Məhkəmə qərarları › İş №e-2-2(117)-52/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-52/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-52/2024 16.01.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 644,96 manat krеdit bоrcu, 86,53 manat faiz bоrcu və 25,16 manat cərimə borcu ümumilikdə cəmi 756,65 manat məbləğində bоrcun, 40 manat mediasiya xərcinin tutulması” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında 026A********** nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank Cavabdeh2 18 ay müddətinə, aylıq 2,25 % dərəcəsilə 2500 manat məbləğində kredit verməyi, sonuncu isə krediti və ona hesablanmış faizi müqaviləyə 1 nömrəli əlavə olan ödəniş planına uyğun ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.2.3-cü bəndinə əsasən borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. İddiaçının kredit müqaviləsindən yaranan öhdəliklərinin icrasının təminatı kimi İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli 026G**********01 zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə sonuncu borcalanın bank qarşısındakı öhdəliklərinin tam icra edilməsi üçün bank qarşısında borclu Cavabdeh2la birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 2500 manat məbləği Cavabdeh2 vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan 1855,04 manat ödəniş etmiş, qalan məbləği ödəməmiş və nəticədə cavabdehin ödənilməmiş 644,96 manat əsas kredit borcu qalmışdır. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubları ilə cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Cavabdeh yaranmış borcunu ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə müraciət edərək “cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 644,96 manat krеdit bоrcu, 86,53 manat faiz bоrcu və 25,16 manat cərimə borcunun və 40 manat mediasiya xərcinin tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi və sənədləri xx.xx.2023-cü il tarixdə Cavabdeh2, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 ünvanları üzrə poçt vasitəsilə çatdırılmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, Zaminlik müqaviləsi, Ödəniş planı, Xəbərdarlıq məktubları, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 026A********** nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank Cavabdeh2 18 ay müddətinə, aylıq 2,25 % dərəcəsilə 2500 manat məbləğində kredit verməyi, sonuncu isə krediti və ona hesablanmış faizi müqaviləyə 1 nömrəli əlavə olan ödəniş planına uyğun ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.2.3-cü bəndinə əsasən borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. İddiaçının kredit müqaviləsindən yaranan öhdəliklərinin icrasının təminatı kimi İddiaçı QSC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə sonuncu borcalanın bank qarşısındakı öhdəliklərinin tam icra edilməsi üçün bank qarşısında borclu Cavabdeh2la birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 2500 manat məbləği Cavabdeh2 vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan 1855,04 manat ödəniş etmiş, qalan məbləği ödəməmiş və nəticədə cavabdehin ödənilməmiş 644,96 manat əsas borcu və ona kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən aylıq 2,25 % dərəcəsilə hesablanmış və ödənilməmiş 86,53 manat faiz borcu və müqavilənin 4.2.3-cü bəndinə əsasən 25,16 manat cərimə borcu qalmışdır. Zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından 644,96 manat əsas borc, 86,53 manat faiz borcu və 25,16 manat cərimə borcu cavabdehlərdən müştərək qaydada tutularaq kredit təşkilatına ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddiaçı 40 manat mediasiya xərci ödədiyindən və həmin məbləğ ödənilməli dövlət rüsumundan çox olduğundan məhkəməyə dövlət rüsumu ödəmədən müraciət etmək hüququ əldə etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (756,65 manat) ödənilməli dövlət rüsumu 30 manat olmalıdır. İddia tələbi təmin edildiyindən ödənilməmiş 30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı onun tərəfindən ödənilmiş 40 manat mediasiya xərcini cavabdehlərdən tələb etdiyindən həmin vəsait cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 644,96 manat əsas bоrc, 86,53 manat faiz bоrcu, 25,16 manat cərimə borcu və 40 manat mediasiya xərci tutularaq İddiaçı QSC-yə ödənilsin. Ödənilməmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar