaytarılması ilə yaranması əqdin yuxarıda qeyd edilən şərtlərin pozulmaqla bağlanması anlamına gəlmir. Belə ki, qeyd edilən hərracın təşkilini və keçirilməsini bələdiyyə orqanı deyil, tamamilə başqa orqan, bu sahədə ixtisaslaşdırılmış qurum təşkil edir və həyata keçirir. Qeyd edilən prosedur qaydaların pozulması ilə bağlı dəlil və ya arqumnet irəli sürlüməmişdir.

35. Məhkəmə qeyd edir ki, bələdiyyə orqanı tərəfindən bələdiyyə büdcəsinə ödənilmiş vəsaitin qanuni və ya qanunsuz olaraq qaytarılmasına məhkəmə tərəfindən ayrıca qərarla qiymət veriləcəkdir. Lakin qeyd edilən hal əqdin etibarsızlığı üçün əsas ola bilməz. Çünki bu hal sonradan yaranmış haldır və əqd bağlanan vaxt mövcud olmamışdır. Həmçinin həqiqətən də görüntü üçün müqavilənin bağlanması, tərəflərin bununla bağlı niyyətinin müəyyən edilməsinin mümkün olmaması bunları deməyə əsas verir. Bununla bağlı əvvəlcədən pis niyyətlə sövdələşmənin olması ilə bağlı dəlillər ortada yoxdur. Məhkəmə qeyd edilən pul vəsaitinin geri qaytarılmasına əsaslanaraq qeyd edilən prosedur nəticəsində müvafiq olaraq tərtib edilmiş protokolun və bağlanmış əqdin etibarsızlığını yalnız mülahizələr əsasında təsdiq edə bilməz.

36. Nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.

37. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).

38. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir.

39. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).

40. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.

41. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur;gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.

42. Məhkəmə onu qeyd edir ki, iddiaçı tərəf iddia tələbini və hərrac prosedurunun qanuniliyini təkzib edən arqumentlərini iddianın təmin edilməsi üçün kifayət hesab etmir. Belə ki, hərrac proseduru qanunauyğun aparılmış, ümumilikdə 12 nəfərdən ibarət qeyd edilən torpaq sahəsinə iddia edən şəxslər hərrac prosesində iştirak etmiş, qeyd edilən şəxslər və iddiaçı da təsdiq edir ki, qeyd edilən hərracın qalibi daha çox məbləğ təklif edən şəxs olmuş və onunla müvafiq müqavilə bağlanmışdır. Hərracın keçirilmə qaydasının pozulması ilə bağlı tərəflərin dəlil və ya arqumenti mövcud deyildir.

43. İddiaçının yeganə arqumenti hərrac keçirilmiş toraq sahələrinə görə müqavilədə müəyyən edilmiş məbləğin hərracın qalibinə geri qaytarılmasıdır. Hesab edək ki, müqavilə lazımı qaydada yəni əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması, qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s etibarlılıq şərtlərinə tam əməl edilmişdir. Lakin hər hansı bir bağlanmış müqavilə üzrə razılaşdırılmış məbləğ ödənilmir, qismən ödənilir və yaxud da həmin məbləğ ünvanına deyil, başqa şəxsə ödənilir. Bu halların mövcud olması o anlama gəlmir ki, həmin əqd etibarsızdır. Əksinə əqdin bağlanması proseduru tam qanunun tələblərinə uyğun aparılsa da, həmin əqdin icrası ilə bağlı qeyd edilən məsələlər ortaya çıxarsa bu məsələlərin icra qaydasında həll edilməsi və ya məhkəmə qaydasında məbləğin tutulması, həmçinin səhvən ödənilmiş vəsaitin geri qaytarılamsı və.s hallar mümkündür. Bu isə əqdin etibarsızlığına deyil, tərəflərin davranışları və mövqeləri nəzərə alınmaqla müqavilənin ləğv edilməsinə səbəb ola bilər.

44. Ona görə də məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, müvafiq bələdiyə sədri tərəfindən hərrac nəticəsində bağlanmış əqd üzrə ödənilmiş vəsaitin hərracın qalibinə heç bir əsas göstərmədən geri qaytarılması, bu barədə bələdiyyə sədri tərəfindən (bələdiyyə üzvləri olmadan və qərar qəbul etmədən, səsvermə keçirmədən) əmr verilməklə fərdi qaydada qaytarılması qanunvericilik normalarının pozulmasıdır, həmçinin müvafiq ərazidə yaşayan bələdiyə sakinlərinin ictimai maraqlarının pozulmasıdır. Məhkəmə bu məsələ ilə bağlı müvafiq hərəkətlərdə cinayət tərkibinin əlamətlərinin olduğu qənaətinə gəlmiş və xüsusi qərardad qəbul etmişdir.

45. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).

46. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.

47. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.

48. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

49. Məhkəmə qeyd edilən işin faktiki hallarını və bu hallara tətbiq edilən qanunvericiliyin hüquqi izahları baxımından məsələyə yanaşaraq bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir.

Vİİ. Məhkəmə məsrəfləri:

50. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddia rədd edildiyindən iddiaçıya aid edilməlidir.

Vİİİ Nəticə:

51. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər “X4” PHŞ, Ağsu rayon Notariat Ofisi, Ağsu rayonu Çaparlı Bələdiyyəsi, DƏDKR X6 14 saylı Şamaxı Ərazi İdarəsi, üçüncü şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs1 və X2 qarşı “ƏMDX-nin Şamaxı ərazi şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş Ağsu rayonu Çaparlı kənd bələdiyyəsinin mülkiyyətində olan Rəhimağalı kəndində üç ayrı hissədə yerləşən 11,7449 ha, 10 ha və 6,6763 ha olan kənd təsərrüfatı təyinatı olan torpaq sahələrinin icarəsinə dair hərracın (müsabiqənin) protokolu və onun nəticəsinin; Ağsu rayonu Çaparlı Bələdiyyəsi və fiziki şəxs Maraqlı şəxs2 arasında Ağsu rayonu Çaparlı kənd bələdiyyəsinin mülkiyyətində olan Rəhimağalı kəndində üç ayrı hissədə yerləşən 11,7449 ha, 10 ha və 6,6763 ha olan kənd təsərrüfatı təyinatı olan torpaq sahələrinin icarəsinə dair Ağsu Notariat Kontorunda bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar