Məhkəmə qərarları › İş №e-2-2(117)-535/2021

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-535/2021

30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-535/2021 30.09.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı QSC BOKT-un nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3 Fizuli oğluna və X3 qarşı “40104,56 manat əsas borc, 8121,19 manat məbləğində faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh3 Fizuli oğlu və X1 mülkiyyətində olan Ağsu şəhərində (Ağsu çayının sag sahilində) 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 659,8 kv.m olan əmlak kompleksi kimi müəssisəyə (şirə emalı zavoduna) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan pul vəsaiti kifayət etmədikdə borcun qalan məbləğinin cavabdeh "xxxx" MMC-yə məxsus olan daşınar və daşınmaz əmlaklara yönəldilməsi (o cümlədən nəqliyyat vasitələrinə), həmin əmlaklar üzərində "xxxx" MMC-nin mülkiyyət hüquqlarına xitam verilməsi, iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və yeni mülkiyyətçi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin DƏDRX-in üzərinə qoyulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3 Fizuli oğluna və X3 qarşı “40104,56 manat əsas borc, 8121,19 manat məbləğində faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh3 Fizuli oğlu və X1 mülkiyyətində olan Ağsu şəhərində (Ağsu çayının sag sahilində) 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 659,8 kv.m olan əmlak kompleksi kimi müəssisəyə (şirə emalı zavoduna) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan pul vəsaiti kifayət etmədikdə borcun qalan məbləğinin cavabdeh "xxxx" MMC-yə məxsus olan daşınar və daşınmaz əmlaklara yönəldilməsi (o cümlədən nəqliyyat vasitələrinə), həmin əmlaklar üzərində "xxxx" MMC-nin mülkiyyət hüquqlarına xitam verilməsi, iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və yeni mülkiyyətçi kimi qeydiyyata alınması ilə bağlı hərəkərlərin edilməsi öhdəliyinin DƏDRX-in üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş əmlak kompleksinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan Ağsu şəhərində (Ağsu çayının sag sahilində) 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 659,8 kv.m olan əmlak kompleksi kimi müəssisənin (şirə emalı zavodunun) 27.09.2021-ci il tarixə likvid dəyəri 102 000 manat müəyyən edilmişdir. 30.04.2021-ci il tarixə olan maliyyə arayışından görünür ki, həmin tarixə "xxxx" MMCnin İddiaçı QSC BOKT-a 40 104,56 manat əsas borc üzrə, 8 121,19 manat faizlər üzrə olmaqla, ümumilikdə 48 225,75 manat məbləğində borcu mövcuddur. 01.01.2009-cu il tarixdən 24.09.2017-ci il tarixədək olan dövrdə "xxxx" MMC-nin hesabından çıxarışndan görünür ki, sonuncu tərəfindən 30.09.2013-cü il tarixdə 829 manat, 27.12.2013-cü il tarixdə 2007,47 manat, 31.01.2014-cü il tarixdə 2707,47 manat və 992,53 manat, 09.04.2014-cü il tarixdə 297 manat, 22.04.2014-cü il tarixdə 2458,01 manat və 1641,99 manat, 29.05.2014-cü il tarixdə 3240,56 manat və 829,44 manat, 21.07.2014cü il tarixdə 1 000 manat, 30.09.2014-cü il tarixdə 1249,42 manat, 31.03.2015-ci il tarixdə 200 manat, 29.06.2015-ci il tarixdə 5600 manat, 16.11.2015-ci il tarixdə 1489,40 manat və 16.11.2015-ci il tarixdə 2910,60 manat məbləğində ödənişlər edilmişdir. Həmin ödənişlər ******************** nömrəli hesaba, yəni kredit müqaviləsi üzrə kredit məbləği ilə bağlı hesablaşma hesabına ödənilmişdir. İddiaçı tərəfindən 29.09.2021-ci il tarixdə məhkəməyə ünvanlanan 3-11/2219 nömrəli məktubundan görünür ki, 12.03.2017-ci il tarixdən hazırki vaxtadək "xxxx" MMC tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdeh3 nümayəndəsi 23.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş, "xxxx" MMC“-yə göndərilən məhkəmə bildirişlərində “ünvan bağlıdır” qeydi aparılmaqla, Abuşov Cavanşir oğluna məhkəmə bildirişlərində “köçüb” qeydi aparılmaqla bildirişlər məhkəməyə qaytarımış, "xxxx"MMC-nin qanuni təmsilçisi Nümayəndə2 Abdulhəmid oğluna SMS bildiriş göndərilmiş, qeyd edilən məhkəmə bildirişləri tərəflərə çatdırılması üçün yerli icra orqanlarına da təqdim edilmişdir. Cavabdeh3 30.09.2021-ci il tarixdə elektron poçt vasitəsi ilə məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə cavabdehlər lazımi qaydada məlumatlandırıldıqlarından və iş üzrə lazımi məhkəmə araşdırılması aparıldığından işin əlavə araşdırılmasına ehtiyac olmadığını və əsassız vaxt itkisinə yol verilməməsi baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-147-ci maddələrini rəhbər tutataq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, ipoteka müqaviləsi, bildiriş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, ödəniş cədvəli və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddiaçının hazırki tələblə bağlı subyektiv hüququnun olubolmamasına münasibətdə bildirir ki, hazırda tələb edilən borc “Beynəlxalq Bank”ın Kürdəmir filialı ilə "xxxx" MMC arasında bağlanmış 01.08.2013-cü il tarixli kredit müqaviləsi üzrə yaransa da, Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhimlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” 15.07.2015-ci il tarixli Fərmanının, AR Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli 101 s nömrəli Sərəncamının tələblərinə əsasən 12.03.2017-ci il tarixli təhvil-təslim aktına əsasən həmin müqavilə üzrə bütün tələblər və hüquqlar İddiaçı QSC BOKT-a keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 193-cü maddəsinə əsasən, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 193.2. Əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. İddia müddətinin tətbiq edilməsi barədə Cavabdeh3 nümayəndəsinin 23.08.2021-ci il tarixli ərizəsinə münasibətdə bildirir ki, iddia müddətinin tətbiqi barədə ərizə bilavasitə kredit müqaviləsini bağlamış cavabdeh olan "xxxx" MMC tərəfindən verilə bilər. Cavabdeh3 ipoteka müqaviləsi üzrə tərəfdir və əsas borcla bağlı bağlanan kredit müqaviləsi üzrə iddia müddətinin tətbiqini tələb etmək üçün subyektiv hüququ mövcud olmadığından belə tələblə çıxış edə bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı). Qeyd edilən tələblər nəzərə alınmaqla məhkəmədə iddia qaldırmış şəxslə yanaşı cavabdeh olan şəxsin də subyektiv hüququnun mövcudluğu zəruri elekment olaraq, həmin şəxsin hansı tələbə münasibətdə hansı etirazla çıxış etmək hüququ da araşdırılmalıdır. Yəni cavabdehin hazırkı tələb üzrə kredit və ya ipoteka müqaviləsi ilə bağlı müvafiq etiraz tələbi ilə çıxış edə bilər. Cavabdeh imzalamadığı və tərəf olmadığı kredit müqaviləsi üzrə hər hansı bir tələblə çıxş etmək hüququ məntiqə və qanuna əsasən mövcud deyil, o yalnız öz səlahiyyəti dairəsində olan məsələlərlə bağlı iddia müddətinin tətbiq edilməsini tələb edə bilər. Çünki qeyd edilən ərizəni verən cavabdehdən hər hansı bir kredit borcunun tutulması barədə də məhkəmə hər hansı qərar qəbul etmir. İş üzrə X4 Cavabdeh3 Fizuli oğlunun nümayənədsi olaraq kredit müqaviləsi üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermək üçün subyektiv hüququ mövcud deyildir. Hazırkı tələb üzrə ipoteka müqaviləsi üzrə verilə bilər, həmin müqavilə isə kredit müqaviləsinin təminatı üçün bağlandığından həmin kredit müqaviləsindən asılı olduğundan ipoteka müqaviləsi üzrə iddia müddəti tətbiq edilə bilməz. Çünki qanunvericiliyin tələbinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Bununla yanaşı məhkəmə iddia müddətinin tətbiqi barədə ərizə verənin belə səlahiyyətinin olmasını qəbul edib həmin ərizəyə mahiyyəti üzrə baxsa belə qeyd edir ki, qanunvericiliyin tələbinə görə müqavilə tələblərinə görə iddia müddəti 3 il nəzərdə tutulmuşdur və icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. (Mülki Məcəllə 373.2-ci, 377.2-ci maddə) Hazırki iddia tələbi üzrə tərəflər arasında 01.08.2013-cü il tarixdə 36 ay müddətinə kredit müqaviləsi bağlanmışdır. Göründüyü kimi, 01.08.2016-cı il tarixi həmin müqavilə üzrə öhdəliklərin son icra tarixidir. Müqavilə üzrə sonuncu dəfə 12.03.2017-ci il tarixdə ödəniş edilmişdir. Həmin vaxtdan etibarən qanunvericiliklə müqavilə öhdəlikləri üzrə müəyyən edilmiş 3 illik iddia müddətini axımı başlanmışdır. Məhkəmə araşdırılması zamanı və iddiaçı tərəfindən 29.09.2021-ci il tarixdə məhkəməyə təqdim edilən məktubdan və bank hesabından çıxarışdan müəyyən edilmişdir ki, 12.03.2017-ci il tarixdə "xxxx" MMC tərəfindən kredit ödənişi edilmişdir. Bu isə cavabdeh tərəfindən borcun etiraf edildiyini göstərir və qanunvericiliyə əsasən iddia müddətinin axımının yenidən başlanılması deməkdir. (Mülki Məcəllənin 380.1-ci və 380.2ci maddələri). Odur ki, hazırki iddia tələbi üzrə iddiaçının qanunvericiliklə 3 illik iddia müddəti sonuncu ödənişin edildiyi tarixdən sonrakı aydan yenidən başlanılır və 2020-ci ilin mart ayının sonuna qədər olan dövrü əhatə edir. Hazırki iddia ərizəsi bu tarixdən sonra, yəni, 15.07.2021-ci il tarixdə verilsə də, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən eyni tələblə eyni cavabdehə qarşı Ağsu Rayon Məhkəməsində 2020-ci ilin yanvar ayında iddia qaldırılmışdır. Odur ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. İddiaçı vaxtında məhkəmələrə müraciətlər etmiş, lakin məhkəmələr həmin iddialara müvafiq prosessual manelər olması səbəbindən mahiyyəti üzrə baxmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). İş materiallarından və işin hallarından göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürülmədiyindən Cavabdeh3 nümayəndəsinin ərizəsi təmin edilməməli və işə ümumi əsaslarla baxılmağa davam etdirilməlidir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 01.08.2013-cü il tarixli 9895 nömrəli kredit müqaviləsinə əsasən “Beynəlxalq” Bank tərəfindən "xxxx" MMC-yə istifadə müddəti 36 ay olan 50 000 manat kredit verilmiş, borcalan "xxxx" MMC-yə kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 18% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 01.08.2013-cü il tarixli 35 nömrəli ipoteka müqaviləsində göstərilmiş Ağsu şəhərində (Ağsu çayının sag sahilində) 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 659,8 kv.m olan əmlak kompleksi kimi müəssisə (şirə emalı zavodu) qəbul olunmuşdur. Beynəlxalq Bank ASC ilə Aqrarkredit QSC arasında imzalanmış S-KUR 12.03.2017ci il tarixli AKT-a əsasən hazırkı kredit müqaviləsi üzrə əsas borc 40104,56 manat, faiz borcu 8121,19 manat olmaqla cəmi 48225,75 manat məbləğində vəsait üzrə tələb hüququ hazırkı iddiaçıya keçmişdir. Cavabdeh "xxxx" MMC tərəfindən ümumilikdə 27452,89 manat məbləğində ödəniş edilmişdir. Odur ki, iddiaçı həmin kredit müqaviləsi üzrə borcun tutulmasını tələb etməkdə haqlıdır. İddia tələbinin müqavilə müddəti üçün hesablanmış 8121,19 manat məbləğində faizin tutulmasına münasibətdə isə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi 36 ay müddətinə 18% lə bağlanmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ümumilikdə 27452,89 manat ödəniş edilmiş, 40104,6 manat əsas borcu qalmışdır. Həmin müqavilə üzrə borcun ödənilməsi 4 ilə yaxın müddətdir ki, gecikdirilir həmin məbləğə 8121,19 manat faiz borcunun hesablanması dəqiq hesablanma aparılmadan belə ağlabatan və tələb edilmə ehtimalı olan faiz borcundan az hesab edilir. Belə ki, kredit məbləğini 50000 manat deyil, 40000 manat olduğunu qəbul etsək belə 36 ay müddət üçün ödənilməli olan faiz məbləği 21600 manat təşkil edər, ödənilən məbləğ isə təxminən 27452 manat təşkil etsə də əsas borc nəzərə alınarsa iddiaçı tələb etdiyi faiz məbləğində artırılmış rəqəmlərlə tələb etməməsi açıq-aydın görünür. İddiaçı təşkilat isə cavabdehə münasibətdə kredit üzrə tələb hüququnu qəbul etdiyi dövrdən yəni, 12.03.2017-ci il tarixdən hər hansı bir əlavə vəsait hesablamamışdır. Odur ki, iddia tələbi faiz borcu hissəsində də əsaslıdır, əlavə olaraq məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi vaxt itikisinə səbəb olmaqla əlavə xərclərə səbəb olacağından, həmçinin hesablanmış faiz məbləğinin artıq hesablanması və əsassız hesablanması ilə bağlı cavabdeh hər hansı bir dəlil irəli sürməmişdir. Bu səbəbdən də cavabdehin nümayəndəsinin qeyd edilən məsələ ilə bağlı vəsatətini də məhkəmə təmin etməmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 445.7-nə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Bundan başqa, məhkəmə iddia tələbinin tutmanın Ağsu şəhərində (Ağsu çayının sag sahilində) 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 659,8 kv.m olan əmlak kompleksi kimi müəssisəyə (şirə emalı zavoduna) yönəldilməsi, evin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş müəssisənin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan Ağsu şəhərində (Ağsu çayının sag sahilində) 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 659,8 kv.m olan əmlak kompleksinin likvid dəyəri 102000 (bir yüz iki min) manat müəyyən edilmişdir. İddia tələbində satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, hazırkı vəziyyətdə ilkin olaraq əsas və faiz borcu məbləğinin borcalandan tutulması barədə qətnamə qəbul edilir. Bu tələb əsasən icra mərhələsində həll edilməli məsələ, yəni, ipotekanın predmetinin hansı qiymətə satışından asılı olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. İddia tələbinin cavabdeh "xxxx" MMC-yə məxsus olan daşınar və daşınmaz əmlaklar üzərində "xxxx" MMC-nin mülkiyyət hüquqlarına xitam verilməsi, iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və yeni mülkiyyətçi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin DƏDRX-in üzərinə qoyulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla "xxxx" MMC-nin adına hansı daşınar və daşınmaz əmlakın olması barədə heç bir sübut verilməmişdir. Belə bir sübut olsa belə, ipoteka qoyulan əmlakın likvid dəyərində satılıb-satılmaması qətnamənin icrasından asılı olan məsələdir və əvvəlcədən həmin əmlakın hansı məbləğə satılmasını müəyyənləşdirmək mümkün deyildir. Odur ki, məhkəmənin fərziyyələrə əsaslanaraq gələcəkdə mövcud ola biləcək qeyri-müəyyən vəziyyətlə bağlı qətnamə qəbul etməsi əsassız və qanunsuz olardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edilsə də, tələb edilən məbləğə münasibətdə tam təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu əsas borclu "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün məhkəmənin təşəbbüsü ilə aparılmış tədqiqatın dəyəri olan 300 manat pul iddiaçı və əsas borclu olan "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 40104,56 manat əsas borc, 8121,19 manat məbləğində faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Borc məbləği Cavabdeh3 Fizuli oğlu və X1 mülkiyyətində olan Ağsu şəhərində (Ağsu çayının sag sahilində) 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 659,8 kv.m olan əmlak kompleksinə yönəldilsin. İpoteka predmeti olan Ağsu şəhərində (Ağsu çayının sag sahilində) 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 659,8 kv.m olan əmlak kompleksinin likvid dəyəri 102 000 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait "xxxx" MMC-nin İddiaçı QSC BOKT-a olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissələrdə rədd edilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 300 manat pulun 75 manatı İddiaçı QSC BOKT-dan və 150 manatı cavabdeh "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də bank hesabına (h/h – AZ30GUNA********************, m/h – AZ25NABZ********************, kod – 505594, swift – GUNAAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar