Məhkəmə qərarları › İş №e-2-2(117)-517/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-517/2025

14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-517/2025 14.11.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 Hacbala oğlunun iştirakları ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər X6, X1 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 11.422,04 manat borcun bundan 3.939,81 manat əsas, 2.869,21 manat faiz, 4.049,27 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 563,75 manat faiz borcunun və iş üzrə ödənilmiş 124,27 manat məbləğində dövlət rüsumunun cavabdehlər X6, X1 və X2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şəki filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə “əsas vəsaitin artırılması” məqsədi ilə 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 12.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında ZM-210007690 nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 14.127,28 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 17.930,31 ABŞ dolları təşkil edir. Bundan 8.178,13 ABŞ dolları əsas, 2.686,65 ABŞ dolları faiz, 5.871,95 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.193,58 ABŞ dolları faiz borcu təşkil edir.

3. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 Hacbala oğlu məhkəməyə iddia ərizəsinə etirazla müraciət edərək bildirmişdir ki, İddiaçı ASC LPO-nun hüquqlarını müdafiə etdiyi iş üzrə cavabdehlərə qarşı 17930 ABŞ dolları borc məbləğinin ödənilməsinə dair iddia tələbi ilə razılaşmır. Belə ki, iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi əsasında cavabdehlərə 12700 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan kredit müqaviləsindən göründüyü kimi sözügedən kreditin təminatı olaraq cavabdehlərə məxsus cəmi 21232 manat dəyərində daşınar əmlaklar xx.xx.2015-ci il tarixli girov müqaviləsi əsasında girova qoyulmuşdur. Məqsəd borclu borc məbləğini ödəmədiyi halda təminat mənbəyi olaraq borcun ilk növbədə girova yönəlməsindən ibarət olmuşdur. Hazırda cavabdehlər tərəfindən girova qoyulmuş əşyalar barədə iddia tələbində hər hansı münasibətin göstərildiyi müəyyən deyildir. Belə olduğu təqdirdə kreditor ilk növbədə girov əmlakın satılmasını təmin olunmasını, bundan sonra ödənilməmiş məbləğ qalırsa, həmin məbləği tələb etməli idi. Kredit müqaviləsi üzrə borc məbləği borclular tərəfindən 2025-ci ildən başlanılmaqla 2019cu ilədək və sonrakı tarixlərdə davam etdirilmişdir. 11 aprel 2017-ci il tarixdə tərəflərin razılığı ilə 9623 dollar əsas borc, 3721 manat faiz borcu, 782 manat cərimə borcu olmaqla kredit restruktizasiya edilməsinə dair kredit müqaviləsi üzrə əlavə saziş imzalanır və həmin məbləğlərə münasibətdə ödəniş cədvəli tərtib edilərək sazişə əlavə edilir və hal-hazırda da qeyd olunan əsas, faiz və cərimə borcu əlavədə olduğu kimi tələb olunur. Belə çıxır ki, 11 aprel 2017-ci il tarixdən sonra cavabdehlər tərəfindən banka hər hansı ödəniş edilməmişdir. Hansı ki, iş üzrə cavabdehlər tərəfindən 2019-cu ilədək ödənişlər davam etdirilmişdir. Bank bağlandıqdan ödəniş tələb olunmamış borclular istəklərindən asılı olmayaraq ödənişi dayandırmalı olmuşlar. Belə olduğu təqdirdə isə restruktizasiyadan sonra bank faizləri hesablanmalı olmadığı halda tələbdə hesablanaraq göstərilmişdir. Sazişin tələbinə əsasən borcalan üzürsüz səbəbdən ödənişi davam etdirmədikdə restruktizasiyadan sonra faiz məbləğləri hesablanıla bilərdi. Faktiki vəziyyətdə bankın iddia tələbində göstərilən məbləğlər həqiqəti əks etdirmədiyindən müvafiq ekspertizanın təyin olunmasına zərurət yaranmışdır. Belə ki, borc alanlar tərəfindən hansı məbləğdə ödənişlərin aparılması, son ödənişin hansı tarixdə həyata kecirilməsi, saziş bağlandıqdan və müqavilə müddəti bitdikdən sonra borc olanlar bank tərəfindən müqavilə üzrə vəzifələrinın icra edilməsinə dair məlumatların verilib-verilməməsini son günə borc məbləğinin faktiki olaraq nə qədər olmasını müəyyən etmək mümkün olmadığından məhkəmə tərəfində müvafiq ekspertizanın təyin olunması işin hərtərəfli araşdırılması və mübahisənin real və ədalətli şəkildə həll edilməsi üçün vacibdir. Qeyd olunanları əsas tutaraq məhkəmədən ilk növbədə girov əmlakların vəziyyəti müəyyən edilərək borcun əmlakın dəyəri hesabına ödənilməsi barədə mövqeyinizi bildirməyi xaiş etmişdir.

İİ. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək izahatında iddia tələbini tam müdafiə etdiyini bildirmişdir.

5. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, başqa krediti də var idi. Yeznəsinə pulu verdi ki, başqa kreditinə ödəniş etsin. Oda özünə zəng edərək bildirdi ki, bankdan ona bildiriblər ki, hansı kredit borcuna ödəniş edirsiniz. Özüdə deyib ki, 3800 manat məbləğində olan kredit borcuna ödəniş et. Digər kredit borcuna ödəniş etməməsini bildirdi. Daha sonra ona zəng edib soruşanda dediki, hansı kredit borcuna ödəniş etdiklərini bilmədi. Bundan bir ay sonra bankdan zəng edərək niyə kredit borcunu ödəmədiyini dedilər. Özüdə onlara ödəniş etdiyini bildirib. Bu kredit borcunu isə 2019-cu ildən heç bir ödəniş etməyib. 2019-cu ildən bu günə kimi bank tərəfindən heç bir məlumat verilməyib.

6. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 Hacbala oğlu məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs Cavabdeh1 tanış şəxsə digər kreditinə ödəniş etməsi üçün pul vermişdir. Bank da hüquqlarını müdafiə etdiyi şəxsdən xəbərsiz müqavilənin müddətinin bitməsinin qarşısını almaq məqsədilə həmin pulu bu kredit borcundan tutmuşdur. Bank bağlanan müddətdə cavabdehin girov qoyduğu zinyət əşyaları ilə məsələni həll etsəydilər 2022-ci ilədək bu qədər faiz borcu yaranmazdı.

7. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə qeyd olunan cavabdehlərin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

9. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 bank tərəfindən 36 ay müddətinə illik faiz dərəcəsi 27 % olmaq şərti ilə 12700 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən kreditor borcalana müqavilədə göstərilən məbləğdə kredit verməyi, borcalan isə öz növbəsində həmin krediti faziləri ilə birlikdə kreditora qaytarmağı öhdəsinə götürür. 2.5-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə illik 54 %, aylıq 4.50 % dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən cavabdehə məxsus dəyəri 4000 manat olan televizor, soyuducu, mətbəx mebeli, dəyəri 1232,23 manat olan qızıl-zinyət əşyası, 2000 manat dəyərində avadanlıqlar, 14 000 manat dəyərində 20 baş iri buynuzlu mal-qara, qeyd olunan kredit müqaviləsinin təminatı kimi, iddiaçının xeyrinə girov qoyulmuşdur.

10. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafiki imzalanmışdır. Həmin qrafikə əsasən cavabdehə hər ay 518,56 ABŞ dolları, sonuncu ay 518,32 ABŞ dolları ödəmək şərti ilə 12700 ABŞ dolları kredit verilmişdir.

11. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2015-ci il tarixdə 210007690/ZM nömrəli zaminlik müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 və Cavabdeh3 borcalan Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranan öhdəliyini icra edilməsinə görə məsuliyyəti bank qarşısında öz üzərinə götürmüşlər.

12. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli ********* nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə 01 saylı əlavə saziş bağlanmışdır. Həmin sazişə əsasən kreditorun borcalana 12700 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 14127,28 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2022-ci il tarixədək təyin edilmişdir. Həmçinin zaminlər Cavabdeh2 və Cavabdeh3 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında da zaminlik müqaviləsinə əlavə imzalanmış və zaminliyin müddəti xx.xx.2022-ci il tarixədək təyin edilmişdir.

13. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş 8178,13 ABŞ dolları əsas, 2686,65 ABŞ dolları faiz, 5871,95 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1193,58 ABŞ dolları faiz borcu olmaqla cəmi 17930,31 ABŞ dolları borcu vardır.

14. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 bank tərəfindən 12700 ABŞ dolları məbləğində pul verilmişdir.

15. “Dəmirbank ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

16. İş üzrə məhkəmə tərəfindən xx.xx.2015-ci il tarixdən cavabdehin kredit müqaviləsinin bitdiyi xx.xx.2022-ci il tarixə əsas, faiz borcunun məbləği ilə bağlı araşdırma aparılması məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/3313 nömrəli ekspert rəyində göstərilir ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) 8401,93 ABŞ dolları əsas, 2369,48 ABŞ dolları faiz, xx.xx.2025-ci il tarixə AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5 faiz borcu isə 1259,12 ABŞ dolları təşkil edir.

18. Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli məktubda bildirilir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında rəsmiləşdirilmiş xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi əsasında bağlanmış xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə saziş üzrə xx.xx.2022-ci il tarixdə hər hansı bir ödəniş həyata keçirilməmişdir. Belə ki, sonuncu ödəniş xx.xx.2024- cü il tarixində 50 (əlli) manat məbləğində olmuşdur. Həmçinin bildirilir ki, həmin kredit müqaviləsinin təminatı qismində banka girov qoyulmuş Cavabdeh1 məxsus qızıl-zinət əşyaları hazırda Əmanətlərin Sığortalanması Fondunun anbarında İddiaçı ASC-yə aid olan saxlancda mövcuddur.

V. Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

Vl. Məhkəmənin mövqeyi:

20. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

21. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

23. Məhkəmə qeyd edir ki, iddia tələbi cavabdeh əsas borclu Cavabdeh1 münasibətdə qismən təmin edilməli, digər cavabdehlər olan zaminlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə isə rədd edilməlidir.

24. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 12700 ABŞ dolları məbləği Cavabdeh1 vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş, qalan məbləğ ödənilməmişdir.

25. Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

26. Məhkəmə qeyd edir ki, iddia tələbi kredit müqaviləsi üzrə hesablanmış faiz borcuna münasibətdə qismən təmin edilməlidir.

27. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

28. Məhkəmə 2686,65 ABŞ dolları faiz borcunun tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissələrdə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli 9/3313 nömrəli ekspert rəyinə əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixə (müqavilə bitdiyi tarixə) 2369,48 ABŞ dolları faiz borcunun yarandığı müəyyən olunmuşdur.

29. Məhkəmə hesab edir ki, işdə olan ekspert rəyinə hüquqi qiymət verilərək həmin rəy sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

30. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşaraq belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə ekspertizanın verdiyi rəyi hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edərək, onunla razılaşmışdır.

31. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

32. Məhkəmə həmçinin borcun gecikdirilməisə görə illik 5%-lə hesablanmış 1193,58 ABŞ dolları faiz borcuna münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanan kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitdiyindən iddiaçı gecikdirilmiş vaxt üçün illik 5% məbləğində faiz borcunun tələb edilməsində haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1193,58 ABŞ dolları faiz borcu Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

33. Məhkəmə həmçinin hesab edir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə məbləğində 408,90 ABŞ dolları cərimə pulunun tələb edilməsi ağlabatan və ədalətlidir.

34. Məhkəmə iddianın zaminlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə 01 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 14127,28 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2017-ci il tarixli zaminlik müqavilələri imzalanmış, həmin müqavilələrdə də restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək qeyd olunmuşdur. Yuxarıda qeyd olunan qanunun tələbinə əsasən zaminlik müqaviləsi üzrə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia qaldırılmadıqda zaminliyə xitam verilir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə başa çatmış və kreditor tərəfindən bir il ərzində zaminə qarşı iddia qaldırılmamış, iddiaçı məhkəməyə yalnız xx.xx.2025-ci il tarixdə müraciət etmiş və nəticədə kreditor tərəfindən qanunda nəzərdə tutulmuş müddət ötürülmüşdür. Bu səbəbdən məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər X1 və X5 arasında bağlanmış zaminliyə xitam verilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı irəli sürülmüş tələb rədd edilməlidir.

35. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh borcun ödənilməsi ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir.

36. Məhkəmə həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 Hacbala oğlu tərəfindən verilən etiraza münasibətdə qeyd edir ki, cavabdehlərin nümayəndəsi və vəkili öz etirazında tərəflər arasında bağlanan kredit müqaviləsi üzrə girov qoyulan əmlaka tələbin yönəldilməsinə məhkəmə tərəfindən hüquqi qiymət verilməsini tələb etmişdir.

37. Məhkəmə etirazın dəlilinə münasibətdə qeyd edir ki, xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsində girov predmenti göstərilmiş və həmin girov predmentinin iddiaçının xeyrinə yüklü edilməsi barədə müddəa öz əksini tapmışdır. Lakin buna baxmayaraq iddia ərizəsində iddiaçı tərəfindən tələbin girov predmentinə yönəldilməsi barədə hər-hansı bir tələb irəli sürülməmişdir. Hər-hansı bir iddia üzrə tələbin müəyyən edilməsi və cavabdehə qarşı irəli sürülməsi iddiaçının hüququdur. Məhkəmə tərəfindən isə iddiaçının mübahisələndirdiyi iddia tələbinə hüquqi qiymət verilir. Bu səbəbdən məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən iddia ərizəsində tələbin girov predmentinə yönəldilməsi barədə hər-hansı bir tələb irəli sürülmədiyindən, məhkəmə tərəfindən qeyd olunan hissəyə mübasibət bildirilməmişdir.

38. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə bağlanmış xx.xx.2017-ci il tarixli əlavə saziş üzrə 8178,13 ABŞ dolları əsas, 2369,48 ABŞ dolları faiz, 408,90 ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1193,58 ABŞ dolları faiz borcu borcu olmaqla cəmi 12 150,09 ABŞ dolları pul vəsaiti (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməli, iddia cavabdehlər Cavabdeh2, Cavabdeh3 münasibətdə və qalan hissədə rədd edilməlidir.

39. Bundan başqa məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilən hissəsinə münasibətdə ödənilmiş 151,96 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

40. Əlavə olaraq məhkəmə qeyd edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 manat pulun 50 manat hissəsi Cavabdeh1, 50 manat hissəsi isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN:**********, büdcə təsnifatı kodu: 142595, Hesab: AZ34CTRE********************) hesabına ödənilməlidir.

Vİl. Nəticə:

41. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə bağlanmış xx.xx.2017-ci il tarixli əlavə saziş üzrə 8178,13 ABŞ dolları əsas, 2369,48 ABŞ dolları faiz, 408,90 ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1193,58 ABŞ dolları faiz borcu borcu olmaqla cəmi 12 150,09 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) pul və 151,96 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. İddia cavabdehlər Cavabdeh2, Cavabdeh3 münasibətdə və qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 manat pulun 50 manat hissəsi Cavabdeh1, 50 manat hissəsi isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN:**********, büdcə təsnifatı kodu: 142595, Hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar