Məhkəmə qərarları › İş №e-2-2(117)-53/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-53/2023

08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-53/2023 08.02.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Dadaşov Bəşir Mustafa oğlunun katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “13007,89 manat əsas borc və 2052 manat faiz borcu olmaqla cəmi 15060 manat borcun və ödənilmiş 200 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxılaraq aşağıdakı qətnamə qəbul edildi. Təsviri hissə: xx.xx.2020-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatınin Şəki filialı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixədək olan müddətə tütün əkini üçün TM-190/20 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı 15000 manat pulu illik 8,5 faizlə Cavabdeh2 verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci tarixli TM-190/20 nömrəli kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasının təminatı kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Şəki filialı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli ZT-190/20 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə borcalana ümumilikdə 15000 manat pul vəsaitini vermiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş borcu qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 kredit müqaviləsinə əsasən 15000 manat kredit verilmişdir. Cavabdeh borcunu ödəmədiyindən onun 13007,89 manat əsas və 2052,11 manat faiz borcu qalmışdır. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş kredit üzrə xx.xx.2021-ci il tarixə əsas və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə əsas borcdan 1992,11 manat, faiz borcundan 779,07 manat ödəniş edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, zaminlik müqaviləsi, kredit üzrə məlumat, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445, 448, 449, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, xx.xx.2020-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Şəki filialı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixədək olan müddətə tütün əkini üçün TM-190/20 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı 15000 manat pulu illik 8,5 faizlə Cavabdeh2 verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə 15000 manat kredit məbləğini cavabdehə versə də, sonuncu əsas kredit məbləğindən cəmi 1992,11 manat ödəniş etmiş, nəticədə 13007,89 manat ödənilməmiş borcu qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının da tələbində qeyd etdiyi 13007,89 manat əsas kredit məbləği əsas borclu olan Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin 2052 manat faiz borcunun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtinə əsasən iddiaçı kredit təşkilatı tərəfindən cavabdehə 15000 manat kredit illik 8,5 %-lə verildiyindən, sonuncu tərəfindən faiz üzrə iddiaçı təşkilata cəmi 1275 manat (15000x8,5/100) pul ödənilməlidir. Kredit üzrə xx.xx.2021-ci il tarixə əsas və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, cavabdeh tərəfindən faiz borcu üzrə 779,07 manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin faiz borcu üzrə ödənilməmiş cəmi 495,93 manat (1275-779,07) borcu qalmışdır ki, həmin məbləğdə faiz borcu əsas borclu olan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixə əsas və faiz borcunun ödənilməsinə barədə məlumata münasibətdə qeyd edir ki, həmin məlumatın faiz borcu hissəsində ödənilmiş məbləğ 779,07 manat, qalıq məbləğ 654,19 manat qeyd olunmasına baxmayaraq iddiaçı 2052 manat faiz borcu tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi kredit müqaviləsinə əsasən ümumilikdə 1275 manat faiz borcu ödənilməlidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir ki, müqavilə müddəti bitdikdən sonra müqaviləyə istinadən faiz borcunun hesablanması qanunvericiliyiin tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Hazırki iş üzrə isə iddiaçı hesabladığı faiz borcunu müqavilə müddəti bitdikdən sonra hesablanmış real zərər və ya əldən çıxmış fayda kimi deyil, müqaviləyə əsasən hesablanmış faiz borcu kimi tələb edir ki, göründüyü kimi bu da qanunvericiliyin tələbi baxımından yolverilməzdir. İddiaçı tərəfindən iddia ərizəsində müqaviləyə istinadən faiz borcunun hesablandığı iddia edilir ki, müəyyən olunduğu kimi əsas borclu olan cavabdeh tərəfindən müqavilə müddətində ödənilməli olan faiz borcu 1275 manat təşkil edir və sonuncu bu borcdan 779,07 manat hissəsi ödənilmişdir. Eyni zamanda məhkəmə tələb olunan borcun zamin X1 da tutularaq ödənilməsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 6.1-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olma müddəti borcalanın xx.xx.2020-ci TM- 190/20 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir...... Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verildiyindən kredit borcunun zamindən tutularaq ödənilməsi əsassızdır. Belə ki, iddia tələbi zaminliyin verilmə müddətinin bitməsindən sonra zaminə qarşı yönəlmişdir və zaminliyə qanunun tələbinə əsasən verilmə müddətinin keçməsi ilə əlaqədar xitam verildiyindən zamindən pul tutula bilməz. Eyni zamanda zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda da xitam verilir ki, hazırkli iş üzrə öhdəliyin icrası müddəti xx.xx.2020-ci il tarix kimi müəyyən edilmiş və Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsinin tələbi baxımından belə zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət xx.xx.2021-ci il tarixdə bitmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, zamindən pulun tutulması üçün qanuni əsas mövcud olmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 13007,89 manat əsas, 495,93 manat faiz borcu əsas borclu olan cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissələrdə rədd edilməlidir. Bundan başqa məhkəmə iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi adı adı altında təqdim edilmişiddianın dəyişdirilməsi barədə ərizəyə münasibətdə onu qeyd edir ki, əvvəla ərizə iddia tələbinin dəqiqləşdirilməsi yox, iddia tələbinin dəyişdirilməsidir. Belə ki, iddiaçı təqdim etdiyi ərizədə cavabdehlərdən müştərək qaydada 13007,89 rnanat əsas borcun, müqavilənin icra müddətində hesablanmış 869,18 manat faiz borcunun, gecikdirilmiş əsas borca görə hesablanmış 1251,01 cərimə məbləğinin, habelə müqavilənin icra müddəti bitdikdən sonra Mülki Məcəllənin 445.7 və 449.1-ci maddəsinin tələblərinə uyğun olaraq hesablanmış 1950,91 manat faiz borcunun, ümumilikdə 17078,99 manat borcun və ödənilmiş 200 manat mediasiya xərcinin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bundan əlavə hazırki işin məhkəmə baxışına hazırlanması xx.xx.2023-cü il tarixdə yekunlaşmış və həmin tarixli qərardadla iş məhkəmə baxışına keçirilmişdir. İddiaçı isə iddia tələbinin dəyişdirilməsi barədə ərizəni məhkəmə baxışı gedişində xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbini dəyişdirməyə və ya iddiaçının özünün göstərdiyi kimi artırmağa haqlıdır. İddiaçı isə hazırki ərizəni işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşandıqdan sonra təqdim etmiş, habelə nə tələbin dəyişdirilməsi barədə ərizədə, nə də iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında iddia tələbinin dəyişdirilməsi üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlmiş olması və ya tələbin dəyişdirilməsinin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışlar və bununla bağlı məhkəməyə sübut təqdim etməmişdlər. Bu səbəbdən məhkəmənin protokol qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizənin məhkəmənin icraatına qəbulundan imtina edilmiş və mübahisəyə ilkin iddia tələbi həcmində baxılmasını davam etdirmişdir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (13007,89 + 2052 manat) ödənilməli dövlət rüsumu 135,18 manat olmalıdır ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən 13,97 manat, əsas borclu olan cavabdeh tərəfindən 121,21 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı 200 manat mediasiya xərci ödədiyindən və həmin məbləği cavabdehdən tələb etdiyindən 200 manat pul əsas borclu olan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 200 manat mediasiya xərci əsas borclu olan cavabdehdən tutularaq iddiaçıya, 121,21 manat dövlət büdcəsinə və iddiaçıdan 13,97 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə, qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə əsas borclu olan cavabdehdən mediasiya xərci üçün ödənilmiş 200 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 13,97 manat dövlət rüsumu çıxılmaqla 186,03 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 13,97 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan 121,21 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 135,18 manat dövlət rüsumu bütöv şəkildə əsas borclu olan cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 13007,89 manat əsas borc, 495,93 manat faiz borcu və 186,03 manat medasiya xərci tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Cavabdehdən ödənilməmiş 135,18 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar