Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-527/2023 10.07.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, idiaçı İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “4900,73 manat əsas, 720,25 manat faiz borcu, 887,65 manat cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 1393,32 manat məbəğində faiz (5%) borcu, cəmi 7901,95 manat məbləğində kredit borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğində xərcin cavabdehdən tutularaq ödənilməsi, ipoteka qoyulmuş Cavabdeh məxsus olan İsmayıllı rayonu Qalacıq kəndi ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC-nin İsmayıllı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 185/14/SKMF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh heyvandarlığın inkişaf etdirilməsi məqsədilə istifadə müddəti 36 ay olan 14500 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 % cərimə və vaxtı keçmiş kredit üzrə 12 % faiz ödəyir. Kredit müqaviləsi üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2014-cü il tarixli 185/14/SKMF nömrəli ipoteka müqaviləsində göstərilmiş Cavabdeh mülkiyyətində olan İsmayıllı rayonu Qalacıq kəndində yerləşən fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehin ödənilməmiş 4900,73 manat əsas, 720,25 manat faiz borcu, 887,65 manat cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 1393,32 manat məbəğində faiz (5%) borcu, cəmi 7901,95 manat məbləğində kredit borcu olduğunu əsas gətirərək borcun cavabdehdən tutularaq ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh 2016-cı ilin axırına kimi öhdəliklərini icra edərək qrafik üzrə borcunu tam ödəmişdir. 2017-ci ildə ağır xəstələnməsi və işləyə bilməməsi səbəbindən, habelə ölkədə baş verən devalvasiya səbəbindən ödəniş edə bilməmiş və həmin tarixdən sonra bank ödənişi tələb etməmişdir. 2017-ci ilin yanvar ayından indiyə kimi heç bir ödəniş edilməmiş və onlara bank tərəfindən müraciətlər edilməmişdir. Göründüyü kimi iddia müddətinin axımının kəsilməsinə səbəb olan hal olmamışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən kredit müqaviləsi üzrə 3 il keçdiyini nəzərə alaraq iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş hesabdan çıxarış və məlumatdan görünür ki, kredit məbləği üzrə cavabdeh tərəfindən müqavilə müddəti bitdikdən sonra ödənişlər edilmiş və sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə 100 manat məbləğində olmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirdi və iddianın təmn olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında izahatında bildirdi ki, iddianı qəbul etmirlər. Belə ki, tərəflər arasında kredit müqaviləsi 2014-cü ildə bağlanmış, 2016-cı ildə cavabdeh infarkt olmuş və nəticədə müalicə üçün Rusiya Federasiyasına getmişdir. Cavabdehin deməsinə görə o, 2016-cı ildən etibarən ödəniş etməmişdir. Bu səbəbdən də onlar iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, İpoteka müqaviləsi, Bildiriş, Hesabdan çıxarış, Ödəniş cədvəli və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilməlidir. İddia tələbinin 4900,73 manat əsas borcun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC-nin İsmayıllı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 185/14/SKMF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh heyvandarlığın inkişaf etdirilməsi məqsədilə istifadə müddəti 36 ay olan 14500 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 4900,73 manat əsas borcu qalmışdır. Bu səbəbdən də iddia tələbi əsas borca münasibətdə əsaslıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Cavabdeh tərəf ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia müddəti keçmişdir. Bu səbəbdən iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı kredit müqaviləsinin müddətinin bitmə anı ilə müəyyən edilir ki, kredit müqaviləsi 3 il müddətinə xx.xx.2014-cü il tarixdə bağlanmış və kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş cavabdehin bank hesabından çıxarışlarla müəyyən edilmişdir ki, cavabdeh müqavilə müddətinin bitdiyi tarixdən etibarən davamlı banka ödənişlər etmiş və sonuncu ödənişi xx.xx.2019-cu il tarixdə 100 manat məbləğində olmuşdur. Məhz bu baxımdan iddia müddətinin başlanğıcı üzrə 3 illik iddia müddəti müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən deyil sonuncu ödənişin edildiyi xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Göründüyü kimi, cavabdeh müqavilə müddətinin bitməsindən sonra borcunu etiraf edən hərəkətlər edərək banka pul ödəmişdir ki, həmin ödənişlər edildiyi tarixlərdə iddia müddətinin axımı kəsilmiş və bundan əvvəlki müddətin nəzərə alınmaması ilə bağlı qanunvericiliyin göstərişi mövcuddur. Bu baxımdan iddia müddətinin axımı sonuncu ödənişin edildiyi xx.xx.2019-cu il tarixdə başlamış və üç illik iddia müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş və bununla da qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi əsas borca münasibətdə əsaslı olduğundan və cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə əsasən həm əsas, həm də faiz və cərimələri əhatə edəcəyindən faiz və cərimə borclarının əsaslılığının araşdırılması məhkəmə tərəfindən aparılmamışdır. Belə ki, cərimə və faiz borclarının əsaslılığının araşdırılması iddia müddəti tətbiq ediləcəyi təqdirdə nəticəyə təsir etməyəcəkdir. Belə ki, hesablanmış faiz və cərimələrin məbləğinin aşağı və yuxarı olması iddia müddəti tətbiq ediləcəyi təqdirdə əhəmiyyət kəsb etmir. Həmin halların araşdırılması isə lüzumsuz ekspertizanın keçirilməsi və əlavə məhkəmə xərclərinin yaranmasına gətirib çıxaracağından məhkəmə həmin halların araşdırılmasından imtina etmişdir. Bundan başqa, məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsi hissəsinə münasibətdə qeyd edir ki, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir (Mülki Məcəllə maddə - 376). Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, əsas tələb olan borc tələbi ilə bağl iddia müddətinin keçməsi ilə bağlı iddia rədd olunduğundan tutumanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi də rədd edilməlidir. Sonda məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, iş üzrə iddia müddətinin ötməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmış və Mülki Məcəllənin 379-cu maddəsində nəzərdə tutulmuş iddia müddətinin axımının dayandırılması üçün əsaslar mövcud deyildir. Belə ki, hətta "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli 551 nömrəli Fərmanını Mülki Məcəllənin 379.1.3-cü maddəsində nəzərdə tutulmuş (müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə iddia müddətinin axımı dayandırılır) hal kimi qəbul etsək belə Fərmanın qəbul edildiyi zaman hazırki iş üzrə iddia müddətinin bitməsinə 6 aydan çox vaxt qaldığından həmin maddənin tələbləri hazırki münasibətlərə şamil edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 379.3-cü maddəsinə əsasən iddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iş üzrə iddia müddətinin axımı müqavilə müddətinin bitdiyi xx.xx.2019-cu il tarixdə başlamış və xx.xx.2022-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı 28 fevral 2019-cu il tarixdə qəbul edilmişdir ki, həmin Fərman imzalandığı tarixdə hazırki iş üzrə iddia müddətin xx.xx.2019-cu il tarixdə başlamışdır. Göründüyü kimi, hətta "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanını Mülki Məcəllənin 379.1.3-cü maddəsində nəzərdə tutulmuş (müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə iddia müddətinin axımı dayandırılır) hal kimi qəbul edilsə belə Mülki Məcəllənin 379.3-cü maddəsinn tələblərinə əsasən Fərman hazırki iş üzrə iddia müddətinin dayandırılmasına səbəb olmamışdır. Eyni zamanda məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş, lakin cavabdeh tərəfindən təsdiq edilməmiş restruktruzasiya müqaviləsi və sonrakı ipoteka müqaviləsinə, habelə iddiaçının restruktruzasiya ilə bağlı müqavilə hazırlayaraq cavabdehə təklif göndərməsi, lakin cavabdehin təklifə cavab verməməsi ilə bağlı iddia dəlininə münasibət olaraq məhkəmə onu qeyd edir ki, iddiaçı borcun restruktruzasiya ilə bağlı müqavilə hazırlasa da, həmin müqavilənin və ya təklifin cavabdehə rəsmi qaydada çatdırılması və cavabdehin bu barədə məlumatlandırılmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki iş materiallarından görünür ki, cavabdeh borc məbləğinin restruktruziya edilməsi ilə bağlı rəsmi qaydada ərizə ilə ləğv prosesində olan banka müraciət etmiş və ərizə bank tərəfindən qeydiyyata alınmışdır. Eyni zamanda qeyd olunan hallar iddia müddəttinin axımına təsir etməmiş və müddətinin kəsilməsinə təsir etməmişdir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (7901,95 manat) ödənilməli dövlət rüsumu 99,01 manat olmalıdır ki, iddia tələbi rədd edildiyindən ödənilməmiş dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən ödənilmiş 100 manat mediasiya xərci iddia tələbi rədd olunduğundan tutlmamalı və ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi ilə bağlı yaranmış 200 manat xərc iddiaçı və cavabdehdən tutularaq aidiyyəti üzrə köçürülməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 117.1-ci maddəsinə əsaən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Hazırki iş üzrə ipoteka predmetinin likvid dəyərinin müəyyən dilməsi ilə əlaqədar mütəxəssis araşdırmasının aparılması məhkəmənin təşəbbüsü ilə həyata keçirildiyindən yaranmış 200 manat xərcın 100 manatı iddiaçıdan, 100 manatı isə cavabdehdən tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “4900,73 manat əsas, 720,25 manat faiz borcu, 887,65 manat cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 1393,32 manat məbəğində faiz (5%) borcu, cəmi 7901,95 manat məbləğində kredit borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğində xərcin cavabdehdən tutularaq ödənilməsi, ipoteka qoyulmuş Cavabdeh məxsus olan İsmayıllı rayonu Qalacıq kəndi ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İşə baxılması ilə əlaqədar ödənilməmiş 99,01 manat dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 manat pulun 100 manatı İddiaçı ASC-dən və 100 manatı Cavabdeh tutularaq "xxxx" MMCnin "xxxx" ASC-də olan bank hesabına (m/h – AZ03NABZ********************, KOD: 805711; swift İBAZAZ2X) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-527/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-527/2023
10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver