Məhkəmə qərarları › İş №e-2-2(117)-542/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-542/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-542/2025 12.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (LPO) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “3363.67 ABŞ dolları əsas, 2062,82 ABŞ dolları faiz, 3383,32 ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 486,92 ABŞ dolları faiz borcu və 137,42 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “3363.67 ABŞ dolları əsas, 2062,82 ABŞ dolları faiz, 3383,32 ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 486,92 ABŞ dolları faiz borcu və 137,42 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 dövriyyə vəsaitinin artırılması və cari xərclər məqsədilə 24 ay olan müddətinə 12740 ABŞ dolları kredit verilmiş, borcalan kreditora kreditin istifadəsinə görə illik 27% ödəməyi öhdəsinə götürmüşdür. 2.5-ci bəndinə əsasən, gecikdirilən borc məbləğinə cərimə kimi illik 54 faiz dərəcəsilə, aylıq isə 4.50 faiz dərəcəsilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Ödəniş cədvəlindən göründüyü kimi Cavabdeh1 xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə hər ay 692.95 ABŞ dolları ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixdə "xxxx" ASC ilə zamin Cavabdeh2, X1 və borcalan Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə borcun qaytarılmasının təminatı olaraq ********* /ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2017-ci il tarixli Əlavə Sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditorun borclana verdiyi kreditin qalıq məbləği 9002,52 ABŞ dolları (6261.65 USD əsas borc, 1753.49 USD faiz borcu, 987.38 USD cərimə borcu) təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. xx.xx.2017-ci il tarixli Zaminlik müqavləsi üzrə 01 nömrəli Əlavə Sazişdən müəyyən edilir ki, zamin bu Əlavə Sazişi imzalamaqla ********* saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən, 01 saylı, xx.xx.2017-ci il tarixli Əlavə Sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq edir. 2.1-ci bəndinə əsasən, bu əlavə saziş imzalandığı tarixdən qüvvəyə minir. Əmanətlərin Sığortalanması Fondunun Şəki Kommersiya Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli 12-5/2-8411/2025 nömrəli məktubda bildirilmişdir ki, xx.xx.2014-cü il tarixl i ********* nömrəli kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri altına düşmüş, hesablanmış kompensasiya məbləği (4252.29 manat) LPO İddiaçı ASC-də olan ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilmişdir. Hazırkı mübahisələndirilən kredit üzrə əsas borca hesablanmış kompensasiya məbləği çıxıldıqdan sonra qalıq əsas borc 3363.67 ABŞ dolları (5718.24 manat ekvivalentində) restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşmüşdür. Lakin Cavabdeh1 31 dekabr 2019-cu il tarixədək ləğv prosesində olan İddiaçı ASC-yə müraciət etməmiş və bu səbəbdən onunla kredit borcunun restrukturizasiya olunması ilə bağlı yeni güzəştli kredit müqaviləsi bağlanmamışdır. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, əvvəllər Binə ticarət mərkəzində işləmiş, ticarətlə məşğul olmuşdur. İşi ilə əlaqədar Dəmirbank ASC-dən kredit götürmüş, bir müddət sonra dolların dəyəri qalxmış, işləri yaxşı getməmiş və müflis olmuşdur. Maddi imkanı olmadığından borcu ödəyə bilməmişdir. Bu qədər müddət ərzində bank ondan borcu tələb etməyib, indi tələb edir. Banka olan əsas borcu 3000 manatdır. Banka sonuncu dəfə ödənişi İddiaçı ASC ləğv olunmamışdan əvvəl təxminən 2017-ci ildə ödəniş etmişdir. Ondan sonra da borcunu dediyi səbəblərdən ödəyə bilməmişdir. Bankın Bakıda olan filialına yaxınlaşmış və ona borcu ilə bağlı sənəd vermişlər. Problemli kreditlərlə bağlı Prezidentin fərmanı olduğunu və onun kreditinin də həmin fərmanın təsir dairəsinə düşdüyünü bilmirdi. Həmin sənədi məhkəməyə təqdim etmişdir. Əsas borcunu qəbul edir, lakin faiz borcunun silinməsini məhkəmədən xahiş edir. Məhkəmədən köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh borcunu ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş borcu qalmışdır. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: Kredit müqaviləsi, zaminlik müqaviləsi, əlavə sazişlər, ödəniş cədvəli, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 dövriyyə vəsaitinin artırılması və cari xərclər məqsədilə 24 ay olan müddətinə 12740 ABŞ dolları kredit verilmiş, borcalan kreditora kreditin istifadəsinə görə illik 27% ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən kredit restrukturizasiya edilərək kreditin qalıq məbləği 9002,52 ABŞ dolları (6261.65 USD əsas borc, 1753.49 USD faiz borcu, 987.38 USD cərimə borcu) və kreditin müddəti isə xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Bundan başqa Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2025-ci il tarixli 12-5/2- 8411/2025 nömrəli məktubunda xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyü qeyd edilmişdir. Cavabdeh tərəfindən bununla bağlı İddiaçı ASC-yə müraciət edilmədiyi, bu səbəbdən də onunla güzəştli kredit müqaviləsi bağlanmadığı bildirilmişdir. Bundan sonra məhkəmə tərəfindən ləğv prosesində olan İddiaçı ASC-yə xx.xx.2025ci il tarixli e-2-2(117)-542/2025 nömrəli məktubla müraciət edilərək məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etmələri və qeyd edilən kredit borcunun restrukturizasiya olunaraq qalıq borcun manatla müəyyən edilməsinə baxmayaraq tələbin xarici valyuta ilə irəli sürülməsinə münasibət bildirilməsi xahiş edilmiş, lakin iddiaçı tərəf qeyd edilən məktuba münasibət bildirməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borclu olan Cavabdeh1 3383,32 ABŞ dolları (5718.24 manat) pulun tutulması hissəsində təmin edilməli, digər hissələrdə rədd edilməlidir. Eyni zamanda cavabdehdən 3383,32 ABŞ dolları borc məbləği tutularkən ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə deyil, problemli kreditlərin kompensasiyası hesablanarkən müəyyən edilmiş məbləğ, yəni 5718.24 manat əsas götürməlidir. Belə ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kred itlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanın 8.3-cü bəndinə əsasən bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi nəzərdə tutulur. Fərmanın 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulut. Məhkəmə həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab edir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə xarici valyutada olan kreditinin əsas borc məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan əsas borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Əsas borc məbləği isə 3383,32 ABŞ dolları (5718.24 manat) təşkil edir. Qeyd edilən Fərmanın məqsədləri üçün müvafiq maliyyə vəsaiti ayrıldığından və Banklara faiz və cərimə borclarının silinməsi və güzəştli müddətlə əsas borca münasibətdə yeni müqavilələrin bağlanması qeyd edildiyindən hazırkı tələbin əsas borc məbləği hissəsində təmin edilməsi qanuni və ədalətlidir. Belə ki, Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2025-ci il tarixli 12-5/2- 8411/2025 nömrəli məktubu ilə xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyü öz təsdiqini tapır və kredit borcunun qalıq məbləği də həmin Fərmanın təsir dairəsinə düşür. Bundan əlavə olaraq cavabdeh məhkəmə iclasında verdiyi izahatında problemli kreditlərlə bağlı Prezidentin fərmanı olduğunu və onun kreditinin də həmin fərmanın təsir dairəsinə düşdüyünü bilmədiyini qeyd etmiş, iddiaçı tərəf isə kredit borcunun restrukturizasiya olunması ilə bağlı yeni güzəştli müqavilənin bağlanması ilə bağlı cavabdehə təklif göndərməsini sübut edən dəlili məhkəməyə təqdim etməmişdir. Belə ki, qeyd edilən Fərmanın tələbləri hazırkı borc məbləğinə münasibətdə tətbiq edilərər müvafiq kompensasiya edilməklə cavabdehin borclarının ödənilməsinə yönəldilmiş, qalan faiz və cərimə borclarının Fərmanın tələblərinə əsasən silinməsi təmin edilməli idi. Bank tərəfindən yalnız əsas borc müvafiq kompensasiya edilməklə azaldılsa da, digər borclar silinməmiş, cavabdehlə yeni güzəştli şərtlərələ bağlı müqavilənin bağlanması təklifinin iddiaçı tərəfindən irəli sürülməsi müəyyən edilməmişdir. Ona görə də iddiaçı qeyd edilən faizləri və cərimə məbləğini tələb etməsi qanunvericiliyə uyğun deyildir. İddiaçı yalnız yeni güzəştli müqavilənin şərtləri əsasında faiz və cərimə borcu tələb edə bilərdi. Bu isə müvafiq müqavilənin bağlanması ilə mümkün ola bilərdi. Həmin müqavilə isə bağlanmamışdır. Məhkəmə tərəflər arasında Fərmanın tələblərinə uyğun yeni müqavilənin bağlanması təmin edilmədiyindən, eyni zamanda cavabdehdən iddiaçının müvafiq müqavilə şərtləri əsasında əlavə faiz və cərimənin tələb edilməsini mümkün hesab etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi faiz və cərimə məbləğlərinin ödənilməsi hissəsində rədd edilməlidir. Məhkəmə borcun zamin qismində işə cəlb olunmuş Cavabdeh2 tutulması hissəsinə münasibətdə qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddiaçı əsas borcludan əsas borcun tutulması hissəsində haqlı olsa da, digər cavabdeh olan zamindən borcun tutulmasını tələb etməkdə haqlı deyildir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan kəsici müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin 5.1.4-cü bəndində də qeyd edilir ki, zaminliyə onun təmin edildiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində Kreditorun Zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək uzadıldığından və həmin müddətdən 1 ildən artıq müddət keçmişdir. Maddənin məzmunudan görünür ki, zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Məhkəmə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsaslanaraq hesab edir ki, zaminlik müqaviləsində xitam verilmə müddəti dəqiq müəyyən edilmişdir. Ona görə də iddia tələbi Cavabdeh2 münasibətdə də rədd edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borclu Cavabdeh1 əsas borc olan 3383,32 ABŞ dollarının (yəni, 5718.24 manatın) tutulması hissəsində təmin edilməli, faiz və cərimə məbləğlərinin ödənilməsi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 49.72 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, iddianın rədd edilən hissəsinə münasibətdə ödənilmiş 87.7 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 3383,32 ABŞ dolları (5718.24 manat) əsas və 49.72 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (LPO) ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar